• cümə, 29 Mart, 15:57
  • Baku Bakı 14°C

“Gəldiyim nöqtə atdığım addımların nəticəsidir” - Fotolar

18.12.18 09:00 10246
“Gəldiyim nöqtə atdığım addımların nəticəsidir” - Fotolar
Türkiyənin məşhur yazarı Ayşe Arman "Hürriyyət” qəzetinə yeni müsahibəsini təqdim edib. Yazar bu dəfə Türkiyə, eləcə də Azərbaycan tamaşaçılarının sevdiyi aktyor Çağatay Ulusoyla görüşüb. O yazır ki, 28 yaşlı gənc aktyor düşünərək danışır. Çox sakit təbiətli biridir. Nə hiss etdiyini anlamağınız mümkün deyil. Çünki hissləri üzünə yansımır. Bunları onun özünə deyəndə isə gülüb, "onsuz da mənim ruhum yaşlıdır” – deyə cavab verib.A.Arman müsahibənin əvvəlində qeyd edir: "Yaxında onu "Keçikçi Hakan” olaraq "Netflix” serialında izləyəcəyik. Sadəcə biz deyil, bütün dünya izləyəcək. Onun bu qədər xarici pərəstişkarlarının olduğunu bilmirdim. Sosial mediada müsahibəsini və şəkillərini paylaşanda, dünyanın hər yerindən - Rusiya, Meksika, İspaniya, Argentinadan pərəstişkarların "Çağaaaatay” deyə səsləri yüksəldi. Və reportaj hazırladığımı deyəndə, izləyicilər məndən onu ingiliscəyə tərcümə etməyimi istədilər. Ancaq bilmirlər ki, dünya mənim o qədər də vecimə deyil. Yarı Hindistanda yaşamağıma baxmayaraq, bu günə qədər bir ingiliscə paylaşım etməmişəm. Amma o qədər basqı oldu ki, bu müsahibəmizi ingiliscəyə çevirmək məcburiyyətində qaldım. Dünyanın dörd bir yanındakı Çağatay fanatları müsahibəni oxumaq üçün mənə yazmağa başladılar. Hətta məndən onunla çəkdirdiyim bütün şəkilləri paylaşmağımı istədilər. Yəni bu aktyorumuz çox sevilir. Ümid edirəm ki, çəkildiyi serial tutarlı olar və dünyada sevilər. Çünki bu serialda baş rol İstanbulun özüdür”.
- Yaraşıqlı olmağınız sizə nə qazandırıb və hansı bəlaları gətirib?
- İndiyə qədər yaraşıqlı olmağın bir zərərini görməmişəm. Hətta karyerama başladığım zaman onun faydasını belə görmüşəm. Misal üçün, "Best Model” yarışmasına daxil oldum və qazandım.

- Gözəlliyinizin aktyorluğunuzun önünə keçdiyini düşündüyünüz və narahat olduğunuz anlar olubmu?
- Olmayıb. Çünki biz vizual bir iş görürük və olanım budur. Elə obrazlar var ki, bunun üçün sənin xarici görünüşün gözəl olmalıdır. Ancaq elə obrazlar da var ki, sən orada o qədər də gözəl görünməli deyilsən. İşimdən kənarda xarici görünüşüm vecimə də deyil.
- Sabah yuxudan duranda güzgünün qarşısına keçib "necə də şahanə adamam” deyirsinizmi?
- Mən özümü bəyənən biri deyiləm.
- Kimə oxşamısınız?
- Hərəkətlərimi, xüsusiyyətlərimi atamdan, daxili dünyamı isə anamdan götürmüşəm.
- Hazırda karyeranızın hansı nöqtəsindəsiniz?
- Yaradıcılığımın çox önəmli bir nöqtəsindəyəm. Dünya kino sistemində yeni çəkilən "Netflix” serialının ilk türk baş rol ifaçısıyam.
- Həyəcanlısınız?
- Belə bir layihədə rol almaq çox qürurvericidir. Kiminlə işləmişəmsə, onlar işinin peşəkarı olublar və nəticədə ortaya gözəl bir layihə çıxıb.
- Hər şeyi çox sakit izah edirsiniz.
- Bəli, elə insanam.
- Sizə bu təklif gələndə, "yehhhuuuu” deyə bağırdınızmı?
- Hisslərimi asanlıqla ifadə edən insan deyiləm. Böyük hisslər yaşamıram. Hər şeyi içimdə yaşayıram. Məni tanıyanlar belə, o an nələr hiss etdiyimi anlaya bilməzlər. Hətta bu layihəni imzalayana qədər heç kimə heç nə demədim.
- Sevgilinizə də?
- Bəli. Heç kimə bəhs etmədim. Mən beləyəm. Ani qərarlar vermirəm, daima düşünürəm. Bu sənətə gəldiyim günlərdə belə daxili səsimə görə hərəkət etmişəm, iç səsimi dinləmişəm. Əgər çevrənizə gözəl enerji göndərsəniz, istəməyi bilsəniz, doğru zamanda doğru yerdə olsanız və təbii ki, istedadınız da varsa, xəyallarınız bir gün gerçəkləşəcək.
- "Birdən bacarmaram” deyə heç tərəddüd etdinizmi?
- Xeyr. Mən risk etməyi və bundan əvvəl edilməmiş şeyləri təcrübədən keçirməyi sevirəm. Bütün dünyada izlənəcək olan bir serialın baş rolunda oynamaq üzərimə böyük bir məsuliyyət qoyur. Amma "mən varam” dedim. Serial 14 dekabrda tamaşaçılarla görüşdü. Heç alışmadığım bir sistemdə çalışdım. İlk 10 bölümü 3 fərqli rejissorla işlədik. İlk üç bölümü Can Evrenol çəkdi, ikinci üçü Umut Aral, sonra da Gönenc Uyanık. Onların üçünün də çox fərqli baxışları var və beyinləri çox zirəkdir. Dünyada görülən bütün işləri izləyirlər. Əvvəllər gündə maksimum 10 saat çalışıb evə dönürdük. Bu da mənim alışmadığım sistemdir. Normal bir türk serialında istər-istəməz aktyoru yoran bəzi şeylər var. Misal üçün, ssenari çox gec gəlir. Bəzən gecə gəlir, sabah yuxudan duran kimi onu əzbərləyib, oynamaq məcburiyyətində qalırıq. Sonra 6 gün çalışırdıq. Günlər, gecələr bir-birini əvəzləyir. Hətta öz rekordumu vurub, 38 saat işləmişəm. Ancaq burada belə bir şey yoxdur. Bu serialda insani şərtlər altında çalışırıq.
- Çəkildiyiniz seriallar yayımlanmamışdan əvvəl oynadığınız rolu izləyirsinizmi?
- Özümü izləməyi sevmirəm. Çəkildiyim seriallara baxmıram. O işin içində olduğum üçün də özümə obyektiv baxa bilmərəm. Aktyorluğumu dəyərləndirmirəm, hiss edirəm ki, özümü inkişaf etdirmişəm. İndi ilk başladığım zamana görə çox böyük təcrübə sahibiyəm. Ancaq yenə də qərar izləyicinindir.
- 28 yaşında olub özünüzü 128 yaşındakı kimi necə apara bilirsiniz?
- (gülür) Ruhum yaşlıdır. Yaşadığım həyatı görsəniz, "işini bitirib, təqaüdə çıxıb” deyərsiniz. İstanbulda da, Los-Ancelesdə də belə yaşayıram. Los-Ancelesdə aktyorluq dərsləri alıram. Əsas da pulu hobbilərimə xərcləyirəm. Orada ailəmdən heç kim yoxdur, tək yaşayıram. Ailəm Çanaqqalada yaşayır. Təqaüdə çıxdıqdan sonra oradan bir ev aldılar. Hərdən onları ziyarət etməyə gedirəm. Çox rahatdırlar. Mən də gələcəkdə onlar kimi özümlə baş-başa ola biləcəyim bir həyat istəyirəm. Yalnızlığı çox sevirəm. 18 yaşımdan evdən ayrılmışam. Artıq onlardan ayrı yaşamağa alışmışam.
- Bəs "Best Model” yarışmasına qatılmaq fikri hardan meydana gəldi?
- O yarışmaya qatılmaq ağlımın ucunda belə yox idi. Mən uzun müddət peşəkar olaraq basketbolla məşğul olmuşam. O istiqamətdə davam etmək istəyirdim. Həmin ərəfələr dostlarım "Nə üçün manekenlik etmirsən?” deyə məni həvəsə gətirdilər. Əslində məşhur olmaq üçün dəridən-qabıqdan çıxan bir tip deyiləm. Göz önündə olmağı, haqqımda danışılmasını heç sevmirəm. Əhatəmdəki insanlar o qədər məcbur etdilər ki, "yəqin bir bildikləri var” - dedim. Özümü sınamaq üçün seçimlərə yazıldım və heç ağlımda yox ikən seçimləri qazandım.
- Aktyorluq sənətində ən çox kimlərdən nəyi öyrəndin?
- Bu mövzuda özümü şanslı hesab edirəm. Çalışdığım layihələrin hamısı mənə bir məktəb oldu. İlk işimdə Vahidə Perçin, Metğin Çekmez və Hazal Kaya var idi. Onların hamısı da çox təcrübəli aktyorlar idi və mənə dəstək oldular. Sonra "Medcezir”-i çəkdik. Bu günə qədər birlikdə çalışdığım hər kəs mənə bir şeylər öyrətdi. İnsanlar sənə bir şeylər verir, ancaq önəmli olan odur ki, onu almağı bacarırsanmı? Mən ala bildiyimi düşünürəm.
- "Netflix” serialının fragmanı bir milyondan çox izlənib və Türkiyədə serialın izlənmə reytinqinin çox olacağı gözlənilir. Dünya çapında ümidiniz nələrdir?
- Nəticə nə olursa-olsun, biz artıq layihəyə başlamışıq. İlk dəfə görülən bir layihə idi və çox əmək sərf etdik. Artıq iki ilə yaxındır ki, bu layihənin üzərində işləyirlər. Ona görə içim rahatdır.
- Serialda İstanbulun qoruyucususunuz. Bizə bir az xarakterinizdən danışa bilərsinizmi? Kimdir Hakan?
- Hakan İstanbulun qoruyucusudur. Gənc, normal bir adamdır. Ali təhsili varmı, bilmirik. Hələ ssenarist də bilmir. Ögey atası tərəfindən böyüdülüb. Kapalıçarşıda antik əşyalarla məşğuldur. Atasının mağazasında çalışır. Risklər almaq, yeniliklər etmək istəyən bir xarakterdir. Öz ayaqlarının üzərində durmaq istəyir. Sıradan adi bir oğlandır, amma özəl xüsusiyyətləri var. Keçmişdən gələn bir sirlə atalarından qalan tilsimli köynəyin sirlərini açır. Çünki İstanbulun qoruyucusu olmaq, bu yükü daşımaq çox böyük məsuliyyətdir.

