• şənbə, 20 Aprel, 13:39
  • Baku Bakı 23°C

Görkəmli pedaqoq, maarif fədaisi

18.05.19 11:30 2924
Görkəmli pedaqoq, maarif  fədaisi
Azərbaycanın milli təhsil tarixində iz qoymuş tanınmış pedaqoqlardan biri də Müseyib Molla İbrahim oğlu İlyasovdur. Azərbaycanın Xalq yazıçısı Süleyman Rəhimov Müseyib İlyasovun fədakarcasına göstərdiyi pedaqoji fəaliyyətinə yüksək qiymət verərək qeyd etmişdi: "Məşhur Qori Seminariyasını bitirən, Şuşada açılan darülmüəlliminin ilk təşkilatçısı və müdirlərindən olan, sonralar Kürdüstan qəza maarif şöbəsinin vəzifəsində çalışan Müseyib İlyasov bir fədai-mücahid kimi hərəkət edir, dağ obalarının hamısında maarifin, mədəniyyətin yayılmasına çalışır, sözün əsl mənasında cəhalətə qarşı çarpışırdı”.
Azərbaycan Respublikasının Dövlət Tarix Arxivinin "Bakı şəhəri III Aleksandr adına I kişilər gimnaziyası” (f.391) və "Xalq məktəblərinin Bakı-Dağıstan Direksiyası” (f.309) fondlarında Azərbaycanda təhsilin inkişafında və onun geniş yayılmasında xidmətləri olmuş tanınmış pedaqoq, maarif fədaisi Müseyib Molla İbrahim oğlu İlyasovun şəxsi işləri qorunub saxlanılır. Azərbaycanda xalq təhsilinin inkişafında və onun yayılmasında böyük rolu və xidməti olmuş bu şəxs haqqında təəssüflər olsun ki, əvvəlki dövrlərdə nəşr olunmuş kütləvi nəşrlərdə, ensiklopediyalarda, o cümlədən Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyasında hər hansı bir məlumat yoxdur. Pedaqoq Müseyib İlyasovun Dövlət Tarix Arxivlərində saxlanılan şəxsi işlərindəki məlumatlara və digər mənbələrə əsaslanaraq hazırladığım bu məqaləni hörmətli oxucularımızın diqqətinə çatdırıram.
Müseyib Molla İbrahim oğlu İlyasov 1893-cü ildə anadan olmuşdur. Müseyib İlyasov 1906-1907-ci illərdə Şuşada Həşim bəy Vəzirovun müdir olduğu ikisinifli rus-tatar məktəbində oxumuş və həmin məktəbdə təhsilini başa vurduqdan sonra Qori Müəllimlər Seminariyasına daxil olmuşdur. Müseyib İlyasov seminariyanı 1912-ci ildə bitirmişdir.
Azərbaycan Respublikasının Dövlət Tarix Arxivinin "Xalq məktəblərinin Bakı-Dağıstan Direksiyası” adlı fondunda digər sənədlərlə yanaşı Zaqafqaziya Müəllimlər Seminariyasının direktoru F. А. Smirnovun 1912-ci il iyulun 30-da "Xalq məktəbləri Bakı-Dağıstan Direksiyası”nın direktoru A.S. Txorjevskiyə ünvanladığı məktub qorunub saxlanılır. Həmin məktubda F. А. Smirnov bildirirdi ki, seminariyanın kurslarını cari ildə bitirmiş və xalq məktəblərinin Bakı-Dağıstan Direksiyasında xidmət etmək istəyən M.İlyasovun aşağıda qeyd olunan sənədlərini - seminariyanın kurslarını bitirdiyi haqqında 613/542 saylı şəhadətnaməni; 703 saylı doğum haqqında şəhadətnaməni Direksiyanın ünvanına göndərir və xahiş edir ki, M.İlyasov hər hansı xalq müəllimi vəzifəsinə təyin edilsin.
