• cümə, 29 Mart, 00:01
  • Baku Bakı 7°C

Gənc aktyorlarımız IX Beynəlxalq Yay Teatr Məktəbindən qayıdıblar

06.07.15 17:46 1631
Gənc aktyorlarımız IX Beynəlxalq Yay Teatr Məktəbindən qayıdıblar
Gənc Tamaşaçılar Teatrının aktyorları IX Beynəlxalq Yay Teatr Məktəbindən xoş təəssüratlarla geri dönüblər. Dünyanın tanınmış teatr nümayəndələri ilə bir arada olan Günel Məmmədova və Eşqin Quliyev səfər təəssürtlarını bizimlə bölüşdülər.
Öncəliklə məlumat verək ki, IX Beynəlxalq Yay Teatr Məktəbi Rusiya Federasiyası Teatr Xadimləri İttifaqının və RF Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirlir. Rusiya Teatr Xadimləri İttifaqının irimiqyaslı təhsil layihəsi olan Beynəlxalq Yay Teatr Məktəbinin əsas məqsədi müxtəlif ölkələrdən olan gənc aktyorların təcrübə mübadiləsini təşkil etmək, yeni aktyor məktəbinin inkişaf etdirilməsi və peşəkarlıq səviyyəsinin artırılmasını təmin etməkdir. 2007-ci ildən start götürən Beynəlxalq Yay Teatr Məktəbində bugünədək dünyanın 40-dan artıq ölkəsindən 800-dək sənətçi təlim keçib.
Sevindici haldır ki, bizim gənc aktyorlarımız da onlar üçün yaradılan təcrübədən yararlanaraq bu layihədə iştirak ediblər. Biz də öz növbəmizdə aktyorları təbrik edib, səfər barədə təəssüratlarını xəbər aldıq. Öyrəndik ki, layihə çərçivəsində gənc aktyorlara gündəlik təcrübə ilə yanaşı tanınmış teatr xadimlərinin ustad dərsləri keçirilib. Ustad dərsləri Yay Teatr Məktəbinin bədii rəhbəri, RF-in Xalq Artisti Aleksandr Kalyaginin, eləcə də, teatr pedaqoqu, professor, Sankt Peterburq Dövlət Teatr Sənəti Akademiyasının “Aktyor və rejissorluq” kafedrasının müdiri Veniamin Filştinski, Xalq Artistləri Vyaçeslav Polunin, Lev Dodin, RF-in Əməkdar Artisti İqor Zolotovitski, RF-in Əməkdar İncəsənət Xadimi Sergey Jenoviç, Boris Konstantinov və başqalarının rəhbərliyi ilə baş tutub.
Səfərdən xoş təəssüratlarla geri dönən gənc aktyormuz Eşqin Quliyev deyir ki, 1 aylıq təlimlərin yekunu olaraq məktəbdə iştirak edən aktyorlara 5 tamaşa ilə özlərini sınamaq imkanı veriblər. Tamaşalar RF-in Əməkdar İncəsənət Xadimi Qriqori Kozlov, “Qızıl maska” Milli Mükafatının laureatı Yevgeni İbrahimov, B.A.Pokrovski adına Musiqili Kamera teatrının xoreoqrafı Aleksey İşuk, rejissor Maksim Didenko və digərlərinin quruluşunda hazırlanıb. İstedadlı gənclərimiz İ.A.Buninin “Yüngül nəfəs” (“Легкое дыхание”) və “Qaranlıq xiyabanlar” (“Темные аллеи”) novellaları əsasında hazırlanmış “Bunin. Etüdlər” (“Бунин. Этюды”) tamaşasında uğurla çıxış ediblər: “IX Beynəlxalq Yay Teatr Məktəbi bizə çox şey qazandırdı. Orada açılış mərasimindən tutmuş bağanış mərasiminə qədər hər ey mükəmməl şəkildə təşkil edilmişdi. Həmin məktəbdə dünyanın ən məşhur pedaqoqlarından ustad dərsləri aldıq. Hazırladığımız tamaşa da onlar tərəfindən çox bəyəndildi. Təbbi ki, bu da bizim üçün sevindirici hallardan biri oldu. Qeyd edim ki, İyun ayının 1-dən 28-dək Moskva vilayətinin Zveniqorod şəhərində baş tutan IX Beynəlxalq Yay Teatr Məktəbində ABŞ, Avstraliya, Böyük Britaniya, Almaniya, Azərbaycan, Ukrayna, Polşa, İsrail, Türkmənistan, Gürcüstan və ümumilikdə dünyanın 20 ölkəsindən 85 nümayəndə iştirak edirdi. Biz onlarla fikirlərimizi bölüşür, əsərləri, aktyor oyunlarını müzakirə edirdik. Bir ay çərçivəsində gözəl vaxt keçirdik və bundan sonrakı səhnə fəaliyyətimizdə istifadə edə biləcəyimiz çox şey öyrəndik”.
