AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Gürcüstan Rusiya bazarını birdəfəlik itirib

Gürcüstan Rusiya bazarını birdəfəlik itirib

Siyasət
06 Fevral 2013, 09:39 1562
Gürcüstanın baş naziri Bidzina İvanişvili hökumətə rəhbərlik etdiyi 100 gün ərzində görülən işlər barədə hesabat xarakterli mətbuat konfransı keçirib. Onun çıxışının ən maraqlı məqamı prezident Mixail Saakaşvili ilə bağlı olub. İvanişvili hesab edir ki, artıq Saakaşvili dövrü bitib. Baş nazir bəyan edib ki, Saakaşvili əsri bitdi və artıq heç kim ölkədəki situasiyanı dəyişə bilməz.
Gürcüstanın baş naziri 3-4 ildən sonra Gürcüstan əhalisinin ölkədə baş verəcək müsbət dəyişiklikləri hiss edəcəyini də vurğulayıb. O, bildirib ki, Saakaşvili və onun komandasının əlində ölkədəki situasiyanı dəyişdirmək və durumu nəzarətdən çıxarmaq üçün heç bir vasitə yoxdur: “Biz vəziyyətə nəzarət edirik”. B.İvanişvili M.Saakaşvilinin fevralın 8-də parlamentdəki ənənəvi illik çıxışını dinləməyəcəyini də açıqlayıb. Baş nazir qeyd edib ki, o hələ Vahid Milli Hərəkat Partiyası ilə dialoq aparmağa hazır deyil: “Çünki onlar çıxışlarında obyektiv deyillər”. Gürcüstanın baş naziri daha sonra Fransa vətəndaşlığından imtina prosedurunu dayandırdığını da deyib. Baş nazir xatırladıb ki, prezident M.Saakaşvili ona Fransa vətəndaşlığından imtina şərti ilə Gürcüstan vətəndaşlığı verib: “Lakin mən bu prosesi dayandırdım, çünki onların kefi istədiyi kimi hərəkət etmək və çalışmaq istəmirəm”.

Xatırladaq ki, “Gürcü Arzusu” koalisiyasının parlament seçkilərində qələbəsindən sonra prezident M.Saakaşvili Fransa vətəndaşlığı olan B.İvanişviliyə Gürcüstan vətəndaşlığı verilməsi haqqında fərman imzalayıb. Prezidentin mətbuat xidmətinin rəhbəri Manama Mancqaladze bildirib ki, fərman İvanişvilinin Fransa vətəndaşlığından çıxmasından sonra qüvvəyə minəcək. Baş nazir keçirdiyi mətbuat konfransında fevralın 14-də Türkiyəyə səfər edəcəyini də açıqlayıb: “Gürcüstanla Türkiyə arasında sıx əməkdaşlıq var və bu, davam etdirilməlidir”.

Yeri gəlmişkən, son dövrlər Gürcüstan hökumətinin yeritdiyi siyasət və atdığı addımlar prezident Mixail Saakaşvilinin səbr kasasını əməlli-başlı daşırıb. Separatçı əməllərinə görə bir neçə il bundan əvvəl həbs edilən, lakin İvanişvili hökuməti tərəfindən azadlığa buraxılan erməni separatçısı Vaaqn Çaxalyanın azadlığa çıxmasına sərt reaksiya verən prezident bu dəfə Rusiyada fəaliyyət göstərən Samçxe-Cavahetiya diasporasını separatizmdə günahlandırıb. Onun sözlərinə görə, diaspora ermənilərin sıx yaşadığı vilayətdə azad ticarət zonası yaradılması çağırışları səsləndirib: «Onlar bununla da Gürcüstana yeni separatçılıq ideyası yeritmək istəyirlər». Dövlət başçısı əlavə edib ki, azad iqtisadi zona elan edilməsi ideyası Rusiyanın Gürcüstana qarşı hazırladığı məkrli planın bir hissəsidir: «Acarıstanda Aslan Abaşidze uzun müddət məhz bu mövzu ətrafında spekulyasiyalar edirdi. Bizim gözümüzün qarşısında indi yeni separatizm ideyası həyata keçirməyə çalışırlar. Bütün bunlar Abxaziya dəmir yolunun açılması və Gürcüstan vasitəsilə Ermənistana çıxışla bağlıdır. Bu isə hal-hazırda Gürcüstanın maraqlarına ziddir. İkinci fakt - Çaxalyanı həbsxanadan azad ediblər və o da o qədər qudurub ki, hər gün bəyanatlar səsləndirir. Artıq Gürcüstanın mərkəzi hökumətinə qarşı hücumlar başlayıb. İndi də azad iqtisadi zona barəsində danışırlar». Onun hesabına görə, bütün bunlar Cavahetiyada vahid inzibati vahidin yaradılmasına yönəlib. «Əgər bu baş verərsə, bundan sonra bura muxtariyyət verilməsini tələb edəcəklər. Növbəti mərhələdə isə müstəqillik və Gürcüstandan ayrılmanı ortaya qoyacaqlar. İnzibati vahid forması kimi azad iqtisadi zonanın yaradılması barədə Ermənistanda yaşayan ermənilər, Ermənistan hökuməti, nə də yerli ictimaiyyət danışmır. Biz onlar üçün su elektrik stansiyası inşa etmişik, Axalçixidə böyük turizm mərkəzi yaradılıb, dəmir yolu tikirik, yollar çəkirik və bu onlara xeyir gətirir. Bunu ideyanı yalnız Rusiyanın Cavahetiya diasporası bəyan edir» deyə o, əlavə edib.