Bakı şəhər Duması nəzdindəki məktəb komissiyasının sədrinin Bakı quberniyası və Dağıstan vilayətinin xalq məktəbləri direktoruna göndərdiyi 4 yanvar 1913-cü il tarixli məktubda bildirilirdi ki, komissiyanın 19 dekabr 1912-ci il tarixli iclasında Müseyib İlyasovun ikinci şəhər rus-tatar məktəbinə müvəqqəti olaraq boş qalan müəllim vəzifəsinə seçilməsi haqqında qərar qəbul edilmişdir. Həmin məktubda məktəb komissiyasının Müseyib İlyasov haqqında həmçinin aşağıdakı məlumatlara da malik olduğu qeyd edilirdi: " ... milliyyətcə tatar (azərbaycanlı) , şiə məzhəbli müsəlmandır, 20 yaşı var, subaydır. 1912-ci ildə Qori şəhərində Müəllimlər Seminariyasının tam kursunu bitirmiş, həmin ilin noyabrında isə Azərbaycan dili üzrə biliyi yoxlanılaraq qənaətbəxş hesab edilmişdir, ikinci şəhər rus-tatar məktəbində yaşayır”.
Müseyib İlyasov Bakı şəhər ikinci rus-tatar məktəbində ayda 900 manat məvaciblə 13 sentyabr 1912-ci ildən - 13 sentyabr 1915-ci ilədək işləmişdir. Bakı şəhər ikinci rus-tatar məktəbinin müəllimi Müseyib İlyasov 1915-ci il sentyabrın 12-də Bakı-Dağıstan Direksiyasının 2-ci rayonunun müfəttişi S.M.Qəniyevə ərizə ilə müraciət edərək ailə vəziyyəti ilə əlaqədar olaraq, xidməti tərk etməli olduğunu bildirmiş, onun istefasını qəbul etməyi və müəllimlərin təqaüd kassasından ona çatası məbləğin verilməsi haqqında sərəncamın verilməsini xahiş etmişdir. Bakı şəhər və Bakı qradonaçalnikliyinin xalq məktəbləri müfəttişliyinin verildiyi vəsiqədə Müseyib İlyasovun xidmət etdiyi dövrdə öz müəllimlik vəzifəsinə cidd-cəhdlə və vicdanla yanaşdığı və türk ədəbiyyatı ilə kifayət qədər tanış olduğu qeyd edilirdi.
Müəllimlik vəzifəsinə böyük istək və vicdanla yanaşmış pedaqoq Müseyib İlyasovun xidməti tərk etməsinə əsl səbəb nə olmuşdur? Müseyib İlyasov Bakı-Dağıstan Direksiyasının 2-ci rayonunun müfəttişi S.M.Qəniyevin (S.M.Qənizadənin-R.S) adına yazdığı ərizəsində bunu ailə vəziyyəti ilə izah edirdi. Lakin arxiv sənədləri araşdırılarkən bu məsələyə bir qədər aydınlıq gətirən digər bir sənəd də aşkar edilmişdir. Bakı quberniyası və Dağıstan vilayətinin xalq məktəbləri müfəttişliyinin 2-ci rayonunun müfəttişi S.M.Qəniyevin Xalq məktəblərinin Bakı-Dağıstan Direksiyasının direktoruna 1915-ci il avqustun 27-də ünvanladığı məktubda 2-ci Bakı rus-tatar məktəbinin nəzarətçisi (rəhbəri) Mustafa Mahmudovun iş yoldaşı Müseyib İlyasovu sözləri və hərəkətləri ilə təhqir etdiyi haqqında məlumat verilmişdir. Məlumatda bu qalmaqalın yuxarıda adı çəkilən məktəbin müəllimlər otağında bir neçə şəhər məktəbinin müəllimləri yanında baş verdiyi qeyd edilirdi. Bildirilirdi ki, məsələ ilə bağlı elə həmin gün cənab M. İlyasovdan cənab Mahmudov haqqında şikayət daxil olmuş, növbəti gün isə İlyasovdan onu incidən adamla barışdığı və onun bütün günahlarından keçdiyini bildirən ərizə daxil olmuşdur. S.M.Qəniyevin Bakı-Dağıstan Direksiyasının direktoruna ünvanladığı məktubda qeyd edilirdi: " İlyasovun ərizəsi ilə yanaşı, mənim hadisə ilə bağlı dünən Mahmudovdan aldığım yazılı izahatdan və topladığım digər məlumatlardan aydın olur ki, Mahmudov öz kiçik iş yoldaşını insafsızcasına ona görə təhqir etmişdi ki, həmin gün tədris olunan dərsin leksik təhlili zamanı M. İlyasov özünə rəva görərək bildirmişdi ki, Mahmudov onu qərəzli şəkildə, dərsi isə şəxsi-qərəzçilik əsasında tənqid edir. Məsələnin mahiyyətini - məktəb rəhbərinin öz iş yoldaşına qarşı kobud münasibətini araşdırarkən hadisənin mənə həvalə edilmiş rayon müfəttişliyində ardıcıllıq əsasında təkrarlanmasının qarşısını almaq məqsədilə hesab edirəm ki, cənab Mahmudov tutduğu vəzifəsindən azad edilməli və bununla da onun əməlinə qarşı ən ciddi şəkildə reaksiya verilməlidir. Сənab İlyasova gəlincə isə öz rəhbəri ilə nəzakətsiz davrandığına görə, başqa məktəbə köçürülməlidir. Cənab İlyasovun ərizəsinin və Mahmudovun izahatının əslini sizə göndərərək xahiş edirəm ki, qeyd olunan tədbirin həyata keçirilməsinə icazə verəsiniz”.
