• cümə, 19 Aprel, 20:45
  • Baku Bakı 24°C

Görkəmli alim, nurlu insan

20.02.19 11:00 1256
Görkəmli alim, nurlu insan
Ali məktəblərin filoloji fakültələrində akademik Həmid Araslının yazdığı "Azərbaycan ədəbiyyatı tarixi” dərsliyi stolüstü kitab sayılır. Dərsliyi tədris edən müəllimlər isə onun haqqında "Həmid Araslı təkcə görkəmli alim, ədəbiyyatşünas deyildi, həm də gözəl şəxsiyyət idi” - deyə danışırlar: "O əsl millətsevər və cəsur kişi, qeyrətli və ləyaqətli vətəndaş, örnək alim, mülayim rəftarlı, həlim təbiətli, mədəni, həmişə asta danışan, bir az ehtiyatlı kimi təsir bağışlayan nurlu insan idi”.

Ölkə başçısının Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Həmid Araslının fevral ayında 110 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncamı da ədəbiyyatşünas alimin milli ədəbiyyatşünaslığımızda təsadüfi yer tutmadığını bir daha təsdiqləyir. Sənəddə qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı sahəsində xüsusi mövqeyə malik nüfuzlu mütəxəssis və dərin erudisiyalı alim kimi geniş şöhrət qazanan akademik Həmid Araslının çoxsaylı araşdırmaları ilə respublikada ədəbiyyatşünaslığın inkişafına dəyərli töhfələr verdiyi qeyd olunub. Azərbaycan ədəbiyyatı tarixinin sistemləşdirilməsi və dolğun mənzərəsinin yaradılması onun mühüm elmi nailiyyətlərindəndir. "Həmid Araslı folklorumuzun tədqiqini həmişə diqqət mərkəzində saxlayıb, "Kitabi-Dədə Qorqud” abidəsinin müxtəlif nəşrlərinin gerçəkləşdirilməsinə, dahi Nizami, Nəsimi və Füzuliirsinin öyrənilməsinə böyük əmək sərf edib, anadilli ədəbiyyatın tanınmış nümayəndələrinin əsərlərinin şərqşünaslığın nailiyyətləri əsasında əhatəli şərhlərlə mükəmməl elmi-tənqidi mətnini hazırlayıb. Məhsuldar elmi yaradıcılığını pedaqoji fəaliyyətlə uzun illər boyu uğurlu şəkildə əlaqələndirən alim, eyni zamanda, ölkənin mədəni-ictimai həyatında yaxından iştirak edib”.
Çətin keçən həyat yolu
Həmid Araslıqədim Gəncə torpağında dünyaya göz açıb. Atası Hacı Məhəmmədtağı Ərəszadə zəmanəsinin mükəmməl təhsilli alim-ruhanilərindən olub. Atası qəzetlərdə çıxışlar edər, şəriət məsələləri ilə bağlı mülahizələr söylərdi. Ərəb dilindən etdiyi bəzi tərcümələri və yazdığı "Vəşrihi-fəraiz” adlı kitab alimin kitabxanasında saxlanılır. H.Araslı iki yaşına çatmamış atası vəfat edib. Anası Dürrübəyim xanım savadlı qadın olduğundan, oğlunda xalq yaradıcılığına dərin maraq aşılaya bilib.

GəncəninŞah Abbas məscidinəzdindəki mədrəsədə təhsil almağa başlayan Həmid Araslı çox keçmir ki, anasını da itirir və qohumlarının himayəsində yaşamalı olur.1922-ci ildə Gəncə Darülmüəllimi Seminariyasında təhsilini davam etdirir.Seminariyanı bitirdikdən sonra Nəbiağalı kənd məktəbində əvvəlcə müəllim, sonra isə direktor vəzifəsində işləyir. O, bu illərdə folklor nümunələrini toplamaqla məşğul olur, tələbələrini də bu işə cəlb edir.H.Araslı 1929-cu ildə Bakıya gələrək Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsinə daxil olur. İnstitutu vaxtından əvvəl bitiribGəncəyə qayıdaraq maarif şöbəsində müdir müavini vəzifəsinə təyin olunur. 1932-ci ildə Bakıya gəlib aspiranturada təhsil almaqla yanaşı, keçmiş SSRİ EA-nın Azərbaycan filialının nəzdində təşkil olunmuş kitabxananın şərq şöbəsində müdir işləyir. Həmin illərdə Şərq əlyazmalarını toplayaraq Əlyazmalar Fondunu yaratmaq kimi mühüm bir işə başlayır və tezliklə yaratdığı fondun direktoru olur. 1935-ci ildən elmi yaradıcılığa başlayır. Bir il sonra Azərbaycan Yazıçılar İttifaqına üzv qəbul edilir. 1938-ci ildə fondda saxlanılan əlyazmalar içərisində sovet ideologiyasına uyğun olmayan nümunələr aşkar edib, onu işdən azad edirlər. 1938-1939-cu illərdə "Azərnəşr”in Bədii ədəbiyyat şöbəsində redaktor vəzifəsinə qəbul olunur.

1938-cu ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində orta əsrlər Azərbaycan ədəbiyyatı tarixindən dərs deməyə başlayan H.Araslı Nizami adına Azərbaycan Ədəbiyyatı və Dili İnstitutunda orta əsrlər ədəbiyyatı, 1957-ci ildə isə mətnşünaslıq şöbələrinə rəhbərlik edir. 1943-cü ildə "XIII-XVI əsrlərdə Azərbaycan ədəbiyyatı” mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi elmi adını alır. 1944-cü ildə Azərbaycan Dövlət Universitetində Yaxın Şərq ədəbiyyatı kafedrasının müdiri vəzifəsinə təyin olunur. 1954-cü ildə "XVII-XVIII əsrlər Azərbaycan ədəbiyyatı tarixi” mövzusunda doktorluq dissertasiyası müdafiə edir. Bir il sonra ona professor adı verilir.

H.Araslı 1958-ci ildə Azərbaycan EA-nın müxbir üzvü, 1968-ci ildə həqiqi üzvü seçilir. 1968-ci ildə Özbəkistanın, 1979-cu ildə Azərbaycanın Əməkdar elm xadimi adına layiq görülüb.
Klassiklərin araşdırıcısı
H.Araslı XX əsr Azərbaycanının elmi və ədəbi-ictimai həyatında aparıcı mövqeyə malik şəxsiyyətlərdən biri idi. Şərq xalqlarının ədəbi-bədii fikir tarixinə, qədim türk, fars, ərəb dillərinə yaxşı bələd olan alim tədqiqatlarında olduğu kimi, dərsliklərində də klassik Azərbaycan şerinin incəliklərinin elmi-nəzəri şərhinə xüsusi diqqət yetirib, nəsilləri milli türkçülük ruhunda tərbiyələndirmək, soykökünə bağlı məsələləri doğru-düzgün şərh etmək üçün əlindən gələni əsirgəməyib.

H.Araslının yaradıcılığının mühüm bir dövrü repressiyanın baş alıb getdiyi ağır illərə təsadüf edir. Dəfələrlə haqsız tənqidlərə, xüsusilə də "Kitabi-Dədə Qorqud”un nəşri ilə bağlı təzyiq və hücumlara məruz qalır. Ancaq prinsipiallıq göstərərək yad təsirlərə uymur, öz mövqeyini sona qədər qətiyyətlə müdafiə edir. "Kitabi-Dədə Qorqud”la bağlı deyilənlərin müqabilində nə öz "günahını” boynuna alır, nə də abidə ilə bağlı deyilən sözlərlə razılaşdığını dilinə gətirir. "Dədə Qorqud” eposu ilə yanaşı, Xaqani, Xətai, Hadi, Səməd Vurğun yaradıcılıqlarının yanlış mövqedən qiymətləndirildiyi zamanlarda da öz mövqeyini dəyişmir.

H.Araslı Azərbaycan ədəbiyyatı ilə bağlı təkcə keçmiş sovet məkanında deyil, dünya miqyasında aparılan tədqiqatları diqqətlə izləyir, onun qədimliyinə xələl gətirən mülahizələrə həssaslıqla yanaşır, Azərbaycan ədəbiyyatı və onun nümayəndələri haqqında söylənilən haqsız fikirlərə, qərəzli mülahizələrə qarşı çıxır, həqiqəti axıra qədər müdafiə edir. Azərbaycan ədəbiyyatı tarixinin sistemləşdirilərək elmi istiqamətdə öyrənilməsində H.Araslının müstəsna xidməti olub. 1943-1944-cü illərdə nəşr olunmuş iki cildliyin – "Müxtəsər Azərbaycan ədəbiyyatı" tarixinin ilk cildində Azərbaycan ədəbiyyatının ən qədim dövrlərindən başlayaraq XVII əsrə qədərki inkişaf mərhələlərinin ədəbi-mədəni mənzərəsini verib, o əsrlərdə yaşayan sənətkarların dolğun portretlərini yaratmağa müvəffəq olub.

Alimin Azərbaycan ədəbiyyatı tarixi ilə bağlı mühüm xidmətlərindən biri də1960-cı ildə nəşr olunan üç cildlik "Azərbaycan ədəbiyyatı tarixi" kitabıdir.

Türkdilli Azərbaycan ədəbiyyatının təşəkkülündə mühüm rol oynamış Qazi Bürhanəddin, Nəsimi, Kişvəri, Xətai, Füzuli kimi sənətkarların da Azərbaycan ədəbiyyatı tarixindəki yerini müəyyənləşdirərək onların bədii-ictimai fikir tarixinə təsirini aydınlaşdırır. Azərbaycan şairlərindən İ.Həsənoğlu, Q.Bürhanəddin, İ.Nəsimi, Ş.İ.Xətai, Kişvəri, Həbibi, Füzuli, Qövsi, Saib, Məsihi, Fədai, Vidadi, Vaqif və başqaları haqqında ilkin mötəbər tədqiqat, dəyərli elmi-nəzəri ümumiləşdirmələr də H.Araslıya məxsusdur.

