• cümə axşamı, 28 mart, 18:44
  • Baku Bakı 13°C

Görkəmli kinooperator Rasim İsmayılovun anadan olmasından 85 il ötür

13.07.21 16:30 294
Görkəmli kinooperator Rasim İsmayılovun anadan olmasından 85 il ötür
Bu gün görkəmli kinooperator, rejissor və ssenarist Rasim İsmayılovun anadan olmasından 85 il ötür. O, 1936-cı il iyul ayının 13-də Bakıda anadan olub. Kinoya olan sevgisi 1958-ci ildə onu Bakı kinostudiyasına gətirib, orada operator assistenti kimi işləməyə başlayıb. 1958-1962-ci illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun operatorluq fakültəsini, məşhur operator Boris Volçekin sinfini bitirib. Rasim İsmayılovun Moskvada təhsil aldığı illərdə çəkdiyi kurs işləri artıq onun peşəkarlığından xəbər verirdi.
AZƏRTACxəbər verir ki, 1962-ci ildən Azərbaycan Televiziyasında çalışan gənc operatorun ssenariləri əsasında "Azərbaycan raport verir”, "Daha iki nəfər” qısametrajlı bədii televiziya filmləri istehsal olunub. Rejissor kimi "Mavi ekranın yolları”, "Şəhərin ritmləri” və başqa sənədli filmlər çəkib.
Azərbaycan televiziyasında animasiya filmlərinin yaradıcılarından biri kimi də tanınıb. 1965-ci ildə "Danışan işıqlar”, 1969-cu ildə "Qırmızılar, qaralar və başqaları” cizgi filmlərinə quruluş verib. Onun ssenarisi əsasında çəkilən bu film-alleqoriya Kiyevdə "Prometey - 69” festivalında "Ən yaxşı rejissor işinə görə” diploma layiq görülüb.
Bədii kinoda operator kimi debüt işi "Cazibə qüvvəsi” kinoalmanaxında "Dağ meşəsindən keçərkən” novellasıdır. Sonralar böyük kinoya vəsiqə alıb, görkəmli rejissor Hüseyn Seyidzadənin quruluş verdiyi tarixi-inqilabi janrda çəkilən "Yenilməz batalyon” (1965) filminin quruluşçu operatoru olub. Bu onun böyük kinoda ilk işi idi.
Azərbaycan kinosunun qızıl fonduna daxil olan bir çox filmlərə operator kimi quruluş verib. "Sevil”, "Yeddi oğul istərəm”, "Axırıncı aşırım”, "Gün keçdi”, "Nəsimi”, "Dədə Qorqud”, "Sevinc buxtası”, "Babək” və başqa filmlərin uğurlu ekran həllini tapmasında onun xidmətləri əvəzsizdir.
Sənətkar 68 illik ömrünün 46 ilini milli kinomuzun inkişafına həsr edib, bu illər ərzində operator kimi 20 bədii, 10 sənədli film, rejissor və ssenari müəllifi kimi dörd "Mozalan”, iki animasiya filmi çəkib. Quruluş verdiyi son ekran əsəri 1990-cı ildə lentə alınan "Tələ” filmidir. O, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyət göstərib.
Görkəmli kinooperator, kinorejissor, ssenari müəllifi Rasim İsmayılov 1976-cı ildə Azərbaycan SSR-nin "Əməkdar incəsənət xadimi” fəxri adına, 1978-ci ildə Dövlət mükafatına layiq görülüb.
Rasim İsmayılov 2004-cü il mart ayının 3-də vəfat edib. Onun "Uçan çinarlar” kitabı ölümündən sonra işıq üzü görüb.
banner

Oxşar Xəbərlər