Yeri gəlmişkən qeyd edirəm ki, Dövlət Tarix Arxivində mühafizə edilən həmin saxlama vahidində İlyasovun ərizəsinin və Mahmudovun izahatının əsli aşkar edilməmişdir.
Bakı-Dağıstan Direksiyası direktorunun xalq məktəblərinin 2-ci rayon müfəttişi S.M.Qəniyevə göndərdiyi 9 sentyabr 1915-ci il tarixli məktubunda qeyd edilirdi: "Mahmudovun baş vermiş münaqişəyə görə peşman olduğunu və qarşılıqlı üzr istədiklərini nəzərə alaraq, hesab edirəm ki, Mahmudov və İlyasovun işində əgər hadisə bir daha təkrar olunarsa, ən ciddi tədbirlərin görüləcəyi barədə Mahmudova xəbərdarlıq etməklə, nəzakətsiz hərəkətinə görə Mahmudova töhmətin verilməsi ilə kifayətlənmək mümkündür”.
Beləliklə, Bakı quberniyası və Dağıstan vilayəti xalq məktəblərinin direktorunun sərəncamı ilə Müseyib İlyasov 1915-ci il sentyabrın 13-dən etibarən tutduğu vəzifəsindən azad edilmişdir. Bəzi mənbələrdə olan məlumatlara görə, M.İlyasov Bakı şəhər ikinci rus-tatar məktəbini tərk etdikdən sonra Bakıda və Qubada müxtəlif məktəblərdə və gimnaziyalarda müəllim vəzifəsində fəaliyyətini davam etdirmişdir.
Azərbaycan Respublikasının Dövlət Tarix Arxivində saxlanılan "Bakı şəhəri III Aleksandr adına I kişi gimnaziyası” fondunda xalq məktəb müəllimi Müseyib İlyasovun Bakı I kişi gimnaziyasının milli əlifba sinfinə müəllim təyin edilməsi haqqında Azərbaycan Xalq Cümhuriyyətinin xalq maarif naziri R.b.Kaplanovun 1919-cu ilin avqustun 12-də imzaladığı əmr qorunub saxlanılır. M. İlyasov Bakı I kişi gimnaziyasında xeyli müddət işlədikdən sonra qısa müddətli məzuniyyətə çıxmışdır. 1920-ci il fevralın 3-də Bakı I kişi gimnaziyasının direktorunun verdiyi vəsiqədə qeyd edilirdi ki, M.İlyasov ailə işləri ilə əlaqədar 1920-ci il fevralın 6-dan 9-dək qısa müddətli məzuniyyətə buraxılır.
Müseyib İlyasov 1920-ci ildə Şuşa şəhərində kişi müəllimlər seminariyasının təşkilində yaxından iştirak etmişdir. O, həmin seminariyanın ilk yaradıcı və təşkilatçılarından biri olmuşdur. 1920-ci il noyabrın 29-da Xalq Maarif Komissarlığı Yevlax İnqilab komitəsinə 13373 saylı məktubla müraciət edərək xahiş edirdi ki, Şuşa Müəllimlər Seminariyası üçün ayrılmış kitabların, dərs vəsaitlərinin, manufaktura və mebellərin çatdırılması üçün yoldaş İlyasova yaxından köməklik göstərilsin və o, növbədənkənar olaraq lazımi sayda hərəkətə gətirilən vəsaitlərlə təmin edilsin”.

