• cümə axşamı, 28 mart, 19:47
  • Baku Bakı 13°C

Günəşin şahidliyi ilə

13.05.19 14:00 1594
Günəşin şahidliyi ilə
O yaşacan elə bilirdim ki, dualar ancaq Allaha ismarlanır. Vur-tut on beş yaşım vardı. Mən kəndimizin kitab mağazasında yasəmən rəngli üz qabığı olan bir kitab gördüm – "Günəşə dua” kitabını. Kitabı alıb evə gətirdim, bütün gecəni o kitabdakı "qəribə” şeirlərlə baş-başa qaldım. O şeirlər mənim poeziya haqqında təsəvvürlərimi alt-üst etdi, sanki qəfildən tamamilə fərqli bir iqlim qurşağına düşmüşdüm, gözlərim önündə əsrarəngiz bir dünya açıldı; indiyəcən tanımadığım, görmədiyim impressionist cigzilərlə, abstrakt cah-cəlalla süslənmiş bir dünya. Bu dünyanın iqliminə uyğunlaşmaq çətin idi. Bu şeirlərin məna çalarlarına vaqif olmaq üçün müəyyən bir yol keçilməliydi və hələ o mənaya vaqif olmaqdan ötrü söz məni öz köynəyindən keçirlməliydi. Bu şeirlərin poetik leksikonu gözümüzün öyrəşdiyi kvadrat şeirlərin bəsit dilindən tamamilə fərqlənirdi. Bu şeirlərdə pafos, trafaret, difiramb yox idi, bu şeirlərin misraları şehli idi, üfüqündə Günəş şüaları sayrışırdı. Nurəngiz Gün verlibrin keyfiyyətcə yeni tipini yaradırdı. Onun şeirləri oxucunu interaktivliyə səsləyən çoxyozumlu mətnlərdir. Bu poetik nümunələr eyni zamanda iki min illik tarixi olan türk şeirinin klassik gələnəklərini də özündə hifz etməkdədir. Onun şeirlərində arxaik sayıla biləcək bir çox leksik vahidlər və birləşmələr öz əksini tapır.
Bu şeirlər zərif, incə bir qadın ruhunun əsintiləri idi və yeniyetmə bir gənci sehrləmişdi. Kitablar da insan kimidir, nə vaxtsa rastına çıxan kitabları köhnə tanışlar kimi heç vaxt unutmursan, arada xatırlayanda əlini kitab rəfinə atıb onu yenidən götürüb vərəqləyirsən, bir növ, köhnə dostunla görüşüb həsb-hal edirsən. Özünün və sözünün gözəlliyi, zərifliyi ilə əhatəsində olan insanları həmişə cəzbində saxlayan Nurəngin Günün "Günəşə dua” kitabını ədəbi taleyimdə müstəcab olan dualar kimi həmişə kitabxanamda saxladım. İnsan ömür yolunun başlanğıcında özünə düzgün dostlar seçəndə onun taleyi də uğurlu olur, eləcə də mütaliənin ilkin çağlarında düzgün kitab seçimi insanın düşüncəsinin inkişafına müsbət təsir göstərir. "Günəşə dua” kitabını oxuyandan sonra anladım ki, poeziyanın özünün xüsusi dili var, bu dil şüurla altşüur arasındakı məna körpüsündən keçərək təxəyyülün üfüqündə daim sayrışır və öz müəllifini də əsarətində saxlayır. Bu əsarət əslində insan ruhunun azadlığına xidmət edir, bu əsarətin mahiyyətində hüdudsuz bir azadlıq var. Nurəngiz Gün təpədən-dırnağa azad ruhun carçısı idi. Onun poemaları da ("Qar romanı”, "Quzey Kıprıs rüzgarları”, "Əsrin son yuxusu”) konseptual poeziya nümunələridir. Bu əsərlərdə qürbət acısı, Vətənin ağrıları dil açıb bulud dilində, Ay dilində, Günəş dilində, ulduz dilində, çiçək dilində, yağmur dilində danışır. Onun mətnlərində apollonik bir ölçü-biçi var, o, təsvir etdiklərini sanki saf bir sevgi enerjisi ilə cana gətirir.
Nurəngiz xanımın dualarına aşina olduğum o zamanlardan çox-çox sonra amerikan şairi D.A. Uolkotun bir fikrinə rast gəldim. O, yazırdı ki, "mən heç vaxt poeziyanı duadan ayırmamışam”. Qəribədir, mərhum şairimiz Adil Mirseyid haqqında yazımda da onun şeirlərini dua kimi Tanrıya pıçıldadığımı yazmışdım. Mistik qatı olan şeirlər Yerdən Göyə ünvanlanan mətnlərdir və onlar insanlığın dua janrında yazılır. Əslində bu yazını yazmaqda məqsəd təkcə Nurəngiz xanımın poeziyasını təhlilə çəkmək deyil.
Dəyərli qələm dostum, professor, şair-esseist Elçin İsgəndərzadənin "Günəşin elçisi” esse-monoqrafiyasını oxuyanda "Günəşə dua” ilə ilk tanışlıq gününü xatırladım. Elçin müəllim poeziyamızın bu nazəndə, xanım-xatın şairəsini bütün parametrlərilə oxuculara təqdim edir. Bu əsəri nəğmə kimi də zümzümə etmək olar, ağı kimi ötmək də, portret yazısı kimi də oxumaq olar, bir qadın ömrünün bütün fəsillərini özündə əks etdirən nadir bir rəsm əsəri kimi heyrətdən önündə donub qalmaq da olar. "Günəşin elçisi”ni sənədli filmin ssenarisi kimi də oxumaq olar. Bu "film”də Nurəngiz xanım öz ömürlüyünü vərəqləyir, Elçin İsgəndərzadə isə peşəkar bir rejissor kimi şairənin bəbəklərində titrəşən kədəri, gözəlliyin zamanla savaşını, yeganə övladı Jaləsinə tükənməz sevgisini, məhəbbətini, öz şeirlərini oxuyarkən səsinin təkrarolunmaz ahəngini, bu səsin zərif, dalğalı uçuşunu lentə köçürür.
Nurəngiz Gün ömürlüyünə güzgü tutan bu əsrarəngiz söz çələnginin baş qəhrəmanı Günəşdir. Dünyamıza hərarət bəxş edən, şairənin zərif ruhunun Vətəni olan Günəş. Kitabı oxuduqca Tanrının gözəllik payını səxavətlə bəxş etdiyi bir qadının taleyilə təkbətək necə döyüşdüyünün şahidi olursan. Əslində tale Tanrının yazısıdır, onu dəyişmək mümkünmü? Nurəngiz xanım taleyə boyun əyməyib, dualarını Günəşə ismarlayıb, taleyinin yazılmamış hissələrini özü yazıb. Elçin İsgəndərzadə isə qələmini fırçaya çevirib kəpənək ruhlu şairənin portretini yaradıb.
Nənəsinin, babasının xiffətini çəkən dəcəl qızcığaz bir gün anasından soruşur:
-Bəs hanı mənim nənəmlə babam, nə vaxt gələcəklər?
Anası saçlarını oxşayıb üzündən öpərək qızına müqəddəs yalan danışır:
-Onlar arabayla çox uzaqlara, lap uzaqlara, Günəşə gediblər.
O vaxtdan balaca qızcığazın ürəyində Günəşə dualar tumurcuqlayır. O vaxtdan bu qız elə zənn edir ki, bütün doğmaları qızılı arabaya minib Günəşə yollanıblar və onun Günəşə duası həm də əzizləri üçün idi. Bütün ömrü boyu bu dualar bitmədi, tükənmədi. Günəşin elçisi oldu o qız.
"Ətrafımda uşaqlar gülərdi, oynayardı, sevinərdi. Mən də həsrətlə Günəşdə baba, nənə axtarardım və sanki uşaq qəlbimə onların qayıtmayacağını diktə edən ağrılar dolardı. Heç demə, bu ağrılar sonralar şeirlərə çevriləcək, məni şair edəcəkdi”. ("Günəşin elçisi” kitabından)
Nurəngiz xanım haqqında deyiləsi nə varsa, hamısını Elçin İsgəndərzadə qələmə alıb. Bu kitab Nurəngiz xanımın gələcək tədqiqatçıları üçün əvəzsiz bir mənbədir. "Günəşin elçisi” bütün janrların ötəsində olan bir mətndir. Onu roman kimi də, poema kimi də oxumaq mümkündür. Elçin müəllim bu əsəri yazarkən onu hansısa janrın tələbləri çərçivəsinə salmayıb, təsvir və tədqiq etdiyi obyektə qarşı sonsuz sevgisi duyğularına, düşüncələrinə hədd qoymağa imkan verməyib və beləcə, esse ilə monoqrafiyanın sintezi belə bir unikal mətnin yaranmasına səbəb olub.
"Günəşin elçisi” kitabını vərəqlədikcə Nurəngiz xanımın həzin, duyğulu səsi eşidilir:
"Bir dəfə yolla gedirdim, yeniyetmə vaxtlarımıydı. Qarşıdan gələn iki qadının diqqətlə mənə baxdıqlarını gördüm. Yanlarından keçəndə dediklərini eşitdim:
-Bu qədər də gözəl olmaq olarmı?
Yəni deyilənə görə, çox gözəl idim.
Nə isə… Gözəlliyimin heç fərqində olmadım. Hərdən ürəyimə düşəndə şəkillərimi töküb baxıram. Sanki şəkillərdəki o gözəl Nurəngiz nəsə demək istəyir mənə. Bəlkə də demək istəyir ki, qədrimi niyə bilmədin, bəlkə də. Mən o gənc Nurəngizə zülüm elədim, əzab verdim, xəyallarını yıxdım, arzularını puç elədim – özünə qarşı biganəliklə”.
Və günlərin bir günü üzünü güzgülərə deyil, göylərə - Tanrıya tutub soruşur:
-İlahi, bu qızdakı o gözəllik necə oldu?!
Cismani gözəllik nə vaxtsa solur, təravətini, cazibəsini itirir, amma heç vaxt solmayan əbədi gözəllik özünə Günəşdən ad götürmüş Nurəngiz Günün əsrarəngiz Söz Səltənətidir, onun ağ çiçəkləri heç vaxt solmayacaq, həmişə, ilin bütün fəsillərində təravət saçacaq, insanları sevgiyə çağıracaq. Tanrının elçiləri peyğəmbərlərdir, Günəşin elçisi isə onun adına dualar oxuyan Nurəngiz Gün oldu.
Yaxşı, razıyam səninlə, düşək yola.
Əzəl gedək Tanrının qapısın döyək.
Yağış versin… Günahımızı paklasın,
Sonra gedək, Günəşi bərabər öpək.
Yanırsa dodaqlarımız Günəşdə yansın.

