• şənbə, 20 Aprel, 06:13
  • Baku Bakı 14°C

Gizlədilən çempionlar, alimlər...

18.09.21 12:45 886
Gizlədilən çempionlar, alimlər...
"Evdə də valideynlər məhdudiyyəti olan uşaqlarla dost olmağı, məktublaşmağı, elektron poçt göndərməyi təbliğ etməlidir. Cəmiyyət olaraq yavaş-yavaş addımlasaq, bir neçə ildən sonra bu problemlər aradan götürüləcək”
Kimisi qulağını çəkib "iraq olsun” deyir, kimisinin yazığı gəlir, kimisi uşaqlarını onlardan uzaq tutur və s. Söhbət fiziki məhdudiyyətli uşaqlardan gedir. Bu davranışlar isə həmin uşaqların valideynlərini utandırır. Nəticə isə odur ki, valideynlər fiziki məhdudiyyətli uşaqlarını evdən çıxarmaq istəmirlər.
"Fiziki məhdudiyyət əngəl deyil” cümləsinin təsdiqini həm dünya, həm də ölkə təcrübəsində hər zaman görürük. Sonuncu diqqət çəkən məqam isə "Tokio-2020 Yay Paralimpiya Oyunları”nda ölkəmizin nəticəsi oldu. Paralimpiyaçılarımız19 medalla geri döndülər. Bu nəticədən sonra düşündük ki, hələ evlərə qapadılan dünya yarışlarının qalibləri, elm adamları, peşə sahibləri olacaq nə qədər insanlar var. Bəs həmin şəxsləri cəmiyyətə çıxarmaq üçün bundan sonra nə etməliyik?
Təcriddə vətəndaşların rolu
Psixoloq Murad İsayev deyir ki, fiziki məhdudiyyətli uşaqların cəmiyyətə çıxarılmasında ən önəmli faktor münasibətin dəyişməsi ola bilər: "Valideyn uşağını cəmiyyətə çıxarır, ətrafda diqqətlər onların üzərinə gedir, valideyni və uşağı utandıracaq münasibət görür. Nəticədə valideynlər fiziki məhdudiyyətli uşaqları məktəb, bağça kimi müəssisələrə belə aparmağa bəzən laqeyd yanaşırlar, evə qapadırlar. Yaxud fiziki məhdudiyyətli şəxslər özləri bu münasibəti görürlər, bu da onlara mənfi təsir edir. Fiziki məhdudiyyətli şəxs yolda gedərkən ona diqqətlə baxırlarsa, istər-istəməz düşünür ki, bunlar mənə niyə belə baxırlar? Vətəndaşlar o münasibətləri ilə fiziki məhdudiyyətli şəxsləri cəmiyyətdən təcrid edirlər”.
Fərqli yollar axtaran beyin
Psixoloq bildirir ki, uşağın fiziki məhdudiyyəti onun həyatının uğursuzluğuna səbəb ola bilməz: "Əksinə, bir insanın məhdudiyyəti olanda beyin yarımkürələrinin aktivləşməsi baş verir. Beyin özünü təsdiq etmək üçün fərqli yollar axtarmağa başlayır. Məsələyə bu tərəfdən də baxmaq lazımdır. Bir uşağın nə isə bir fiziki məhdudiyyətinin olması onun bütün həyatı boyu uğursuz olacağı mənasına gəlmir”.
Müəllimi evə çağırmaqdansa…
M.İsayev deyir ki, fiziki məhdudiyyətli uşaqları cəmiyyətə buraxmalı və onlar üçün yaradılmış məktəbə göndərməliyik: "Müəllimi evə çağırmaqdansa, fiziki məhdudiyyətli uşaqların təhsil aldığı məktəbə göndərmək daha məqsədəuyğundur. Pedaqoqlar da qiymətləndirmək, təşviqedici təsir göstərmək məqsədilə onları önə çəkməlidirlər. Cəmiyyətlə inteqrasiya və münasibətləri gücləndirmək üçün pedaqoq, psixoloq, loqoped, ailə paralel şəkildə çalışmalıdırlar”.
Uşaqları düzgün böyütməliyik
Murad İsayevin sözlərinə görə, damğalamaq metodikalarını aradan götürməliyik: "Övladlarımıza deməliyik ki, insanların orqanlarında nə isə bir məhdudiyyət ola bilər. Bunu onlara düzgün şəkildə izah etməliyik ki, sabah həmin şəxsləri görəndə fərqli baxmasınlar, onlardan uzaq gəzməsinlər”.
Yavaş-yavaş addımlasaq…
Psixoloq bildirir ki, məktəblərdə məhdudiyyətli uşaqlarla bağlı dərslər keçirilməli, digər uşaqlar ilə qaynayıb-qarışmaları təbliğ olunmalıdır: "Pedaqoqlara yayda məhdudiyyətli uşaqlarla bağlı virtual dərs keçiblər. Yaxşı olardı ki, məktəbdən hər hansı bir qrupu aparıb fiziki məhdudiyyətli uşaqlarla görüşdürüb bir yerdə əyləndirsinlər. Evdə də valideynlər məhdudiyyəti olan uşaqlarla dost olmağı, məktublaşmağı, elektron poçt göndərməyi təbliğ etməlidir. Cəmiyyət olaraq yavaş-yavaş addımlasaq, bir neçə ildən sonra bu problemlər aradan götürüləcək”.
Zərif Salmanlı
banner

Oxşar Xəbərlər