• cümə, 29 Mart, 11:37
  • Baku Bakı 5°C

Goradilin bağlar massivində nəqliyyat problemi

26.09.20 09:00 689
Goradilin bağlar massivində nəqliyyat problemi
Ekspert hesab edir ki, BNA bu məsələlərlə bağlı yaranan narazılığı diqqətdə saxlamalıdır
Bakıətrafı ərazilərin ictimai nəqliyyat problemi mütəmadi olaraq media vasitəsilə gündəmə gəlir. Bu problemlər sırasında köhnə, natəmiz avtobus problemi ilə yanaşı, marşrut xətlərinin vətəndaşlar üçün əlverişsiz olması amilləri də var. Elə redaksiyamıza ünvanlanan şikayət məktubu da məhz insanların bir məntəqədən digərinə getməsi üçün iki dəfə artıq xərc çəkməsi ilə bağlıdır. Belə ki, Göradil bağlar massivində yaşayan sakinlər və dəniz ətrafında müxtəlif pansionatlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər üzləşdikləri çətinlikdən şikayətlənirlər. Onların əsas şikayəti isə hazırda 134 saylı marşrut xətti ilə hərəkət edən avtobusların dəniz kənarında yerləşən "Muğan” sanatoriyasından "Azadlıq prospekti” metro stansiyasına getməməsi ilə bağlıdır. Şikayətçilər bildirirlər ki, onlar məcburi şəkildə 134 saylı marşrutla Mehdiabad qəsəbəsinə, oradan da digər marşrutlarla "Azadlıq prospekti” metro stansiyasına getməli olurlar. Bu da sərnişinlərin bir istiqamət üzrə iki dəfə xərc çəkməsinə gətirib çıxarır.
Şikayət məktubunda qeyd edilir ki, Hacıbala Abutalıbov hələ Bakı meri işləyərkən 134 saylı marşrutun açılması ilə bağlı dəfələrlə müraciət olundu. Yalnız məcburi köçkünlər aksiya keçirdikdən sonra marşrutun açılması mümkün oldu: "Həmin dövrdə 134 saylı marşrut "Memar Əcəmi” metro stansiyasından "Muğan” sanatoriyasınadək işləyirdi. Sonra Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi yaradıldı və onlar da "optimallaşdırma” siyasəti apararaq bu marşrutun şəhər istiqamətində axırıncı dayanacağı kimi "Azadlıq prospekti” metro stansiyasını müəyyənləşdirdilər. Bakı Nəqliyyat Agentliyi yarandıqdan sonra problem daha da dərinləşdi və marşrut xətlərindəki "eyniliyi” əsas götürərək, ümumiyyətlə 134 saylı marşrutu ləğv etdilər. Ardıcıl şikayətlər nəticəsində bu marşrutun əvəzinə hər 30 dəqiqədən bir işləyən 108 A saylı marşrutu sakinlərin istifadəsinə verdilər. Bu marşrutda xidmət göstərən köhnə, nasaz, natəmiz avtobuslar tez-tez xarab olur, sərnişinlər yollarda qalırdı. Nəhayət, Bakı-Sumqayıt dairəvi dəmiryolunda aparılan yenidənqurma işləri ilə bağlı məhz "Azadlıq prospekti” metro stansiyasından hərəkət edən 108 A saylı marşrut Görardil bağlar massivi və "Muğan” sanatoriyası istiqamətində fəaliyyətini tamamilə dayandırdı. İndi yalnız 134 saylı marşrut işləyir ki, bu da sakinlər üçün əlverişli deyil. Bütün bunlarla bağlı dəfələrlə Bakı Nəqliyyat Agentliyinin 141 saylı "qaynar xətt”inə şikayət etsək də, heç bir nəticə yoxdur. Niyə agentlik bizim şikayətimizə baxmır? Hansı əsasla bizim rahat hərəkət etmək imkanlarımızı məhdudlaşdırılır? Niyə biz bir istiqamət üzrə 30 qəpik yox, 60 qəpik ödəməli oluruq? Sadəcə Bakı Nəqliyyat Agentliyi bizim bu sualları cavab versin, problemimizi həll etsin”.
