• cümə axşamı, 18 aprel, 20:48
  • Baku Bakı 21°C

Gənc istedadların mahnı müsabiqəsinə start verilib

23.05.14 13:51 1320
Gənc istedadların mahnı müsabiqəsinə start verilib
Millət vəkili Elxan Süleymanovun Şamaxıdakı qərargahında bir neçə gün əvvəl onun təşəbbüsü və dəstəyi ilə start götürən Şamaxı rayonunun gənc istedadlarının mahnı müsabiqəsinə dair mətbuat konfransı keçirilib. Yerli icra orqanları, ictimaiyyət və kütləvi informasiya vasitələrinin iştirakı ilə keçirilən mətbuat-konfransını giriş sözü ilə E.Süleymanovun nümayəndəsi, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) vise-prezidenti Vəli Əlibəyov açıb. O, millət vəkilinin Şamaxı rayonundakı fəaliyyətindən, o cümlədən gənc nəslin inkişafı və formalaşmasında milli-mənəvi dəyərlərin aşılanması, gənc istedadların üzə çıxarılması və tanıdılması istiqamətində gördüyü işlər haqqında danışıb.
Sonra Təşkilat Komitəsinin sədri İradə Yaqubova hazırlıq işlərindən, müsabiqənin keçirilməsini zəruri edən səbəblərdən danışıb. Bildirib ki, mayın 15-dən Şamaxının millət vəkili E.Süleymanovun təşəbbüsü və dəstəyi ilə Şamaxı rayonunun gənc istedadlarının mahnı müsabiqəsi elan olunub. Onun sözlərinə görə, mahnı müsabiqəsinin məqsədi milli musiqimizin təbliğatı, gənc nəsilə milli-mənəvi dəyərlərin aşılanması, gənc istedadların üzə çıxarılması, dəstəklənməsi, yaradıcı potensialının inkişafı və tanıdılmasıdır: “Azərbaycan xalqının musiqi-poetik yaradıcılığının ən qədim və önəmli janrlarından olan mahnılarda onun pak, yüksək mənəviyyatı, daxili aləmi, arzuları, ümidləri parlaq şəkildə əks olunub. Sözsüz ki, tariximiz, adət-ənənələrimiz, mədəniyyətimiz, ədəbiyyat və incəsənətimiz bizim milli-mənəvi dəyərlər sistemini təşkil edir. Müsabiqənin təşəbbüskarı olan millət vəkili Elxan Süleymanov öz fəaliyyətində gənc nəslin inkişafı və formalaşmasında milli-mənəvi dəyərlərin aşılanması, gənc istedadların üzə çıxarılması və tanıdılması prinsiplərini əsas tutur. Müsabiqənin Təşkilat Komitəsi artıq Şamaxıda aidiyyəti qurumlar, o cümlədən Uşaq və Gənclər Yaradıcılıq Mərkəzi, Şamaxı Humanitar Kollecində görüşlər keçirib, o cümlədən müsabiqə ilə bağlı yerli icra hakimiyyəti, təhsil və mədəniyyət şöbələri məlumatlandırılıb, müsabiqəyə dair plakatlar paylanılıb və təqdimat mərasiminin keçiriləcəyi elan olunub”.
İ.Yaqubova müsabiqənin keçirilmə şərtləri barədə də ətraflı məlumat verib. Qeyd edib ki, müsabiqədə əvvəllər heç bir müsabiqənin qalibi olmayan 7-16 yaş arasında olan Şamaxı rayonunun sakinləri iştirak edə bilərlər. Onun sözlərinə görə, seçim mərhələsi may-iyun aylarında Şamaxı şəhərində aparılacaq və qaliblər Bakıda keçiriləcək müsabiqənin yekun konsertində iştirak etmək hüququnu qazanacaqlar: “Müsabiqədə iştirak etmək istəyən şəxslər mayın 15-dən iyunun 30-dək sənədləri, o cümlədən doldurulmuş ərizə forması, iştirakçının yaşını təsdiq edən sənədin surəti (doğum haqqında şəhadətnamə və ya şəxsiyyət vəsiqəsi), 2 ədəd fotoşəkil (3x4) Təşkilat Komitəsinə (Şamaxı rayonu, Şamaxı şəhəri, Şirvan küç. 9) təqdim etməlidirlər. Sənədlərə audioyazı da əlavə oluna bilər. Əlavə məlumat üçün Mahnı müsabiqəsinin Təşkilat Komitəsinin Şamaxı şəhərindəki (020) 26 5-14-74, (044) 27-6-55-66, (055) 655-04-58 telefon nömrələrinə də zəng vurmaq olar”.
Mətbuat konfransında çıxış edən Şamaxı rayon İcra Hakimiyyətinin, Mədəniyyət və Təhsil şöbələrinin nümayəndələri, Şamaxı Humanitar Kollecinin təmsilçısı hər zaman olduğu kimi bu dəfə də E.Süleymanovun təşəbbüsünü bəyənib dəstəklədiklərini bildiriblər. Onlar E.Süleymanovun millət vəkili seçildiyi gündən rayon və sakinlər üçün bir çox işlər gördüyünü, yetişən nəslin maarifləndirilməsi və inkişafı baxımından hər zaman bu cür təşəbbüslərlə çıxış etdiyini vurğulayıblar. Bildirilib ki, xalqımıza Xaqanilər, Nəsimilər, Seyid Əzim Şirvanilər, Abbas Səhhətlər, habelə onlarla digər böyük mütəfəkkirlər, maarifçilər bəxş etmiş və dahi Sabiri yetişdirmiş Şamaxı Azərbaycanın ən böyük mədəniyyət mərkəzlərindən biridir. Bu gün də burada kifayət qədər istedadlı gənclər var və onlara sadəcə təkan vermək lazımdır.
Mətbuat-konfransından dərhal sonra mahnı müsabiqəsində iştirak etmək istəyən onlarla gənc Təşkilat Komitəsinə sənədlərini təqdim edərək seçim turunda iştirak etmək üçün qeydiyyata alınıblar.
Xatırladaq ki, 2010-cu ildə Şamaxının millət vəkili seçiləndən sonra hər il onun təşəbbüsü və dəstəyi ilə Şamaxıda Mirzə Ələkbər Sabirin yaradıcılığına həsr olunan bədii qiraət müsabiqələri keçirilir, gənc qiraətçılər üzə çıxarılır və mükafatlandırılır. Belə ki, M.Ə.Sabirin yaradıcılığına həsr olunmuş bədii qiraət müsabiqəsinin 27 qalibi, o cümlədən 2 Seyid Əzim Şirvani qiraətçisi Şamaxının millət vəkilinin təsis etdiyi təqaüdü bu gündə hər ay alırlar. Hazırda hər ay olmaqla müsabiqənin qaliblərindən 27 nəfəri Mirzə Ələkbər Sabir, o cümlədən 2 nəfəri isə Seyid Əzim Şirvani adına olan təqaüdlə təsis olunurlar. Eyni zamanda ali təhsil müəssisələrinə yüksək balla qəbul olunmuş 20 tələbə də təqaüdlə təsis olunur. Millət vəkilinin gördüyü işlər arasında 6 kəndə içməli su xətləri və bulaqlarının çəkilməsi çəkilməsi, Böyük Vətən müharibəsi veteranlarının, Qəhrəman Anaların, Qarabağ müharibəsi şəhidlərinin ailələri diqqətdən kənar qalmamaları, Əfzələddin Xaqaninin Məlhəm kəndindəki abidəsinin və Mirzə Ələkbər Sabirin müəllimi olmuş şair Seyid Əzim Şirvaninin qəbirüstü abidəsinin yenidənqurulması və bərpası, hər yeni dərs ilinin başlanması ərəfəsində rayonun bir sıra kənd və qəsəbələrinin orta məktəblərində ibtidai sinif şagirdlərinə məktəb ləvazimatlarının paylanması və sair göstərmək olar. Bu haqda ətraflı məlumatı millət vəkilinin rəsmi saytından (www.elkhan-suleymanov.az) da əldə etmək olar.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər