“Gizlənən” işıqforlar - REPORTAJ + FOTOLAR
İşləməyən,
önü kəsilən işıqforlar həm sürücülər, həm də piyadalar üçün təhlükə yaradır
Yol əlaqələrində, qovşaqlarda, piyada keçidlərinin
və nəqliyyatın idarə edilməsi üçün lazım olan digər yerlərdə ən mükəmməl
tənzimləmə vasitəsi işıqfordur. Bu mükəmməl qurğu sayəsində sürücülər,
piyadalar yollarda, həmçinin keçidlərdə daha təhlükəsiz və nizamlı şəkildə
hərəkət edə bilirlər. Elə ki, işıqfor nasaz oldu, işləmədi, həmin ərazidə
hərəkət iştirakçılarının işi xeyli çətinləşir. Xüsusən, nəqliyyatın sıx olduğu
ərazilərdə belə hadisələr baş verəndə, sözün əsl mənasında xaos yaşanır.
Bir-birinə yol verməyərək qabağa düşməyə çalışan sürücülər özlərinə, yolu
keçmək istəyən piyadalara təhlükə yaradırlar, qəza hadisələri qaçılmaz olur.
Yaxud yaz-yay fəsillərində ağacların qol-budağının zamanında və düzgün
budanmamağı nəticəsində yol ayrıcında quraşdırılan işıqforların önü kəsilir.
Yol tənzimləmə vasitəsinin qırmızı, sarı və yaşıl işığının nə zaman
yanıb-söndüyünü həm sürücü, həm də piyada görə bilmir. Görüntünün məhdudluğu
hərəkət iştirakçılarının işini çətinləşdirir, onların həyatı üçün təhlükəli
vəziyyət yaradır.
Ya
"gizlənib”, ya da işləmir
Paytaxt Bakıda indi də işləməyən, nasaz, həmçinin
ağacların budaqları, yarpaqları arxasında gizlənən işıqforlara tez-tez rast
gəlinir. Misal üçün, Yasamal rayonu Mətbuat prospekti ərazisində, "Azərbaycan”
Nəşriyyatının tinindəki yol ayrıcında quraşdırılan işıqforun önünü nəhəng çinar
ağacının qol-budağı, yarpaqları örtüb. Eyni mənzərə "Azadlıq” prospektinin Binəqədi
rayonundan keçən hissəsində, köməkçi yolun "Vorovski” dairəsinə çıxışında da
müşahidə olunmaqdadır. Burada da yaşıllıq zolaqları işıqforun qırmızı, sarı,
yaşıl işıqlarının qarşısını kəsib. Görüntü məhdudluğundan işıqforun
saniyəölçəni də görünmür. Binəqədi rayonunun Binəqədi şosesindən Abşeron
rayonunun Mehdiabad qəsəbəsinə doğru istiqamətlənən, "Buruqlararası yol” kimi
tanınan yol ayrıcında quraşdırılan işıqfor isə ümumiyyətlə işləmir. Düzdür,
düzünə hərəkət istiqamətini müəyyən etmək üçün yolun əks istiqamətində
quraşdırılan işıqfordan burada yararlanmaq mümkündür. Lakin sürücülərin bir
çoxu işləməyən işıqforda köməkçi seksiyanın mövcudluğunu, sağa hərəkətin daim
açıq olduğunu bilmirlər. Hər kəs yalnız düzünə istiqamətlənərək işıqforda
dayanır. Bu da sağa doğru hərəkət etmək istəyən sürücüləri yubadır, uzun tıxac
yaranır.
İdarəetmədəki
yarıtmazlıq
Təsvir olunan bu xoşagəlməz mənzərələr günlərlə,
həftələrlə, aylarla müşahidə edilsə də, hələlik, hər hansı qurum nümayəndəsi
qolunu çırmayıb mövcud çatışmazlığı, yollarda yaşanan problemi aradan
qaldırmayıb. Görünən budur ki, hələ də tələsmək fikrində deyillər. Mövzu barədə
fikirlərini "Kaspi” qəzetinə bölüşən
sosial məsələlər üzrə ekspert İlqar Hüseynli bildirdi ki, hal-hazırda
işıqforlarla bağlı məsuliyyət daşıyan qurum Bakı Nəqliyyat Agentliyidir (BNA).
