AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Gənclər 27 fevral aksiyasına “yox” deyir

Gənclər 27 fevral aksiyasına “yox” deyir

Siyasət
21 Fevral 2013, 11:11 1572
Sosial şəbəkələrdə bir qrup tələbə fevralın 27-nin Bakıda “tələbə etirazı” günü elan edilməsi barədə məlumat yayıb. Aksiya təşkilatçıları ali məktəblərdə təhsil alan tələbələri fevralın 27-də bir günlük dərslərə getməməyə çağırıblar. Onlar - “Bizi Bakı küçələrinə etiraz keçirməyə qoymurlarsa, o zaman evdən çıxmadan etiraz edək” - deyə, gənclərə səsləniblər. Aksiya təşkilatçıları keyfiyyətsiz təhsilə, rüşvətxorluğa etiraz əlaməti olaraq bu addımı atdıqlarını bildiriblər.

Bu kimi çağırışlara münasibət bildirən Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədri Seymur Orucov aksiyanı təşkil edənləri, yaxud planlaşdıranları Azərbaycan gənclərinin, ən vacibi isə tələbələrin düşməni kimi xarakterizə edib. O, belə çağırışlar edən gənci, vətəndaşı və yaxud hər hansı bir təşkilatı ən pis şəkildə qınayıb: “Gəncləri etiraz aksiyasına dəvət edənlərin təhsildən, elmdən məlumatı yoxdur. Boloniya prosesi ilə bağlı məlumatı olan az-çox insan bilər ki, bu sistemdə tələbə-müəllim asılılığı ən minimum həddə çatdırılıb. Tələbənin müəllimə qarşı və yaxud müəllimin tələbəyə qarşı imtahanın nəticələrinə görə asılılığı, minimum həddədir. Qalan məsələlər sərbəst işə, dərsə davamiyyətə və müəllimin ona vermiş olduğu bala görədir. Belə olan halda kimsə deyirsə ki, təhsildə korrupsiya, rüşvətxorluq faktı baş alıb gedir, bu, inandırıcı deyil. Dediyim bu məsələləri Boloniya sistemindən bir balaca başı çıxan adam dərhal anlaya bilər. Amma təəssüflər olsun ki, bu tədbirləri idarə edənlər təhsillə əlaqəsi olmayan, yaxud köhnə sistemlə universitet bitirən adamlardır. Ola bilsin müəyyən qədər çatışmazlıq var, amma zaman keçdikcə bu təkmilləşdirmə işləri tam həyata keçiriləcək. Artıq yeni proqrama istər müəllimlər heyəti, istərsə də tələbə heyəti olsun, uyğunlaşmaqdadır. Bunun üçün də ali təhsil ocaqlarında rüşvətxorluq, korrupsiya halları, müəllimin tələbəni incitməsi kimi hallara yol verilmir. Ona görə də - “Təhsil sistemindəki rüşvətxorluğa etiraz edirik” - deyib, aksiya keçirmək istəyənlərin hərəkətləri gülünc görünür. Digər tərəfdən, Boloniya sistemində təhsilə davamiyyət məsələsi vacib şərtlərdən biridir. Əgər bir insan həqiqətən də tələbələrin haqqını, hüququnu qorumaq istəyirsə, o zaman niyə deyir ki, sən dərsə getmə? Axı, belə olan halda həmin tələbənin gələcək imtahanlara girişi təhlükə altına düşür. Bu çağırışı edən insan, yaxud da hər hansı bir təşkilat, əgər deyirsə ki, ay tələbə sən filan tarixdə dərsə getmə, haradasa gəz, evdə valideynlərini aldat, belə adamlardan hansı gəncə, vətəndaşa xeyir gələ bilər?”.