Gənc aktrisa Günel Məmmədova məkətbdə ilk olaraq seçim turlarının keçirildiyini, onlara müəyyən obrazları canlandırmaq həvalə olunduğunu bildirdi: “ Məktəbdə ilk olaraq seçim turları keçirildi. Belə ki, rejissorlar öz tamaşalarına uyğun aktyorları yığırdı. Orada dünyanın müxtəlif ölkəlrindən gəlmiş 85 nəfər aktyor var idi. Demək olar ki, onların əksəriyyəti elə mən özüm də dram əsərində çıxış etmək istəyirdik. Rejissorlar mənim ifamı bəyənib, məhz istədiyim dram janrına götürdülər. Seçim turlarında isə bizdən monoloq söyləməyi, rəqs etməyi, mahnı oxumağı təlb etdilər. Çox qorxurdum, çünki ömrü boyu səsimə görə kompleks hissi keçirirdim. Deyirdim ki, mənim səsim yoxdur. Ancaq onlar məni inandırdılar ki, sənin yaxşı səsin var (gülür). Həmin məktəbdə ermənilər də var idi. Məndən hər hansı mahnı tələb edəndə heç düşünmədən xalq mahnımız olan “Sarı gəlin” mahnısını oxuayacağımı bildirdim. Bilirdim ki, orada həm də Azərbaycanı təbliğ edirəm. Çıxışıma 20 dəqiqə qalmış Eşqin “Sarı gəlin” mahnısını internetdən yüklədi və xalq mahnımıza rəqs qurdum. Orada hamıya elan ki, bu bizim xalq mahnımızdır. Onlar da həm mahnını, həm də rəqsimi çox bəyəndilər. Ümumiyyətlə, onu qeyd edim ki, bizim incəsənətimiz çox zəngindir. Bildirdilər ki, Azərbaycan qadınlarının rəqsi çox gözəldir, bir növ qu quşunu xatırladır”.
Aktrisa Yay məktəbidnə maraqlı günlər keçirdiklərini və təəssüratlarının çox müsbət olduğunu da qeyd etdi: “Orada bizə yüksək səviyyədə təhsil keçirildi. Biz o məktəbdən çox şeylər öyrəndik. Səfər barədə təəssüratlarımdan nə qədər də danışsam azdır. Oradakı rejissorların da iş üslubu tamam başqa idi. Belə ki, rejissorlar aktyorlara həddən ziyadə sərbəstlik verirdilər. Bildirirdilər ki, aktyor səhnədə tam sərbəst olmalıdır. Onlar aktyorları hərtəfəli yetişdirirdilər. Biz hər hansı novellanı götürürdük, onu 5-10 dəqiqəyə hazırlayıb göstərirdik. Seçdiyimiz novellanın aktyorları da, rejissoru da özümüz idik. Bizə göstərişlər verilmirdi. Səhər 9-dan səhər-6 ya kimi işləyidik. Gərgin iş rejimi var idi. Gün ərzində cəmi 2-3 saat yatmağa vaxtımız olurdu. Bizim hazırladığımız novellanı başqa ölkədən olan iki aktyor da hazırlamışdı. Hər birimiizn ifasında həmin novella başqa cür alınmışdı. Nəticədə hazırladığımız etüd bəyənildi. Bu məktəb mənə bir çox yeni biliklər öyrətdi. Çox istərdim ki, belə bir məktəbdə yenə iştirak edim. Bizə orada səhnə danışığı, müasir rəqs, ustad dərsləri keçirildi. Dünyanın məşhur aktyor və rejissorları bizə ustad dərsləri keçdi”.
Yay məktəbində aktyorlarımızın hazırladığı tamaşanı Gənc Tamaşaçılar Teatrının səhnəsində nə zaman görəcəyimizi sual etdikdə isə G.Məmmədova teatrın rəhbəri Mübariz Həmidovun dəstəyini aldıqlarını və onun da məhz bu yöndə təklifinin olduğunu bildirdi. Amma aktrisa hesab edir ki, bu tamaşa yerli tamaşaçılarımız üçün o qədər də baxımlı olmaya bilər: “Direktorumuzla danışdıq, o da məsləhət gördü ki, bu tamaşanı yerli teatrımızda səhnələşdirək. Ancaq mən qorxuram ki, burada Bunindən çox adamın xəbəri yoxdur. Onu hazırlamaq çox çətindir. O burada səhnələşdirilsə tamaşaçıların onu necə qəbul edəcəklərini bilmirəm. Orda o qədər incəliklər var ki, yalnız yazarın öz ölkəsində bu əsər qəbul ediləndir. Burada onların mədəniyyti əks olunur. Bizdə səhnləşdirilsə necə qəbul olunacağını bilmirəm. Gərək bu əsəri milliləşdirək, onda Buninin çatdırmaq istədikləri öz istiqamətini dəyişər”.
Beləliklə xoş təəssüratlar, bol tamaşaçı alqışı və maraqlı yaradıcılıq təklifləri alan aktyorlar rol aldıqları tamaşada uğurlu çıxışa və 1 aylıq təlimlərə görə IX Beynəlxalq Yay Teatr Məktəbinin diplom və sertifitakına layiq görülərək vətənimizə geri dönüblər. Bizə isə istedadlı gənclərimizə yeni-yeni uğurlar arzulamaq qalır.
Xəyalə Rəis
Teatrşünas
banner

Oxşar Xəbərlər