• çərşənbə axşamı, 19 mart, 13:37
  • Baku Bakı 8°C

General adam...

15.07.20 19:33 8807
General adam...
Qısa həyatı boyu hər kəsin hörmətini qazanmış general-mayor Polad Həşimov, ölümü ilə də ən ali məqamlara - şəhidlik və xalqın sevimlisi zirvələrinə yüksəldi

"Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov şəhid olub”. Srağagün Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumat içimizdən təkcə bir ah kimi qopmadı, bizə təkcə dərin bir kədər yaşatmadı, həm də milli ruhumuzu oyatdı. 30 ilə yaxındır ki, ermənilərin əlində əsir qalan yurd yerlərimizin müdafiəsinə səslədi, işğalda olan torpaqlarımızı geri qaytarmaq çağırışını etdi.
"İki sutka ərzində düşmənə sarsıdıcı atəş zərbələri endirilmişdir. Düşmənin 100-dək canlı qüvvəsi məhv edilib, çoxlu sayda döyüş texnikası, nəqliyyatı, mühüm obyektləri darmadağın olunub və məhv edilib” - kimi döyüş xəbərləri ilə yanaşı, 11 hərbçimizin, o cümlədən "N” saylı hərbi hissənin qərargah rəisi, general-mayor Polad Həşimovun qəhrəmanlıqla həlak olması ilə bağlı üzücü xəbərlər də aldıq. Əgər dünənə qədər onları hərbçilər, əsgərlər, ehtiyatda olan əsgər və zabitlər, dostları, qohum-qonşuları tanıyırdısa, dünəndən etibarən bütün Azərbaycan tanıdı. Uşaqdan-böyüyədək hamı nə qədər kədərləndisə, onların qəhrəmanlığına görə bir o qədər də qürur duydu. Şəhid olan Vətən oğullarının ölümündən boğazda yaş qəhərləndi, yumruqlar düyünləndi...

Təpədən-dırnağadək hərbçi

Polad Həşimovun simasında Azərbaycan ordusu təkcə cəsur və peşəkar hərbçisini itirmədi, həm də ölkəmiz layiqli vətəndaşı ilə vidalaşdı. Belələri haqqında adətən "təpədən-dırnağadək hərbçi idi” deyirlər. Polad Həşimov əslən Qəbələnin Vəndam kəndindən idi. 1975-ci ildə doğulduğu kəndin yolları Sumqayıtadək uzanıb - orta məktəbi bu şəhərdə bitirib. Uşaqlıqdan ciddiyyəti, nizam-intizamı sevməsi hərbi işə meylini artırıb. Heydər Əliyev adına Ali Hərbi Məktəbdə oxuyub. Sonra təhsilini Türkiyədə Hərbi Akademiyada davam etdirib. P.Həşimov 2003-cü ildə mayor rütbəsində olarkən Prezident Heydər Əliyevin sərəncamı ilə "Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.
2009-cu ildə polkovnik-leytenant Həşimov Prezident İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda” medalına layiq görülüb. 2014-cü ildə III dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. 2016-cı ildəAprel döyüşlərizamanı Polad HəşimovTalış kəndiistiqamətində döyüşlər zamanı göstərdiyi qəhrəmanlığa görə Prezident İlham Əliyevin sərəncamı ilə II dərəcəli "Vətənə xidmətə görə” ordeninə layiq görülüb. O, Aprel döyüşlərinin qəhrəmanı hesab edilirdi. Talışdağ istiqamətində mövqeləri gücləndirərək açıq döyüşə girib, düşmən tərəfin onlarla əsgərini məhv etmişdi. Daim ön cəbhədə olan P.Həşimov rəşadətinə və səmimiyyətinə görə əsgər və zabitlərin sevimlisi idi.
2019-cu il iyunun 24-də Prezident İlham Əliyevin sərəncamı ilə Polad Həşimova general-mayor hərbi rütbəsi verilmişdi.

Son loxmasını bölən insan...