- Serialda baş rol İstanbulun özüdür. Orada İstanbulun həm modern, həm də tarixi tərəflərini görürük. Özünüzü İstanbulun elçisi kimi hiss edirsinizmi?
- Bu serialı bütün dünya izləyəcəyi üçün və bizdən çıxan bir hekayə olduğu üçün bəli, üzərimdə böyük bir məsuliyyət hiss edirəm. Əslində, bu, bir komanda işidir və mən də o komandanın bir parçasıyam.
- Ötən mövsüm uğursuz bir hadisə ilə rastlaşdınız. Belə ki, narkotik maddədən istifadə etdiyinizə görə məhkəmə sizə 4 il 3 ay həbs cəzası vermişdi.
- Ailəm və çox yaxın dostlarım xaricində heç kimə bir şey danışmaq məcburiyyətində deyiləm. Hesab edirəm ki, məşhur olmasaydım, heç kimin bundan xəbəri olmayacaqdı. Önəmli olan ailəmin psixologiyasıdır. Məhkəmə hələ də davam edir. Bu, həyatdır. Hər şey ola bilər. Önəmli olan odur ki, belə bir hadisə olanda ondan dərs çıxarasan.
- Meşəçilik fakültəsinin məzunusunuz, bunun özəl bir səbəbi varmı?
- Təbiəti sevirəm. Torpaqla məşğul olmaq, onunla təmasın özü belə zövqvericidir. Bu iş məni çox sakitləşdirir. Bitkini çoxaltmağı, calaq etməyi çox sevirəm. Zekeriya köydəki evimdə də davamlı olaraq torpaqla məşğul oluram. Odun doğrayıram, meşəyə gedirəm, ox atıram.

- İnsan niyə ox atsın ki?
- Bir hədəfin var və sən onu vurursan. Bir də bu mənim genimdə var. Babalarım, atalarım, dədələrim - hamısı Bolqarıstanda ovçu olublar. Ox atıb at minmək, balıq tutmaq, odun doğramaq qanımda var.
- Balığı sevgilinizlə tutursunuz, yoxsa dostlarınızla?
- Normalda belə yerlərə ya tək gedirəm, ya da oğlan dostlarımla söhbət etmək üçün.
- Bəs şəkil çəkmək və musiqi alətində ifa etmək qabiliyyəti sizə kimdən keçib?
- Dayım və atam çox gözəl şəkil çəkirlər. Bu sahədə təhsilim yoxdur, ancaq bunların hamısını uşaqlıqdan bilirəm. Qara qələmlə yaxşı şəkil çəkirəm, hətta buna görə mükafat da almışam. Yağlı boya ilə çəkilmiş bir neçə əsərim var. Uşaqlıqdan bəri gitarada ifa edirəm. İlk dəfə 16 yaşında gitara aldım. Və Bodruma çalışmağa getdim.

- Harada çalışdınız?
- Öz pulumu özüm qazanıb, həyatın içinə atılmaq istədim. Əvvəlcə Antalyaya getdim. Dəniz kənarında papaq və yüngül əşyalar daşımaq üçün. Ora çox isti olduğu üçün Bodruma keçdim. Ayvalıqda şirniyyat evində ofisiantlıq etdim. 5 ofisiant bir evdə qalırdıq. Bir gün gitara ifa edirdim, məkan sahibi bunu eşitdi. Dedi ki, sən bu istedadınla ofisiantlıq etmə, musiqi ifa et. Və mən ondan sonra gitara ifa etməyə başladım və yaxşı pul qazandım. Hətta bir müddət "görəsən, musiqini davam etdirimmi?” deyə düşündüm. İstanbulda xüsusi dəvətlərdə canlı musiqilər ifa edirdimm.
- 16 yaşınızda ofisiant, 17-də musiqiçi, 18-də "Best Model” qalibi oldunuz. 28 yaşınızda "Netflix” serialında oynayırsınız. 8-10 il içərisində sahib olduğunuz nailiyyətlər çox deyilmi?
- Bu nöqtəyə heç də asan gəlmədim. Dəli olduğum, çətinliklər çəkdiyim dövrlər oldu. Hələ ki çox yaxşı bir aktyor ola bilməmişəm. Aktyor olaraq özümü bəyənmirəm. Davamlı olaraq inkişaf etməyə, öyrənməyə və işimi daha yaxşı görməyə çalışıram. Bu günə kimi yaxşı seçimlər etdim, addımlar atdım və gəldiyim nöqtə bunun nəticəsidir.

Xəyalə Rəis

banner

Oxşar Xəbərlər