• cümə, 29 Mart, 13:39
  • Baku Bakı 14°C

Gəncə Teatrının “dəliləri” paytaxtımızda performans sərgilədi

24.12.15 11:40 1249
Gəncə Teatrının “dəliləri” paytaxtımızda performans sərgilədi
“Ey insanlar, qorxun Rəbbinizdən və bilin, tək bir candan yaratmış sizi O. Və bu candan onun tayını, sonra da bir cüt candan xeyli sayda kişilər və qadınlar yaratmış. Çəkinin Allahdan. Axı bir-birinizdən nəsə umursunuz Onun adıyla. Əqrəbalıq bağlarını qırmayın. Şübhəsiz, üstünüzdə gözü var Allahın” – bunlar Quranın Əl nisə surəsində deyilir. Eynilə dekabrın 15-də Bakıya qonaq gələn Gəncə Dövlət Dram Teatrının təqdim etdiyi “Dəli yığıncağı” tamaşasında doktor Lalbyuzun dediyi kimi.
Ötən əsrin əvvəllərində, Azərbaycanda mövhumat və fanatizmin meydan suladığı vaxtlarda Cəlil Məmmədquluzadənin kəsərli bir silah kimi qələmə aldığı ölməz “Dəli yığıncağı” əsəri yenə də teatrlarımızda səhnələşdirilən tamaşalar sırasındadır. Çünki, bu gün də öz aktuallığını qoruyub saxlayır.
S.Vurgun adına Rus Dram Teatrının səhnəsində nümayiş olunan tamaşanın “dəliləri” - xalq artisti Pərvanə Qurbanova, əməkdar artistlər İlham Hüseynov, Elxan Abbasov, Ramiz Vəliyev, Faiq Qasımov, aktyorlar Mətləb Təhmazi, Samir Abbasov, Salam İsmayıl, Sevda Orucova, Ramin Hüseynov, Kamil Nazimoğlu, Rauf Hüseynov, Nailə Əhmədova, Şəlalə Rüstəm, Sevinc Hüseynova, Vasif Vəsfinur, Murad Meyfəliyev, Elnur Abbasov paytaxt sakinlərini heyran etdi.
İki əks qütb
Tamaşa ilk olaraq iki əks qütbün dialoqundan, tərcüməçi ilə ingilis Lalbyuzun söhbəti ilə başlayır. Tərcüməçi əsl köhnə Azərbaycan kişilərini xatırladır – başında keçə papaq, saqqallı və altdan-üstdən geyinmiş biri. İngilis isə müasir və sadəliyə üstünlük vermiş geyimdə təqdim olunur.
Tamaşanı gənc bir xanım, özü də YUĞçulardan görüb-götürmüş, Moskvada təhsil almış, xarici rejissorlardan bəhrələnərək püxtələşmiş, bu gün Gəncə teatrında baş rejissor kimi çalışan İradə Gözəlova hazırlamışdı. Dedik ki, paytaxtımıza qonaq gəlib, qonağı qarşılamamaq ayıb olar. Ona görə də zalda ön cərgədə oturdum ki, səhnəyə daha yaxın olum, aktyorların nəfəslərini duymaq şansım olsun. Elə pərdələrin açılmağını gözləyirdim ki, səs arxa tərəfdan gəldi. Doktur Lalbyuzla (əməkdar artsit İlham Hüseynov) tərcüməçi (Vasif Vəsfinur) zala daxil oldular. Lalbyuzun əlində isə balaca bir qutu, içərisində də 2000 manat dəyəri olan və tərkibində nə olduğu bilməyən dərman. Hansı ki, bu gün bir çox özəl klinikalarda mənşəyi bilinməyən o qədər elə qutuların şahidi olmuşuq ki.., Və gördükcə də Mirzə Fətəliyə, Mirzə Cəlillərə rəhmət oxuyuruq. Nə isə mövzudan çox yayınmayaq, həkim tamaşaçıları inandırmağa çalışırdı ki, hər hansı bir dəli bundan istifadə etsə, çevrilib ağıllı-başlı adam olacaq.
Həkim gəldiyinə görə yaman peşman da olur. Çünki bu ölkəyə dini xurafat onun özündən qabaq gəlib. Tərcüməçi onu gəzdirir, vətənimizin adətləri və insanları ilə tanış etməyə çalışır. Lalbyuzun məscidə girər-girməz nəzir qutusuna pul atmalı, çıldaq edən qadına nəzir verməli, divara yapışdırdığı qəndə görə yenə əlini cibinə salmalı olur. Beşbarmağın altından keçəndə də eyni vəziyyət.
Dünyanın hansı ölkəsində bu şounu görmüsünüz? Nəyə gülürsünüz? Guya indi o hadisələr bir sıra məscidlərimizdə yoxdurmu? Bu gün o cəhaləti yaşamırıqmı? Bu gün də qara bayraq asıb, məhərrəmlikdə özümüzü zəncirləmirikmi? Ziyarətə gedəndə dilənçilərin əlindən yaxa qurtarmaqda çətinlik çəkmirikmi? Bunların hamısı xurafat deyil də bəs nədir? Cəlil Məmmədquluzadə də bizlərə məhz bunu göstərməyə çalışıb. Təbii ki, anlayana.
Dini xurafatın da qəhqəhəsi olarmış
“Dəli yığıncağı”nın Azərbaycan ədəbiyyatında orijinal tragikomik pyeslərdən olduğu hər kəsə məlumdur. Məhz bu səbəbdən sizə əsər barədə məlumat verməyi artıq hesab edirəm. Tamaşada İradə Gözəlovanın göstərməyə çalışdığı dini xurafatın da qəhqəhəsi öldürücü bir halda meydana çıxır. Buna gülməmək mümkün deyil. Tamaşada baş verən acı və gülünc hadisələr insan ürəyinin müsibətdən, biabırçılıqdan partlamaq dərəcəsinə gəldiyi bir vəziyyətdə hazırlanıb. Bu baxımdan gənc rejissora böyük bir alqış düşür. Alqışın bir hissəsini də tamaşanı onun istəyinə uyğun canlandıran aktyorların hesabına yazsaq daha ədalətli olar.
“Dəli yığıncağı” tamaşasının sənhə tərtibatı (rəssam – Elnur Axundov) tamamilə tamaşanın ideyasına və rejissor yozumuna uyğun verilib. Rejissor səhnədəki bütün detallardan özünün mizan quruluşunda bacarıqla istifadə edir. Tamaşada musiqi (musiqi tərtibatçısı – Tünzalə Mustafayeva) böyük önəm daşıyır. “Dəli yığıncağı”nın mövzuya uyğun olaraq seçilmiş musiqiləri tamaşanın təsir gücünü daha da artırır, onu daha baxımlı edir. Buradan da İradənin zövqünün notları hiss olunur.
İngilis necə imama çevrilir?
Diqqətimi çəkən əsas nüanslardan biri də nəzir qutusunun hazırlanma forması idi. Qutu üç tərəfi plastik şüşədən hazırlanmışdı. Onun daxilində əngəlli biri əyləşmiş və qutuya salınan pulları mənimsəyirdi. Tamaşanın sonunda isə qutudan çıxan əngəlli gənc imama verilən vergi sayəsində sağalır və ayağa qalxır. İmam bir növ bizim bu gün də fəaliyyət göstərən cadugərlərimizə bənzəyir: Bir dəfə sənə şəfalı əllər toxunacaq, olacaqsan anadangəlmə biri.
“Dəli yığıncağı”nda yaşanan bu adətlərimiz cahilliyin elə bir göstəricisidir ki, xalqın dərdini görən ingilis özü dəliyə çevrilir. Nəticədə bizim yazıq vətəndaşlarımız üçün 5 qəpiklik dərmanını 2000 manata sırımağa çalışan həkim dərmanını öz başına yaxmalı olur. Maraqlısı da burasındadır ki, xeyrini də görür. Və o saat dönür olur imam və hər kəs ona sitayiş edir. Bu nə dərman imiş belə? Hətta həkim dərmanı təqdim edərkən internetdə saytlarda olduğunu da bildirir, təəssüf, yaddaşım zəif olduğundan saytın adını həməncənə unutdum.
Dəli olub dəlilərə qoşulan Pırpız Sona (xalq artsiti Pərvanə Qurbanova) sona qədər mübarizə aparır. Öz ərinə xəyanət etmir. Onun sevimli kuklasının içində də sən demə müqəddəs Quran kitabı saxlanırmış. İngilis kuklanı əlinə alanda içindəki müqəddəs kitabı görür və əslində bu insanların heç də dəli olmadığını anlamğa çalışır. O, Quranı oxuyur və anlayır ki, əslində quran nə deyir. İngilis Lalbyuz dönür olur müsəlman. Özü də Cənab Sahibəzzaman ağa. O imam olduqdan sonra ağaca bağlanmış qara-qırmızı bağları çıxarıb atır. İnsanlara islam dininin gözəlliyindən bəhs edərək, quranın nə deməyə çalışdığını anlatmağa çalışır. Tamaşanın sonuna yaxın qardaşlar barışır və qucaqlaşırlar.
Azanla tamaşa sonlanır
Sonda səhnədə Azan oxunur. İmam Lalbyuz başda olmaqla itirakçılar namaz qılmağa başlayır. Bu isə qeyd edim ki, birmənalı qarşılanmır... İngilisin gəlib vətənimizdə vətəndaşlara ağıl öyrətməsi, çönüb bir anda molla olması, cahil müsəlmanlara namaz qılmağı öyrətməsi və s. görən nə dərəcədə düzdür? Sonluğun bu cür gözlənilməz bitməsi sözsüz ki, rejissorun yozumudur... və ona da hörmətlə yanaşmaq lazımdır.
Tamaşa bitdi və alqış səsləri ucaldı. Tamaşaçı qıtlığına, alqışına həsrət qalan Gəncə Teatrının aktyorları sonda ayaq üstə alqışlanaraq gül atəşinə tutuldular. Elə necə olmalı idisə, elə. Çünki onların da layiq olduqları tamaşaçı sevgisinə, alqışına, rəylərinə ehtiyacları var...
Xəyalə Rəis
Teatrşünas
banner

Oxşar Xəbərlər