Polad Həşimovu tanıyanlar onun haqqında yalnız qürur doğuran, hər bir vətəndaşa fəxarət hissi yaşadan sözlər danışırlar. "Əsgərin yanında olan general-mayor” fikirləri onun tabeliyində olan heyətə diqqət və qayğısını ifadə edir. Hətta ona dövlət tərəfindən hədiyyə olunan evini bir şəhid ailəsinə bağışladığını söyləyənlər var. Oğul itkisindən göz yaşları qurumayan anası Səmayə Həşimovanın dəfn mərasimində jurnalistlərə söylədikləri şəhid generalın öz işinə sonsuz sevgisi və məsuliyyətini olduğu kimi əks etdirir: "Həmişə Vətən dərdi çəkirdi. Beş aydır ki, evə gəlmirdi. Deyirdi, virus qurtarsın, gələcəm. Gəlişi belə oldu. Deyirdi, əsgərlər də mənim balalarımdır, onları orada qoyub gələ bilmərəm”.
Qohumları general-mayoru yaxşı insan kimi xatırlayır, "sonuncu loxmasını bölən, sadə insan” - deyə ölümünə göz yaşı axıdırlar. Vaxtilə P.Həşimovun komandirliyi altında hərbi xidmət keçənlərin sosial şəbəkələrdə paylaşdıqları ürək sözləri general-mayorun vətənpərvər, peşəkar hərbçi olmasından, tabeçiliyindəki əsgər və zabitlərə qayğıkeş yanaşmasından bir daha söhbət açır.
"Zəfər Şəhid Ailələrinə Dəstək İctimai Birliyi”nin rəhbəri, şəhid polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova sübh tezdən aldığı acı xəbərə inanmadığını yazıb: "Düşündüm ki, yəqin səhv olub. Raquf şəhid olanda da bu cür qarşılamışdım. Sən demə, iki qəhrəman dostun ruhları artıq qovuşubmuş. Sən demə, Vətənim daha bir igid, cəsur qəhrəmanını öz qoynuna almış.
General Polad Həşimov... Raqufun silahdaşı, dəyər verdiyi dostlarından biri. Mənim ümidim Sizlərə idi, Raqufu itirəndən sonra, Sizdən gözləyirdim Raquf kimi minlərlə şəhidimizin qisasını. Əsgərinin önündə səngərdə döyüşmək, şəhid olmaq, rütbəsindən asılı olmayaraq, hər bir Vətən sevdalısının əqidəsidir!”
"Kaspi” qəzetinin baş redaktor müavini Məğrur Əli Polad vaxtilə komandiri olmuş Polad Həşimovu belə xatırlayır: "O, çox gözəl insani keyfiyyətlərə malik peşəkar, nümunəvi hərbçi idi. Əsgərdən tutmuş, yuxarı komandirlərə kimi hər kəsin hörmətini qazanmışdı. Milli, vətənpərvər Azərbaycan Ordusunun yeni simalarından biri olan keçmiş hərbi xidmət yoldaşım, komandirim general Polad Həşimovun itkisinə üzülməmək, heyfsilənməmək mümkün deyil... Allah rəhmət eləsin!
İnanıram ki, generalımızın qanı yerdə qalmayacaq. Bu həm də dövlətimiz adına bir qürur məsələsidir!”
Jurnalist İlham Tumas "Əziz qardaşım Polad! Murovdan - sən leytenant olandan qorumaq istəyirdik səni. Bilirdik, bilirdik ki, böyük adamsan, qeyri-adi zabitsən ona görə” - deyə xatırlayır: "Sonradan adda-budda görüşsək də, kimdən səni soruşdum, dedi, Həşimovdan yoxdur! Əsgərlərin səni böyük qardaşları kimi sevirdilər, zabit yoldaşların sənin üçün canını verərdilər. Həmişə gizli qalmağı sevərdin, telefon işlətməzdin, biz də səni buna görə hərdən məzəmmət edərdik. Ancaq, inan, biz də həmişə səni qorumaq, hamıdan gizli saxlamaq istəyirdik. Bu gün artıq səni gizli saxlaya bilmədik... İndi səni bütün Azərbaycan tanıdı və sevdi! Arzularına çatasan, həmişə salamat qalacaq general Həşimov!”
General-mayorun əsgəri olmuş Ramil Cabbarov komandirinin şəhid olması ilə bağlı kədərini bölüşüb: "Şəhid olan general-mayor Polad Həşimov mənim komandirim idi. Duruşu, danışığı, peşəkarlığı və Vətənə sevgisi ilə igid kimi igid idi. Şəxsi heyət qarşısında çıxış edəndə, içimizdəki vətənpərvərlik hissini elə alovlandırırdı ki, əliyalın düşmən üzərinə yürüməyə hazır idik. Tabora gələndə, "Öncə vətən!" kəlməsini elə içdən işlətmişdi ki, indiyə qədər səsini xatırlayıram. Vətən səni heç vaxt unutmayacaq, Cənab Komandir!”
Nicat Həşimzadənin yaddaşında komandiri xeyirxah və qayğıkeş insan kimi qalıb: "Yatmağa yerimiz yox idi. Daha doğrusu, bərbad halda idi. Göy "palatka”ları birləşdirib özümüzə yer düzəltmişdik. Bir dəfə dəhşətli küləkdən dam başımıza uçdu. Sonra gözlənilmədən dağda kazarma tikintisi başladı. Elə bildik ki, nazirlik bizim üçün kazarma tikir. Ancaq kazarmanı hərbi hissə komandiri Polad Həşimov öz hesabına tikdirirdi. Öz evi olmayan komandirimiz bizim üçün ev düzəldirdi”.
Mahir Sadiyevin xatirəsi də general-mayorun zabitəsindən, eyni zamanda əsgərlərinə sonsuz qayğısından söz açır: "Bir gün nazirlikdən yoxlama gəlmişdi. Paltarlarımız çirk içində idi. Su çətinliklə tapılırdı. Qar suyu ilə paltar yuyurduq. Bir polkovnik-leytenant bizi danlayırdı. Komandirimiz Polad Həşimov əsəbiləşdi və dedi: "Mənim əsgərimi məndən başqa heç kim danlaya bilməz. Sözünüz varsa, mənə deyin. Mənim əsgərlərim paltar yumağa su tapmır. İçməli su gətirmək üçün sinəyə qədər qarı tapdaya-tapdaya 3 km yol gedir, həmin yolu da hər əsgər 30-40 litr su ilə geri qayıdır. Mənim əsgərlərim isti kabinetlərdə xidmət etmirlər, cənab polkovnik!”

