• cümə axşamı, 25 aprel, 02:01
  • Baku Bakı 19°C

Gələcəyi hədəfləyən islahatlar

15.01.19 19:36 1044
Gələcəyi hədəfləyən islahatlar
Azərbaycanda 90-cı illərdən başlayaraq dövlətin aparıcı strukturlarında pozitiv dəyişikliklər həyata keçirilib. Dinamik inkişafı təmin etmək üçün iqtisadi və sosial sferada əsaslı müsbət dəyişikliklərin həyata keçirilməsi dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsi, səmərəliliyin yüksəldilməsi, çevik və məqsədyönlü fəaliyyət göstərən yeni idarəetmə strukturunun formalaşdırılması artıq zərurətə çevrilib. Bu günlərdə
Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev də bu məsələyə toxunaraq struktur islahatının gözlənildiyini vurğulamışdı. Dövlət başçısının yanvarın 14-də imzaladığı fərmanlar isə artıq struktur islahatları istiqamətində mühüm qərarların verildiyini özündə əks etdirir.
Prezident İlham Əliyevin rəhbərliyi altında son 16 ildə aparılan kompleks islahatlar Azərbaycana "dünyada ən islahatçı” ölkə imici qazandırmaqla yanaşı, həm də dövlətimizin davamlı və tarazlaşdırılmış iqtisadi inkişafı təmin edib. Dövlət başçısının tərəfindən aparılan struktur islahatlarının əsas məqsədi isə idarəetmədə çevikliyi və səmərəliliyi artırmaq, cəmiyyətdə formalaşan yeni çağırışlara və iqtisadiyyatda baş verən struktur dəyişikliklərinə adekvat uyğunlaşmanı təmin etməkdir. Bu struktur islahatları dövlət idarəetməsini iqtisadi inkişafın yeni mərhələsinə uyğunlaşdırır. Onu da qeyd edək ki, idarəetmə və iqtisadi inkişaf arasında tarazlıq, qarşılıqlı əlaqə və bir-birini tamamlama kimi prinsiplər qorunur. Çox yaxşı haldır ki, aparılan struktur islahatları iqtisadiyyatın əsas məsələsi – səmərəliliyin daha da artırılmasına xidmət edir. Məhz səmərəli dövlət idarəetmə aparatı məhdud resurslardan istifadə etməklə maksimum nəticə əldə edə bilər. Bu islahatların diqqət çəkən məqamlarından biri isə ölkədəki biznes mühitinə müsbət təsiri ilə bağlıdır. Çünki yığcam və məqsədyönlü dövlət aparatı özəl sektorun fəaliyyətinə müdaxiləni minimuma endirməklə daha çox bazar tənzimlənməsinə şərait yaradır. Bu baxımdan, dövlətin apardığı struktur islahatları həm biznesə, həm də ictimaiyyətə idarəetmənin səmərəliliyinin artırılması ilə bağlı yaxşı bir nümunədir.
Mövcud islahatların nəticəsi olaraq vətəndaşlara şəffaf, operativ və resurslara qənaət etməklə xidmət göstəriləcək, onlara lazım olan dövlət xidmətləri daha əlçatan və keyfiyyətli olacaqdır.
Heç şübhəsiz ki, bu islahatlar zamanı iş yerləri ilə təminat məsələsi diqqətdə saxlanılıb. Müvafiq qurumlar və o cümlədən Dövlət İmtahan Mərkəzi fəaliyyəti dayandırılmış strukturların əməkdaşlarının yenidən işlə təmin olunması üçün bütün imkanlardan maksimum istifadə edəcəkdir.


Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Çingiz Qənizadə bildirdi ki, Azərbaycanda cəmiyyətin bütün sahələrində yeniləşmə, təkmilləşmə prosesi gedir. Onun sözlərinə görə, bu da öz növbəsində, dövlət idarəçilik sisteminin köhnə formasından imtina etməyi və yeni, təkmilləşdirilmiş idarəçilik formasına keçidi zəruri edir: "Azərbaycanda dövlət idarəetmə orqanlarında ciddi struktur islahatlarının gözlənildiyini Prezident İlham Əliyev Nazirlər Kabinetinin yanvarın 11-də keçirilən iclasında bildirmişdi. Dövlətimizin başçısı daha çevik idarəetmə strukturunun yaradılması ilə bağlı işlərə başlanacağını qeyd etmişdi. İclasdan üç gün sonra Prezident İlham Əliyev Azərbaycanda dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzaladı. Fərmana əsasən, bir çox dövlət qurumları ləğv edildi və ya digər qurumlara birləşdirildi. Prezidentin dövlət idarəçiliyində struktur islahatlarına başlaması zamanın tələbidir. Azərbaycan cəmiyyəti dövlətimizin başçısının bu addımını alqışlayır və dəstəkləyir”.
Ç.Qənizadə vurğuladı ki, Azərbaycan dinamik və hərtərəfli şəkildə, uğurla inkişaf edən bir ölkədir və onun inkişafı daha çevik struktura malik idarəetmə tələb edir: "Qazanılan bu uğurların davamlılığını təmin etmək üçün səmərəliliyi aşağı olan struktur vahidlərinin ləğv edilməsi, birləşdirilməsi və ya daha çevik mexanizmlərlə əvəzlənməsi doğrudan da bir zərurətə çevrilib. Bir-birini təkrarlayan, təxminən eyni istiqamətdə fəaliyyət göstərən dövlət qurumlarının olmasına ehtiyac yoxdur. Prezident də vurğuladı ki, daha çevik və səmərəli idarəçilik formasına keçməyin zamanı çatıb”.
Deputat əlavə etdi ki, paralel strukturların ləğvi və mövcud strukturların yenidən təşkili büdcə vəsaitinə qənaət edilməsinə də gətirib çıxaracaq: "Bu struktur islahatların biznes mühitinin daha da təkmilləşdirilməsi, qeyri-neft ixracının genişləndirilməsi, ərzaq təhlükəsizliyinin gücləndirilməsi ilə özünü doğrultacağına tam əminəm. Dövlət xidmətləri daha əlçatan və keyfiyyətli olacaq. Eyni zamanda, islahatlar sahibkarlığın və biznesin inkişafına daha çox fayda verəcək. Dövlətimizin başçısının həyata keçirdiyi struktur islahatları Azərbaycanda dövlət idarəçiliyinin daha da təkmilləşdirilməsini, dövlət orqanlarının və qurumlarının fəaliyyətinin optimallaşdırılmasını və dövlət büdcəsi vəsaitindən səmərəli istifadəni təmin edəcək.
Onu da vurğulamaq yerinə düşər ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə səmərəli dövlət idarəetmə aparatı formalaşdırılmaqla davamlı və tarazlaşdırılmış iqtisadi inkişaf təmin edilib”.

Millət vəkili Eldəniz Səlimov ölkə prezidentin struktur islahatları bağlı son fərmanlarının razılıqla qarşılandığını diqqətə çatdırdı: "Onu qeyd edim ki, hələ ötən əsrin 90-cı illərindən başlanan struktur və kadr islahatları Prezident İlham Əliyevin 16 illik hakimiyyəti dövründə də uğurla və mərhələli şəkildə davam etdirilib və zaman-zaman etdirilməkdədir. Son fərmanlar, yəni, bir neçə dövlət qurumun ləğvi, birləşdirilməsi, həmçinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin yaradılması isə illərdir davam edən və etdirilən islahatlar prosesinin növbəti mərhələsi və tərkib hissəsidir”.
E.Səlimov qeyd etdi ki, bu islahatları ayrı-ayrılıqda götürmək olmaz: "Çünki bəzən elə təsəvvür yaradılmağa çalışılır ki, guya indiyə qədər belə proseslər, islahatlar, idarəetmənin təkmilləşdirilməsi olmayıb və müvafiq addımlar atılmayıb. Əslində belə deyil və əgər bu cür düşünənlər varsa, onda bu düzgün yanaşma sayıla bilməz. Bu təkmilləşdirmələr, kadr, struktur islahatları hər zaman olub, bu gün də var, sabah da olacaq. Bəzən asta, bəzən isə daha sürətli şəkildə, özü də dövrün və zamanın reallıqlarına uyğun şəkildə şahidi olacağıq. Eyni zamanda sosial şəbəkələrdə gedən müzakirələrdə bir zamanlar dövləti, hakimiyyəti struktur islahatları aparmamaqda haqsızcasına "ittiham” edənlər, indi valı tərsinə çeviriblər. Onlar indi də bu qurumların ləğvinə qarşı çıxır, guya orada çalışanların halına yandıqlarını nümayiş etdirməyə çalışırlar. Əslində onların niyyəti, məqsədi bəllidir, od olmayan yerdən tüstü çıxarmağa cəhd edirlər. Amma faydasızdır, səmərəsizdir, onlara da məsləhətim budur ki, artıq boş-boş işlərlə məşğul olmasınlar, heç olmasa ömürlərində bircə dəfə gedib faydalı bir işin qulpundan yapışsınlar. Həmin insanlar işsiz qalmayacaqlar, neçə ki, bundan əvvəl ləğv edilən bir sıra qurumların işçiləri, əməkdaşları işsiz-gücsüz qalmayıblar. Onlar da öz ixtisaslarına, qabiliyyət və bacarıqlarına uyğun şəkildə işlə təmin olunacaqlar. Bu, birmənalıdır. Odur ki, dövlət başçısının bu istiqamətdəki son addımlarını da müsbət qiymətləndirməklə yanaşı, bu prosesin bundan sonra da davam etdiriləcəyinə əminliyimi ifadə edirəm”.

"Bakı xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev bildirdi ki, islahatların mühüm xüsusiyyətlərindən biri dövlət idarəçiliyinin indiki vəziyyətini sosial-iqtisadi inkişafın mövcud səviyyəsinə uyğunlaşdırmaqdır: "O idarəçilik strukturları uzunömürlü və dinamik olur ki, kənardan tövsiyə, təkan və ya təzyiq gözləmədən islahatların zəruriliyini vaxtında görür və uyğun addımlar atır. Prezident İlham Əliyevin struktur islahatları ilə bağlı yeni fərmanlarını bu kontekstdə dəyərləndirmək lazımdır. Dövlət başçısı yanvarın 11-də Nazirlər Kabinetinin iclasında bəyan etdi ki, idarəçilik strukturlarında köhnəlmə olduğu üçün islahatlar aparmaq zərurəti var. Ardınca isə idarəçilik strukturunun ilk islahat sənədi rəsmən elan edildi. Bu, o deməkdir ki, cənab Prezident dövlət idarəçilik sisteminin gündəlik iş rejimi üzərində ardıcıl müşahidə və təhlillər aparır, gərəkli müdaxilələr edərək vaxtında prinsipial qərarlar qəbul edir. Dövlət başçısı Azərbaycandakı sistemin öz-özünü təkmilləşdirmək qabiliyyətinə malik olduğunu növbəti dəfə göstərdi. Ləğv olunan, hüquqi statusu dəyişdirilən və yeni yaradılan qurumlar idarəçiliyin səmərəliliyini artırmaq və nisbətən az resurslar əsasında daha böyük nəticələr əldə etmək məqsədi daşıyır. Daha dəqiq desək, məqsəd illərdən bəri davam edən sosial-iqtisadi inkişaf proseslərinin ortaya çıxardığı idarəçilik boşluqlarını daha optimal variantlarla doldurmaqdır. Beləliklə, Prezidentin həyata keçirməyə başladığı struktur islahatlarının ilk dəyərli özəlliyi sistemin özünü təkmilləşdirmək qabiliyyətində olmasını nümayiş etdirməsidir”.
A.Quliyev əlavə etdi ki, başlanmış islahatların mühüm xüsusiyyətlərindən biri dövlət idarəetmə strukturunun indiki vəziyyətini sosial-iqtisadi inkişafın mövcud səviyyəsinə uyğunlaşdırmaqdır: "Prezident indiki islahatla onu da nümayiş etdirir ki, Azərbaycanda idarəçilik strukturu ilə sosial-iqtisadi inkişaf təmayülü bir-birini tamamlayır, bir-birinə təkan verir və bir-birinin çatışmayan, zəif nöqtələrini üzə çıxara bilir. Məhz bu xüsusiyyət Azərbaycanda idarəçilik strukturunun uzun ömürlüyünü təmin edən çox möhkəm şərtlərdən biridir. Struktur islahatları ilə bağlı qərar əsaslı elmi-nəzəri və praktiki təhlillərin yekunu olaraq meydana çıxıb. Başlanmış struktur islahatlarının xüsusiyyətlərindən biri də ölkədə biznes mühitini daha da yaxşılaşdırmaq, mövcud strukturların fəaliyyətini əsasən sağlam rəqabətli bazarın tələblərinə uyğunlaşdırmaq, strukturların fəaliyyətinə kənar, lüzumsuz müdaxilələri sıfıra endirmək və nəticədə inkişaf proseslərinin bazar və dövlət tənzimlənməsi arasında ən optimal balans nöqtəsini tapmaqdır. Daha vacib məqamlardan biri kimi onu da deyək ki, islahatlar mütləq olaraq ölkənin qeyri-neft sektorunda başlanmış inkişaf meyllərini daha da gücləndirməyi hədəfləyib. Dövlət başçısı idarəçilik islahatlarının davamlı prosesə çevrildiyini praktik olaraq göstərdi. Məlumdur ki, 2018-ci ildə ölkəmizin iqtisadi və sosial sektorunda bir sıra dərin və əhatəli islahatlar aparılıb. Bu islahatların həqiqətən çox ümidverici olduğunu beynəlxalq maliyyə qurumları da inamla bəyan etdilər. Prezidentin struktur-idarəetmə islahatları həm də ötən ilki sosial-iqtisadi islahatların bu il daha böyük nəticələr verməsinə yeni imkanlar açmaq baxımından əhəmiyyətlidir. İndi heç bir şübhə yoxdur ki, 2018-ci ildəki islahatlar bu il daha böyük nəticələr verəcək”.

Bəxtiyar Məmmədli

banner

Oxşar Xəbərlər