Onun sözlərinə görə, ümumiyyətlə, yol nişanlarının qoyulması, idarə olunması, o
cümlədən işıqforların yerləşdirilməsi, onlara nəzarət edilməsi bilavasitə
BNA-nın səlahiyyətlərinə aiddir: "Bu sahədə bizdə xeyli problemlər yaşanır.
İşıqforların işləməməyi sürücülərə, piyadalara təhlükə yaradır, xeyli sayda
qəzalara səbəb olur. BNA ilə yanaşı, Dövlət Yol Polis İdarəsinin də işıqforlara
nəzarət funksiyası var. Vaxtaşırı monitorinqlər keçirməli olan Yol Polis
İdarəsi işıqforların vəziyyəti, harada quraşdırılması və sair barədə BNA
qarşısında məsələ qaldıra bilər. Bu baxımdan məsuliyyəti sadəcə BNA-nın üzərinə
atmaq doğru deyil. Bakı Şəhər İcra Hakimiyyətinin, Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin müvafiq qurumlarının də bu məsələdə öz məsuliyyəti var. Yaşıllıq
zolaqlarına xidmət, ağacların budaqlarının düzgün və zamanında budanması kimi
məsələlər bu qurumlardan asılıdır. Sadəcə paytaxt Bakıda deyil, rayonlarımızda
da ağacların böyüməsi, qol-budaq atması, yol hərəkət nişanlarının, işıqforların
qarşısını kəsməsi halları mövcuddur. Bu da yerli icra hakimiyyətlərinin, mənzil
istismar sahələrinin, bələdiyyələrin hadisəyə məsuliyyətlə
yanaşıb-yanaşmadığını ortaya çıxarır. Burada ikili deyil, çoxtərəfli standart
yaranır. Bu isə rayon və şəhər təsərrüfatlarındakı idarəetmədə mövcud olan
məsuliyyətsizliyi ortaya çıxarır”.
Vətəndaşlara gözləmək qalır
BNA-nın Mətbuat xidmətinin
rəhbəri Mais Ağayev qəzetimizə açıqlamasında deyib ki, təkcə
işıqforların deyil, ümumiyyətlə ərazidə olan yol nişanlarının, bütünlükdə sahə
avadanlıqlarının qarşısını kəsən, görüntünü məhdudlaşdıran yaşıllıqların,
kolluqların, ağacların vaxtlı-vaxtında budanması zəruridir. Onun sözlərinə
görə, bu, hərəkətin təhlükəsizliyi baxımdan olduqca vacib məsələdir: "Mütəmadi
olaraq monitorinqlər aparılır və hələ yaz aylarından, yəni ağaclar
yarpaqlamazdan öncə ərazilərin siyahıları hazırlanır, budanma işlərinin
aparılması üçün müvafiq quruma təqdim olunur. Burada söhbət Bakı Şəhər
Yaşıllaşdırma Departamentindən gedir. Məsələyə əhatəli yanaşsaq, sözügedən
qurum da bu kimi məsələlərə xüsusi diqqət ayırmaqda maraqlı olmalıdır. Onlara
dəstək məqsədilə biz tərəfdən də lazımi işlər görülür. Budanma işlərinin
aparılması üçün sonuncu dəfə, təxminən yüzə yaxın ünvan, ərazi müəyyənləşdirilib.
Bu ərazilər həm özümüzün apardığımız monitorinqlər, həm də vətəndaşların
müraciətləri əsasında müəyyən edilib, siyahıya salınıb, aidiyyəti üzrə
göndərilib. Binəqədi şosesində qeyd etdiyiniz ünvandakı işıqfora gəlincə,
dəqiqləşdirmə apardım. Orada yeraltı naqillər dəyişdirilməlidir. Bu səbəbdən
həmin işıqfor işləmir. Naqillərin dəyişdirilməsi üçün podratçı şirkət
müəyyənləşməli, qazıntı işləri aparılmalı, bunun üçün müvafiq qaydada icazə
alınmalıdır. Bütün bu məsələlər həll olunduqdan sonra yaxın gələcəkdə həmin
işıqfor da işlək vəziyyətdə olacaq”.
Rufik
İSMAYILOV
Fotolar müəllifindir