S.Orucov bəzi qüvvələr tərəfindən bugünkü Azərbaycanın inkişafının, dövlətlə xalqın bütövlüyünün qəbul edilmədiyini dilə gətirib. Onun sözlərinə görə, bu qüvvələr hər vəchlə istəyir ki, iqtidarla xalq arasındakı vəhdət qırılsın: “Lakin bu adamlar bilməlidir ki, Azərbaycan xalqı, Azərbaycan dövləti ağıllı, intellektual səviyyəsi olan insanlardan ibarətdir. Bizim tələbələrin 98 faizi də bu kateqoriyaya aiddirlər. Ona görə də tələbələrimiz, gənclərimiz onların bu çağırışlarına heç vaxt səs verməyəcəklər. Bunların arxasında Qərb dövlətləri və radikal müxalifətin nümayəndələri dururlar. İnanıram ki, hər zaman olduğu kimi bu dəfə də çağırışlara heç kim məhəl qoymayacaq. Bu aksiyada barmaq sayında insan iştirak edəcək. Onların bu aksiyaları yenə də baş tutmamış sayılacaq”.

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAİT) sədri Gülsel Səfərova gənclərə yönələn belə çağırışlardan təəssüf hissi keçirdiyini söyləyib. Bildirib ki, Xocalı soyqırımı ildönümünün keçirildiyi ərəfədə və sonra gəncləri müxtəlif bəhanələrlə etiraz aksiyasına səsləmək milli maraqlara qətiyyən cavab vermir: “27 fevraldan bir gün öncə Azərbaycanda Xocalı soyqırımının anım günüdür. Mən bu aksiyaların arxasında dayanan bir qrup insanın Xocalı ilə bağlı hər hansı çağırışını, soyqırımına hüquqi-siyasi qiymət verilməsi üçün sosial şəbəkələrdə dünya birliyinə hər hansı səslənişini görmədim. Bu o deməkdir ki, Azərbaycanın milli məsələlərində yanında olmayan bir qrup insan tələbə gənclərin adından istifadə etməyə çalışır. Onlar siyasi maraqlarını təmin etmək üçün tələbələrə müəyyən çağırışlar edirlər. Azərbaycanın milli maraqlarını hər şeydən üstün tutan, dövlətçiliyə sadiq olan vətənpərvər gənclik tərəfindən belə çağırışların hansı məqsədlərə xidmət etdiyi başa düşülür və sərt təpki ilə qarşılanır. Azərbaycanın beynəlxalq imicini düşünən gənclik bu cür siyasi oyunlara getmir. Məsələ burasındadır ki, qanunla heç kimə öz fikirlərini ifadə etmək üçün, sərbəst toplaşmaq üçün qadağalar qoyulmayıb. İstənilən vətəndaş bu hüquqdan istifadə edə bilər. Amma, qanunun yaratdığı imkandan sui-istifadə etmək, başqalarının hüquqlarını pozmaq yolverilməzdir. Hər bir kəsin azadlığı, başqa bir vətəndaşın hüquqlarının başladığı yerdə yekunlaşır. Ali məktəblərdə təhsil alan tələbələri dərsdən yayınmağa, aksiyaya səsləmək, sonradan siyasi məqsədlər naminə onları münaqişəyə, zorakılığa cəlb etmək də başqalarına qarşı hüquq pozuntusudur. Ona görə də mən tələbələrə səslənərək, gəncləri bu tipli aksiyalara əhəmiyyət verməməyə çağırıram”.

G.Səfərova vaxtilə özünün də tələbə olduğunu diqqətə çatdıraraq, onların da qeyri-sağlam məqsədlərə xidmət edən aksiyalara dəvət edildiyini vurğulayıb: “Bizlər bu aksiyaların arxasında kimlərin dayandığını, kimin mənafeyinə xidmət etdiyini, dövlətə və dövlətçiliyə zərbə vurduğunu dərk etmişik. Bu səbəbdən aksiya təşkilatçılarının bütün cəhdləri fiaskoya uğrayıb. Azərbaycanda müxtəlif bəhanələrlə aksiya keçirmək istəyənlər, ölkəmizdə siyasi sabitliyin pozulmasına cəhd edirlər. Onlar həm xarici, həm də daxilimizdəki havadarlarının maraqlarını təmin edirlər. İstəkləri hakimiyyətə gəlmək, vəzifə sahibi olmaqdır. Ona görə də gənclərimiz belə aksiyaya əhəmiyyət verməməli, öz gələcəklərini, karyeralarını düşünməlidirlər. Azərbaycanın gələcəyi, sosial-iqtisadi yüksəlişi yalnız intellektual, müasir təfəkkür tərzinə malik gənclərə bağlıdır”.

Rufik İSMAYILOV