H.Araslının klassik irsin öyrənilməsi ilə bağlı fəaliyyətinin mühüm bir hissəsi Nizami və Füzuli yaradıcılığının tədqiqi istiqamətində olub. SSRİ və dünya ədəbiyyatşünaslığında yanlış konsepsiyaların geniş yayıldığı bir zamanda Nizami sənətinin milli ruhuna xüsusi həssaslıqla yanaşıb, "Şairin həyatı", "Nizami Gəncəvi əsərləri" və ayrı-ayrı tədqiqatlarında şairin öz irsinə əsaslanaraq onun türkcə düşünüb farsca yazdığını elmi dəlillərlə sübut edib. Alim Nizami sənətinin XII əsr Azərbaycanında təsadüfi hadisə olmadığını, şairi ictimai-mədəni yüksəlişlə səciyyələnən əlamətdar bir dövr, mərhələnin yetirdiyini söyləyir. H.Araslı Nizaminin Qumdan olması haqqındakı əfsanəni alt-üst edib.

O, Məhəmməd Füzulinin də ardıcıl tədqiqatçısı və Azərbaycandan uzaqlarda tanınan naşiri olub. Şairin həyat və yaradıcılığının müxtəlif problemlərinə həsr etdiyi 20-dən artıq məqaləsi və çoxillik araşdırmalarının yekunu – rus və Azərbaycan dillərində nəşr edilən "Böyük Azərbaycan şairi Füzuli” monoqrafiyası var.

H.Araslı Nəsiminin də ilk araşdırıcılarından sayılır. O, mətnşünas alim kimi də çox məhsuldar olub. Onun bu sahədəki fəaliyyəti Azərbaycan mətnşünaslıq elmində ayrıca bir mərhələ təşkil edir. Alim müxtəlif illərdə Məhsəti, Nəsimi, Xətai, Füzuli, Saib, Qövsi, Vidadi, Vaqif və başqa görkəmli şairlərin əsərlərini dəfələrlə nəşr etdirib. Bu sahədəki axtarışları, klassik irslə yaxından tanışlığı, əlyazmalarla işləmək səriştəsi sayəsində mətnlər üzərində təshihlər aparır, sözlük və şərhlərə yenidən nəzər salır. Bunun nəticəsidir ki, tərtib etdiyi mətnlər tədqiqatçılar tərəfindən daha mötəbər sayılır. H.Araslı 1939-cu ildə "Kitabi-Dədə Qorqud”u nəşr etdirməklə Azərbaycan ədəbiyyatına, mədəniyyətinə, eləcə də bütün türkologiya elminə böyük xidmət göstərib. Alim əsərin nəşri ilə yanaşı, onun tədqiqi və təhlili ilə də ciddi məşğul olub.

H.Araslı həyatı boyu yüksək ixtisaslı kadrların hazırlanması üçün də fədakarlıqla çalışıb, təkcə Azərbaycanda deyil, Özbəkistanda, Türkmənistanda və Tatarıstanda aspirant, dissertant və doktorantlara rəhbərlik edib, onlarla elmlər doktoru, 50-yə qədər elmlər namizədi yetişdirib.

H.Araslı müasir Azərbaycan folklorşünaslığını yaradan alimlərdən biri kimi də tanınır. O, Azərbaycan şifahi xalq ədəbiyyatı və folklorunun tədqiqi sahəsində də böyük əmək sərf edib. "XVII-XVIII əsrlər Azərbaycan ədəbiyyatı tarixi" kitabı və "Aşıq yaradıcılığı" əsərlərində Qurbani,Sarı Aşıq, Aşıq Abbas Tufarqanlı, Xəstə Qasım, Aşıq Ələsgərvə b. klassik aşıqların həyat və yaradıcılığı, XVII əsrdə yaranan "Əsli və Kərəm”, "Aşıq Qərib”, "Şah İsmayıl” və "Koroğlu” eposu haqqında orijinal elmi mülahizələr söyləyib.

Alim ədəbiyyat tarixindən ali məktəb kurslarının tədrisi sistemini işləmiş, proqram tərtib edib dərslik hazırlamışdır. Bu istiqamətdə fəaliyyətinin bir qolu orta məktəblə bağlı olmuşdur. Tədris proqramları və dərsliklər hazırlanması kimi mühüm və başlıca məsələnin həllində H.Araslı öz əməyini ləyaqətlə sərf etmişdir. 1936-cı ildə VIII sinif üçün ilk dəfə "Qədim ədəbiyyat" dərsliyini nəşr etdirən müəllif sonralar həmin dərsliyi M.Rəfilinin, H.Eyvazovun həmmüəllifliyi ilə dəfələrlə təkmilləşdirərək yenidən çapına nail olmuşdur. Həmid Araslı həm yazılı, həm də şifahi ədəbiyyatımızı paralel şəkildə araşdıran alim kimi dəyərləndirilir.
Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər