Geosiyasi reallıqlara uyğun olmayan yanaşma - ŞƏRH
Avqustun 31-də Avropanın siyasi mərkəzi Brüsseldə Prezident İlham Əliyevlə Nikol Paşinyan arasında keçirilmiş görüşdən sonra düşmən tərəf Azərbaycan-Ermənistan sərhədində müxtəlif təxribatlar həyata keçirməyə başladı. Xüsusilə Kəlbəcər və Laçın rayonları istiqamətində mövqelərimiz atəşə tutulurdu. Bundan əlavə, Daşkəsən və Gədəbəy də daxil olmaqla, bütün sərhədboyu mövqelərimiz erməni silahlı qüvvələri tərəfindən atəşə tutulmağa başladı. Belə hərəkətlərin davamı olaraq, Ermənistan ordusu geniş əraziləri əhatə edən təxribata əl atdı. Belə ki, bu gün axşam Ermənistan ordusunun hərbçiləri ərazinin relyefini nəzərə alaraq qanunsuz yollarla Azərbaycan tərəfə keçib minalama işləri aparıblar. Hərbçilərimizin sayıqlığı nəticəsində düşmənin təxribatının qarşısı uğurla alınıb və adekvat tədbirlər görüldü.
Bu barədə politoloq İlyas Hüseynov bildirib.
O qeyd edib ki, 30 illik işğal dövründə Ermənistan tərəfi ərazilərimizi kütləvi şəkildə minalayıb. Buna baxmayaraq, düşmən suveren ərazilərimizdə öz çirkin minalama siyasətini hələ də davam etdirir. Ermənilərin ərazilərimizi minalamaqda əsas məqsədi maksimum dərəcədə çox azərbaycanlının zərər çəkməsi və onların doğma yurdlarına qayıtmalarını ləngitməkdir.
“Azərbaycan ərazi bütövlüyünə və suverenliyinə qarşı təhlükələrin qarşısını almaq üçün zəruri tədbirlə görür. Bu xüsusda düşmənin yalnız hərbi hədəfləri məhv edilir. Ermənistan isə belə bir fikir formalaşdırmaq istəyir ki, guya Azərbaycan onların ərazilərini, mülki obyektlərini, əhalisini hədəfə alır. Bütün bunlar beynəlxalq ictimaiyyəti çaşdırmaq niyyəti daşıyır və tamamilə cəfəngiyyatdır. Ötən gecədən başlayaraq Ermənistanın baş nazirinin Rusiya, Fransa və ABŞ rəsmilərinə zəng etməsi də onu deməyə əsas verir ki, N.Paşinyan ATƏT-in Minsk qrupu formatında danışıqların bərpasında maraqlıdır. Bu da yeni geosiyasi reallıqlarla uyğunluq təşkil etməyən yanaşmadır”, - deyə İ.Hüseynov diqqətə çatdırıb.
Politoloq vurğulayıb ki, hazırda yaranmış vəziyyətə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Düşmən tərəfi öz havadarlarının köməyi ilə ölkəmizə qarşı təzyiqlərı artırmağa cəhdlər göstərir. Buna baxmayaraq, Azərbaycan qalib ölkə kimi qarşısına qoyduğu bütün hədəflərə çatacaq. Ermənistan isə 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan irəli gələn vəzifələri icra etməmək istiqamətində addımlar atır, sülh danışıqlarına kölgə salır, yaranmış vəziyyətdən eskalasiya yolu ilə çıxmaq niyyətini büruzə verir. Bütün bunlar tamamilə qəbulolunmazdır. İqtisadi və nəqliyyat əlaqələrinin bərpası, sərhədlərin delimitasiyası, eyni zamanda, sülh müqaviləsinin imzalanması ölkəmiz üçün prioritetdir. Ona görə də Ermənistan sülhə məcbur edilməlidir.