• çərşənbə, 24 Aprel, 12:29
  • Baku Bakı 27°C

Gəncədən Avropaya göndərilən ağır sənaye məhsulu

05.03.19 10:00 816
Gəncədən Avropaya göndərilən ağır sənaye məhsulu
Bu il Gəncə Alüminium Zavodunun məhsulları yeni istiqamət olan İtaliyaya ixrac ediləcək. Bu barədə müəssisədən bildirilib. Zavoddan verilən məlumata əsasən, hazırda zavodun məhsulları demək olar ki, tamamilə ixraca yönəlib: "Şirkətin məhsulları bir sıra Avropa və keçmiş Sovet İttifaqı ölkələrinə ixrac edilir və yaxın aylarda İtaliya bazarına ixrac həyata keçiriləcəkdir. Gəncə Alüminium Zavodu ixrac mallarının davamlılığını təmin etmək məqsədilə istehsal həcmlərini artırmağı planlaşdırır". Qeyd edək ki, bu il şirkət istehsal həcmini 52,447 min tona qədər artırmağı planlaşdırır. Ötən il eyni dövrdə bu göstərici 51,967 min ton olub.
Bəs görəsən daha hansı ölkələrə alüminium ixrac edə bilərik? Ümumiyyətlə, hal-hazırda bu sahədə vəziyyət necədir?
İqtisadçı ekspert Pərviz Heydərov bildirdi ki, qeyri-neft sektorunun inkişafına göstərilən dəstək ağır sənayenin inkişafında da özünü göstərir: "Hələ sovet dövründə bu ənənə bizdə mövcud olub. Ağır sənaye Azərbaycanda əvvəllər də sənayenin aparıcı qollarından hesab olunurdu. Təəssüflər olsun ki, müstəqillik əldə edildikdən sonra bir sıra sahələrdə olduğu kimi, sözügedən sahədə də müəyyən çətinliklər yaşandı. Fəaliyyət göstərən bəzi müəssisələr öz fəaliyyətini dayandırmaq məcburiyyətində qaldı. Bildiyiniz kimi, son illər ərzində ölkə iqtisadiyyatının əsas hərəkətverici qüvvəsi olan qeyri-neft sektorunun inkişafında mühüm nailiyyətlər əldə olunub, istehsal olunan ümumi daxili məhsulun (ÜDM) həcmində onun xüsusi çəkisi üstünlük təşkil etməyə başlayıb, rəqabətqabiliyyətli, ixrac imkanlı məhsulların istehsalı genişlənib. Makroiqtisadi sabitlikdə dayanıqlıq əldə olunması üçün xarici ticarət dövriyyəsində əlverişli balans və yaxud vəziyyətin yaranması olduqca vacibdir. Hesab edirəm ki, növbəti illərdə ixracyönümlü müəssisələrin yaradılmasına daha böyük diqqət göstərilməlidir. Prioritet sahələrdən biri kimi sənaye sahəsinin ixrac potensialını artırmaq üçün ilk növbədə bu məqama diqqət ayrılmalıdır. Hazırda adıçəkilən sahəyə yeni investisiyalar cəlb olunur. İnvestisiya cəlb etməklə, ağır sənayenin inkişafı dövlətin əsas iqtisadi siyasətinə çevrilib. Görülən işlərin nəticəsi olaraq maşınqayırma, metallurgiya kimi ağır sənaye sahələrində xeyli irəliləyiş var. Alüminium sahəsinə əvvəllər də böyük maraq olub və xeyli investisiyalar yatırılıb. Amma həmin ərəfələrdə bu sahə o qədər də göz önündə deyildi. Hazırda yenidən bu sahəyə maraq artıb. Bununla bağlı müvafiq müəssisələr yaradılır. Alüminium istehsalının inkişaf etdirilməsi və ixracı qarşıya qoyulan hədəflər sırasındadır. Çünki alüminium ixracı bizim üçün son dərəcə böyük əhəmiyyət kəsb edir. Qeyri-neft məhsullarının ixracının əhəmiyyətli bir hissəsini alüminium ixracı təşkil edir. Dünya üzrə götürdükdə və mövcud tələblər nəzərə alınmaqla, bu sahəni daha da inkişaf etdirə bilərik. Çünki qeyri-neft sektorunun bu seqmenti ən gəlirli sahələrdən biri hesab olunur. İxracı artırmaqla biz ölkəyə daxil olan valyutanın həcmini daha da artıra bilərik”.
İqtisadçı-alim Vüqar Bayramov söylədi ki, ixracı artırmaq üçün ilk növbədə alüminium istehsalına diqqət artırılmalıdır: "Hesab edirəm ki, Azərbaycanda alüminiumun ixrac potensialı kifayət qədər genişdir. Bu mənada Avropa bazarları Azərbaycan üçün ən vacib bazarlardan hesab olunur. Amma nəzərə almaq lazımdır ki, Avropa bazarları alıcı miqyasına görə dünyanın ən böyük bazarıdır. Ona görə də, Azərbaycan sahibkarlarının bu bazarlara çıxış imkanlarının artırılması vacibdir. Çalışmalıyıq ki, bu bazarlara daha çox məhsul ixracı həyata keçirə bilək. Beləliklə, ölkəyə daha çox valyuta cəlb oluna bilər. Bununla yanaşı, MDB bazarları da alüminium ixracı üçün vacib bazarlardan hesab olunur. Yaxın Şərq ölkələrində də alüminiuma tələbat böyükdür. Sözügedən ölkələrə alüminium ixrac edə bilərik. Bunun üçün isə ilk növbədə istehsal daha da artırılmalıdır. Hazırda alüminium ən çox tələb olunan qeyri-neft məhsulları arasındadır. Azərbaycan emaledici məhsullar istehsal etməklə öz ixrac imkanlarını bir neçə dəfə genişləndirə bilər. Bu, həm qeyri-neft sektorunun inkişafına təkan verəcək, həm də ölkəyə gələn gəlirin həcminə ciddi təsir göstərəcək. Emaledici məhsullara bazarda tələb yüksək olduğundan, biz öz gəlirlərimizi daha da artıra bilərik”.
Şəbnəm
banner

Oxşar Xəbərlər