• cümə axşamı, 21 noyabr, 22:55
  • Baku Bakı 14°C

Gürcüstan xarici siyasət prioritetlərini dəyişir?

28.08.21 10:00 914
Gürcüstan xarici siyasət prioritetlərini dəyişir?
Qərb Tbilisini Moskvanın orbitinə doğru getməkdə ittiham edir

Son illər Gürcüstan hakimiyyəti əsas strateji tərəfdaş və hamisi olan Qərbdən, xüsusən də Birləşmiş Ştatlardan ard-arda zərbələr almaqda davam edir. Əsas xətt və ideya da budur ki, Gürcüstan hakimiyyəti Qərbdən uzaqlaşmağa, ölkəni Rusiyanın orbitinə çəkməyə çalışır. Qərb mediasında, ekspert dairələrində hakim "Gürcü Arzusu"nun ünvanına sərt tənqid və hədələrin sayı-hesabı yoxdur. Bunlardan ən qalmaqallısını 2015-2018-ci illərdə Tbilisidəki ABŞ diplomatik missiyasına rəhbərlik etmiş səfir Yan Kelli səsləndirib. O, "Gürcü Arzusu"nu (GM) ölkədə demokratik institutları məhv etməkdə və ölkəni Rusiyanın geosiyasi orbitinə çıxarmaqda günahlandırıb.

Yan Kellinin ittihamı

Gürcüstanda isə belə bir fikir var ki, oktyabrın əvvəlində keçiriləcək yerli özünüidarə orqanlarına seçkilər yaxınlaşdıqca Qərb hakimiyyətə qarşı təzyiqləri artırır. Yan Kelli dünyaca məşhur "Foreing Policy” jurnalında dərc olunan "Gürcüstan Qərbdən üz döndərir" başlıqlı məqaləsində rəsmi Tbilisinin xidmətlərindən qısaca bəhs edib, daha sonra son dövrdə buraxdığı səhvləri, "günahları" sadalayıb. Bildirib ki, Rusiya-Gürcüstan müharibəsinin 13-cü ildönümü ərəfəsində Tbilisi xarici siyasət prioritetlərini dəyişir. Məqalədə deyilir ki, onilliklər ərzində Rusiya ilə Türkiyə arasında sıxılıb qalan 3,7 milyonluq kiçik ölkə bölgədəki ən amerikayönümlü ölkə idi: "Avropa İttifaqı və NATO-ya üzvlüyünü prioritet elan edən Gürcüstan hər iki təşkilatın bütün çağırışlarına, o cümlədən sülhməramlı və döyüş missiyalarına qatılmaqla cavab verirdi. Bir çox gürcü İraq və Əfqanıstanda ABŞ ordusu ilə birlikdə xidmət edərək canlarını qurban verib".

Rusiyadan asılılığı azaldan layihələr bilərəkdən dayandırılıb?

Məqalədə vurğulanır ki, Gürcüstan Qara dənizə çıxışı olan və Rusiya və İrandan keçməyən, iqtisadi baxımdan yeganə Şərq-Qərb ticarət yolunu dəstəkləyən ABŞ üçün bir növ təhlükəsizlik aktivi rolunu oynayır. Lakin Tbilisi üçün yeni bir geri sayma, amerikalı diplomatın qənaətincə, 2019-cu ilin yazında - "Gürcü Arzusu" liderlərinin Rusiya Federasiyası Dövlət Dumasının deputatı Sergey Qavrilovu Gürcüstan parlamentində çıxış etməyə dəvət etdikdən sonra başladı. Bu, polis tərəfindən həddindən artıq güc tətbiqi ilə yatırılan iğtişaşlarla nəticələndi. Keçmiş səfir Kelli hesab edir ki, Gürcüstan hakimiyyəti Rusiyadan asılılığını azaldan iki layihəni bilərəkdən dayandırdı - Qara dənizdəki dərin sulu Anaklia limanının tikintisi və Şərq-Qərb fiber-optik kabelinin çəkilməsi. Kelli məqaləsində vurğulayır ki, "Gürcü Arzusu" liderləri iqtisadi tənəzzülə səbəb olan pandemiya zamanı güc və sərvətini cəmləşdirməyə çalışırlar. O hesab edir ki, Gürcüstan hakimiyyəti Moskva və Minskdə mövcud olanlara bənzər "qeyri-liberal rejimlər" ssenarisi əsasında hərəkət edir.

Oktyabrda yeni böhran gözlənilir?

Amerikalı diplomat yazır ki, Gürcüstanda siyasi böhran keçən ilin payızında özünün pik nöqtəsinə çatdı - müxalifət hakimiyyəti parlament seçkilərinin nəticələrini saxtalaşdırmaqda ittiham etdi. Müxalifətin parlamentin işini boykot etmək qərarı yeni bir siyasi böhrana səbəb oldu və hakimiyyət bunu əks düşərgənin bir neçə liderini həbs etməklə daha da gücləndirdi. Aprel ayında Avropa Şurasının prezidenti Çarlz Mişelin köməyi ilə "Gürcü Arzusu" və müxalifət böhran əleyhinə müqavilə bağladılar. Habelə oktyabrda keçiriləcək yerli seçkilərdə "Gürcü Arzusu" 43 faiz səs toplaya bilməzsə, o zaman erkən parlament seçkiləri keçirilməsi qərara alınıb. İyulun əvvəlində isə LGBT aksiyası zamanı Tbilisidə yeni iğtişaşlar yaşandı. Jurnalistlər döyüldü, telekanallardan birinin əməkdaşı öldürüldü.

Tbilisi Qərbin maraqlarına xəyanət edir?

İan Kellinin fikrincə, "Gürcü Arzusu"nun bu kimi addımları strateji tərəfdaşı və hamisi olan Qərbin maraqlarına xəyanət etməsi, eləcə də, Rusiyanın təsiri altına dönməyə çalışdığını göstərən təkzibedilməz sübutdur. Maraqlıdır ki, səfir əvvəllər dəfələrlə gürcü müxalifətini dəstəkləməsi ilə seçilib. Müəllif yazır ki, Rusiyaya can atdığı iddia edilən "Gürcü Arzusu"nun məntiqi nədir, bax, bu aydın deyil. Gürcüstanın daxilində Rusiyaya meyl əvvəlki dövrlərlə müqayisədə artıb. Sorğular göstərib ki, hazırda gürcülərin 53%-i Avropaya inteqrasiyanın tərəfdarıdır. Bu rəqəm əvvəlki ilə müqayisədə, az qala, 10% aşağıdır. Respondentlərin təxminən 31%-i Rusiya ilə münasibətlərin yoluna qoyulmasını istədiyini bildirib. Bu rəqəmsə keçən illə müqayisədə 10% yuxarıdır. Mütəxəssislər hesab edirlər ki, bu dəyişikliklər gürcülərin təkcə ruslarla deyil, həm də Gürcüstandan ayrılan ərazilərin əhalisi ilə münasibətlərini yumşaldır. Yeni ABŞ administrasiyası da Rusiya ilə əməkdaşlığa meylli olduğunu bildirib. Ona görə də, keçmiş Sovet ölkələrinin, o cümlədən Gürcüstanın Moskva ilə münasibətlərə yenidən baxması çox vacibdir.

Qərbin məqsədi nədir?

Demək olar ki, hakimiyyətə gəldiyi ilk gündən "Gürcü Arzusu" rusiyayönümlü siyasət yürütməkdə ittiham olunur. Lakin amerikalı diplomatla razılaşmamaq da olar. Belə ki, bu doqquz il ərzində Rusiya ilə diplomatik əlaqələr bərpa edilmədi, yalnız ticarət və qismən humanitar əlaqələr quruldu. Avrasiya İqtisadi İttifaqına daxil olmaq və ya hətta əməkdaşlıq elementlərinin işlənməsi məsələlərini nəzərdən keçirmək üçün bütün ehtiyatlı təkliflər nəzərə alınmadı. "Gürcü Arzusu" Avroatlantik vektoru Əsas Qanunda əks etdirdi. Eləcə də, Gürcüstanın Avropa İttifaqı və NATO-ya qoşulma məqsədini də daxil etdi. O ki qaldı Kellinin ittihamlarına - Gürcüstan hakimiyyəti onları da cavablandırıb. Bildirib ki, Anakliyadakı liman iqtisadi cəhətdən məqsədəuyğun deyil və investor çatışmazlığı səbəbindən tikilmir. Qavrilovun parlamentdəki çıxışına gəldikdə, orada rusiyalı bir deputat olaraq çıxış etməyib. Tədbir onun Millətlərarası Pravoslav Assambleyasının sədri olaraq baş tutub. Sadəcə, hədəf başqadır. Burada Qərbin gürcü müxalifətinə seçkilərdən əvvəl kömək etmək istəyi görünür. Belə ki, "Gürcü Arzusu"nun belə açıq xarici tərəfdaşları yoxdur- nə Qərbdə, nə Şərqdə, nə də Şimalda. Ən əsası, baş nazir İrakli Qaribaşvili bu günlərdə Ukraynada "Krım Platforması"na qatıldı. Belə olan halda, Tbilisini rusiyapərəst olmaqda ittiham etmək nə qədər məntiqlidir?
Öz növbəsində, gürcü ekspert dairələri ABŞ-a qarşı artan tənqidlərinin arxasında nələrin durduğunu şərh etməyə çalışırlar. Görəsən bu, amerikalıların Əfqanıstanda olduğu kimi, Kürün sahillərinə də marağını itirməsinin bir işarəsi demək deyil? İkinci Qarabağ müharibəsindən sonra Gürcüstan Cənubi Qafqazda ABŞ-ın yeganə dayağı kimi qalır. İstənilən halda, Vaşinqtonun Gürcüstana marağını itirməsi, onun bütün Cənubi Qafqazdan çıxmasına bərabərdir. Lakin buna da inanmaq çətindir.

Azər NURİYEV

banner

Oxşar Xəbərlər