• cümə, 29 Mart, 02:43
  • Baku Bakı 7°C

Gedir xəstə xilas etməyə, öz canını güclə xilas edir

07.05.19 10:00 644
Gedir xəstə xilas etməyə, öz canını güclə xilas edir
Təcili Tibbi Yardım Stansiyalarının həkimlərinin çağırış yerlərində dəfələrlə fiziki zorakılığa məruz qalmaları və ya təhqir edilmələri haqqında məlumatlara çox rast gəlirik. Həkim briqadasının azlığı, çağırışların çoxluğu, yollardakı tıxac problemi və s. səbəbdən gecikən təcili tibbi yardım həkimləri çox vaxt xəstə yaxınları tərəfindən "sürpriz”lərlə qarşılaşır. Gərgin vəziyyətdə olan xəstənin yaxınları emosiyalarını cilovlaya bilmir, həkimi döyür, təhqir edirlər. Pasiyentlər və ya onların qohumları çağırışa gələn həkimin xəstəyə yardım etməyə gəldiyini anlamaq əvəzinə, əsəblərinin hədəfi kimi məhz onları seçirlər. Tibb işçiləri belədə çağırış yerindən canlarını güclə xilas edə bilirlər. Sonradan insidentin araşdırılmasına cəlb edilən hüquq-mühafizə orqanları tərəfindən günahkarları üzə çıxarmaq, məsələnin səbəbini araşdırmaq üçün bəzən aylarla vaxt sərf edilir.
Ümumiyyətlə, tibb işçilərinin pasiyentlər və ya onların qohum-əqrəbası tərəfindən bəzən təzyiqlərə məruz qalması və ya aqressiv münasibətlə qarşılaşması hallarına xüsusən son vaxtlar daha çox rast gəlinir. Mənzərə, qəbuluna ehtiyac yaranan "Pasiyentin hüquqları haqqında” qanun layihəsinin bir bəndinin də tibb işçilərinin hüquqlarının qorunmasına yönəlməsinə məcburiyyət yaradıb. Milli Məclisin (MM) Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev artıq neçə ildir ki, bu məsələnin gündəmdə olduğunu bildirir. Millət vəkili "Kaspi”yə açıqlamasında "Pasiyentlərin hüquqlarının qorunması ilə yanaşı, tibb işçilərinin də hüquqları qorunmalıdır” dedi: "İki tərəf varsa, bu qanunhər birinəşamil olunmalıdır. Eyni zamanda, pasiyentlərin hüquqlarının qorunması icbari tibbi sığortaya bağlı məsələdir. İcbari tibbi sığorta işə düşməyincə, bunu etmək mümkün olmayacaq”. Millət vəkilinin sözlərinə görə, layihənin qəbul olunması təxminən bir il çəkər: "Qanun layihəsində bir bölmə də tibb işçilərinin hüquqları ilə bağlı olacaq. Bu qarşılıqlı olmalıdır – həm hüquqlar, həm vəzifələr müəyyənləşməlidir. Həm tibb işçilərinin qeyri-qanuni fəaliyyətindən pasiyentlər müdafiə olmalıdır, həm də tibb işçiləri pasiyentlərin onlara qarşı qeyri-qanuni hərəkətlərindən müdafiə edilməlidir”. Millət vəkili bildirir ki, bundan ötrü dünya təcrübəsi, müvafiq qanunvericiliklər öyrənilir, İşçi qrupu hazırlanıb: "Yəqin ki, müəyyən vaxtdan sonra AMEA-nın İnsan Hüquqları İnstitutu ilə birgə dinləmə keçirəcəyik. Mövzuya uyğun olaraq, mütəxəssisləri, ictimaiyyət nümayəndələrini də dəvət edəcəyik ki, öz təkliflərini versinlər. Həmçinin bu məsələ icbari tibbi sığorta ilə sıx bağlıdır. Gərək tibbi sığorta ölkə ərazisində oturuşmuş şəkildə fəaliyyətə başlasın ki, bundan sonra çatışmazlıqları götür-qoy edək. Bütün hallarda bu məsələ komitənin gündəliyindədir və İşçi Qrupu da araşdırmalar aparır”.
M.Quliyev tibb işçilərinin hüquqlarının qorunması məsələsinin gündəmə gəlməsini, həkimlərin pasiyentlər və ya onların qohum-əqrəbaları tərəfindən təzyiqlərə məruz qalmaları ilə əlaqələndirir: "Bəzən pasiyent və ya həmin şəxsin qohumları həkimdən şikayət edib onu məhkəməyə verirlər. Onda həkimin də hüquqları olmalıdır ki, bu çərçivədə nələri edib-etməyəcəyini bilsin. Bu mənada tibb işçiləri də bizə şikayət edirlər. Xüsusən Təcili Tibbi Yardım həkimləri çağırış yerinə gedən zaman döyüldüklərini, təhqir edildiklərini söyləyirlər”. Millət vəkili hesab edir ki, Təcili Yardım Stansiyasında çalışan həkimlərin də hüquqları polis işçilərinin hüquqlarına bərabər tutulmalıdır.
Tibb işçiləri də onlara qarşı münasibətin həmişə ürəkaçan olmadığını təsdiqləyirlər.
Nizami rayon 6 saylı təcili Tibi Yardım Stansiyasının həkimi Natiq Tarıverdiyev bizimlə söhbətində tibb işçilərinin belə bir müdafiəyə ehtiyacları olduğunu dedi: "Tibb işçilərinin hüquqlarının qorunması qanunvericilikdə yer alsa, əhəmiyyətli olar. Biz çağırışa gedəndə müxtəlif xarakterli insanlarla qarşılaşırıq. Həkimə qarşı aqressiya göstərirlər, nalayiq ifadələr işlədirlər. Bu cür xoşagəlməz hallarla çox rastlaşırıq. Bu baxımdan tibb işçilərinin, xüsusən təcili yardım işçilərinin hüquqlarının qorunmasına ehtiyac var».
Pasiyentlərin hüquqları ilə bağlı fikirlərin uzun müddətdir ki, səsləndiyini deyən professor Adil Qeybulla hesab edir ki, əslində bu tip məsələlərin ortaya çıxmasına səbəb həkimlə pasiyent arasında olan münasibətlər sistemindəki problemlərdir: "Xəstə harda ki, cibindən ödəniş edir, orada daim problemlər olur. Bunun da həlli yolu icbari tibbi sığortadan keçir. Hesab edirəm ki, icbari tibbi sığorta mütləq işlək olmalıdır və həkimlərin peşəkarlığı yüksəlməlidir. Peşəkarlığın artmasının da əsas sistemi öyrətmə-rezidentura sisteminin kamil olmasıdır. Bu da icbari tibbi sığortaya bağlıdır. Yəni icbari tibbi sığorta olmadan, bu, mümkün deyil. Həm sosial müdafiənin mühüm elementi, həm də ümumiyyətlə həkimlərin peşəkarlığının artırılmasının daha təkmil bir sistemi kimi bu işi həyata keçirmək lazımdır. Ondan sonra rezidentura sistemi təkmilləşə bilər”. A.Qeybulla bildirdi ki, baza tibb təhsili almış tələbələrin həkim kimi yetişdirilməsi prosesi rezidenturadan keçir. Biz isə bu mərhələlərdə axsayırıq: " Sovet dövründə tələbələr Moskvada təkmilləşmə keçirdilər. İndi tələbələrin çoxu xarici ölkələrə gedir və ixtisaslaşma keçirlər. Ancaq bu sistem Azərbaycanın özündə də təmin olunmalıdır. Çünki bütün tələbələrin xaricə getmək imkanı yoxdur. Bu baxımdan da bu sistem təkmilləşməli, icbari tibbi sığortaya keçilməlidir. Onda nə pasiyent, nə də həkim hüququnun qorunmasına ehtiyac qalacaq. Yəni istənilən mübahisəli məsələlərin həlli protokollarla həll olunacaq”. Professor bildirdi ki, həkimin işi ilə hüquq mühafizə orqanları məşğul olmamalıdır: "Çünki bütün hüquq-mühafizə orqanlarının kompitensiya vermək imkanı yoxdur. Bunu yalnız xüsusi tibbi komissiyalar verə bilər. Dünyanın hər yerində bu, belədir. Əgər işdə bir kriminal varsa, onda o istiqaməti hüquq-mühafizə orqanlarına yönəltmək olar. Digər hallarda isə bu məsələlər xüsusi tibbi şuralarla, tibbi strukturlarla həll olunur. Biz bu sahədə Qərbin getdiyi yolla getməliyik. Səhiyyəyə məsul olan dövlət qurumları da Qərb səhiyyəsinin standartlarını mənimsəməli və lazımi tədbirləri görməlidirlər. Dünya bu yolla gedirsə, biz də bu yolu seçməliyik. Yalnız onda səhiyyədə hansısa inkişafa nail olmaq mümkündür”.
Əlbəttə, qəbul olunacaq sənəd hər iki tərəfin hüquqlarının qorunması istiqamətində mühüm rol oynaya biləcək. Ancaq qəfil situasiyaların yaranmasına heç kim, hətta daşdan keçən sənəd də bəzən təminat verə bilmir. Belədə məsələnin hüquqi tərəfindən başqa, maarifləndirici tərəfi də olmalıdır. Düzdür, insanların gözündə müəllimlərdə olduğu kimi, həkimlərin də nüfuzunu bərpa etmək çətinləşib. Həkim-xəstə münasibətlərində baş verən xoşagəlməz hadisələr bu nüfuzu xeyli zədələyib. Münasibətlərin anlaşmasında açıq qalan xeyli suallar var. Bununla belə, insanın insana münasibət prinsipləri əsas götürülməlidir. Bəlkə, məsələnin həllində medianın da üzərinə hansısa vəzifələr düşür? Ən azı həkimin xəstəyə, pasiyentin tibb işçisinə münasibətinin örnək nümunələri önə çəkilə bilər.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər