• cümə, 29 Mart, 01:50
  • Baku Bakı 7°C

Gənclər siyasəti və teatr

24.04.15 09:01 1574
Gənclər siyasəti və teatr
Böyük tarixə malik peşəkar milli teatrımızın inkişafı, zəngin salnaməsi, uğurları və bugünkü durumu mütəmadi olaraq müxtəlif rakurslardan müzakirə mövzusuna çevrilir. Bu gün ölkə Prezidentinin teatr sahəsi ilə bağlı fərman və sərəncamları, qəbul olunan müvafiq dövlət proqramları öz müsbət nəticəsini göstərməkdədir. Belə ki, hazırda Azərbaycan teatrının sorağı ara-sıra da olsa artıq dünyanın müxtəlif ölkələrindən gəlir. Son bir neçə ildə gənc rejissorlarımız bir sıra xarici ölkələrin səhnələrində tamaşalara quruluş verirlər. İstedadlı gənclərin beynəlxalq səviyyədə teatra cəlbi bu böyük sənətdə öz potensiallarını nümayiş etdirmək üçün onlara geniş meydan açır.
Dövlət tərəfindən də istedadlı gənclərlə işə daim xüsusi diqqət yetirilir. Belə ki, respublikanın müxtəlif teatrlarına baş rejissor vəzifəsinə gənclər təyin olunur, istedadlı teatr mütəxəssisləri xarici ölkələrə ixtisasartırma kurslarına göndərilir və s. Teatrlarımızda həyata keçirilən bütün bu islahatlar bilavasitə “Azərbaycan teatrı-2009-2019-cu illərdə” Dövlət Proqramından irəli gələn vəzifələrin icrası ilə bağlıdır.
Bunu teatrlarda aparıcı mövqe tutan gənclər də təsdiqləyirlər. Gənc aktyor və rejissorlar bizimlə söhbətində dövlətin onlara göstərdiyi qayğıdan danışdılar. Kimisi bu qayğının həddən ziyadə olduğunu, kimisi isə yetərli olmadığını dilə gətirdi.
Gənclərin teatra yol tapmasında heç bir maneə görmürəm
Gəncə Dövlət Dram Teatrının baş rejissoru İradə Gözəlova Gəncə Teatrında gənclərə özlərini göstərmək üçün hər bir imkan yaradıldığını və indiyə kimi gənclərin hər hansı problemlə qarşılaşmadığını bildirdi: “Demək olar ki, teatrda rolların əksəriyyəti gənclərə həvalə olunub. Bizim teatrda gənclərlə bağlı heç bir problem yoxdur. Teatrımızda görkəmli aktyorlar, xalq artistləri, əməkdar artistlər fəaliyyət göstərirlər. Hazırladığım yeni “Dəli yığıncağı” tamaşasında belə bütün yaş kateqoriyasından sənətçi görə bilərsiniz. Həmin tamaşada 18 nəfər aktyor iştirak edir. Səhnədə sözünü demiş aktyorlarla bərabər, 17-18 yaşlı gənclər də çıxış edirlər. Peşəkar aktyorlar gənclərə yol göstərib əllərindən gələn köməkliyi edirlər. Bizim gənclərimiz də hörmətcil və böyük-kiçik yeri biləndirlər. Bu baxımdan, truppamdan çox razıyam.
İ.Gözəlova teatrda gənclərin özlərini göstərməsi işində dövlətin də onlara çox dəstək olduğunu dedi: “Misal üçün, teatrın inkişafı ilə əlaqədar “2009-2019-cu il Dövlət Proqramı” çərçivəsində gənclərə özlərini göstərmək və inkişaf etdirmək üçün hər bir imkan yaradılıb. Bizim teatrda gənc rejissor Elşad Əhmədov “Şəhrizadın oyunu” tamaşasını hazırlayır. Dövlət tərəfindən gənclərə hər zaman dəstək olub. Bu gün gənclərin teatra yol tapmasında heç bir maneə görmürəm”.
Qanunların işləməsi üçün mühit olmalıdır
Lənkəran Dövlət Dram Teatrının baş rejissoru Tural Mustafayev qeyd etdi ki, son dönəmlər gənc rejissorlar teatrlara baş rejissor kimi təyin olunurlar. Onların xaricdə təhsil alması, ixtisaslarının artırılması kimi şəraitlər yaradılır ki, bu da hər kəsin diqqət mərkəzindədir: “Bununla yanaşı, bir neçə vacib məsələlər var. Bu, teatra yönəlmiş ümumi məsələlərdir. Gənclər arasında peşəkarlıq səviyyəsi bir qədər aşağıdır. Bu teatrla əlaqəli deyil, ümumi problemdir. Belə olan halda mədəniyyətin səviyyəsi də aşağı düşür. Biz hazırda gənclərlə olan işimizə baxanda enişdəyik. İnkişaf üçün lazım olan hər şey formalaşsa, gələcəkdə böyük nailiyyətlər əldə etmək olar. Dövlət bir struktur kimi gənclər üçün qanunlar hazırlayır. O qanunların işləməsi üçün mühit olmalıdır. Bu olmasa, heç bir qanun işləyə bilməz. Aktyor gərək özü formalaşsın. İndi hər hansı bir cavan aktyordan soruşsanız ki, nə üçün aktyor və ya rejissor olmusunuz, onlar sizə cavab verməkdə çətinlik çəkəcəklər. Bilikli aktyorları fərqliliyinə və peşəkarlığına görə səhnədə görə bilərik”.
Gənclərin özləri də aktivlik göstərirlər
Gənc Tamaşaçılar Teatrının aktrisası Günel Məmmədova da çalışdığı teatrda gənclərə xüsusi qayğı göstərildiyini və onların bu qayğıdan razı qaldıqlarını bildirdi: “Sözün əsl mənasında bizim teatrda yaşlı və orta nəsil gənclərə çox dəstək olur. Gənclər yaşlı obraz oynasalar belə, yaşlı sənətçilər buna etiraz etmirlər. Bizdə heç rol problemi də olmur. Çünki rejissorlar tərəfindən rollar düzgün bölünür. Rəhbərlik tərəfindən gənclərə dəstək hər zaman olub. Gənclərin özləri də aktivlik göstərirlər, cəmiyyətdə müəyyən mövqe tutmaq üçün əllərindən gələni edirlər. Mən özüm bir neçə ay öncə internet vasitəsilə Rusiya Federasiyası Teatr Xadimlər İttifaqının təşkilatçılığı ilə beynəlxalq “Yay teatr məktəbi” adlı treninqə qatılmaq üçün qeydiyyatdan keçmişəm. Həmin treninqə öz bioqrafiyamı, oynadığım rolları, çəkildiyim filmləri göndərmişdim. 10085 nəfərin içərisindən cəmi 85 nəfər seçilib. Onlardan biri də mən və teatrdan digər həmkarım seçilib. İyun ayında 1 aylıq müddətə Rusiyaya dünyanın tanınmış teatr ustadlarından dərs almağa gedəcəm. Orada dünyanın məşhur rejissorları tərəfindən istər plastika, istər dram və digər janrlarda dərslər keçilir. Bu layihə hər il davam edir. Çox böyük bir layihədir. Orada dünyanın müxtəlif ölkələrindən olan aktyor və aktrisalar iştirak edirlər. Sonda bizimlə bir tamaşa hazırlanacaq. Çox önəmli bir layihədir. Sənədləri təsadüfən göndərsəm də, qəbul olunacağına inanmırdım. Sağ olsun rəhbərliyimiz də bizə bu layihədə iştirak etmək üçün icazə verdi”.
Dövlətin gənclərə qarşı olan siyasəti normaldır
Abdulla Şaiq adına Kukla Teatrının aktyoru Rəhim Rəhimov teatra yeni gələn aktyorların kukla haqqında məlumatlanmağını şərt hesab edir: “Bu işdə Tamilla Bünyatova gənc aktyorlara kömək olur. Biz də əlimizdən gələn köməkliyi göstəririk. Sınaq müddətindən sonra gənclər işə cəlb edilir və məşq prosesləri başlayır. Gənc aktyorların teatra gəlməsi teatr üçün çox yaxşıdır. Dövlətin gənclərə qarşı olan siyasəti normaldır. Misal üçün, gənclər günündə ilin gənc aktrisası və yaxud aktyoru seçilir. O da gəncləri öz işinə daha da həvəsləndirir. Mənə elə gəlir ki, gəncələrə dair konsepsiyalar hazırlandıqca, teatrlara axın daha da güclənər. Bildiyiniz kimi, teatrlarda əmək haqqı azdır, lakin bu sahədə maliyyə imkanları geniş olsa, istedadlı aktyorlar da teatra daha çox maraq göstərərlər. Məhz maliyyəyə görə gənclər teatra deyil, televiziyalara, seriallara üstünlük verirlər ”.
Tamaşaçılar da bunu sübut edə bilərlər
Musiqili Teatrın aktyoru Əkbər Əlizadə də teatrın repertuarında olan tamaşaların əksəriyyətində gənclərin rol aldığını vurğuladı: “Teatrın repertuarındakı tamaşalara baxsanız, görərsiniz ki, aktyorların əksəriyyəti məhz gənclərdir. Bu gün sinələrinə döyərək “özümü nümayiş etdirmək istəyirəm” deyən gənclər üçün çox gözəl meydan, şərait yaradılıb ki, onlar tamaşaçılarla üzbəüz, canlı şəraitdə öz istedadlarını göstərsinlər. Musiqili Teatrda gənclərə böyük meydan verilib. Tamaşalarımızı izləyən tamaşaçılar da bunu təsdiq edə bilərlər. Bir neçə gəncimiz Rusiyanın müxtəlif şəhərlərində təcrübəsini, ixtisasını artırmaq üçün göndərilib. Bir sıra festivallar keçirilir və bu kimi festivallara bizim gənclərimiz cəlb olunurlar. Kimlər ki, öz gücünə, qabiliyyətinə inanır, Mədəniyyət və Turizm Nazirliyi onun üçün hər bir imkan yaradır və maddi baxımdan onlara dəstək olur. Bu gün gənclərə mükafatlar verilir. Mən özüm də Prezident mükafatçısıyam. Bu gənclərə bir növ dəstəkdir. Digər tərəfdən isə, bu mükafatlar gəncləri işləməyə daha da həvəsləndirir. Dövlətimiz tərəfindən həm maddi, həm də mənəvi dəstəyi görməmək mümkün deyil”.
Gənclərə hər dəfə baş rol vermək olmur
Akademik Milli Dram Teatrının aktyoru Anar Heybətov onun çalışdığı teatrda da gənclərə böyük meydan verildiyini qeyd etdi: “Akademik Milli Dram Teatrında yeni gələn gənclər üçün studiya yaradılıb. Orada universitetdə oxuyan və oxumayan tələbələrə özlərini göstərmək üçün şans yaradılıb. Tamaşalarımızın əksəriyyətində də gənc aktyorlar və həmin studiyanın iştirakçıları rol alıb. Teatrımızın gənclərlə bağlı heç bir problemi yoxdur. Gənclər üçün hər bir imkan yaradılır. Gənclər elə ilk tamaşalarından özlərini göstərə bilərlər. Ancaq ola bilər ki, hansısa gənc işin öhdəsindən gəlməyi bacarmır, onlara növbəti tamaşalarda rol verilmir. Bütün gənclərə hər dəfə baş rol vermək olmur. Ancaq buna baxmayaraq, tamaşalarımızın əksəriyyətində gənclər üstünlük təşkil edir. Teatra gənclərin gəlməsi və onlara meydanın verilməsi çox müsbət haldır. Bu, teatrın gələcəyi üçün böyük stimuldur”.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər