• cümə, 19 Aprel, 19:21
  • Baku Bakı 24°C

Gürcülər “bahalı” namizədi prezident seçəcəklərmi?

21.11.18 18:38 513
Gürcülər “bahalı” namizədi prezident seçəcəklərmi?
Gürcüstan hakimiyyətinin əhalinin banklara və digər maliyyə institutlarına olan borclarını silmək təşəbbüsü müxalifəti şoka salsa da, qarşı tərəf adekvat addımlar atmaq niyyətindədir. Gürcü nəşrlərinin yaydıqları məlumata görə, keçmiş iqtidar partiyası - Vahid Mili Hərəkat ölkə prokurorluğuna məsələ ilə bağlı müraciət edib. Partiya hakimiyyət orqanlarının addımının qanuniliyinə aydınlıq gətirilməsini istəyir.
Baş nazir Mamuka Baxtadze deyib ki, borcların sıfırlanması prosesinə dekabrın 15-də başlanılacaq və dekabrın 31-dək başa çatdırılacaq: "Qara siyahı”da göstərilmiş borcların, təxminən 95 faizini kreditlər təşkil edir ki, onların da hər şəxs üçünməbləği 2 min laridən azdır. Söhbət 600 mindən çox vətəndaşın banklar, onlaynkredit verən maliyyə təşkilatlarıvə müxtəlif maliyyə qurumları qarşısındakı təxminən 1,5milyard lari (600 min dollar) təşkil edən maliyyə öhdəliklərindən gedir. Qərarla vətəndaşlarımızın bu borcları sıfırlanır. Qeyd etmək lazımdır ki, bu kateqoriyaya sosial təminatsız və məhdud imkanları olan vətəndaşlarımız daxildir”.
Müxalifət partiyası hesab edir ki, bu təşəbbüsdə seçki dövründə seçiciləri ələ almaq elementləri var. Təsdiq olunmamış məlumatlara görə, Vahid Milli Hərəkat hətta namizədi Qriqol Vaşadzeni noyabrın 28-də keçiriləcək ikinci turdan çıxarmaq məsələsini gündəmə gətirə bilər.
Qeyd edilir ki, hakim "Gürcü Arzusu” Partiyasının sədri Bidzina İvanişvili seçkilərə iki həftə qalmış, nəhayət ki, təşəbbüsü keçmiş müxalifət partiyasından ələ almağa müvəffəq olub. Bunun üçün isə özünün ən ağır artilleriyasını – pulunu işə salıb və diqqəti əhalinin ağrılı yeri olan yığılıb qalan borclara yönəldib, daha doğrusu, buna məcbur olub. Bu sahədə ölkədə vəziyyət yaxşı deyil və borcluların böyük əksəriyyəti "qara siyahı”ya salınıb. Onlar nəinki borc götürə, güzəştli şərtlərlə biznes krediti ala, hətta ölkə hüdudlarını tərk edə də bilmirlər.
Bəlli olduğu kimi, seçki dövrü İvanişvili və partiyası üçün ağır başa çatdı. "Boz kardinal”ın seçki təbliğatına qoşulması və hakimiyyətin namizədi Salome Zurabişviliyə açıq dəstək verməsi vəziyyəti daha da ağırlaşdırdı. Onun ən uğursuz addımı isə bir sıra reytinqli telekanallara verdiyi müsahibə oldu. Amma birinci turdan sonra yeni piar komanda dəvət edərək köklü şəkildə təbliğatın xarakterini dəyişdi. Hər dəfə olduğu kimi, bu dəfə də köməyinə "İmedi” telekanalı çatdı. Bu kanalın rəhbərliyi Vahid Milli Hərəkatın qələbəsinin yolverilməz olduğunu açıq bəyan etdi. Telekanal seçki kampaniyası başa çatana qədər xüsusi iş rejiminə keçdiyini bəyan etdi. Demək olar ki, Saakaşvili yönümlü "Rustavi-2” telekanalının informasiya hücumunu zərərsizləşdirməyə çalışır. Seçki kampaniyası bütövlükdə qarşılıqlı nifrət, təhqir, kompromat savaşına çevrilib. Keçmiş iqtidar partiyası demək olar ki, hər künc-bucaqda öz namizədi Qriqol Vaşadzenin qələbəsinin qaçılmaz olduğu barədə şüarlar yapışdırıb. Nüfuzlu Edison Research təşkilatının keçirdiyi sorğunun nəticələri də ona əlavə arqument vermiş olub. Bu arqument isə Vazadzenin mütləq qələbəsidir. "Gürcü arzusu”nun fəaliyyəti isə məntiqdən çox impulsiv, hətta təşviş doğurucu fonda müşahidə edilir. Məsələn, partiya presedentsiz bir addım atmaq qərarına gəlib – hər yerdə Zurabişvilinin şəkillərinin yerinə seçkilərdə iştirak etməyən İvanişvilinin fotoları vurulub.