Görkəmli maarifpərvər kimi tanınmış Müseyib İlyasov 1925-ci ilə qədər Şuşa kişi müəllimlər seminariyasının müdiri vəzifəsində çalışmış və onun müəllim kadrların hazırlanmasında böyük xidmətləri olmuşdur.
Şuşa Müəllimlər Seminariyasının müdiri M.İlyasov 1921-ci il mayın 31-də 262 saylı məktubla xalq maarif komissarı D.Bünyadzadəyə müraciət edərək qeyd edirdi: "Mayın 22-də 229, 230, 233, 235, 243 və 257 saylı müraciətlərlə Şuşa kişi və qadın seminariyalarının pansionu üçün manufaktura və digər təchizat predmetlərinin verilməsini xahiş etmişdim. Manufaktura və digər predmetlər pansionların payıza qədər tərlik, yataq kətanları, yorğan, döşək, ayaqqabı, şalvar, kofta, papaq, baş örtükləri və s. tələbatların ödənilməsi üçün istənilirdi. Xalq maarif komissarının icazəsinə baxmayaraq, təchizat şöbəsinin müdiri tərəfindən bu günədək hər hansı bir predmet verilməmişdir və hər gün eyni sözlər deyilir: "Bu gün verə bilmərəm, nə vaxt verəcəyim bilinmir, gecikmə ona görədir ki, xahiş olunanların hamısını hazırlayım və sonra verim”. Bəyan edirəm ki, xidməti məsələlərim mənim Bakıda çox qalmağıma imkan vermir, ona görə də xahiş edirəm ki, iyunun 2-dən gec olmayaraq xahiş etdiyim predmetlər mənə verilsin, mən gedəndən sonra onları Şuşaya gətirən olmayacaq. Ürək ağrısı ilə əlavə edirəm ki, xahiş etdiyim predmetlər indi mənə verilməsə, həmin seminariyalar mövcud ola bilməyəcəklər və buna görə də məsuliyyəti öz üzərimdən götürürəm”.
Şuşa kişi müəllimlər seminariyasının müdiri M. İlyasovun Xalq Maarif Komissarlığının Sosial tərbiyə Baş İdarəsinə 1921-ci il sentyabrın 12-də ünvanladığı məruzəsində qeyd edilirdi: "5 sentyabr 1921-ci ildə yoldaş Şahsuvarovun sədrliyi ilə Müəllim Seminariyaları müdirlərinin qurultayının keçirilmiş iclasında mənim Şuşa Qadın Müəllimlər Seminariyası haqqında ətraflı məruzəm dinlənildikdən sonra qurultay aşağıdakı qərarı qəbul etdi: Şuşada Qadın Müəllimlər Seminariyası yoxdur. Orada yalnız 1-ci dərəcəli məktəbin 4-cü qrupu mövcuddur. Əgər mümkündürsə, Şuşada Qadın Müəllimlər Seminariyası açılsın. Əlavə edirəm ki, qeyd olunan seminariyanın açılması Bakı şəhərindən oraya iki müəllimənin təyin edilməsindən asılıdır. Əgər Şuşaya iki müəllimənin təyin edilməsinə imkanınız olsa, orada gələcək qadın müəllimlər seminariyasının yalnız kiçik hazırlıq sinfi fəaliyyət göstərəcək, əgər bu təyinat mümkün olmasa, qurultayın qərarına əməl olunmalıdır. Həmin qrupun qızlarını Şuşa şəhərindəki 1-ci dərəcəli məktəblərə bölüşdürmək lazımdır. Sosial tərbiyə Baş İdarəsindən xahiş edirəm ki, qeyd olunan məktəbin fəaliyyət göstərə bilməsi üçün Şuşaya bir müdir və müəllim təyin etsin, əgər mümkün deyilsə, göstərilən seminariyanın mülkiyyəti və Şuşa xəzinədarlığında olan vəsaiti Şuşa Kişi Müəllimlər Seminariyasının sərəncamına verilsin”.

