Gürcüstan sabitliyi seçəcək, yoxsa...
Parlament seçkilərinin
nəticələrini tanımayan müxalifət aksiyalara başlayır
Gürcüstanda oktyabrın 31-də parlament seçkiləri keçirilib.
Gürcüstanın Mərkəzi Seçki Komissiyasının (MSK) noyabrın 1-də açıqladığı ilkin nəticələrə
görə, hakim Gürcü Arzusu Partiyası (GAP) 49,32, Vahid Milli Hərəkat Partiyası
(VMHP) 25,94, Avropalı Gürcüstan Partiyası (AGP) 3,77 faiz səs əldə edib.
Bundan başqa, "Vətənpərvərlər Alyansı” 3,26, "Lelo” partiyası 3,16,
"Aqmaşenebeli strategiyası” 3,1, "Qirçi” 2,87, "Vətəndaş-Eliko Elisaşvili”
1,34, Leyboristlər partiyası 1,03 faiz səs qazanıb. MSK-dan qeyd olunub ki,
Tbilisinin bütün birmandatlı seçki dairələrində qalibi müəyyən etmək üçün
ikinci tur tələb olunacaq. Gürcüstan üzrə bəzi regionlarda da ikinci turun
keçiriləcəyi mümkündür. Lakin Gürcüstan müxalifəti bu seçkini legitim
saymayaraq mandatdan imtina edib. Müxalifət seçkinin nəticəsinin ləğvini və
təkrar seçki keçirilməsini istəyir. Bununla bağlı qəbul edilən bəyanata "Vahid
Milli Hərəkat-Güc birlikdədir” bloku, "Avropalı Gürcüstan”, "Lelo”,
"Aqmaşenebeli strategiyası”, "Vətənpərvərlər Alyansı”, "Vətəndaşlar-Eliko
Elisaşvili” hərəkatı və Leyboristlər Partiyası imza atıb.
Qeyd edək ki, budəfəki seçkidə, ümumilikdə 66 siyasi partiyadan çoxsaylı
namizəd iştirak edib. Onlar arasında 15 azərbaycanlı da yer alıb. Seçkinin
nəticələrinə görə, cəmi 3 soydaşımız qalib gələ bilib. Onlar GAP-dan Zaur
Darğallı və Savalan Mirzəyev, VMHP-dən Abdulla İsmayılovdur. İndiyə kimi
Gürcüstan parlamentində təmsil olunan azərbaycanlı deputat - müxalifyönlü VMHP
təmsilçisi Azər Süleymanov bu dəfə mandat ala bilməyib. Eks deputatlar - GAP
üzvləri Ruslan Hacıyev və Mahir Dərziyev isə bu dəfə namizədliklərini irəli
sürməyiblər.
Gürcüstanda keçirilən parlament seçkisi, müxalifətin boykot
taktikası, nəticələrin ləğv edilərək təkrar seçki keçirilmə ehtimalı, bunun
əksi olacağı təqdirdə müxalifətin atacağı addımlar barədə "Kaspi” qəzetinə
açıqlama verən VMHP üzvü, sabiq deputat
A.Süleymanov bildirib ki, son parlament seçkisinin nəticəsini Gürcüstan
müxalifəti tanımır. Onun sözlərinə görə, buna səbəb həddindən artıq qayda
pozuntusunun olmasıdır: "Reallıqda bu seçkini müxalifət partiyaları udmuşdu.
Amma "Gürcü Arzusu” Partiyası zorakılıqla özünə səs faizi yazdı. Müxalifət partiyalarının
səsi, ümumilikdə 57 faiz idi. Bu isə o demək idi ki, yeni hökumət müxalifət
tərəfindən koalision şəkildə qurulacaqdı. Məhz buna görə də Bidzina
İvanaşvilinin hakim "Gürcü Arzusu” Partiyası total saxtakarlığa əl atdı,
özlərinin səs faizini artırdı. Düzdür, hələlik seçkinin nəticəsi məlum deyil,
amma gedişat onu göstərir ki, onlar zorla olsa belə, hakimiyyəti üçüncü dəfə də
əllərində saxlamaq istəyirlər. Təbii olaraq, Gürcüstan müxalifəti buna etiraz
edir, aksiyalar keçirir. Parlamentə təmsil olunmaq hüququ qazanan bütün
müxalifət partiyaları mandatdan imtina edib, seçkinin nəticəsini tanımamaq
barədə birgə bəyanat imzalayıblar”.