Redaksiyamıza daxil olan bu suallarla əlaqədar olaraq hazırladığımız informasiya sorğusu ilə BNA-nın mətbuat katibi Mais Ağayevə müraciət etdik. Qeyd etmək lazımdır ki, M.Ağayev sorğumuzu cavablandıracağını qeyd etdi. Lakin ötən 2 həftə ərzində dəfələrlə sorğuya nə vaxt cavab alacağımızı soruşsaq da, nəticə olmadı. Yəni BNA rəsmi şəkildə sorğumuzu cavablandırmaqdan imtina etdi. Halbuki "İnformasiya əldə etmək haqqında” qanuna görə, BNA bizim sorğumuzu birmənalı şəkildə cavablandırmalı və sakinlərin problemlərinə aydınlıq gətirməli idi. Təəssüflər olsun ki, nəqliyyatın idarəetməsini öz üzərinə götürən bu qurum qanunla təsbit edilmiş öhdəçiliyi yaddan çıxarıb.
Məsələ ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynli bildirdi ki, qeyd edilən şikayətdə vətəndaşların haqlı narazılıqları var: "Bu da ondan ibarətdir ki, "Muğan” sanatoriyasından "Azadlıq prospekti” istiqamətində hərəkət edən birbaşa marşrut xəttinin ləğvi vətəndaşlar arasında ciddi narazılığa səbəb olur. Bir müddət əvvəl 108 A marşrutu birbaşa hərəkət edirdi. Bilirsiniz ki, dairəvi dəmiryol xəttinin tikintisi zamanı müəyyən kommunikasiyaların qurulması ilə bağlı bu marşrut xətti müvəqqəti olaraq fəaliyyətini dayandırıb. Əslində hər bir marşrut xətti ayrı-ayrı özəl şirkətlərə bağlı marşrut xətləridir və bəzi hallarda burada şirkətlər özlərinin biznes maraqlarını daha çox önə çıxarırlar. Burada müəyyən mənada şirkətlərin özlərinin bu istiqamətlər üzrə öz marşrut xətlərinə avtobusların buraxılmasında müstəsna səlahiyyətlərə və deyək ki, yerdəyişmə etmələrinə şərait yaradılır. Təbii ki, Bakı Nəqliyyat Agentliyi bu məsələlərlə bağlı yaranan narazılığı və problemi diqqətdə saxlamalıdır. Sözsüz ki, bir istiqamət üzrə "Muğan” sanatoriyası və ətraf ərazilərdə qaçqın və məcburi köçkünlərin olması nəzərə alınmalıdır və həmin ərazidən vətəndaşların birbaşa "Azadlıq prospekti” metrosuna daşınması ilə bağlı məsələlər həllini tapmalıdır”.
İ.Hüseynli xüsusi vurğuladı ki, vətəndaşların qarşılaşdığı problem BNA tərəfindən aradan qaldırılmalıdır: "Eyni zamanda 108 A və ya ona alternativ hansısa bir marşrut xəttinin seçilməsi məqsədəuyğun hesab edilməlidir. Təbii ki, vətəndaşların həmin ərazidən birbaşa şəhər mərkəzinə, deyək ki, əvvəlki qaydada "Azadlıq prospekti” metrosuna çatdırılması təmin olunmalıdır. Hesab edirəm ki, bu məsələdə vətəndaşlar haqlıdır və bir sərnişinin iki marşrut dəyişərək, yəni 30 qəpiklə Mehdiabada qəsəbəsinə gəlməsi və oradan da 30 qəpik verərək başqa bir marşrutla "Azadlıq prospektinə” getməsi və geriyə qayıtmasını da nəzərə alsaq, yalnız bir nəfər üçün 1 manat 20 qəpik deməkdir. Bəzi ailələrdən 3-4 nəfər bu istiqamətdə hərəkətdə olduqda, gündəlik 5-6 manat vəsaitin xərclənməsinə gətirib çıxarır. Bu da aztəminatlı ailə, xüsusilə qaçqın və məcburi köçkünlər üçün əhəmiyyətli dərəcədə ciddi vəsaitdir. Mövcud narazılıqların həlli istiqamətində işlər görülməlidir. 108 A və ya vətəndaşların həmin istiqamətdən hər hansı bir marşrutla birbaşa "Azadlıq prospekti” metrosuna daşınması ilə bağlı narazılıq aradan qaldırılmalı və bununla bağlı yeni marşrut sxeminin işlənilməsi, planlaşdırılması həyata keçirilməlidir”.
BƏXTİYAR
banner

Oxşar Xəbərlər