Ən uca zirvələr

General-mayor Polad Həşimov dünən II Fəxri Xiyabanda torpağa tapşırıldı. Vətən torpağı qəhrəman oğlunu qoynuna aldı. Dəfn mərasimində Prezident Administrasiyasının nümayəndələri, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri və şəhidin ailə üzvləri iştirak etdilər. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dəfn mərasimi zamanı telefon vasitəsilə şəhid hərbi qulluqçunun ailə üzvlərinə başsağlığı verdi.
Polad Həşimov hərbçi peşəkarlığı, cəsurluğu və şücaətinə görə Azərbaycanda gənc yaşında general rütbəsi alan nadir adamlardan idi. "Həyatda ən böyük arzum Qarabağı azad etməkdir” deyirmiş. Bu arzuya çatmaq üçünsə sevimli ailəsindən, üç övladından uzaqda hər çətinliyə qatlaşırdı. Rahat evini təhlükəli, hər an atəş altında ola biləcək səngərlə əvəzləmişdi. Elə düşmənin artilleriya atəşinə də Tovuz rayonu istiqamətində, döyüş zamanı tuş gəldi. General-mayor ən ali məqamlara - şəhidlik və xalqın sevimlisi zirvələrinə yüksəldi.
Məkanın cənnət olsun, Vətən oğlu! Bir gün düşmən tapdağında olan torpaqlarımız azad olunanda, sənin də ruhun təskinlik tapacaq. Rahat uyu, General adam...
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər