• cümə, 29 Mart, 17:35
  • Baku Bakı 14°C

Gürcüstan DİN rəhbəri istefa verməyəcəyini bəyan etdi

12.07.19 19:56 10060
Gürcüstan DİN rəhbəri istefa verməyəcəyini bəyan etdi
Artıq 22 gündən artıqdır ki, Gürcüstan parlamenti qarşısında daxili işlər naziri Georgi Qaxariyanın istefası tələbi ilə aksiyalar keçirilir. Görünən odur ki, hakimiyyət artıq əvvəlki tək güzəştə getmək fikrində deyil. Özü də yavaş-yavaş aksiyalara toplaşanların sayı azalır. Görünür elə bu səbəbdəndir ki, aksiyaların əvvəlki tək kütləvi xarakter almadığından cuşa gələn daxili işlər naziri nəhayət ki, mitinqdə zor tətbiq edilməsi barədə qərarını şərh edib. Qaxariya parlament qarşısında 20-21 iyunda baş tutan aksiyanın dağıdılması əmrini verdiyini etiraf edib. "Pirveli” televiziyasına açıqlamasında nazir deyib ki, polis qüvvələrinə xüsusi vasitələrdən istifadə etmələri ilə bağlı əmr verib. "Polisin əsas öhdəliyi dövlət institutlarının, qanuni nizamın qorunması və vətəndaşın təhlükəsizliyinin təminindən ibarətdir. Rezin güllələr öldürücü silahlar deyillər, onlara qanunla izn verilib”, – deyə o bildirib.
Qeyd edək ki, rusiyalı deputat Sergey Qavrilovla bağlı insidentdən sonra Gürcüstan parlamenti qarşısında genişmiqyaslı etiraz aksiyası baş tutmuşdu. Etirazçılara qarşı güc tətbiq olundu, yüzlərlə insan yaralandı və həbs edildi. "O ki qaldı istefa vermək barədə tələblərə - tam səmimi deyirəm ki, belə bir vaxtda getmək mənim üçün məsuliyyətdən qaçmaq deməkdir”. Nazir deyib ki, istefa və getmək ən asan yoldur. 20 iyundan sonra aksiya keçirənlərin məni necə adlandırmaları əhəmiyyət kəsb etmir. İstər məni qaniçən, istər sadist adlandırsınlar, atdığım addımlara necə istəyirlər elə qiymət versinlər - mənim üçün əhəmiyyət kəsb etmir. Mənim kompromisə getməyə hüququm yoxdur”. Nazir əlavə edib ki, destruktiv qüvvələrin ölkədə asayişi və vətəndaşların təhlükəsizliyini qoruyan hüquq-mühafizə sistemini legitimsizləşdirmək cəhdləri göz önündədir: "Bunu reallaşdırmağa heç kimin hüququ yoxdur. Məni sadəcə, özümdən çıxaran bilirsiniz nədir - onlar anlamaq istəmirlər ki, mənin prinsipial məsələlərdə kompromisə getmək hüququm yoxdur”.
Yeri gəlmişkən, nazir bir qrup deputatla da görüş keçirib. Nazir onlara iyunun 20-21-də ölkədə çevrilişinin qarşısı alındığını bildirib. Qaxariya parlamentə müxalifət deputatlar tərəfindən müəyyən şəxslərə birdəfəlik istifadə üçün buraxılış vəsiqələri verildiyini də bildirib. Onların çoxu 20 iyun günü parlamentdə olublar. Nazir rezin güllələrinin tətbiqinin təsadüfi olmadığını da bildirib. Çünki həmin vaxt mitinqçilər parlament binasına daxil olmağa başlayıblar.
Nazirin bu cür açıqlamalarla çıxış etməsi onun istefası tələbinin reallaşmayacağı anlamına gəlir. Həm də bu istefa Rusiya ilə münasibətləri yenidən gərginləşdirə bilərdi.
Onu da qeyd edək ki, bu günlər az qala bütün Rusiya mediası Gürcüstan telekanallarından birinin aparıcısı tərəfindən ən pis şəkildə təhqir olunmasına rəğmən, prezident Vladimir Putinin Tbilisiyə münasibətdə barışdırıcı münasibətinin səbəblərini müzakirə edir. Rusiya Dövlət Duması Gürcüstanın cəzalandırılması məqsədilə gürcü şərabına və Borjomi sularına sanksiya qoyulmasını istəyib. Millət vəkillərinin arasında ən uzağa gedəni Federasiya Şurasının senatoru Arsen Fadeyev olub. O, Putini təhqir edən "Rustavi-2”nin əməkdaşı Qabuniyanın edamına çağırıb. Lakin Putin Tbilisiyə qarşı sanksiyaların əleyhinə olduğunu deyib. Rusiyada bir çox təhlilçilər Kremlin "dövlət təhqirinə” reaksiyasını paradoksal adlandırırlar. Məsələn, Rusiyanın İjevsk şəhərində iyulun 10-da bir yerli sakini 30 min rubl cərimə ediblər. O, Udmurtiya başçısı Aleksandr Brexalovu Instagramda ana söyüşü ilə təhqir etməkdə ittiham olunurdu. Belə bir şəraitdə Moskvanın Gürcüstandan səslənən təhqirə yumşaq reaksiyası təəccüb doğurur. Rusiyalı politoloqlardan Aleksey Lapşin bildirir ki, Gürcüstanla son qarşıdurmada Rusiya hakimiyyəti sadəcə olaraq dalana düşüb. Politoloq deyir ki, indiki vəziyyətdə Gürcüstana qarşı sanksiyaların elan edilməsi moskvayönümlü Bidzina İvanişvilinin mövqelərini zəiflədərdi. Politoloqun fikrincə, bu oliqarxın yıxılması Gürcüstanda hakimiyyətə anti-Kreml qüvvələrinin gəlməsi ilə nəticələnə bilərdi. Laşhin bildirib ki, Gürcüstana qarşı sanksiyalar ilk növbədə bu ölkədə iş görən Rusiya biznesmenlərinə zərbə olardı. Politoloq V.Putinin ana söyüşünə qarşı "yumşaqlığını” bununla əlaqələndirir.
Gürcü tərəfi də Rusiyayönümlü bəyanatlar səsləndirir. "Rusiyanın Gürcüstana embarqo tətbiq etməsi nəticəsində ölkəmiz 4 milyard lari (təqribən 1,5 milyard dollar) itirə bilərdi”. Bu sözləri Gürcüstanın iqtisadiyyat və dayanıqlı İnkişaf naziri Natiya Turnava jurnalistlərə müsahibəsində söyləyib. Onun sözlərinə görə, ilk növbədə turizm sektoruna 750 milyon dollar məbləğində ziyan dəyə bilərdi: "Biz ilin sonuna turizmdən 1,5 milyard dollardan çox gəlir götürməyi proqnozlaşdırmışıq. Digər zərbə Rusiyadan gələn pul köçürmələri ilə bağlı olardı. Keçən il Rusiyadan ölkəmizə 600 milyon dollar pul köçürülüb. Bu il də belə bir rəqəm gözləyirdik. Eyni zamanda, kənd təsərrüfatı, şərab və mineral suların ixracı nəticəsində 300 milyon dollar gəlir götürməyi nəzərdə tutmuşuq”.


Azər NURİYEV
banner

Oxşar Xəbərlər