Gəlin, sizi şəhərlə tanış edim...
Halbuki, əvvəlcə bir çox bələdçilərin
özlərini zəruri biliklərlə "tanış etmək” lazımdır
Bələdçi - ekskursiyalar aparan
mütəxəssisdir. Turistləri müşayiət
edərək onları görməli yerlərlə tanış edir. Onlar çox zaman tur bələdçisi
adlanır. Peşəkar təcrübədə hesab edilir ki, bu peşəyə tarix, psixologiya,
mədəniyyət, coğrafiyanı bilənlər, xarici dillərdə danışmağı bacaranlar daha çox
uyğundur. Adətən bələdçilər
müəyyən bir bölgədə və ya marşrutda ixtisaslaşırlar. Buna görə turistik yerlər
haqqında yaxşı məlumatlara sahibdirlər. Hər bina və ya abidə haqqında detallı
danışa bilirlər, həmçinin bir çox əlavə suallara cavab verirlər.
Bir bələdçi nə qədər məlumatlıdırsa,
dünyagörüşü genişdirsə, hekayəsi də bir o qədər maraqlı olacaq. Bələdçi peşəsi
çox həyəcanlı, lakin məsuliyyətlidir. Bələdçi, öz növbəsində, həmişə intizamlı
olmayan turistlər üçün də məsuliyyət daşıyır. O, səfəri turistlər üçün mümkün
qədər maraqlı və cəlbedici etməlidir. Bu baxımdan, o, turistlərlə ünsiyyət qura bilən, bacarıqlı, yaxşı nitq qabiliyyətinə sahib şəxs
olmalıdır. Çox vaxt bir neçə tur
keçirən bir bələdçi daha yaxşı hazırlanır, daha geniş dünyagörüşə və təcrübəyə malik olur.
Ölkəmizdə turizmin inkişafı bu sahədə
peşəkar bələdçilərin yetişməsi zərurətini ortaya çıxarıb. Əgər bundan əvvəl
bələdçilər kortəbii fəaliyyət göstərirdilərsə, artıq bu sahədə də nizam yaranmağa
başlayıb. Bələdçilərin qarşısına qoyulan tələblər də dəyişib.
Azərbaycan
Turizm Bələdçiləri Assosiasiyasının (ATBA) həmtəsisçisi, Ümumdünya Turizm
Bələdçiləri Assosiasiyaları Federasiyasının beynəlxalq təlimçisi Səkinə
Əsgərova ölkəmizdə turistlər tərəfindən daha çox hansı dil
və sahə üzrə biliklərə malik olan bələdçilərə ehtiyac olduğunu açıqlayıb. Belə
ki, bələdçilər müxtəlif dillərdə bələdçilik üzrə təlimləndiriləcək. S.Əsgərovanın
sözlərinə görə, ölkəyə turist axını ilə əlaqədar daha çox Çin, italyan, ivrit
dillərində bələdçilərə ehtiyac yaranır və müraciətlər olur: "Eyni zamanda, Koreya
dili üzrə də müraciətlər var. Biz keçən il alman dili üzrə 12 nəfərdən ibarət
xüsusi qrup hazırladıq. Bu il də qeyd etdiyim dillər üzrə xüsusi qruplarda
bələdçilər hazırlanacaq. Bizim işimiz bələdçi hazırlığıdır. Onların dillə bağlı
hazırlığı özlərinin məsuliyyətidir. Biz onlar üçün dil kursları təşkil etmirik.
Sadəcə, onların dilbilmə səviyyəsini yoxlamaq üçün assosiasiya komissiyasında
hər dil üzrə ekspert var. Əgər ekspert bələdçinin dilbilmə qabiliyyətinə yaxşı
qiymət verirsə, biz artıq onu bələdçi kimi hazırlamağa başlayırıq. Dil, əgər
mükəmməl deyilsə, heç bir bələdçi hazırlığından söhbət gedə bilməz».
S.Əsgərova bildirir ki, yerli turizm üzrə
bələdçilərin ixtisaslaşması sərbəstdir: «Biz hələlik onlara Bakı-Abşeron
marşrutunu öyrədirik. Hələlik marşrutu əhatə edəcək dərs materialları, attestasiya
komissiyasının üzvləri və ekspertlərimiz var. Regionlarda bələdçilərə yalnız
texnikanı öyrədirik. Gələcəkdə assosiasiya böyüdükcə, ekspertlərin sayı
artdıqca və tədris materialları zənginləşdikcə, biz regionlarda da marşrutlar
üzrə informasiyalar verməyə başlayacağıq. Hazırda regionlarda verdiyimiz
təlimlər Ümumdünya Turizm Federasiyası bələdçilərinin texniki peşə bilikləri
üzrədir. Növbəti üç ildə marşrut baxımından regionları da əhatə edəcəyik».
