• cümə axşamı, 18 aprel, 22:04
  • Baku Bakı 21°C

Günü-gündən sayı azalan kişi həkimlər

19.11.19 09:00 1368
Günü-gündən sayı azalan kişi həkimlər
Ekspertlər deyir ki, hazırda oğlanları informasiya texnologiyaları daha çox cəlb edir, nəinki tibb sahəsi
Son 8 ildə Azərbaycanda qadın həkimlərin sayı artıb, kişi həkimlərin sayı isə azalıb. Ümumən son 8 ildə ölkədəki həkimlərin sayı azalıb. 2010-cu ildə ölkədə 33085, 2018-ci ildə 32 485 həkim olub. 2010-cu ildə bütün həkimlərin 63,2 faizi qadın olduğu halda, 2018-ci ildə bu göstərici 66,4 faizə yüksəlib. Belə ki, 2010-cu ildə ölkədəki həkimlərin 20 922-si qadın, 12 163-i kişi olub. 2018-ci ildə isə ölkədəki 32 485 həkimin 21 567-i, başqa sözlə 66,4 faizi qadın , 10 918-i, yəni 33,6 faizi kişi olub.
Bu cür statistika ilə rastlaşmaq sözün açığı, bizi təəccübləndirdi. Çünki həkimlik peşə kifayət qədər prestijli və gəlirli sahələrdən biridir və son dövrlərdə nəinki kişi həkimlərin, ümumən həkimlərin sayının azalması maraqlıdır. Mövzu ilə bağlı kiçik araşdırma aparıb, dünyada mövcud vəziyyətin necə olduğu öyrənməyə çalışdıq. Görünən odur ki, beynəlxalq aləmdə də həkimlər arasında cinsiyyət ayrımı edilir. Belə ki, "The İndependent" qəzetində dərc olunmuş "Qadın həkimlər yaxşıdır, yoxsa kişi həkimlər?” başlıqlı bir məqalədə qadın həkimlərin pasientlər üçün kişi həmkarlarından daha yaxşı olduğu, elmi araşdırmalarla müəyyən edilib. Bu araşdırma zamanı 4 il müddətində xəstəxanalara 1,5 milyon pasientin gəlişi təhlil edilib. Bəlli olub ki, qadın həkimlərin pasientləri arasında ölüm hadisələri və ya klinikaya təkrar dönüşlər, kişi həkimlərdə olduğundan əhəmiyyətli dərəcədə azdır. Bunda başqa "JAMA Internal Medicine Journal” məcmuəsində dərc olunmuş məqalədə deyilir ki, kişi həkimlər də pasientlərə qadın həmkarları qədər diqqətli və qayğıkeş olsaydılar, 32 min insanın həyatını xilas etmək mümkün olardı. Araşdırmada qeyd edilir ki, faktlar kişi və qadınların tibbi fəaliyyətinin fərqli olduğunu göstərir. Bu da aydın olub ki, qadın həkimlər klinika qaydalarına kişi həmkarlarından daha məsuliyyətli yanaşırlar. Onlar daha diqqətlə müayinə edir, pasientlərlə daha çox ünsiyyətdə olur və daha çox məsləhət verirlər. Çikaqo Universitetindən tibb professoru Vineet Arora deyir ki, fərqin əsasında bir çox faktorlar dayana bilər: "Ola bilər ki, səbəb həkim yanaşması, ola da bilər ki, xəstənin həkimə reaksiyasıdır. Beləliklə, qadın həkimlərə ənənəvi inamsızlığın əsassız olduğu bəlli olub. Odur ki, həkiminizin qadın olduğunu biləndə, bir az da rahat nəfəs alın. Bəlkə də bu səbəbdəndir ki, statistik göstəricilərdə qadın həkimlər kişiləri üstələyir”.
Professor da statistik göstəricilərə əsasən qadın həkimlərin kişiləri üstələdiyini vurğulayır. Maraqlıdır, bəs bu üstələmənin səbəbi nədir, nə üçün kişi həkimlərin sayı azlıq təşkil edir?