Saakaşvili, həmçinin ölkənin xarici siyasət kursunun “erməniləşdirilməsinə” qarşı çıxıb. Onun sözlərinə görə, Gürcüstanda parlament seçkiləri nəticəsində hakimiyyət dəyişikliyindən sonra yeni hökumət bir sıra bəyanatlar verib. «Onlardan biri ölkənin xarici siyasət kursunun “erməniləşdirilməsi” ilə bağlıdır. Yəni biz NATO və Rusiya ilə eyni məsafə saxlamalıyıq. Bu yanaşma əvvəllər Gürcüstanın xarici siyasət kursu olmayıb”. Saakaşvili Abxaziya ərazisindən dəmiryolunun açılması ehtimalını Gürcüstan siyasətinə erməni modelinin digər neqativ təsiri adlandırıb: “İrəvanda artıq dəmiryolunun Abxaziya hissəsinin bərpa olunmasının texniki detalları müzakirə olunur. Bu, işğalın leqallaşdırılması demək olacaq. Abxaziyadan Ermənistana Gürcüstandan keçməklə dəmiryolunun açılması bu gün Gürcüstanın maraqlarına uyğun deyil». M.Saakaşvili bildirib ki, Gürcüstanın inkişafını istəyirlər: “Biz dünyada artıq 9-cu yerdəyik və onu da itiririk. Bu reytinqlə Gürcüstan irəliyə getməli və hər yerdə lazımi iqtisadi mühit yaradılmalıdır”.

Saakaşvilinin sözünün qüvvəti, artıq Rusiya gürcü çaxırının idxalına qoyduğu qadağanı götürməyi planlaşdırdığını bəyan edib. 7 ildən sonra Rusiya ilə münasibətlərin tədricən düzəldiyi bir vaxta qadağanın ləğv olunması Gürcüstan iqtisadiyyatına kifayət qədər gəlir gətirə bilər. Gürcü çaxırının Rusiya bazarına yenidən yol tapması isə, təbii ki, ölkədə baş verən siyasi dəyişikliklərlə bağlıdır. Rusiya ilə münasibləri düzəltməyə söz verən ölkənin yeni baş naziri Bidzina İvanişvili qonşu ölkə ilə ilk olaraq iqtisadi münasibətləri tənzimləməyi qarşısına məqsəd qoyub. Lakin məsələ ilə bağlı açıqlama verən rusiyalı iqtisadçı-ekspert Vadim Pavlov gürcü çaxırının Rusiya bazarında əvvəlki nüfuzunu bərpa edə bilməyəcəyini bildirib. Onun sözlərinə görə, buna səbəb ölkədə Avropa çaxırlarının kifayət qədər sevilməsi və alıcılıq qabiliyyətinin yüksək olmasıdır. "Ölkəyə İspaniya, İtaliya, Fransa və Argentinadan ən çox sevilən çaxır növləri idxal olunur. Düşünürəm ki, gürcülər Rusiya bazarını birdəfəlik itiriblər. Mən heç gürcü çaxırının dadına da baxmayacağam. Axırıncı dəfə 30 il bundan əvvəl gürcü çaxırı içmişəm və indi dadı heç yadıma da düşmür" - deyə Pavlov bildirib. Qeyd edək ki, Rusiya qadağanı ləğv edəcəyi halda, Gürcüstan 2015-ci ilə qədər Rusiyaya 40 milyon butulka çaxır ixrac etməyi planlaşdırır. 2005-ci ilə kimi isə Gürcüstan Rusiyanın çaxıra olan tələbatının 90 faizini ödəyirdi.

Azər NURİYEV