Gölün “yuduğu” qəbirlər - FOTOLAR
Bələdiyyə məcburi
köçkünlərdən və pulsuzluqdan şikayətlənir
30 il əvvəl torpaqlar ilə yanaşı qəbiristanlıqları da işğal edilən məcburi
köçkünlər - şuşalılar, laçınlılar, cəbrayıllılar və digər rayonların sakinləri
dünyadan köçən yaxınlarını dəfn etmək üçün Azərbaycanın ayrı-ayrı bölgələrində yeni
qəbiristanlıqlar salmağa məcbur oldular. Ölkənin bir çox regionlarında məcburi
köçkünlərin saldıqları qəbiristanlıqlara rast gəlmək mümkündür. Bakının
Pirşağı, Masazır və digər ərazilərində - məcburi köçkünlərin kompakt
yaşadıqları kənd və qəsəbələrə yaxın yerlərdə belə qəbiristanlıqlar mövcuddur.
Bu qəbiristanlıqlardan biri də Sabunçu rayonu, Pirşağı qəsəbəsinin ərazisində -
"Şuşa qəbiristanlığı”dır. Bu qəbiristanlığın yerləşdiyi ərazidə ilk qəbirlər 1992-ci
ildə qazılıb. 5 hektar ərazini əhatə edən bu qəbiristanlığın ətrafında qrunt
sularının toplandığı xırda göllər də mövcuddur. Təəssüflər olsun ki, bu gün
həmin göllərə insanların süni müdaxiləsi qəbirləri təhlükə ilə üz-üzə qoyub.
"Şuşa qəbiristanlığı”nda apardığımız müşahidələr onu deməyə əsas verir ki, gölün
digər ətrafında iki ferma və yaşayış evləri mövcuddur. Fermalardan axıdılan
tullantılar, eləcə də, yaşayış evlərindən axıdılan kanalizasiya suları göldə
suyun səviyyəsinin qalxmasına və qəbirlərin su ilə dolmasına gətirib çıxarır.
Halbuki, qrunt sularının toplandığı kiçik göllər, adətən havaların isti keçdiyi
dönəmdə qurumağa başlayır və heç bir təhlükə törətmir. Lakin "Şuşa
qəbiristanlığı”nın yanındakı göldə nəinki suyun səviyyəsi azalmır, əksinə,
günbəgün artır.
Yaxınlarının qəbrini ziyarətə gəlmiş Valeh kişi problemlə maraqlandığımızı görüb, fikirlərini bildirdi.
O qeyd etdi ki, Şuşadan məcburi köçkün düşdükdən sonra 1992-ci ildə Pirşağı
qəsəbəsinə pənah gətiriblər: "Həmin dövrdə vəziyyət çox çətin idi. Xüsusilə,
dünyadan köçən yaxınlarımız olanda bilmirdik harada dəfn edək. O vaxt bir
yaxınımız dünyasını dəyişmişdi çox çətinliklə onu Pirşağıdakı qəbiristanlıqdakı
dəfn etdik. Çünki yerli camaat qəbiristanlıqda yer olmadığını deyirdilər. Daha
sonra atam rəhmətə gedəndə, indi "Şuşa qəbiristanlığı” adlanan bu yeri istinad
verdilər. Beləcə, məcburi köçkünlərin böyük bir hissəsi burada rəhmətə gedən
yaxınlarını dəfn etməyə başladı. Lakin indi gölün suyu qalxdıqca, əzizlərimizin
qəbirləri suyun altında qalır. Ermənilər işğal altında olanda qəbirlərimizi
dağıtdı, bəs Bakıda, Pirşağıda niyə bu qəbiristanlığa laqeyd münasibət
bəslənilir? Ölülərimizin qəbirləri niyə suyun altında qalmalıdır?”