A.Süleymanov deyib ki, boykot taktikası seçilməsinə səbəb seçkinin
saxtalaşdırılması və müxalifətin bunu qəbul etməməsidir: "Bizim əlimizdə
konkret sənədlər var ki, onun altında məntəqə komissiya üzvlərinin də imzası
var. Həmin sənədlərə görə, məntəqədə gün ərzində 60-70- seçici ancaq səsvermədə
iştirak edib. Ancaq MSK-nın açıqlamasına görə, həmin məntəqələrdə 200-300
seçicinin iştirak etdiyi göstərilir. MSK-nın bununla bağlı təqdim etdiyi
sənədlərdə, bizim həmin məntəqələrdəki nümayəndələrimizin, komissiya
üzvlərimizin imzası yoxdur. Bu isə o deməkdir ki, qeyd olunan sənədlər sonradan
tərtib olunub, ölkə üzrə total saxtakarlığa yol verilib. Baş Prokurorluğa,
polisə bu kimi faktlarla bağlı on minlərlə şikayət daxil olub, aktlar tərtib edilib
və sair. Bu kimi çoxsaylı səbəblərə görə, müxalifət seçkinin nəticəsini
tanımır, boykot edir. Noyabrın 8-də bütün Gürcüstan müxalifəti, ümumən ölkə
vətəndaşları paytaxt Tbilisiyə toplaşaraq etiraz edəcək. Nəyin bahasına olursa
olsun, səsimizi qoruyacağıq. Dövlət, hakimiyyət məcburdur ki, vətəndaşların
haqlı narazılığını qəbul etsin, səslərini eşitsin. Əminik ki, hökumət təkrar
seçki keçirmək qərarı verəcək. Belə bir proses 2003-cü ildə də yaşanmışdı.
Həmin il noyabrın 23-də Gürcüstan prezidenti Eduard Şevardnadze vətəndaşların
basqısı və haqlı tələbi qarşısında məcbur olub yenidən seçkiyə getdi. Məhz o
seçkinin nəticəsinə uyğun olaraq da Gürcüstanın bərpası, inkişafı başladı.
2012-ci ildə Mixeil Saakaşvili açıq şəkildə seçkini uduzduğunu bəyan etdi və
müxalifətə keçdi. İndi eyni qərarı Bidzina İvanaşvili verməlidir. Bunu xalq
tələb edir. Əminəm ki, bu, belə də olacaq”.
Deputat mandatı qazanan Zaur DarğallıGürcüstanda parlament seçkilərinin olduqca ədalətli, şəffaf keçdiyini vurğulayıb. O, bununla bağlı bir sıra müstəqil müşahidəçilərin, xarici nümayəndə heyyətlərinin və MSK-nın öz yekun fikirlərini ifadə etdiyini vurğulayıb: "Ciddi qanun pozuntuları müşahidə edilmədi. Gürcü Arzusu Partiyasının inamlı qələbəsi xalqın seçimi sayəsində oldu. Bizim komandanın fəaliyyətinin müsbət nəticəsi elə hər seçkilər zamanı xalqın verdiyi etimadla ölçülür, xalq bizə inanır biz isə o inamı doğrulduruq.Lakin müxtəlifət hər zaman ənənəvi addımlara – boykot kimi taktikalara əl ataraq məğlubiyyətlə razılaşmır. Seçki öncəsi təbliğat-təşviqat kampaniyası zamanı da onlar təxribatlara əl ataraq xalq arasında fikir ayrılığı yaratmaq istədilər. Ancaq xalq nəyin doğru olduğunu seçki günü sübut etdi. Bu günə kimi atdıqları hər bir təxribatyönlü addımlar kimi, bu boykot taktikası da heç bir nəticə verməyəcək. Kimsə Gürcüstan xalqının xalqın iradəsinə mane ola bilməz. Seçkilərin ləğvi üçün bu gün heç bir səbəb yoxdur. Amma bu da reallıqdır ki, hər bir demokratik ölkədə insanlar və siyasi partiyalar toplaşıb etiraz edə bilərlər və bu normaldır. Bizim üçün əsas xalqın səsi və seçimidir. O seçimi isə xalq 31 oktyabrda edib”.
GAP üzvü, sabiq deputat
Mahir Dərziyev oktyabrın 31-də Gürcüstanda parlament seçkisinin
baş tutduğunu dilə gətirib. O vurğulayıb ki, Gürcüstanın Avropadakı
tərəfdaşları, yerli və beynəlxalq təşkilatlardan olan müşahidəçilər seçkinin
azad, demokratik, rəqabətqabiliyyətli formada keçdiyini bəyan ediblər: "Düzdür,
ayrı-ayrı qanun, texniki və prosedur pozuntuları qeydə alınıb, amma həmin xırda
pozuntular, ümumən seçkinin nəticəsinə təsir edəcək səviyyədə olmayıb. Bunu
beynəlxalq müşahidəçilər qeyd ediblər. Avroatlantik məkandakı tərəfdaşlarımız,
ABŞ Dövlət Departamenti, ATƏT və digər beynəlxalq qurumlar Gürcüstanda
parlament seçkisinin baş tutduğunu, legitimliyini bəyan ediblər. Seçkinin
nəticəsinə görə, "Gürcü Arzusu” Partiyası parlamentdə 76 deputat mandatı
qazanıb. Bu imkan verir ki, "Gürcü Arzusu” hər hansı koalisiyasız hökumət qura
bilsin. Yəni parlament seçkisinin nəticəsi olaraq "Gürcü Arzusu” təkbaşına
hökumət qurmaq imkanına sahib olub. Bu seçki bir neçə məqamlara görə xüsusilə
əlamətdar idi. Gürcüstan tarixində ilk dəfə olaraq proporsionala yaxın bir
üsulla seçki keçirilib. 150 deputat mandatından 120-si proporsional, 30-u isə
majoritar yolla seçilirdi. Digər vacib məqam budur ki, bundan əvvəlki
iqtidarlar – həm Eduard Şevardnadze, həm də Mixeil Saakaşvili iki parlament
seçkisi müddətindən artıq hakimiyyəti əldə saxlaya bilməyib. Ancaq "Gürcü
Arzusu” son seçkinin nəticəsinə uyğun olaraq üçüncü dəfə də hakimiyyətdə qala
biləcək”.
Seçkinin nəticəsinin ləğv edilməsi və yeni seçkinin keçirilməsi
ehtimalına münasibət bildirən GAP üzvü deyib ki, bu, real deyil: "Məsələyə
hüquqi aspektdən yanaşsaq, görərik ki, seçki baş tutub. Yalnız 14 majoritar
dairədə ikinci turun keçirilməsi nəzərdə tutulur. Qanuna uyğun olaraq, ikinci
tur noyabrın 21-də baş tutacaq. Bu baxımdan seçkinin nəticəsinin ləğvi və
yenidən keçirilməsi üçün hüquqi əsas yoxdur. Müxalifətin, yəni seçkini uduzan
tərəfin narazılığını da hardasa anlamaq olar. Lakin indiki halda müxalifətin
narazılığının kökündə ayrı bir məqam da var. Belə ki, 2024-cü ilə qədər Gürcüstanda
baş tutacaq seçkilər mövcud qanunlara uyğun şəkildə keçirilməlidir. 2024-cü
ildə Gürcüstan Konstitusiyasının mövcud redaksiyası qüvvəyə minir. Həmin
vaxtdan etibarən seçkilər tam proporsional qayda ilə keçiriləcək. Əgər indi
keçirilən seçkinin nəticəsi ləğv olunub yenidən parlament seçkisi keçiriləcəyi
təqdirdə, müxalifət yeni seçkinin tam proporsional qayda ilə baş tutmasını
tələb edəcək. Bu isə hakim partiya tərəfindən qəbul edilən deyil. Başqa bir
məqam ondan ibarətdir ki, hakimiyyətin mənbəyi xalqdır və xalqın mütləq
əksəriyyəti hazırda müxalifətin tələbini dəstəkləmir. Ona görə də, düşünürəm
ki, seçkinin ikinci turu da yekunlaşandan sonra parlament öz iclasına
toplaşacaq, səlahiyyəti tanınacaq, yeni hökumət təsdiqlənəcək və sair addımlar
atılacaq. Bunlar realdır. Lakin bir qədər əvvəl qeyd elədiyim kimi, yeni
seçkinin təyin olunması real deyil”.
M.Dərziyev bildirib ki, seçkidən əvvəl ölkədə keçirilən rəy
sorğularının nəticəsi "Gürcü Arzusu”nun xalq tərəfindən dəstəkləndiyini növbəti
dəfə nümayiş etdirib: "Rəy sorğularının nəticəsinə görə "Gürcü Arzusu” üstün
mövqedə idi. Bununla yanaşı, pandemiyanın qarşısının alınmasında da hökumət
böyük uğurlar əldə etmişdi. Bu baxımdan, əgər seçkilər 2-3 ay bundan əvvəl
keçirilsəydi "Gürcü Arzusu”nun üstün səs faizi daha çox olardı. Elə o
vaxtlardan məlum idi ki, müxalifət qarşıdan gələn seçkilərdə ciddi dəstək ala
bilməyəcək. Eyni zamanda müxalifətin tutduğu xətti təhlil edib parlament
seçkisi və ondan sonrakı dövrdə özünü necə aparacağını əvvəlcədən təsəvvür
etmək mümkün idi. Onların hərəkətlərini izlədikcə, məntiqi nəticəyə gəlmək çox
asan olurdu. Müxalifət uduzacağını bilirdi. Ona görə də ölkədə vəziyyəti
gərginləşdirməyə, qarşıdurma yaratmağa çalışır, ümumiyyətlə, destruktiv
fəaliyyətlə məşğul olur. Bununla onlar yeni parlament seçkisinin təyin
olunmasına nail olmaq istəyirlər. Onlar hələ seçki başlamazdan öncə bəyanat
vermişdilər ki, seçki saxtalaşdırılacaq. Seçki günü çox fəal şəkildə proses
getdi, hamı rahatlıqla iştirak etdi səsvermədə. Seçkinin sabahı günündən
başlayaraq prosesin legitimliyini şübhə altına salmaq məqsədilə bəyanatlar
səsləndirdilər. Son olaraq da parlamentdə təmsil olunmaqdan, mandatlarından
imtina ediblər. Hesab edirəm ki, müxalifətin boykot taktikası çarəsizlikdən
irəli gələn addımdır. Məğlubiyyətdən çıxış yolunu bunda görürlər”.
GAP üzvü söyləyib ki, Gürcüstan müxalifətini tutduğu yoldan
çəkindirmək üçün müttəfiq, tərəfdaş ölkələr, həmçinin beynəlxalq təşkilatlar
onlara öz fikirlərini çatdırıblar: "Tərəfdaşlarımız müxalifəti bu addımlardan
çəkindirməyə çalışdılar. Bu gün müxalifətin parlamentə daxil olmaması
beynəlxalq ictimaiyyət qarşısında onların özlərini pis duruma salır. Müxalifət
legitim parlamentin işində iştirak etmir. Bununla onlar yüz minlərlə
seçicisinin etimadını yerə vururlar. Yəni onları dəstəkləyən seçicilərin
nümayəndəsi olmaq istəmir, parlamentdə seçicilərini təmsil etməkdən imtina
edirlər. Bu taktikanın effekt verməsi ciddi sual altındadır. Düzdür, "Gürcü
Arzusu” mənəvi-psixoloji baxımdan heç də xoş olmayan bir vəziyyətlə üzləşir.
Təkpartiyalı parlament göz qabağına gəlir. Bu, həm ölkənin milli maraqları, həm
də "Gürcü Arzusu” Partiyasının maraqları baxımından yaxşı vəziyyət deyil. Ancaq
bu da bir reallıqdır ki, ötən 8 il ərzində Gürcü Arzusu hakimiyyəti təkbaşına
üzərinə götürməyə qadir olduğunu öz fəaliyyəti ilə tam təsdiqləyib. Sabiq
deputat kimi öz müşahidələrim əsasında deyə bilərəm ki, ötən 8 il ərzində
müxalifətin bütün üzvlərinin parlamentin işində iştirak etdiyini görməmişəm. Bu,
xüsusilə Vahid Milli Hərəkata aiddir. Hər fürsətdə parlamentin işini
əngəlləməyə çalışır, boykot edirdilər. Demokratik parlamentarizmin mövcud
xüsusiyyətlərindən onlar çox-çox sui-istifadə edirdilər. Ötən 8 ildə ölkənin
idarə olunmasından kənarda qalan, özü-özünü bütün proseslərdən təcrid edən
müxalifətin boykot taktikasının bundan sonra hansısa effekt verəcəyinə də şübhə
edirəm. Gürcüstan xalqının radikal müxalifətin arxasınca getməyəcəyinə, onların
səsləndirdiyi şüarlara dəstək verməyəcəyinə qəti əminəm”.
Rufik İSMAYILOV