• cümə axşamı, 28 mart, 23:25
  • Baku Bakı 13°C

Geyim rəssamlığımızın əfsanəsi

27.10.19 14:00 2357
Geyim rəssamlığımızın əfsanəsi
Bu günlərdə Azərbaycan Milli Xalça Muzeyində teatr-dekorasiya sənətimizin inkişafına layiqli töhfələr vermiş Xalq rəssamı Bədurə Əfqanlıya (1912-2002) həsr olunmuş kitabın (naşiri R.Gülməmmədli və E.Ağamalov) təqdimatı keçirildi. Rəssamın həmin gün həmin muzeyin sərgi salonunda tamaşaçılara yaradıcılıq irsinin və həyatı ilə bağlı arxiv materiallarının təqdim olunması, müasir sənətsevərlərə zamanında teatr, kino və rəqs sənətləri sıx bağlı olan ilk qadın teatr rəssamımızın yadigar qoyub getdiyi sənət inciləri ilə tanış olmağa imkan verdi.
Həmin gün onunla ünsiyyətdə olanların çıxışlarında və sonda toplaşanlara təqdim olunan milli rəqsləri rövnəqləndirən geyimlərdə Bədurə xanımın ruhu duyulmaqda idi. Onun barəsində söz açmazdan əvvəl milli teatr-dekorasiya sənətimizin təşəkkülünə səyahət etməyə ehtiyac duyuruq. Belə ki, bunsuz B.Əfqanlının bənzərsiz sənətkarlığının estetikasını dəyərləndirmək çox çətin olardı...
1873-cü ilin 10 martında Bakıda M.F.Axundzadənin "Sərgüzəşti-vəziri-xani Lənkəran” komediyasının tamaşaya qoyulması ilə başlanan milli teatr tariximiz nədənsə həmin günü səhnənin tərtibatını həyata keçirən adamın adını özündə yaşatmayıb. Bunun obyektiv və subyektiv səbəblərlə bağlı olması da ən azı ehtimal olunandır. Belə ki, o vaxt bu tərtibat klassik tutuma malik olsaydı, yəqin ki, icraçı-rəssamın adı tarixə düşər və zaman-zaman xatırlanardı. Olub-olmamadığı sona qədər dəqiqləşdirilməyən həmin tərtibatın zamanında tamaşanın ümumi estetikasına hansı əlavə bədii-estetik dəyər bəxş etməsi nə qədər qaranlıq qalsa da, müasir dövrdə teatr tamaşasını tərtibatsız təsəvvür etmək sadəcə mümkünsüzdür.
Bu gün tamaşanın çox vaxt uğurunu şərtləndirən yaradıcılıq məsələlərindən biri məhz onun tərtibatıdır, desək, yanılmarıq. Rəssamların da iştirakı ilə ərsəyə gətirilən bir çox tamaşaların yüksək mükafatlara layiq görülməsində də onların tərtibatlarının daşıdıqları estetik yükün duyulası rolu olmuşdur. Bu gün ali təhsil ocaqlarında teatr-dekorasiya sənəti sahəsində çalışacaq rəssamların hazırlanması da səhnəqrafiyanın əhəmiyyətinin duyulmasının ifadəsidir.
Teatr-dekorasiya sənəti tariximizin arxada qalan illərini xatırlamalı olsaq, onda öncə teatr tamaşalarında rəssamın iştirakı barəsində ilk məlumatı zamanında 1908-ci ildə Ü.Hacıbəylinin "Leyli və Məcnun” operasında baş rolu oynamış Hüseynqulu Sarabskinin verdiyini qeyd etməliyik. O, həmin tamaşanın tərtibatını sonralar həm də rəssam kimi tanınacaq Əli bəy Hüseynzadə (1864-1940) tərəfindən yerinə yetirildiyini müasirlərinə söyləmişdi.
Sonradan Tiflisdə professional təhsil alan Bəhruz bəy Kəngərli (1892-1922) Naxçıvana qayıtdıqdan sonra buradakı teatr tamaşalarının tərtibatı ilə məşğul olmuşdu. Respublikanın sovetləşməsindən sonra isə bu sahədə Ə.Əzimzadə, R.Mustafayev, S.Yefimenko, H.Mustafayev, daha sonrakı dövrdə isə N.Fətullayev, İ.Axundov, Y.Toropov, İ.Seyidova, S.Şərifzadə, Ə.Almaszadə, Ə.Fətəliyev, R.Məmmədov və s. rəssamlar olmuşlar.
XX əsrin ikinci yarısında rəngkarlıq və qrafika ilə məşğul olan rəssamların teatr-dekorasiya işlərinə cəlb olunması, tamaşalara yeni və özünəməxsus estetik məziyyətlər bəxş etmişdir. M.Abdullayev, T.Salahov, T.Nərimanbəyov və E.Aslanovun teatr tərtibatları bu baxımdan maraq doğurur.
Ötən əsrin səksəninci illərində, eləcə də müstəqillik dövründə bir çox gənclərin - N.Bəykişiyev, E.Məmmədov, Q.Məmmədov, T.Tahirov, S.Haqverdiyeva, E.Sərxanoğlu, N.Səmədova, M.Əliyev və İ.Məmmədov kimi yaradıcıların respublikanın müxtəlif teatrlarında səhnəyə qoyulan əsərlərin bədii tərtibatlarında iştirakları həmin tamaşaların geniş tamaşaçı rəğbəti qazanmasında rolu böyük olmuşdur...
Adını yuxarıdakı rəssamların sırasında çəkmədiyimiz Bədurə Əfqanlı isə onların hamısından daha çox səhnəqrafiya ilə məşğul olmuşdur. 1933-cü ildən ömrünün sonuna qədər teatr-kino və rəqs geyimlərinin yaradılmasında onun təxəyyülündən və sənətkarlığından davamlı şəkildə istifadə olunmuşdur. Etiraf edək ki, bu yaradıcılıq prosesi onu müxtəlif xalqların bir-birindən fərqli tarixi, adət-ənənəsi, estetik dəyərləri ilə qarşılaşdırsa da, o, bu təmasdan tamaşaçını duyğulandıra biləcək inandırıcı bədii nəticələr çıxarmaqla, səhnə və ekran əsərlərinin yaddaqalanlığının təminatına ciddi təsirlər göstərmişdir.
Bəri başdan deyək ki, Bədurə xanımın zaman-zaman yaratdığı geyim eskizləri bu gün teatr-dekorasiya rəssamlarının həm müasir, həm də gələcək nəsilləri üçün əyani ensiklopediyaya çevrilmişdir. Bunu həm də onun yaradıcılığında ənənə və müasirliyi uğurla qovuşdurmasının nəticəsi saymaq olar...
Kinofilmlərə tamaşaçıların daha asan baxa biləcəyinin qarşılığında deməliyik ki, onların uzun illər ərzində sevə-sevə tamaşa etdikləri ekran əsərlərindəki obrazların geyimləri Bədurə xanımın təxəyyülünün sayəsində yaradılmışdır. Bu mənada məna-məzmun tutumu təzad təşkil edən "Dədə Qorqud”, "Dəli Kür”, "Koroğlu”, "Dəli Kür”, "Leyli və Məcnun”, "O qızı tapın” və "Qatır Məmməd” filmlərindəki personajların görkəmlərinin koloritli tutum almalarında filmin geyim rəssamı kimi onun böyük əməyi olmuşdur.
Məşhur aktyor Rza Əfqanlı ilə ailə həyatı quran Bədurə xanımın müxtəlif teatrlardakı fəaliyyəti də yaddaqalan olmuşdur. Onun "Otello” (V.Şekspir), "Qaçaq Kərəm” (V.Mçedlişvili), "Şeyx Sənan” (H.Cavid), "Aşıq Qərib” (Z.Hacıbəyov), "Fərhad və Şirin” və "Vaqif” (S.Vurğun), "Sevil”, "Oqtay Eloğlu” və "Aydın” (C.Cabbarlı), "Müsibəti Fəxrəddin” (M.F.Axundzadə), "Şərqin gözəli” (Ə.Məmmədxanlı) və s. əsərlərinin səhnə tərtibatında və geyim eskizlərinin hazırlanmasında özünəməxsusluq nümayiş etdirən rəssam, tərtibatda tətbiq etdiyi müasir səhnəqrafiya materiallarını tamaşanın təsirli və yaddaqalan olmasına yönəldə bilmişdir.
Bədurə xanımın hazırladığı rəqs geyimləri isə bir qədər də tarixi əhəmiyyət kəsb etməsi ilə diqqət çəkir. Belə ki, həmin geyimlərin milli tutumunu təkcə zahiri oxşarlıq səciyyələndirmir, belə ki, onların hər biri rəng çalarlarına görə ifa olunan rəqsin ruhuna-ovqatına müvafiqdir. Bu geyimlərdə rəng rəmziliyi də var, tamaşaçını duyğulandıra biləcək forma-biçim də... Onun Bakı və Abşeron, Lənkəran, Qarabağ, Naxçıvan, Zaqatala-Şəki bölgələrində geniş yayılmış müxtəlif ovqatlı rəqslər üçün hazırladığı geyim eskizləri bu gün də tətbiq olunmaqda-müasirliyini qoruyub saxlamaqdadır.
Yeri gəlmişkən deyək ki, Azərbaycanda fəaliyyət göstərən çoxsaylı rəqs ansambllarının onun yaradıcılığından bu gün də faydalandıqları danılmazdır. Azərbaycan Dövlət Rəqs Ansamblı və Dövlət Mahnı Teatrı rəqqaslarının dünyanın ən nüfuzlu səhnələrində nümayiş etdirdikləri uğurlu çıxışlar bilavasitə Bədurə xanımın hazırladığı geyimlərdə baş tutmuşdur.
Bu gün onun bir çox əsərinin Azərbaycan Dövlət Teatr Muzeyi və A.A.Baxruşin adına Rusiya Mərkəzi Teatr Muzeyində (Moskva) saxlanması da onun yaradıcılığına sonsuz marağın ifadəsidir. Bu həm də hələ sağlığında geyim rəssamlığımızın əfsanəsinə çevrilmiş Bədurə xanımın sənətinin zamansızlığa qovuşmasının təsdiqidir...

Ziyadxan Əliyev
banner

Oxşar Xəbərlər