• şənbə, 20 Aprel, 13:25
  • Baku Bakı 23°C

Gəlirdə və sayda müşahidə edilən artım keyfiyyətdə də özünü göstərirmi?

14.10.19 12:15 691
Gəlirdə və sayda müşahidə edilən artım keyfiyyətdə də özünü göstərirmi?
Azərbaycanda səyahət agentlikləri və turoperatorların əldə etdiyi gəlirin miqdarı artıb. Trend-in məlumatına görə, 2013-cü ildə səyahət agentlikləri və turoperatorlar 29 600,9 manat gəlir əldə etdiyi halda, 2018-ci ildə bu məbləğ 56 439,4 manata çatıb. Ötən müddətdə səyahət agentlikləri və turoperatorların da sayı artıb. 2013-cü ildə səyahət agentlikləri və turoperatorların sayı 197, 2018-ci ildə 374 olub. Xatırladaq ki, 2015-ci ildə Azərbaycanda turizm fəaliyyəti üzrə lisenziya ləğv edilib.
Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin sözlərinə görə, turizm fəaliyyəti üzrə lisenziya ləğv edildiyindən şirkətlərin işinə nəzarət etmək bir qədər çətindir. Turizm şirkətlərinə nəzarət mexanizminin qurulması ilə bağlı təkliflərin mahiyyətini açıqlayan F.Nağıyev bildirib ki, turizm şirkətlərinin ilk növbədə sığorta mexanizmləri olmalıdır. Onların fəaliyyəti müəyyən kriteriyalara cavab verməlidir: "Sığorta şirkətinin müəyyən qədər vəsaiti olmalıdır ki, riskləri qarşılaya bilsin. Sabah hər hansı risk baş verdikdə, dövlət onu öz üzərinə götürməsin".
Maraqlıdır, turizm agentliklərinin gəlirlərində və saylarında qeyd olunan artım nədən qaynaqlanır, bu, onların göstərdiyi xidmətin keyfiyyətinə necə təsir edir, artımın davamlılığını təmin etmək üçün hansı addımlar atılmalıdır?
İqtisadçı Pərviz Heydərov qeyd edir ki, bu sahənin gəlirliliyini davamlı etmək üçün stimullaşdırıcı işlər görülməlidir: "2015-ci ildə baş verə məlum böhrandan sonra qeyri-neft sektorunun inkişaf etdirilməsi zərurəti ortaya çıxdı. Bu istiqamətdə əsas prioritet kənd təsərrüfatı və turizm sahəsi oldu. Son illər turizm kifayət qədər inkişaf etmiş sahələrdəndir. Qeyd etmək lazımdır ki, turizmin inkişafı ilə bağlı ölkəmizdə çox yaxşı infrastruktur yaradılmışdır. Azərbaycanda turizm sahəsinin inkişaf etdirilməsi üçün böyük potensial var. Bu sahədə lisenziyanın ləğv edilməsi tur şirkətlərinin sayının artmasında böyük rol oynadı. Belə ki, bir çox sahibkar biznesini bu sahədə qurdu və ciddi gəlirlər əldə etdi. Turizmin Azərbaycan kimi bir ölkənin inkişafında, onun dövlət gəlirlərinin təmin edilməsində rolu əvəzsizdir və bu, gələcəkdə özünü daha çox göstərəcəkdir. Hazırda Azərbaycan regionda ən stabil və güvənli ölkədir. Son illər ərzində bu sahədən əldə edilən gəlirlər gözləniləndən yüksək oldu. Bu özü də onu göstərir ki, bu sahədə çox böyük gəlir əldə etmək imkanları var. Amma iqtisadiyyatın digər sahələrində olduğu kimi, turizmdə də qeyri-leqal dövriyyənin yaranmasına imkan verilməməlidir. Bu istiqamətdə biznes fəaliyyəti üçün nə qədər çox sərbəst şərait yaradılsa da, eyni zamanda, paralel olaraq dövlət büdcəsindən yayınma halında gəlir əldə edilməsinə də imkan verilməməlidir. Bu sahədə müvafiq nəzarət mexanizmi yaradılıb tətbiq edilməlidir. Əgər bu və ya digər sahəni inkişaf etdirmək və bu inkişafın davamlılığını təmin etmək istəyiriksə, hər cür stimullaşdırıcı şəraiti yaratmalıyıq”.
Turizm üzrə ekspert Əhməd Qurbanov deyir ki, turoperatorlar keyfiyyətli iş görməli və turların sayını artırmalı, müxtəlif bazarlara çıxış etməlidir: "Turizmin günü-gündən inkişaf etməsi fərdi kiçik və orta sahibkarlığın da genişlənməsinə təsir edir. 2015-ci ildən lisenziyaların ləğv edilməsi ilə turizm şirkətlərinin sayında ciddi artım baş verdi. Eyni zamanda həmin dövrdə vizaların tətbiqi də asanlaşdırıldı və nəticə etibarı ilə bu sahədə fəaliyyət göstərənlərdə stimul yarandı. Elə həmin vaxtdan turizm şirkətlərinin sayı artır. Şirkət sayının artması sahənin inkişafına təkan verməklə yanaşı, gəlirlərin genişlənməsinə səbəb olur. Vizaların sadələşdirilməsindən sonra gəlmə turizmin inkişafı sürətləndi, ölkəmizə ciddi şəkildə turist axını baş verdi. Bunun nəticəsi olaraq turoperatorların gəlirlərinin səviyyəsi artdı. Qeyd edilən artım tempi növbəti illərdə də müşahidə ediləcək. Çünki ölkəmizin turizmin potensialı beynəlxalq arenada kifayət qədər tanıdılır, təbliğat işləri aparılır. Artımı müsbət qiymətləndiririk. Artım getdikcə də genişlənəcək. Davamlılığı qorumaq üçün isə turoperatorlar keyfiyyətli iş görməli və turların sayını artırmalı, müxtəlif bazarlara çıxış etməlidir. Ölkəmizin turizm potensialını tanıtmaq üçün beynəlxalq sərgilərdə aktiv şəkildə iştirak etməlidirlər”.
"Luna Travel” şirkətinin rəhbəri Rəhman Quliyev turizm şirkətlərinin sayı ilə göstərdikləri xidmətin keyfiyyətinin düz mütənasib olmadığını bildirir, həmçinin turoperatorların və agentliklərin gəlirlərinin artması fikri ilə də razı olmadığını qeyd edir: "Ölkədə tur şirkətlərinin sayının durmadan artdığı bir dövrdə gəlirin artmasından danışmaq mümkün deyil. Düşünün, 5 il bundan əvvəl bir turizm şirkəti 10 min nəfərə xidmət göstərirdisə, bu gün həmin 10 min nəfərə bir neçə şirkət xidmət göstərə bilir. Demək, turistlər əvvəllər 300 şirkət arasında bölünürdü, indi şirkət sayı 10 dəfə artıb. Bu məntiqlə bir şirkətin gəlirliyi nə qədər arta bilər? Turizm agentliklərinin sayı çoxaldığı üçün rəqabət mühitində elə şirkətlər var ki, göstərdikləri xidmətin qiymətini çox ucuz qoyublar. Bu halda ucuz xidmət keyfiyyətin də aşağı olmasına gətirib çıxarır. Çox yaxşı olardı ki, lisenziya dövrü geri qayıdardı. Ən azından, lisenziya rüsumu ləğv edilsə də, lisenziya üçün lazım olan sənədlər hər bir turizm şirkətindən tələb edilərdi. Bu da bir növ nəzarət mexanizmi olardı”.
Günel Azadə
banner

Oxşar Xəbərlər