“Google”un təqaüdünü qazanan azərbaycanlı xanım - Örnək
Öz dili
ilə desək, həm kod yazır, həm də yemək bişirir. Yəni, xanımlığı öz yerində, həm
də kişilərin çoxluq təşkil etdiyi İT sahəsində çalışır. Və güclü, istədiyini əldə
etməyə qadir qadındır. Çətinliklə üzləşəndə özünə "Niyə bunu edə bilmərəm” deyə
sual verir və həmişə də bir yolu tapıldığını deyir. Müsahibimiz Almaniyada
Berlin Texniki Universitetində doktorantura təhsili alan, paralel olaraq həm də
universitetdə tədqiqatçı kimi fəaliyyət göstərən gənc azərbaycanlı xanım Günay
Kazımzadədir.
- İlk olaraq elə İT-yə necə gəlməyinizdən danışaq.
Bu istiqamətdə ali təhsiliniz var?
- Mən
2008-2012-ci illərdə Moskva Dövlət Universitetinin Bakı filialında tətbiqi
riyaziyyat və kompüter elmləri fakültəsində təhsil almışam. Filialın ilk məzunlarından
biriyəm. Həmin təhsilim boyunca müxtəlif proqramlaşdırma yarışlarında iştirak
etmişəm. Almaniyada proqramlaşdırma üzrə təcrübədən keçmişəm. Azercell kimi bir
çox şirkətlərin İT üzrə olan tələbə təqaüdlərinin qalibi olmuşam. O zamanlar
çox aktiv şəkildə özümü inkişaf etdirməklə məşğul idim. AİESEC adlı tələbə təşkilatında
könüllü olaraq lider vəzifədə çalışırdım. Bununla da xaricdəki təcrübələr
haqqında məlumatım olurdu. Özüm də 2011-ci ildə təcrübə proqramı vasitəsilə iki
aylıq Berlinə gəldim, proqramlaşdırma üzrə təcrübə keçdim. Sonra Azərbaycana
qayıtdım, magistratura oxumaq istəyirdim. 2012-ci ildə kompüter elmləri sahəsində
Almaniyanın magistratura üzrə DAAD və Dövlət təqaüdünü qazandım. Bonn
Universitetində kompüter elmləri üzrə təhsil almağa başladım. Dövlət xətti ilə
oxuduğum üçün 2015-ci ilin yanvar ayında təhsilimi bitirib Azərbaycana
qayıtdım, 3 il ölkəmizdə çalışdım. Həm dövlət, həm də özəl sektorda fəaliyyətim
oldu. 2016-cı ildən Xəzər Universitetində və Bakı Britaniya Məktəbində kompüter
elmləri və riyaziyyat sahəsində ingilis dilində təhsil verdim. Bu il Almaniyaya
qayıtdım, hazırda doktorantura təhsilimi davam etdirirəm, paralel olaraq burada
Berlin Texniki Universitetində tədqiqatçı kimi çalışıram.
- Bu sahədə daha çox kişiləri görürük. İT-yə gələndən
sonra heç düşünmüsünüzmü ki, hansı səbəblərə görə burda kişilər üstünlük təşkil
edir?
-
Ümumiyyətlə, bütün dünyada texniki sahələrdə lider mövqelərdə qadınların yeri
azdır. Qadın həmişə seçim etməlidir: ailə, ya karyera? Həm yaxşı vəzifədə çalışıb,
həm də yaxşı ailə sahibi olmaq kişi üçün normal haldır, amma qadınlarda bu, heç
də asanlıqla alınmır. Həm yaxşı ailən olsun, həm də işə çox vaxt ayıra biləsən,
bu, bir az da çətindir. Belə bir stereotip var ki, qadın ikisindən birinə daha
çox üstünlük verməlidir. İT elədir ki, daim özünü inkişaf etdirməlisən. Çünki hər
saniyə nə isə dəyişir. Sən dəyişikliklərin arxasınca qaçmasan, geridə qalarsan.
Bəzən bu, insanı yora da bilir, amma insan sevdiyi işlə məşğul olursa,
yorğunluq tez keçir.
Demirəm
ki, bütün qadınlar İT-də, ya hansısa vəzifədə olmalıdır. Amma insan bunu istəyirsə,
ikisini bir araya gətirə bilər.
Onu da
deyim ki, bu yanaşma dəyişməyə doğru gedir. Mən Azərbaycanda olduğum müddətdə
iki layihə üzərində çalışırdım. Biri "WoWoman: Tech-tech” xanım layihəsi idi.
Layihə xanımların İT-yə marağının artırılması ilə bağlı idi. 3 il ərzində biz
3000-dən çox xanımı İT-yə yönəldə bildik. Onlara təlimlər, treninqlər təşkil
etdik. İş, təhsil baxımından köməklik etdik. İkinci layihə isə uşaqların
proqramlaşdırmaya marağının artırılması ilə bağlı idi. Azercell Barama
İnnovasiyalar Mərkəzi və Paşa Bankın sponsorluğu ilə 9-16 yaşlılar üçün 2 İT
Yay Məktəbi təşkil etdik. Bu, tək bizim problemimiz deyil, dünyada da bu proses
gedir, həlli üçün də mübarizə aparılır.
- Bir müsahibənizdə oxumuşdum. Orda başlıq diqqətimi
çəkdi. Deyirsiniz ki, qadın bir əli ilə yemək bişirib, o biri əli ilə kod yaza
bilər. Kod yazırsınız, bəs yemək bişirmək necə?
- Əlbəttə,
bişirirəm. Əsas da Azərbaycan mətbəxinin nümunələrini. Alman mətbəxi öz yeməklərimizə
çata bilməz.
- Düzdür, nailiyyətlər var, amma burda addımlamaq yəqin
ki, heç də sizə asan başa gəlməyib. Bu yerə gələnə qədər olan prosesləri necə
xatırlayırsınız?
- Uşaq vaxtı
şahmata, musiqi məktəbinə getmişəm. Valideynlərim həmişə bizim üzərimizə təhsil
baxımından böyük investisiyalar qoymağa çalışıblar. Həmişə nəyəsə nail olmaq
hissi ilə yaşamışam. MDU-ya qəbul olanda mən Azərbaycan dilli məktəbi
bitirmişdim və rus dilində təhsilə başladım. Buna görə ilk vaxtlar mənim üçün
çox çətin idi. Yuxusuz gecələrə gətirib çıxarırdı. MDU-nun reytinqi çox şeydən
xəbər verir. Tətbiqi riyaziyyat fakültəsində oxumaq da çox çətin idi. Bütün istədiklərimə
nail olmaq heç də asan başa gəlməyib. Bəzən insanlar "bəxti gətirib” filan
deyirlər, amma bəxt bir yerə qədər insana kömək edir. Gərək insanın içində təhsilə,
elmə sevgi olsun. Şükürlər olsun ki, valideynlərim bunu məndə yaradıblar. İT
sahəsində qadının çalışması çox çətindir. Çünki kişilər bir çalışırsa, siz 10
etməlisiniz. Dediyim o sosial basqı, stereotiplər olduğu üçün insan özünü təsdiq
etmək istəyi hiss edir. Düzdür, bu, heç də doğru yanaşma deyil, amma yenə də
çox çalışmaq lazımdır. Bir şeyə nail olmaq üçün insanın içində istək olmalıdır.
Nəsəyə nail olanların içində nəyəsə nail olmaq ehtirası, hissi güclü olur. Məndə
də bu hiss var.
Bu
nailiyyətlərin kölgəsində çox məğlubiyyətlərim olub, amma onlar mənə irəli getməyə
kömək edib. Həyat onsuz da çətinliklərlə doludur, nəyəsə nail olmaq istəyirsənsə,
mütləq bunları keçəcəksən.
Bir də məni
dəstəkləyən ailəm, mentorlarım, dostlarım, əlaqələrim olub. Onlar olmasaydı, çətinliklərə
sinə gərmək daha çətin olardı.
- Magistratura təhsilini də Almaniyada almısınız,
doktorantura üçün də ora getmisiniz. Artıq orda əlaqələr olduğu üçün seçim bu
ölkə olur, yoxsa başqa səbəblər də var?
- Əlaqələrin
də rolu var. Mən əslində, doktorantura təhsili üçün müxtəlif ölkələrə müraciət
etmişdim. Avstriyadan da təklif gəlmişdi, amma Almaniyadan daha çox təklif gəldi.
Münhen, Drezden və Berlindən gəldi. Mən Berlini seçdim. 7 il əvvəl təcrübə
keçdiyim zaman burda yaşamışam. Berlin mənə daha doğmadır. Doktorantura təhsilimə
yeni başlamışam, Berlin çox böyük şəhərdir, hər ölkədən insan var.
- Gələcəkdə orda qalıb çalışmaq fikriniz var?
- 3 il
sonra nə olacağını bilmirəm, təklifləri
dəyərləndirib vətənimə də qayıda, yaxud Avropada da qala bilərəm. Zaman göstərəcək.
- Realda söhbət edəndə sakit təbiətli təəssüratı
yaradırsınız, amma söhbət karyera məsələsinə gələndə içinizdə irəli getmək kimi
bir böyük istək, türklər demiş hırs olduğu hiss olunur. Bəlkə bir az da bundan
danışaq...
-
Yaxınlarım, dostlarım da bunu deyir. Şəxsi həyatda çox sakit təbiətli biriyəm.
Amma nəyəsə nail olmaq istəyəndə içimdən elə bil başqa biri çıxır. Buna görə
özümü çox şanslı hiss edirəm. Məsələn, çalışqanlıq, məntiqi düşüncədən başqa,
bu hiss də mənə çox zaman kömək olub, vaz keçməməyə sövq edib. Həmişə özümə
sual vermişəm: Niyə də yox? Niyə bunu edə bilmərəm? Həmişə bir yolu tapılır.
- Almanlardan danışaq. Onları soyuq təbiətli
adlandırırlar. Belə bir mühitə uyğunlaşmaq problemi olmur? İş mühitində
rahatlıqla qəbul edirlərmi?
- Əslində,
almanlarla işləmək çox maraqlıdır. Həm Azərbaycan, həm də Almaniyada işləmişəm
deyə, müqayisə edə bilirəm. Hər mədəniyyətin öz işləmə prinsip və qanunları
var. Biri digərindən yaxşı, ya pisdir deyə bir şey yoxdur. Sadəcə, hər mədəniyyətin
öz dəyərləri, işləmə strukturu var. Almanlar intizamlı və dəqiqdirlər,
soyuqluqları özlərinə fokuslanmaqlarından irəli gəlir. Heç zaman işinizə
qarışmazlar və həmişə anlayışla qarşılayarlar, amma səhv etdiyiniz zaman bu, tam
sizin məsuliyyətiniz olur (Gülür-A.Asimqızı). Mənə həm Azərbaycanda, həm də
burda işləmək xoşdur. Çünki əsas insanlarla dil tapa bilmək, pozitiv münasibət
qura bilməkdir. Necə deyərlər, hər yerin yaxşısı da var, pisi də.
- İş var, bəs siz necə işləyirsiniz?
- Gərginliyi
sevmirəm. Görüləcək işlərimi prioritetlərə görə bölürəm və ən çətin işdən
başlayıram. İşləri sadələşdirmə metodu ilə görürəm ki, gərginləşməyim. Bu
prinsip əslində, hər şeyə aiddir. Ən çətin və tez həll olunması gərəkən işləri
belə kiçik punktlara bölüb həll etməyə çalışıram ki, mənə böyük görünməsin.
Beynimizi belə aldatmaq mümkündür, amma hərdən saatlarla dayanmadan işlədiyim də
olur.
- Gəlirdən danışaq?
- Tədqiqatçıları
ən son maraqlandıran mövzu (Gülür).
- Siz ümumiyyətlə, daha çox elmi tərəfə yönəlməyə
maraqlısınız?
-
Hazırda prioritet insanlara faydası dəyəcək araşdırmalar etməkdir. Bizim
institut süni intellekt və onun insanlar və sosiuma olan təsirini araşdırır. Mənə
də hazırda çox maraqlı olan mövzudur.
- Bizdə İT-nin araşdırma sektorunda xanımlar
var?
- Azərbaycanda
tədqiqatçı xanımlar çoxdur.
- Amma nədənsə tanınmırlar, üzdə deyillər...
- Təəssüf
ki o tədqiqatlarla insanlar arasında böyük uçurum var. Tədqiqat cəmiyyət üçün
edilir. Bəlkə də cümlələrim bir az böyük çıxacaq, amma Azərbaycanda aparılan tədqiqatların
çoxu sadəcə olaraq vərəq üçün nəzərdə tutulub, cəmiyyət üçün deyil. Düzdür,
bizim Lütfizadə kimi dünya şöhrətli tədqiqatçılarımız olub. Tədqiqat, biznes və
cəmiyyət. Əslində 3 sektor bir yerdə inkişaf etməlidir. Çox ümid edirəm ki bu cəhətdən
də inkişaf edəcəyik, hazırda dövlət tərəfindən buna böyük investisiyalar
yatırılıb, ümid edirəm ki bəhrəsini verəcək.
- 10 aydır ki,
Almaniyadasınız. Bu müddətdə nələr etmisiniz?
- 7 ay ərzində
"Oracle”, "Talant.io” kimi şirkətlərdə, "Falling Walls” yarışmasında çıxış
etdim, Almaniyanın ən böyük digital konfransına dəvət aldım və şirkət rəhbərləri
ilə görüşüm oldu. Bundan sonra "Google”un sponsorluq etdiyi 2 konfransda spiker
kimi çıxış etdim. Bunun üçün "Google” mənə təqaüd ayırdı. Statistikadan xəbərim
olmasa da, "Google”un təqaüdünü qazanan azərbaycanlı xanım olmaq hissi insana
böyük motivasiya verir. Noyabrda Amsterdamda "European Women in Technology”
(Avropa Qadınları Texnologiyada) konfransında süni intellekt haqqında çıxış edən
yeganə azərbaycanlı xanım idim. Dekabrda Berlində Avropanın ən böyük təhsil
konfransında süni intellekt üzrə çıxış etdim və tədqiqatlarım cəmiyyətə təqdim
olundu. Bununla yanaşı, dekabrın 1-i Humbolt Universitetinin təşkil etdiyi TEDx
tədbirində süni intellekt mövzusunda çıxış etdim. Gələn həftə Bakıya "Süni
intellekt ailə” seminarı üçün Bakıya gəlirəm. Azərbaycan Gənclərinin Nailiyyəti
təşkilatının dəstəyi ilə baş tutacaq seminarda uşaqlar və valideynlər birlikdə
süni intellekt mövzusu ilə yaxın tanış olacaqlar.
Aygün Asimqızı