Görkəmli pedaqoq və kütləvi mədəni iş rəhbərlərinin, o cümlədən M.Qiyasbəyov, S.M.Qəniyev, F.Rzabəyov, Hüseyn Cavid, R.Əfəndiyev, Q.Bağırov, M.İlyasov, N.Qiyasbəyov, A.Qasımov, S.Acalovun iştirakı ilə keçirilmiş müəllim seminariyaları müdirlərinin qurultayının 1921-ci il 12 sentyabr tarixli iclasında müəllim seminariyalarının gündəlik zəruri tələbat malları ilə təmin olunması məsələsinə baxılmışdır. Məsələ hərtərəfli müzakirə edildikdən sonra qərara alınmışdır ki, yerli ərzaq şöbələri seminariya pansionlarının mövcud olması üçün onları gündəlik və yaxud aylıq zəruri tələbat malları ilə təmin etmək iqtidarında deyildir. "Yerli ərzaq şöbələrinin verməyə hər hansı bir ərzağı olmadığı üçün hərdənbir , xüsusilə də çörək verirlər ki, həmin çörəklər də uşaqların qidalandırılması üçün yararsız halda olur. Bunlara ümid edərək pansion açmaq mümkün deyildir. Bütün müəllim seminariyalarının təcrübəsi göstərir ki, ərzaq şöbələri həmişə də olmasa, bir az çörək, düyü, qənd, çaydan başqa heç nə verə bilmirlər. Verilənlərə əlavə olaraq digər gündəlik və ya aylıq ərzaq malları seminariya tələbələri tərəfindən alınırdı, tələb olunan ərzaqlar bazarlarda da olmadığı üçün uşaqlar günlərlə ac qalmalı olurlar. Gəncə, Qazax, Nuxa və Şuşanın yerli şəraiti elədir ki, buradakı bazarlarda ilkin zəruri tələbat mallarını, xüsusilə çörək, odun, ağ neft, ət, yağ və tərəvəzi həmişə tapmaq mümkün olmur. Yuxarıda qeyd olunanları nəzərə alaq, qurultay yekdilliklə qərara alır: bu tədris ilinin əvvəllərində hər bir seminariya zəruri tələbat mallarının: odun, ağ neft, sabun, buğda, yağ, çay, qənd, tərəvəz, müxtəlif yarmaların tədarükünü etsin və bu məqsədlə hər bir seminariyanın müdirinə birdəfəlik nağd pulla 3 milyon manat verilsin. Ehtiyatların tədarükü seminariyanın təsərrüfat qulluqçusu və rayon icraiyyə komitəsinin nümayəndəsi ilə birgə aparılacaqdır”.
1921-ci il oktyabrın 9-da Vəlibəyov, İşkov, Məmmədov, Maqomayev, Şahsuvarov və Timoşevskinin iştirakı ilə Xalq Maarif Komissarlığının kollegiyasının keçirilmiş iclasında Azərbaycanın müəllim seminariyaları haqqında məsələlərə baxılmışdır. Müəllim seminariyaları haqqında əsasnamə, müəllim seminariyalarının tədris proqramı və dərslərin planı, müəllim seminariyaları qulluqçularının ştatı, seminariyanın oğlan və qız tələbələrinin geyim və digər əşyalarla təmin edilməsinin normaları təsdiq edilmişdir. Şuşa və Nuxa qadın seminariyaları haqqında məsələ ilə bağlı Şahsuvarovun məruzəsindən aydın olmuşdur ki, hər iki seminariya öz təyinatına qətiyyən cavab vermir. Şuşa qadın gimnaziyasının tərkibi şəhər məktəblilərindən ibarət III qrupun 1-ci dərəcəli məktəblərinin sadəcə olaraq adlarının dəyişdirilməsi ilə yaradılmışdır. Nuxa qadın seminariyası isə inkişaf səviyyəsi və Müəllim Seminariyası kursunun mənimsənilməsi üzrə şagirdlərin hazırlıq dərəcəsinə görə daha da aşağı səviyyədədir, çünki, seminariya savad öyrənməyə yenicə başlamış kənd uşaqları ilə komplektləşdirmişdir. Yoldaş Şahsuvarovun və qurultay iştirakçılarının əksəriyyətinin rəyi ilə hər iki qadın seminariyası ləğv edilməli, həmin seminariyaların bütün əmlakı Şuşa və Nuxa kişi müəllimlər seminariyalarına verilməlidir. Qurultayda həmçinin qeyd olundu ki, seminariyaların təşkili üçün iki əsas amil olmalıdır - I dərəcəli məktəb səviyyəsində şagirdlərin bilik səviyyəsi və tam hazırlıqlı qulluqçu heyəti. Pedaqoji məktəblərin xüsusiyyətləri, təlim-tərbiyə heyətində sıravi deyil, kifayət qədər ixtisaslı pedaqoqların olmasını tələb edir. Məsələ ilə bağlı həmin seminariyaların müdirləri özlərinin xüsusi fikirlərini bildirərək qeyd etdilər ki, onların fikrincə Nuxada və Şuşada bütün göstəricilər vardır ki, bu seminariyalar mövcud olsunlar. Şuşa Seminariyasının inkişafı Bakının seminariyanı kifayət qədər pedaqoji kadrlarla təmin etməsindən asılıdır. Nuxa seminariyasının müdiri isə seminariyanın saxlanmasını onunla əsaslandırırdı ki, seminariyanın bağlanılması xalq tərəfindən məzəmmət ediləcək və hüququ əsaslarla qurultayın qərarı fəaliyyət göstərən seminariyalara deyil, yeni yarananlara aid edilə bilər.
Müseyib İlyasov ixtisaslı pedaqoq olaraq 1925-ci ilə qədər Şuşa kişi müəllimlər seminariyasına rəhbərlik etmiş və onun rəhbərliyi altında bir sıra tanınmış şəxslər, o cümlədən Azərbaycan Xalq yazıçıları Süleyman Rəhimov və Əli Vəliyev pedaqoji təhsil almışdılar. Süleyman Rəhimov VI 1921-ci ilin aprelindən 1921-ci ilin noyabrınadək Şuşa pedaqoji kursunda təhsil almış, kursu bitirdikdən sonra 1921-ci ilin dekabrından 1922-ci ilin avqustunadək Qubadlı rayonunun Qubadlı kəndində, 1923-cü ilin sentyabrından 1924-cü ilin avqust ayınadək Laçın rayonunun Hoçaz kəndində müəllim işləyərək təhsili yaymış, 1931-1932-ci illərdə Şuşa Pedaqoji Texnikumun direktoru olmuşdur.
Maarifçi-pedaqoq Müseyib İlyasov 1925-ci ildən 1931-ci ilədək Laçın-Qubadlı-Zəngilan və Kəlbəcər dairələrini əhatə edən Kürdüstan Xalq Maarif Şöbəsinin müdiri olmuş və maarifpərvər bir xadim kimi ucqar kəndlərdə təhsilin və mədəniyyətin yayılmasına çalışmış sözün əsl mənasında gerilik və cəhalətə qarşı mübarizə aparmışdır. Müseyib İlyasov Kürdüstan qəzasının bir çox yerlərində-Laçın şəhərində, Kürdhacı, Minkənd, Qorçu, Hoçaz, Şamkənd və digər dağ kəndlərində məktəb binaları tikdirmiş və onların istifadəyə verilməsinə şəxsən rəhbərlik etmişdir. Müseyib İlyasov 1931-ci ildən sonra Bakıya gəlmiş və 1939-cu ilə qədər Azərbaycan Xalq Maarif Komissarlığında bir sıra məsul vəzifələrdə çalışmışdır. Pedaqoq Müseyib İlyasovun fəaliyyətinin son dövrü Bakıdakı 17 saylı məktəblə bağlı olmuşdur. O, həmin məktəbdə bir il müddətində -1940-cı ilin sentyabrından 1941-ci ilin sentyabrına qədər müəllim işləmişdir.
Müseyib İlyasov 1926-cı ilin fevralın 26-dan martın 6-na qədər olan müddətdə Bakı şəhərində hazırda Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin yerləşdiyi binanın üçüncü mərtəbəsində yerləşən böyük akt zalında keçirilmiş I Türkoloji Qurultayın iştirakçısı olmuşdur. Qeyd edək ki, I Türkoloji Qurultay bir ictimai hadisə kimi türk xalqlarının elmi-mədəni birliyinin möhkəmləndirilməsinə və ortaq milli-mənəvi dəyərlərinin inkişafına təsir göstərmişdir. Həmin qurultayda XX əsrin əvvəllərinin türkoloji elmi-mədəni mühitinin ən aktual məsələlərinə, o cümlədən dilçilik, latın əlifbası, orfoqrafiya, tarix, ədəbiyyat, folklor, incəsənət, etnoqrafiya, terminologiya və digər sahələrə dair müzakirələr aparılmış, müvafiq qərarlar qəbul edilmişdir. Birinci Türkoloji Qurultayda dinlənilən məruzələr və qəbul edilmiş qərarlar türk dünyasının çoxəsrlik tarixinin elmi cəhətdən tədqiq edilib öyrənilməsinin möhtəşəm proqramı kimi tarixə daxil olmuşdur. Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayda dünyanın müxtəlif ölkələrindən, o cümlədən Türkiyə, İran, Rusiya, Macarıstan, Almaniya, Tatarıstan, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Qırğızıstan, Gürcüstan, Ermənistan, keçmiş sovetlər birliyində yaşayan digər türkdilli xalqların nümayəndələri iştirak etmişlər. Birinci Türkoloji Qurultayda rəsmi olaraq Azərbaycan hökuməti tərəfindən dəvət olunmuş aşağıdakı ziyalılar Azərbaycanı təmsil etmişlər: Səmədağa Ağamalıoğlu, Fərhad Ağazadə, Ruhulla Axundov, Hənəfi Zeynallı, Həbib Cəbiyev, Mustafa Quliyev, Nikolay Aşmarin, Əziz Qubaydullin, Xalid Səid Xocayev, Bəkir Çobanzadə, Cabbar Məmmədzadə, Artur Rudolfoviç, Zifeldt-Simumyaqi, Pənah Qasımov, Müseyib İlyasov, Cəlil Məmmədzadə, Ayna Sultanova, Fərid Xurşid, Həmid Sultanov, Mirzə Davud Hüseynov, Hüseyn Musayev, Əhməd Pepinov, İbrahim Rza Şəbüstəri, Həsən Musayev.
Birinci Türkoloji Qurultayda adları rəsmi siyahıya daxil edilməyən, müəyyən təkliflər əsasında dəvət olunan tanınmış ziyalılar, elm adamları və yazıçılar da iştirak etmişlər. Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Abdulla Şaiq, Vəli Xuluflu, Salman Mümtaz, İsmayıl Hikmət, Əli Nazim, Əmin Abid, Cəfər Cabbarlı, Əziz Şərif və başqaları da Birinci Türkoloji Qurultayda təmsil olunmuşlar. Lakin təəssüflər olsun ki, sonrakı dövrlərdə Birinci Türkoloji Qurultayının demək olar ki, bütün iştirakçıları, o cümlədən Müseyib İlyasov repressiya qurbanı olmuşlar.
Stalinizmin qanlı repressiya dalğası digər ziyalılar kimi fədakar pedaqoq Müseyib İlyasovu da haqsızlıq məngənəsinə saldı. O, 1941-ci ilin sentyabr ayında cinayətkarcasına təşkil edilmiş saxta ittihamlar əsasında həbs edilərək günahı sübut edilmədən 8 il həbs cəzası ilə azadlıqdan məhrum edilmişdir. Görkəmli maarif fədaisi Müseyib İlyasov 1944-cü ildə Karaqanda şəhərində həbsdə vəfat etmişdir.
1956-cı ildə Müseyib İlyasovun işində heç bir cinayət tərkibi aşkar edilmədiyinə görə, ona bəraət verilmişdir. Görkəmli pedaqoq, maarif fədaisi Müseyib İlyasovun xatirəsi xalqımız tərəfindən heç vaxt unudulmamış və bu gün də böyük hörmət və ehtiramla yad edilir.

Rafiq Səfərov,
Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Sənədlərin nəşri və istifadəsi şöbəsinin baş məsləhətçisi












banner

Oxşar Xəbərlər