Belə bir siyasi gərginliyin mahiyyətini anlamadığını bildirən keçmiş namizəd David Usupaşvili gürcü nəşrlərinə müsahibəsində "Gürcü arzusu” və İvanişvilinin canfəşanlığını başa düşmədiyini deyib. "Tutaq ki, "millətçilər” uddu, nə dəyişəcək? Nümayəndəli prezident postunu Vaşadze tutacaq? Axı o heç həbsxanadan tərəfdarları və həmfikirlərini buraxmaq iqtidarında olmayacaq. Bunun üçün prosedurlar gərəkdir. Konstitusiya çoxluğu isə hakimiyyətin tərəfindədir. Onlar da təklif olunan bütün təşəbbüslərin qarşısını alacaqlar. Anlamıram ki, niyə "Gürcü Arzusu” müxalifətin qurduğu oyuna qoşulub? İstənilən halda, məğlub olsa belə parlament seçkilərinə qədər iki il var. Bu müddət ərzində vəziyyəti dəyişə bilər”, - deyə seçkilərin birinci turunda iştirak edən keçmiş namizəd bildirib.
Lakin İvanişvili özünəməxsus formada qərar qəbul edərək va-banka getmək qərarına gəlib. Onun "Kartu” xeyriyyə fondu 600 min insanın borclarını qapatmaq qərarına gəlib. Milyarder 2 min laridən aşağı borcu olan insanların borcunu silmək istədiyini bəyan edib. Prosesə dekabrın 15-də başlanılacaq və ilin sonuncu günü başa çatacaq. Hakimiyyətin bu bəyanatı isə müxalifət üçün əsl zərbə olub. Məsələn, Qriqol Vaşadzenin seçki qərargahının rəhbəri Georgi Vaşadze hətta "Rustavi-2”nin efirində "borcları bağlamaq ideyası bizim idi axı - onlar bunu bizdən oğurladılar” deyib. "Civil.ge” gürcü saytı yazır ki, gürcü QHT-ləri də hökumətin atdığı addımı seçiciləri pulla ələ almaq cəhdi hesab ediblər. İSFED- ədalətli seçkilər və demokratiya uğrunda beynəlxalq cəmiyyət, GYLA – Gürcüstan Gənc Hüquqşünaslar Assosiyası və Tİ - Beynəlxalq şəffaflıq - Gürcüstan QHT-ləri bu məsələ ilə hüquq-mühafizə orqanlarının məşğul olmalarını tələb ediblər. Onlar bildirirlər ki, xeyriyyə cəmiyyəti açıq şəkildə bildirir ki, fondu İvanişvilinin ailə üzvləri idarə edir. QHT-lər hakimiyyəti populist addımlardan uzaq durmağa, prokurorluq orqanlarını isə buna reaksiya verməyə çağırıblar.
"Kviris Palitra” qəzetinə müsahibəsində gürcü iqtisadçı Giya Xuxaşvili deyib ki, Gürcüstanda əhalinin banka borclarının qapadılması prosesi iqtisadiyyatı sağlamlaşdırmayacaq, əksinə, ona zərər verəcək. Onun sözlərinə görə, bu qərar İvanişviliyə xarakterik deyil. O, İvanişvilinin bu qərarın qəbulu zamanı affekt vəziyyətində olduğunu deyib: "Əgər onlar borcların ləğvi məsələsi üzərində çoxdan işləyirdilərsə və bu, siyasi gündəmlə bağlı deyildisə, o zaman bu qərarı daha əvvəl və ya seçkidən sonra vermiş olardılar. Bu addım seçkiyə bir həftə qalmış atılır. Bu isə cəmiyyətdə bunun sadəcə siyasi addım olmasıyla bağlı fikir yaradacaq. Belə yanaşma insanları banklara borclarını ödəməməklə bağlı stimullaşdıra bilər. Belə ki, insanlar hər dəfədə öz borclarıyla bağlı siyasi böhranlara ümid bəsləyə bilərlər. Biz tezliklə daha böyük "qara siyahı” qazanacağıq. Bu, iqtisadiyyata zərbə vuracaq”.
Yeri gəlmişkən, borcların silinməsi gürcülərin 2012-ci parlament seçkilərindən sonra ürəklərində qalan əsas arzu idi. O zaman ümid edirdilər ki, İvanişvili milyardlarının bir hissəsini onların başı üzərindən yağdıracaq, işsizliyin qarşısını almaq üçün müəssisələri işə salacaq. Lakin bu düşüncədə olanların arzusu elə arzu olaraq qaldı da. Bu gün isə bu arzu artıq reallaşır. Lakin dərhal da qarşı tərəf – daha dəqiq desək, sabiq prezident Mixail Saakaşvili əhalini İvanişvilinin bu təşəbbüsünü ciddi qəbul etməməyə çağırıb. Onun sözlərinə görə, seçkilərdən sonra hakimiyyət vədini yerinə yetirməyəcək.
Bu günkü Gürcüstanda heç nəyi istisna etmək olmaz. Borcu olan 600 min insanın bir qismi noyabrın 28-də Zurabişviliyə deyil, onun rəqibinə səs verə də bilər. Bununla belə, bu gün görünən odur ki, təşəbbüs "Gürcü Arzusu”nun əlinə keçib. Vahid Milli Hərəkatın buna necə cavab verəcəyi isə hələ də qeyri-müəyyəndir. Beləliklə, Gürcüstan bu ayın sonunda rekord məbləğdə "bahalı” prezident əldə edə bilərlər.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər