Gəlirlərini gizlədiblər
Xosep
Qvardiola ilə Karlo Ançelottinin adları "Pandora dosyesi”ndə hallanır. PSJ-nin
futbolçusu Di Mariya da saxta şirkət vasitəsilə vergidən yayınıb.
Beynəlxalq
Araşdırmaçı Jurnalistlər Konsorsiumu (ICIJ) dünyanın minlərlə varlı insanının
ofşor zonalarda olan hesabları ilə bağlı
"Pandora dosyesi”ni (Pandora Papers) dərc edib. Siyahıda futbol dünyasından da
üç nəfərin adı var: Xosep Qvardiola, Karlo Ançelotti və Anxel Di Maria.
"Pandora
dosyesi” nədir?
Bu dosye
Panama, Britaniyanın Vircin adaları və Baham adaları kimi ölkələrdə çirkli vəsaitin
"yuyulması” xidmətləri göstərən 14 şirkətin məlumatlarının təhlilinə əsaslanan
araşdırmadır. Müstəntiqlərin əldə etdikləri məlumatlarda 200-dən çox ölkədən
olan iş adamlarının, siyasətçilərin, ulduzların, idmançıların, kral ailələrinin
üzvlərinin və dini qrupların liderlərinin vergidən yayınmaları haqqında məlumatlar
var. Təxminən 2 il ərzində 11,9 milyondan çox fayl araşdırılıb. Ən çox məlumat
isə İngiltərə, Rusiya, Braziliya, Argentina və Çindən gəlib.
Qvardiolanın
Andorradakı hesabı
"Mançester
Siti"nin baş məşqçisinin adı ofşor xidmətləri göstərən "Alcoqal” hüquq
firmasının siyahısındadır: bu firma Panamanın "Repox Investments” ofşor firmasının
qanuni nümayəndəsi kimi siyahıya alınmışdır. 2007-ci ilin fevralında yaradılıb.
Araşdırmalar nəticəsində bəlli olub ki, bu şirkəti yaratmağı Andorradakı "Banca
Privada d'Andorra” (BPA) bankı təklif edib. Bu bankda Pep üçün depozit hesabı
açılmışdı. Həmin vaxt bu ölkənin banklarının müştərilərin kimliyini gizlətmək
üçün saxta şirkətlər yaratması adi hal idi.
Qətərdə
qazandı, amnistiya "təmizlədi”
Həmin
banka Qvardiolanın Qətərin "Əl-Əhli” klubunda çıxış etdiyi vaxt (2003-2005) aldığı vəsait daxil olub. Pep bu ölkədə mövsümə
2 milyon avrodan çox məvacib alıb. Məşqçinin vergi məsləhətçisi bildirib ki,
Andorra vətəndaşı olmadığı üçün bu ölkənin banklarında saxlanılan vəsait vergiyə
cəlb edilməyəcək. Həmin vaxt bu vəsaiti İspaniyada saxlamaq əlverişli
sayılmırdı. Çünki İspaniya Vergi Agentliyi Pepi vergi bəyannaməsi verməyə məcbur
edə bilərdi. Baxmayaraq ki, o, ərəb ölkəsində yaşayır və işləyirdi. Bu vəsait
2012-ci ilə qədər Andorra bankında saxlanılıb. Bu müddətdə vəsaitdən alınan
faizlər barədə İspaniya Vergi Agentliyinə heç bir məlumat verilməyib. Həmin
ilin aprelində İspaniya hakimiyyəti vergi amnistiyası elan edən qanun layihəsini
təsdiqləyib. Qvardiola bu amnistiyadan yararlanan 30 min insandan biri olub.
Ançelottinin
25 milyonluq imic hüququ
"Real”ın
baş məşqçisi Karlo Ançelotti sənədlərdə Britaniyanın Vircin adalarında
qeydiyyatdan keçmiş və Londonda yerləşən "Appledore Wealth Management” firması
tərəfindən idarə olunan "Vapia Limited”in müştərisi kimi göstərilib. Araşdırmalara
görə, bu şirkət Ançelottinin 25 milyon
avro dəyərində olan imic hüquqlarını idarə etmək üçün yaradılıb.
1 milyon
avroluq etiraf
İspaniyada
Ançelottinin 2013-2015-ci illərdə törətdiyi vergi cinayətləri haqda uzun müddətdir
ki, araşdırma aparılır. Bu ilin iyununda italyan mütəxəssis 1 milyon avrodan
çox vəsaiti vergidən yayındırdığını etiraf etdi. O, bu məbləği vergi idarəsinə
ödədi və məhkəmədə bildirdi ki, məqsədi vergidən yayınmaq olmayıb, sadəcə pis məsləhət
alıb. Amma məsələ bununla bitmir. Müstəntiqlər Ançelottini imic hüququndan əldə
etdiyi vəsaiti vergi bəyannaməsindən gizlətməkdə də ittiham edirlər.
Yeganə
sahib
Argentinalı
futbolçu Anxel Di Mariya 2009-cu ildə imic hüquqlarını idarə etmək üçün
Panamada yaradılan şirkətin yeganə sahibidir. Ofşor şirkəti "Sunpex Corporation
Inc” reklam gəlirlərini qəbul edib. O
cümlədən "Adidas” və "Coca-Cola” kimi iri şirkətlərdən gələn vəsaiti də. Maliyyə
aktivləri isə İsveçrədəki bank hesabından idarə edilib. Bu hesaba dollar, avro
və funt sterlinqlə, təxminən 1,5 milyon vəsait yığılıb. 2016-cı ilin sonunda isə
"Sunpex”in ümumi aktivləri 9,5 milyon dollara çatıb.
Özünün xəbəri
olmayıb?
Futbolçunun
yaxınları bildirirlər ki, saxta şirkətin açılması mühasibin tövsiyəsi ilə olub.
Bunun İspaniya qanunlarına zidd olduğundan (həmin vaxt Di Mariya "Real”da çıxış
edirdi) isə futbolçu məlumatsız olub. "Sunpex” hələ də Di Mariyanın bütün imic
hüquqlarına sahibdir. Amma futbolçu 2015-ci ildən bəri Fransada qazandığı vəsaitə
görə vergi ödəyir. Ən azından argentinalının yaxın ətrafı bunu iddia edir. İndiki
halda, heç bir zərər olmadan saxta şirkəti ləğv etmək mümkün deyil. Belə
olacağı təqdirdə isə ofşor zonada olan vəsait onun şəxsi aktivlərinə daxil
olacaq ki, futbolçu da bu vəsaitin 20 faizini Fransanın vergi orqanına ödəməli
olacaq.
Tural MUXTAR