Valeh kişi problemə lap əvvəldən bələd olduğu üçün xırda detallara qədər
məlumat verdi: "Əvvəllər bu gölə çox az su yığılardı, hətta yay aylarında
quruyardı. Lakin sonrakı illərdə payızda və qışda qrunt sularının axıntısının
çox olduğunu nəzərə alaraq, buradakı qəbir sahibləri ilə belə qərar gəldik ki, bu
göldən qəbiristanlığın aşağısındakı böyük gölə bir kanal çəkək. Belə də etdik
və öz hesabımıza kanal açdıq. Sonra bu ərazidə yaşayış artdığı üçün həmin
kanalın bir hissəsini suötürücü borularla əvəz etdik. Qış aylarında göldə suyun
səviyyəsi qalxanda rahat şəkildə axıb aşağıdakı gölə tökülə bilirdi. Onu deyim
ki, bir xeyli müddət problem yaşamadıq. Lakin xarici dairəvi yolun Pirşağı
qəsəbəsindən keçən hissəsi inşa olunarkən, yol məhz bu qəbiristanlığın yanından
keçməli oldu. Tikinti zamanı göldəki suyun axıdılması üçün öz hesabımıza
çəkdiyimiz borular dağıdıldı. Əsas problem də bundan sonra başladı və suyun axarı
olmadı. Ardınca da burada yaşayış evləri artdı, fermalar tikildi. Ərazidəki
evlərin kanalizasiya xətti yoxdur və onlar çirkab suları gölə axıdır. Ən
dəhşətli mənzərə isə fermalarla bağlıdır. Hər iki ferma heyvanların peyinli
suyunu gölə axıdır, üstəgəl də, pis qoxu ərazini bürüyür. Dəfələrlə bu
problemlə bağlı Pirşağı bələdiyyəsinə, Şuşa rayon İcra Hakimiyyətinə müraciət
etmişik. Lakin müraciətlərimiz cavabsız qalıb. Belə ki, köməklik edəcəklərini
desələr də, heç bir nəticə olmayıb”.
Şəhid atası Valeh kişi təəssüflə qeyd etdi ki, qəbir sahibləri, hər
dəfə suyu səviyyəsi qalxdıqca gölün ətrafına maşın-maşın torpaq tökdürürlər:
"Ancaq nə fayda, bir müddət sonra ziyarətə gələndə görürük ki, yenə su
qəbirləri yuyur. Oğlum şəhid olub, lakin onun nəşini çıxara bilməmişik. Təsəlli
üçün həyat yoldaşımın qəbirüstü abidəsinə onun da şəklini həkk etdirmişik. İndi
mən gəlib bu qəbiri suyun içində görəndə hansı hisslər keçirdiyimi bilən varmı?
Burada müxtəlif zamanlarda şəhid olan Vətən oğullarının da qəbirləri var. Əgər
bu məsələ həll olunmasa, həmin şəhid məzarları da sulara qərq olacaq. Biz nə
vaxta qədər maşınla torpaq töküb suyun qarşısını alacağıq? Axı göydən Allah
baxır? Ölü sahiblərinin günahı nədir ki, belə əziyyət çəkirlər? Sadəcə
istəyimiz odur ki, bizə kömək etsinlər, suyu aşağıdakı gölə axıdaq”.
Daha sonra Valeh kişi ilə qəbiristanlığın təhlükədə olan hissəsini
addım-addım gəzdik. O, hazırda gölə yaxın qəbirlərin su ilə dolu olduğunu
bildirdi. Hətta torpağı yarım metr qazsaq su çıxacağını söyləyən Valeh kişi,
vəziyyətin dözülməz olduğunu qeyd etdi. O bir qəbri göstərərək dedi ki, ölü
yiyəsi su basmasın deyə, torpaqdan 1 metrdən yuxarı hissəni kvadrat şəkildə
daşla hördürüb, içərisini torpaqla doldurub, sonra yaxınını dəfn edib.
Gölün ətrafında yerləşən ferma sahibləri çəkiliş apardığımız zaman bir-bir
gözdən itməyə başladılar. Daha sonra fermaların ərazisinə yaxınlaşıb münasibət öyrənmək
istəsək də, qapını üzümüzə açan olmadı. Gördüklərimiz isə hər bir insanı
dəhşətə gətirir. Tək gölün suyunun qalxması, üfunət iyinin ətrafı bürüməsi problem
deyil, həm də ərazidə zibil, məişət tullantılarının "ayaq açıb yeridiyinin”
şahidi olduq.
Problemi araşdırmaq üçün üz tutduğumuz ünvan Sabunçu rayonu Pirşağı icra nümayəndəliyi oldu. Burada bildirdilər
ki, "Şuşa qəbiristanlığı” adlanan ərazi Pirşağı bələdiyyəsinin balansındadır və
onlar münasibət bildirə bilər.
Ordan birbaşa Pirşağı bələdiyyəsinə
üz tutduq. Bələdiyyənin qəbul otağında oturan gənc oğlan problemi dinlədikdən
sonra cavab vermək səlahiyyətinin olmadığını bildirdi və bizi başqa bir şəxsə
yönləndirdi. Həmin bələdiyyə qulluqçusu bizi dinlədikdən sonra adının
çəkilməməyi şərtilə sualımızı cavablandırdı: "Mənim adımı qeyd etməyə ehtiyac
yoxdur. Ümumi şəkildə qeyd edə bilərsiniz ki, "Şuşa qəbiristanlığı” deyilən
ərazi bizim bələdiyyənin ərazisidir və ora zəbt olunub. Yəni bu yer əvvəldən
yaşayış yeri kimi müəyyən olunub, lakin məcburi köçkünlər buranı məzarlıq edib.
Problemə gəlincə, o ərazidə hər zaman kiçik göllər olub və bu göllərə qrunt
suları toplanıb. Əslində günah köçkünlərdədir. Bilirlər ki, oranı su basır,
niyə ölülərini başqa yerdə aparıb basdırmırlar? Orada yerin qiyməti ucuz olduğu
üçün hətta rayonlardan belə ölülərini gətirib basdırırlar. Soruşanda da deyir
ki, yaxınlarımın məzarlarının hamısının bir yerdə olmasını istəyirəm. Həmin
ərazidə yer azaldıqca, gölün ətrafına torpaq tökürlər və yenə də qəbir
salırlar”.
Bələdiyyə üzvü gölə yaşayış yerlərindən, fermadan çirkab sularının
axıdılmasının, göldə suyun səviyyəsinin qalxmasına səbəb olduğu ilə bağlı
iddialarla razılaşmadı və qeyd etdi ki, çirkab suları gölün suyunu qaldıra
bilməz: "Sizin qeyd etdiyiniz məsələnin göldə suyun qalxmasına çox az təsiri
var. Amma əsas günah orada ölülərini dəfn edənlərdədir”.
Göldəki suyun axıdılması üçün əvvəllər olmuş kanalın bərpa
edilməsinin mümkünlüyünə toxunan Pirşağı bələdiyyəsinin rəsmisi qeyd etdi ki,
bələdiyyənin o qədər vəsaiti yoxdur: "Biz bunu etmək üçün layihə
hazırlamalıyıq, ondan sonra smeta tutulmalıdır. Faktiki olaraq, həmin göldəki
suyun aşağıdakı gölə axıdılması üçün 300-500 min manat lazımdır. Bələdiyyəmizin
isə buna imkanı çatmır”.
Ərazi ilə maraqlanıb-maraqlanmadıqlarını soruşduqda, bələdiyyə
nümayəndəsi vəziyyətdən xəbərdar olduqlarını dedi.
Nəticə etibarı ilə belə anlaşılır ki, gölün suyunun qəbirləri yuması,
qəbiristanlığın ətrafının bərbad vəziyyətə salınması problem olaraq qalacaq.
Çünki əraziyə nəzarət edən Pirşağı bələdiyyəsi problemin aradan qalxması üçün
heç bir addım atmaq niyyətində deyil. Bələdiyyə, faktiki olaraq, məcburi
köçkünlərdən və pulun olmamağından şikayətlənir. Məcburi köçkünlərin öz evlərinə
qayıdacağı bəllidir, bəs görəsən Pirşağı bələdiyyəsinin pulu nə vaxt olacaq?
BƏXTİYAR