Tibb üzrə ekspert Adil Qeybulla bu azalmanı kişi həkimlərin bir çoxunun xaricə getməsi ilə əlaqələndirir: "Nəinki hazırda həkim işləyənlər arasında, hətta tibb sahəsinə yönələn gənclər arasında da bu fərq açıq şəkildə görünür. Son dövrlər tibb sahəsini xanımlar arasında daha çox seçən var, nəinki oğlanlar. Çünki qloballaşan dünyada yaşayırıq. Hər gün yeni peşə sahələri peyda olur. Həmin sahələr oğlanlar üçün daha rahat və cəlbedici görünür. Bir çoxu biznes sahəsini seçir. Hətta, elələri var ki, tibb sahəsini bitirməsinə baxmayaraq, hazırda fərqli peşə üzrə fəaliyyət göstərir. Bu statistik göstərici çox güman ki, növbəti illərdə də xanımların üstünlüyü ilə müşahidə ediləcək. Bundan başqa, azalmaya digər səbəb Azərbaycan Tibb Universitetini bitirən kişi tələbələrin əksəriyyətinin xaricə axın etməsidir. Əlbəttə, gedənlər arasında xanım həkimlər də var. Amma hər kəsə bəllidir ki, kişilərin xaricə getmək imkanları xanımlara nisbətən daha yüksəkdir. Ona görə də, axında kişilər üstünlük təşkil edir. Nəticə olaraq, bütün bunlar kişi həkimlərin sayında azalmaya gətirib çıxardır”.
"Sağlam Cəmiyyət” İctimai Birliyinin sədri Lalə Mehralınınsözlərinə görə, ümumi statistik göstəricidə kişi həkimlərin sayı azalsa da, lakin estetik cərrahlıqda və ginekologiya sahəsində əksinə, kişilərin sayında artım var: "Açığı, son dövrlər sosial şəbəkədə və bir çox televiziya kanallarında ginekologiya və estetik cərrahlıq sahəsində kişi həkimlərin sayında artım olduğunun müşahidə etmişəm və deyərdim ki, qeyd etdiyim sahələrdə kişi həkimlərə müraciət daha çoxdur. Amma ola bilsin ki, ümumi göstəricidə kişi həkimlərin sayı azlıq təşkil etsin. Bunun da bir sıra səbəbləri var. Məsələn, dövrümüz texnika, texnologiya dövrüdür. Hazırda kişilərə bu sahə daha maraqlı gəlir. Sorğu keçirsək, aydın olar ki, oğlanların əksəriyyəti ixtisas seçimində informasiya texnologiyaları peşəsinə daha çox meyl edirlər. Bu da anlaşılandır. Həkimlik sənəti çətindir, hər adam bu yükün altına girə bilmir. Digər səbəb isə tibb təhsili üçün xaricə gedənlərin əksəriyyətinin geri qayıdıb ölkəmizdə həkimlik fəaliyyəti ilə məşğul olmamağındadır. Xaricdə oxuduqdan sonra elə orda qalıb işləməyə üstünlük verirlər”.
Təhsil eksperti Kamran Əsədov azalmaya bir sıra faktorların səbəb olduğunu qeyd edir: "III və IV ixtisas qruplarında qız abituriyentlərin sayı kəskin olaraq fərqlənir. Bu da mentalitetdən gələn bir səbəbdir. Belə ki, bir çoxları düşünür ki, müəllimlik, həkimlik qız sənətidir, bu peşələrlə ancaq qızlar məşğul ola bilər. Ona görə də, oğlanlar bu peşələrə az meyl edirlər. Həkimlik ixtisaslarına meyl etmədə oğlanların azlıq təşkil etməsinin başqa bir səbəbi bu istiqamətdə təhsil müddətinin çox, yəni 6 il olmasıdır. Nəzərə alsaq ki, oğlanlar 18-19 yaşlarında bu ixtisasa qəbul olurlar, deməli, bitirəndə yaşları çox olur. Buna rezidenturanı da əlavə etsək, 12 ilə qədər müddət edir. Həmçinin, həkimlərin əmək haqqının az olması və işə qəbul prosesindəki problemlər də azlığa səbəb olur. Hazırda həkimlərin rəsmi əmək haqqı ilə kişilərin ailə saxlanması mümkün deyil. İşlə təminolunma sahəsində də problemlər var. 2019-cu tədris ili üçün rezidenturaya qəbulun nəticələrini təhlil edəndə görürük ki, iki mərhələ üzrə keçirilən qəbul imtahanlarının nəticələrinə əsasən, müsabiqədə iştirak edən 525 namizəddən 448 nəfəri təhsilini rezidenturada davam etdirmək hüququ qazanıb. Onlardan 147 nəfərini oğlanlar, 301 nəfərini qızlar təşkil edir. Digər bir səbəb isə həkimlik ixtisasına qəbul üçün IV ixtisas qrupunda fənlərin ağır olması ilə bağlıdır. Belə ki, IV ixtisas qrupunda kimya, biologiya, fizika kimi fənləri, oğlan abituriyentlərin kütləvi şəkildə yüksək səviyyədə öyrənməsi, cavablandırması faizi olduqca aşağıdır”.
Günel Azadə
banner

Oxşar Xəbərlər