İnsan Tanrıya ibadət edəndə qüsul alır, paklanır. Şairə Günəşin görüşünə də yağışda qüsul alıb gedir. Günəş sanki ondan ötrü Tanrının görünən üzü idi.
Dəyərli qələmdaşım Elçin İsgəndərzadə Nurəngiz xanımın mübhəm duyğularını, onun misralarından ürkək-ürkək boylanan sirləri o qədər estetik şəkildə, incəliklə çözələyir ki, onun şairənin mənəvi dünyasına bu qədər içdən bələd olması heyrət doğurur. Bu kitabı oxuduqca şairə kimi tanıdığımız Nurəngiz Günü həm də mərhəmətli, daim xeyirxahlığa can atan, daxilən son dərəcə zəngin bir qadın, öz səadətini, xoşbəxtliyini yeganə ciyərparası Jalənin məsud, bəxtiyar gələcəyində tapan fədakar bir Ana kimi tanıyırıq.
"O, həm də hər şeydən qabaq ANAydı, müqəddəs Ana!
O qədər tufanlara, haqsızlıqlara, hücumlara sinə gərdi ki, o qədər məğrurcasına dik dayandı ki, heç bir külək, boran onu kökündən qopara bilmədi. Bitdiyi kökünün üstündə daha da qüvvətləndi, daha da gücləndi. Və özü də deyirdi ki, Jaləm mənim güc qaynağımdır. Hər nə olursa-olsun, çevrilib onun o saf gözlərinin dərinliyinə baxanda yenidən doğuluram, yenidən qüvvətlənirəm, yenidən mübarizəyə başlayıram. Jaləm mənim həyat ağacımdır, diriliyimdir, hər şeyimdir, nəfəsimdir”.
Deyirlər, Günəşə dualar müstəcab olur. Günəş Tanrının aynasıdır, bəşər Günəşdə güzgülənir, durulur, təmizlənir. Nurəngiz Gün öz şeiriyyəti ilə Günəşə yol açdı və dedi: Gedək, Günəşi bərabər öpək!
Bu mənada bir ömür boyunca öz poetik bioqrafiyasına Nurəngiz Gün qədər sadiq qalan çox az sayda şairlərimiz var.
Dəyərli ziyalımız Elçin İsgəndərzadə şair və estet kimi Nurəngiz Gün poeziyasının novatorluğuna, onun fərqli poetik leksikonuna dərindən aşina olduğundan bu poeziyanın fəlsəfəsini, mahiyyətini də çox gözəl anladır. Biz Nurəngiz xanımın şeirlərinin hansı genetik kodlara əsaslandığını, hansı kədərdən su içdiyini, hansı sevincdən barındığını öyrənirik.
Kitab böyük sevgiylə, səmimiyyətlə, yüksək peşəkarlıqla yazılıb. Elçin İsgəndərzadə Nurəngiz Günün bioqrafiyasını yarıelmi, yarıbədii dildə nəql edir. Sanki Göydən Yerə enmiş bir Mələk haqqında heyranlıqla söhbət edir. Bu söhbətdə Günəş də iştirak edir…

Kənan Hacı
banner

Oxşar Xəbərlər