• cümə, 29 Mart, 12:47
  • Baku Bakı 14°C

Gürcü müxalifəti “Kreml tələsi”ndən ehtiyatlanır

15.02.19 18:45 508
Gürcü müxalifəti “Kreml tələsi”ndən ehtiyatlanır
Gürcüstanın iqtisadiyyat naziri Georfi Kobulinin Rusiyanın qaz nəhəngi "Qazprom” şirkəti ilə danışıqlara başlanıldığı barədə bəyanatı ölkənin siyasi dairələrində sərt tənqidlərə səbəb olub. "Kommersant” yazır ki, Gürcüstan 2017-ci ildən tam şəkildə Azərbaycan qazı ilə təmin olunsa da, Tbilisi qəfil və gözlənilməz halda bəyan edib ki, Rusiyadan qaz nəqlinin bərpasına çalışır. Parlamentdə keçirilən dinləmələrdə çıxış edən nazir bildirib ki, bir neçə qaz tədarükçüsünə nail olmaq zəruridir. "Bununla da enerji bazarımızda rəqabət aparmağa müvəffəq olacağıq”, - deyə nazir bildirib. O əmindir ki, Rusiyadan alınacaq qaz Gürcüstanın enerji təhlükəsizliyi və müstəqilliyini qoruyub saxlamağa imkan verəcək. Onun qənaətincə, "Qazprom”la danışıqları fevralın sonuna kimi başa çatdırmaq mümkün olacaq. Gürcüstanın energetika sahəsi üzrə eksperti Timur Qoçitaşvili "Kommersant”a bildirib ki, respublika hər il 2,4-2,5 mlrd. kub metr təbii qaz istifadə edir və bunun da 100 faizi Azərbaycanın "SOCAR” şirkəti, eləcə də Xəzərdəki yataqların işlənməsi üzrə yaradılan beynəlxalq konsorsium vasitəsilə həyata keçirilir. Ötən əsrin 90-cı illərində əldə olunan razılaşmalara müvafiq olaraq, Gürcüstan onun ərazisindən tranzitlə Avropaya nəql olunan yanacağı güzəştli şərtlərlə ala bilər. Ekspertlər bildirirlər ki, Azərbaycan qazının gürcülərə kifayət etmədiyindən söhbət gedə bilməz. Və Gürcüstan hakimiyyətinin Rusiyadan qaz almaq istəyi bir tədarükçüdən asılılığı azaltmağa xidmət edir. "Əslində, burada pis bir şey yoxdur. Rəqabət hər zaman sağlam və mənfəətli haldır”, - deyə iqtisadçı Georgi Xuxaşvili qəzetə açıqlamasında bildirib. Məlumat üçün bildirək ki, bu şəxs 2012-2013-cü illərdə Bidzina İvanişvilinin köməkçisi vəzifəsində çalışıb. Lakin qəzetə açıqlamasında ekspert bildirib ki, "Qazprom”un qazının qeyri-kommersiya qiymətlərinin gürcü hakimiyyətini şirnikləndirə biləcəyinin riskli qərar olduğu qənaətindədir. Onun qənatəincə, rəsmi Tbilisinin də bu şirniklənmələr qarşısında davam gətirə bilməməsi ona gətirib çıxara bilər ki, ölkə sonda Rusiyanın tələsinə düşər. Georgi Xuxaşvili hökuməti, 2016-cı ildə Moskva ilə danışıqları iflasa gətirib çıxarmaqda da tənqid edib.
Yeri gəlmişkən, "Qazprom eksport”dan hazırkı məsələ ilə bağlı hər hansı bir şərh vermək istəməyiblər. Gürcüstanın beynəlxalq tərəfdaşlarının baş nazir Mamuko Baxtadze hökumətinin planlarına necə reaksiya verəcəkləri də bəlli deyil. Lakin artıq hökumət bir ciddi problemlə üzləşib – müxalifətçilər, o cümlədən keçmiş prezident Mixail Saakaşvilinin "Vahid Milli Hərəkat” Partiyası hakim "Gürcü arzusu” Partiyasını və onun lideri Bidzina İvanişvilini ölkəni Rusiyaya satmaq cəhdində ittiham ediblər. Müxalifət hakim "Gürcü arzusu” Partiyasını xəbərdar edir – Bakıdan alınan qazdan asılılığın azaldılması ölkənin Rusiya tərəfindən əsarətə alınmasına gətirib çıxaracaq. Qəzetə açıqlamasında "Avropa Gürcüstanı” Partiyasının lideri Serqo Ratiani bildirib ki, "Qazprom” Kremlin əlində qonşu ölkələri əsarətə almaq üçün alətdir.
Ümumiyyətlə, prezident seçkilərindən sonra Gürcüstanda qəribə proseslər baş verir. Ölkə, onun torpaqlarını işğal edən və 2008-ci ildə hərbi əməliyyatlar aparan Rusiya ilə sıx əməkdaşlığa can atır. Bu tendensiya ilə yanaşı, ölkənin demokratiyadan uzaq düşdüyü barədə fikirlər yayılır. Və bu məsələlər Qərb nəşrlərinin də diqqətindən kənarda qalmır. Məsələn, "New Eastern Europe” portalındaGeorgi Laşa Kasradze yazır ki, Gürcüstan noyabrın 28-də tarixi seçki keçirərək ilk dəfə qadın prezident seçdi. "Fransada doğulmuş və təhsil almışSalome Zurabişvilinamizədliyini müstəqil şəkildə irəli sürsə də, onu milyarderBidzina İvanişvilinin "Gürcü arzusu” koalisiyası dəstəklədi. Bu yaxşı xəbərin arxasında dünyada demokratiyanın durumundan narahat olan hər kəs üçün kədərli bir şey də var. Hazırda Gürcüstanın siyasi mühiti "Gürcü arzusu”nun son illər verdiyi demokratik vədləri yerinə yetirə bilməməsi ucbatından yerində sayır. Hətta Zurabişvilinin rəhbərliyi altında belə, irəliyə doğru yolda xeyli çətinliklər var”, - müəllif yazır. Gürcüstanlılar azı 2012-ci ildən bəri, "Gürcü arzusu” koalisiyasının problemləri yoluna qoyacağını gözləyir. Amma koalisiya ətrafında getdikcə daha çox korrupsiya, səriştəsizlik iddiaları dolaşır. "Elə prezident seçkilərinin qalibinin ikinci turda müəyyənləşməsi də İvanişvili və nazirlərinə bir zərbə oldu. Ancaq milyarderdən siyasətçiyə çevrilmiş kardinal, daha çox özünü günahlandırmalıdır; illər boyu o, elektoratını "dayə ölkəsi”nə çevirib, ipləri özü çəkib. Maliyyə resurslarından hiyləgərcəsinə öz xeyrinə istifadə edərək Gürcüstan ziyalılarına, məşhur aktyorlara, müğənnilərə, bəstəkarlara, yazıçılara maaş ödəyib”, – yazan müəllif, İvanişvilinin seçkinin ikinci raundundan öncə son vasitəyə əl atdığını, 600 min gürcüstanlının kredit borclarını siləcəyini elan etdiyini yada salır. Açıq-aşkar bilinən odur ki, "Gürcü arzusu” ictimaiyyətin inamını yenidən qazanmaq istəyirsə, İvanişvili siyasətə yanaşması barədə yenidən düşünməlidir”, – məqalədə deyilir. Amma müəllif Zurabişvilinin ümidverici qələbəsinə baxmayaraq, çox şeyin dəyişməyəcəyini vurğulayır.

Azər NURİYEV

banner

Oxşar Xəbərlər