Gəlirsiz əmanət - ŞƏRH
İqtisadçı deyir ki, yerləşdirilən əmanətlərin həcmində kəskin şəkildə
azalma baş verəcəksə, banklar faiz dərəcəsini artıracaq. Çünki bu, bazardır.
Faizlər tələb və təklif əsasında formalaşır.
Azərbaycan
banklarında manat əmanətləri üzrə illik faiz dərəcəsi 2020-ci ilin əvvəlində
9,27, 2021-ci ilin əvvəlində isə8,61 faiz təşkil edib. Bu il oktyabrın 1-nə
olan faiz göstəricisi isə 8,54-dür. Hazırda isə manat əmanətləri üzrə illik
faiz dərəcələri 6-10 faiz civarında dəyişir. Manatla olan əmanətlər üzrə faiz
dərəcəsində azalma aşkardır. Bəs bunun səbəbi nədir?2021-ci
ildə ölkədə illik inflyasiyanın, təxminən10 faiz olduğu bildirilir. Əmanət
faizləri bu cür qalarsa, yaxud azalma davam edərsə, banklarda əmanətləri olan
şəxsləri nə gözləyir?
Bank
yüksək faizli əmanətlə nə etsin?
İqtisadçı Rəşad Həsənov bildirdi ki, bankların aşağı faizli vəsaitlər cəlb etmələrinin bir
neçə səbəbi var: "Bir səbəbi bankların vəsaitləri bazarda rahat şəkildə
yerləşdirə bilməmələridir. Bu gün bankların izafi likvidliyi var və həmin
vəsaitləri bazarda rahat şəkildə yerləşdirə bilmirlər. Digər tərəfdən, son 4
ildə Azərbaycanın kredit bazarında əhəmiyyətli səviyyədə kiçilmə var. Çünki
sağlam, etibarlı müştəri kontingenti azalıb. 2015-ci ildəki devalvasiyadan sonra
bazarda daralma var idi. Pandemiya isə bu prosesi daha da dərinləşdirdi. Bazar
tam sağlamlaşmamış yeni bir problemlə üzləşdi. Nəticədə banklar vəsaitləri
yerləşdirə bilmirdilər. Yerləşdirdikləri vəsaitləri isə daha çox etibarlı
müştərilərə verirdilər. Onlar da daha çox iri kredit subyektləri idi. Belə
subyektlər isə daha aşağı faizlərlə kredit tələbi formalaşdırır, biznes
kreditləri və aşağı faizli kreditlər götürürlər. "Banklar yüksək faizli əmanəti
vətəndaşlardan götürüb nə etsinlər?” sualı ortaya çıxır. Banklar Mərkəzi Bankın
depozit hərraclarında, yaxud Maliyyə Nazirliyinin istiqrazlarında, qiymətli
kağızlarda bu vəsaitləri yerləşdirməklə iri gəlirlər əldə edə bilmirlər”.
Problemli bankların bazardan çıxmasının təsiri
R.Həsənovun
sözlərinə görə, faizlərin aşağı olmasını şərtləndirən başqa bir məqam isə
problemli bankların çoxunun bazardan çıxmasıdır: "Adətən əmanətlərin faizləri nə
vaxt artır? Ya bazarda vəsaitə ehtiyac yaranır, ya da banklarda likvidlik
problemi yaşanır. Bu kimi məqamlarda problemli banklar yüksək faizlərlə
bazardan əmanətlər cəlb etməyə başlayırlar. Bu da orta faizləri artırır. İndiki
halda isə ötən 5 il ərzində, səhv etmirəmsə, 16 bank bağlandı. Bu isə nəticədə
bazarda faiz manipulyasiyasını, problemə görə vəsait cəlb edilməsi təşəbbüslərini
azaldır və dolayısı ilə də faizlərin aşağı düşməsinə gətirib çıxarır”.
15-dən 7
faizə qədər azalma…
İqtisadçı
deyir ki, ötən 3-4 il ərzində Mərkəzi Bankın uçot dərəcəsinin 15-dən 7 faizə qədər
azalması da əmanət faizlərinin düşməsinə gətirib çıxaran faktordur: "Uçot dərəcəsinin
düşməsi o deməkdir ki, Mərkəzi Bankın notlarının və depozitlərinin də faizləri
aşağı düşür. Dolayısı ilə bu da əmanət faizlərinin azalmasını şərtləndirir”.
"Dəyərsizləşməni
qoruya bilər”
R.Həsənov
bildirdi ki, vətəndaş öz vəsaitini başqa aktivlərdə yerləşdirə bilmirsə, əlindəki
maliyyənin dəyərsizləşməsinin qarşısını almağın yeganə yolu banka yerləşdirməkdir:
"Vətəndaş passiv yığımçıdırsa, yatırım edəcəyi
alternativi yoxdursa, vəsaiti evdə saxladıqda daha çox itki ilə üzləşəcək.
10 faiz inflyasiya olacaqsa, manatla əmanətlərin faizi də, təxminən 10 faiz ətrafındadır.
Vəsaitləri banka yerləşdirməklə, ən azından dəyərini qoruya bilər. Evdə
saxlamaqla heç bir nəticə əldə etmirlər”.
Qızıl, səhm,
istiqraz?
R.Həsənov
qeyd etdi ki, yatırım cəhətdən Azərbaycan vətəndaşlarının seçim imkanı məhduddur:
"Azərbaycanda səhm, qiymətli kağız bazarı elə də inkişaf etməyib, birja yoxdur.
Qızıla investisiya yatırmaq Azərbaycanda sərf etmir. Qızılı satanda daha çox
qızıl-zinət əşyası kimi təqdim edirlər, ancaq bizdən alanda sadəcə metalın qiymətini
hesablayırlar. Burda da alış və satış qiyməti arasında ciddi qiymət fərqi
yaranır. Qızıl-zinət əşyası kimi, təbii ki, daha baha alırıq. Satanda isə daha
aşağı qiymətə götürürlər. Bu kimi məsələlər Azərbaycanda seçim imkanlarını məhdudlaşdırır.
Yəni passiv sosial qruplarda çalışanlar - müəllimlər, həkimlər və başqa təbəqə
nümayəndələri, vəsaitlərini digər bizneslərə yerləşdirmək imkanı olmayan şəxslərin
yeganə alternativi yenə də bankdır. Ən uğursuz yığım yastıqaltı yığımdır. Azərbaycanda,
xüsusilə bazar informasiyası zəif olan adamların öz vəsaitlərini əmanət şəklində
banklarda yerləşdirməsi məqbuldur”.
İqtisadçı
bildirdi ki, vətəndaşlar əvvəlcə bankla bağlı araşdırma aparmalı, sonra vəsaiti
həmin banka etibar etməlidirlər: "Ehtiyatlı olsunlar, sığortalı əmanət yerləşdirsinlər,
bankların maliyyə göstəricilərinə baxsınlar”.
Pulu evdə
saxlayanlar da olacaq, amma…
Əmanət
faizlərinin aşağı olmasının, insanların əllərində olan vəsaiti banklara
qoymaqdan çəkindirməsi ilə bağlı fikirlər də var. R.Həsənov qeyd etdi ki, az informasiyalı
cəmiyyətlərdə belə tendensiyalar müşahidə olunur: "Təcrübə göstərir ki, faizlər
aşağı olduğu üçün pulu banka qoymaq əvəzinə evdə saxlayanlar da olur. Ancaq
banklar üçün hazırda əmanətlərin o qədər də böyük əhəmiyyəti yoxdur. Çünki
onlar vəsaitləri rahat şəkildə bazarda yerləşdirə bilmir. Banklarda izafi
likvidlik var. Əgər yerləşdirilən əmanətlərin həcmində kəskin şəkildə azalma
baş verəcəksə, banklar faiz dərəcəsini artıracaq. Çünki bu, bazardır. Faizlər tələb
və təklif əsasında formalaşır. Faizlər də artacaqsa, bu zaman yenidən təkrar əmanətlərin
cəlb olunması genişlənəcək”.
Aygün
Asimqızı