S.Əsgərovanın dediyinə görə, Asiya ölkələrindən gələn turistlərlə bağlı bəzən
dil baxımından problemlər yaşanır: «Dil və mədəniyyətlər arasında olan dialoq,
həmçinin onların yemək, musiqi istəyi, onlara yaxınlaşma metodu baxımından
problemlər olur. Məsələn, onlardan biri kommunikasiyaya meyl edirsə, digəri
ünsiyyətdən qaçır. Birini daha çox iqtisadi-siyasi mövzular maraqlandırırsa,
digərini incəsənət, tarix və şoppinq mövzuları maraqlandırır. Bu baxımdan,
bələdçi üçün təkcə dil biliyi əhəmiyyətli deyil, xalqın etnik-mədəni kodeksini
də bilməlidir”. Bələdçilərin seçiminə gəlincə, ATBA həmtəsisçisi bildirir ki, bu seçimdə yaş limiti
yoxdur. Ancaq bakalavr təhsilini başa vurmuş insanların seçiminə üstünlük
verilir: "Təkcə bilikdən və savaddan söhbət getmir. Yəni insanlarla işləməkdə,
kütlənin idarə edilməsində təcrübə önəmlidir. Bələdçilərin ilk yoxlanışı dil
biliyi ilə yanaşı, psixoloji məqamlar, humanitar biliklər - tarix, coğrafiya və
s. ilə bağlı informasiyalara malik olmaları ilə bağlıdır». S.Əsgərova qeyd edir
ki, bələdçilər üçün vacib keyfiyyətlər bu biliklərə malik olmaları, yüksək
ünsiyyət bacarıqlarına yiyələnmələri, liderlik qabiliyyətləri – kütləni idarə
etmə xarizması və yüksək fiziki göstəriciləri əsas götürülür. Eyni zamanda, səs
və səlis danışıq qabiliyyəti əsasdır. Bələdçilərin iş yerinə gəlincə, bu
şəxslər günəmuzd çalışırlar və daimi iş yerləri yoxdur: "Onlar turu ya
internetdən əldə edirlər, ya sifarişi turizm şirkətlərindən, ya da
müştərilərdən alırlar. Bələdçiliyə müraciətdə gender bərabərliyi mövcuddur. "Həm
qızlar, həm də oğlanlar müraciət edirlər. Əgər əvvəl deyirdilərsə bu, qadın işi
deyil, bu fikir artıq yoxdur. Artıq qadınlar da kişilərlə bütün sahələrdə
bərabər işləmək hüququna malikdirlər. Təkcə bələdçiliklə bağlı deyil, bütün turizm
sahəsində, otellərimizdə, turizm şirkətlərində biz bu bərabərliyə rast gələ
bilərik”.
Ölkəmizdəki yerli turizm şirkətlərinin bələdçilərlə
işləmə qaydasına gəlincə, onlar da təbii ki, ilk növbədə peşəkarlığa üstünlük
verirlər. Bu təkcə turistlərin cəlbində deyil, həmçinin ölkə haqqında
məlumatların verilməsində mühüm amildir.
«Luna Travel»
Turzim Agentliyinin direktoru Rəhman Quliyevin fikrincə, bələdçi mükəmməl biliyə sahib olan
mütəxəssisdir: "Bələdçi ən azı iki dil bilməli, ölkənin tarixi, coğrafiyası
haqqında mükəmməl məlumata, səlis nitq qabiliyyəti, həmçinin siyasi biliyə
malik olmalıdır. Bunlar bələdçinin peşəkar kimi formalaşması üçün vacib şərtlərdir.
Çünki evə qonaq gəldikdə, onu ilk qarşılayan bələdçi olur. Qonaq hansı tərzdə
qarşılanırsa, özünü o evdə necə aparacağı bu münasibətdən asılıdır. Yəni
qonaqda ab-hava elə yaranır. Azərbaycan bizim ailəmizdir. Ölkəyə gələn
turistləri yaxşı qarşılamaq üçün bu kriteriyalara cavab verməliyik. Ölkəmizə
gələn turist yaxşı təəssüratla geri qayıdarsa, o yenidən Azərbaycana gələcək. Həmçinin
o öz ətrafındakı insanlarla Azərbaycan haqqında yaxşı təəssüratları bölüşəcək. Bu
isə ölkəmizə daha çox turistin cəlb olunması deməkdir. Bu sahədə çalışmaq
peşəkarlıq tələb edir. Biz də bu baxımdan çalışırıq ki, hazırlıqlı kadrlarla
işləyək”.
Turizmçinin fikrincə, bələdçi eyni zamanda
vətənpərvər olmalıdır: "Bu gün Azərbaycanda turistləri qarşılamaq üçün kifayət
qədər bələdçilərimiz yoxdur. Təəssüf ki, bəzi turistləri taksi sürücüləri
qarşılayır. Onlar bəzən özlərini turizm şirkətlərinin əməkdaşları kimi qələmə
verirlər. Onlar turistləri rayonlara aparır, şəhərdə gəzdirir, məlumatsız
olduqlarından ölkə haqqında yanlış məlumatlar verirlər. Dövlət Turizm Agentliyi
bu istiqamətdə böyük işlər görür. Artıq "Turizm Reyestrinin Aparılma Qaydası”
təsdiqlənib. Vahid mənbəyə daxil ediləcək turizm şirkətləri, otellər, eyni
zamanda, sertifikatlı bələdçilər bu siyahıda cəmlənəcək. Hesab edirəm ki, bu
sahədə qaydalar təkmilləşdikcə, tədricən bu cür neqativ hallar da aradan qaldırılacaq”.
Təranə Məhərrəmova