AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Gecənin xeyrindənsə, gündüzün şəri

Gecənin xeyrindənsə, gündüzün şəri

17 İyul 2021, 12:00 1442
Və ya yazıçıların taleyində mövhumat
 
Mövhumat, inanc və ya xurafat… Bunun adı hər necə olursa-olsun, müxtəlif insanlarda – kimində az, kimində çox özünü müəyyən həddə büruzə verir. Bu cür insanlarla hər gün rastlaşırıq.  Bəzi mənbələrə görə, psixi pozğunluqdan, qorxulardan, xofdan yaranan, əslində isə maddi aləmdə mövcud olmayan bu inam, sadə insanlarda olduğu kimi, bir sıra yazıçı və şairlərin də ömründən izsiz keçməyib.
 
Puşkinin "13” xofu
 
Belə ki, rus şairi A.S.Puşkin də bu cür inanclara qarşı laqeyd olmayıb. Məsələn, Puşkin özü ilə birlikdə qonaqların sayı on üç  olan süfrədə heç vaxt oturmazdı. Bunu olduqca pis əlamət hesab edər, şeytan əməli sayardı. Və o, bir süfrə ətrafında on üç nəfər oturarsa, tezliklə onlardan birinin dünyasını dəyişəcəyinə inanar, bundan qorxardı. Ona görə də, istənilən qonaqlıqda oturmazdan əvvəl mütləq qonaqlara nəzər yetirər, sayar, sonra əyləşərdi. Süfrədə duzun da masaya dağılmasının çox pis əlamət olduğuna dəhşətli dərəcədə inanardı. Şairin süfrə inancları bununla bitmir. O, heç vaxt yemək zamanı ona uzadılan bıçağı da əl uzadıb götürməzdi. Bax belə. Rus ədəbiyyatının ən romantik şairinin oxuculara məlum olmayan belə bir xüsusiyyətləri varmış.
 
Qaranlıqda gələn "ilham pərisi”
 
Afaziya xəstəliyindən əziyyət çəkən, rekord sayda qəhvə içən fransız yazıçısı Onore de Balzak ilham pərisinin ancaq qaranlıqda gəldiyinə inanırdı. Və bu inancına o qədər aludə olmuşdu ki, sevimli ilham pərisini ürkütməməkdən ötrü yaşadığı evin pəncərələrini günəş işığının düşməsinin qarşısını almaq üçün bir neçə qalın pərdə və örtüklə bağlatdırmışdı. Balzak, adətən, gecələr yazırdı. Maraqlısı budur ki, yuxu tutmasın deyə, müxtəlif vasitələrə əl atırdı: ayaqlarını soyuq su olan ləyənə salır, başına kürk papaq (beyni yaxşı işləsin deyə) qoyurdu. Və beləliklə, dünyanın ən sevilən yazıçılarından olan Balzak, gün ərzində, təxminən on beş saat bu cür işləyərdi.
 
Hər şeydə bir işarə
 
Nikolay Vasilyeviç Qoqol dövrünün ən məşhur ədibi olduğu qədər də, qəribəlikləri ilə seçilirdi. Onun da inancları vardı və onlar həm də fərqli inanclar idi. O, hər şeydə nəsə bir nişan, işarə görürdü: havada, suda, quşların səsində, yoldan ötənlərin görünüşündə belə… O, ilahi işarələrə olduqca həssas yanaşır, hətta ilk xarici səfərini də belə əlamətlərdən birinə görə təxirə salmışdı. Bundan başqa, Qoqol bütün daxili orqanlarının başqa insanlardan fərqli quruluşda olduğuna, xüsusən də, mədəsinin tərsinə olduğuna əmin idi. Hətta bu fikir onun beynində o qədər yer almışdı ki,  özü özünü əməliyyat edib bunu təsdiqləməyə də cəhd göstərmişdi. Qoqolla bağlı daha bir maraqlı fakt onun oturaq vəziyyətdə yatmasıdır. Bunun iki səbəbi var. Birincisi, Qoqol letargik yuxuya dalanda, adamların onun öldüyünü zənn edib dəfn edəcəyindən dəhşətli dərəcədə qorxurdu. Həmişə də ölümünə tam əmin olmadan dəfn edilməməyini istəyirdi.  İkincisi isə Qoqol kresloda yatışını prozaik yatış adlandırar və qida qəbulundan sonra bunun çox rahat olduğunu bildirərdi.
 
İldırım çaxanda...
 
"Ullis”  romanını dünyaya verən, ciddi katolik ailədə doğulan irland yazıçı Ceyms Coysun da qəribə inancları olub. Onu tərbiyə edən qadın daim ildırımın tanrı qəzəbi olduğunu deyir və buna qətiyyətlə inandırırmış. Hər dəfə ildırım çaxanda tərbiyəçi, Coysdan xaç çəkməyi tələb edir və bunu etmədiyi təqdirdə tanrının onu külə döndərəcəyini deyirdi. Bu qorxu Coysun qanına elə işləyib ki, hətta, böyüyəndən, bir çox şeylərə, o cümlədən də dinə etiqadını, inamını itirəndən sonra da ildırım çaxanda narahat olurmuş, səbəbsiz yerə ora-bura vurnuxurmuş.
 
 Almanın gətirəcəyi uğur
 
Detektiv janrının kraliçası, ingiltərəli yazıçı Aqata Kristi də kişi həmkarlarından geri qalmayıb, onun da  özünəməxsus inancları olub. Xanım yazıçı vanna qəbul edərkən dalbadal alma yeyərək gizli ölüm hadisələrini düşünürdü. O, alma yeməyin ona uğur gətirəcəyinə ürəkdən inanır və bu minvalla, yazdığı bütün əsərlərin süjetini qururdu.
 
Üzü şimala doğru
 
"Oliver Tvist”in yaradıcısı, ingilis yazıçısı Çarlz Dikkensin inancı da bir başqa cür olub. O, həmişə üzü şimala yatırdı. Bunun ona uğur gətirəcəyinə əmin idi. Hətta romanlarını yazanda da  üzü şimala otururdu. "Oliver Tvist”, "Böyük ümidlər”, "Soyuq ev”, "İki şəhərin hekayəsi” və s. kimi məşhur əsərlərini,  məhz üzü şimala oturmaqla yazıb.
 
Halleyin gətirdiyi ölüm
 
Bu inanclar, mövhumat okeanın o tayında da yazıb-yaradan yazıçılardan uzaq durmayıb. Amerika yazıçısı Mark Tvenin də özünə görə qeyri-adi və eyni zamanda da digərlərindən fərqli, sırf özü ilə bağlı inancı vardı. Bu inanc, özündən başqa heç kimin inanmamağına baxmayaraq, sonda kədərli təsdiqini tapıb. Mark Tven taleyinin Halley kometi ilə birbaşa əlaqəli olduğunu hər zaman hiss edir və bunu heç kimdən gizlətmirdi. Mark Tven 1835-ci ilin noyabrında dünyaya gəlib. Həmin ərəfədə ki, bütün dünya Holley kometinin Yer planetinə düşəcəyi xəbərinin qorxusu, həyəcanı altında yaşayırdı. Bu kometin insanlarda yaratdığı qorxular, xəstəliklər barədə və ümumiyyətlə, bu haqda müxtəlif düşüncələr, qənaətlər haqda uzun illər sonra da mətbuatda yazıblar. Mark Tven bu fikirlərin dərinliyində o qədər itib-batıb ki, özünün də bu komet ilə bağlı olduğunu düşünüb. Onun bu cür fikirlərin qurbanı olduğu da deyilir. Taleyinin məhz Halley kometi ilə bir yürüdüyünü fikirlərində böyüdən yazıçı, bu kometin ikinci gəlişi ilə öləcəyini deyirdi.  Və həqiqətən də belə oldu. Bu, ya təsadüf idi, ya da ki, işarə öz təsdiqini tapırdı. Necə deyərlər, ya vəlvələdən, ya zəlzələdən Halleyin ikinci gəlişindən sonra Mark Tven dünyasını dəyişdi.
 
Şeytanın gizləndiyi yer       
 
Okeanın o tayında ikən Amerika yazıçısı Edqar Allan Ponun da mövhumata inanmağından danışım. O, zülmət qaranlığın içində çox pis şeylərin, şərin, şeytanın gizləndiyini və bunun ruhuna, bədəninə hopa biləcəyindən qorxurdu. Buna görə də, gecə mütləq şam işığında yatar, hava qaralandan sonra gəzintiyə çıxmazdı. Çox qəribə olsa da, o, tamaşa vaxtı zalda işıqlar söndürülür deyə, teatra da getməzdi. Edqar Allan Po "gecənin xeyrindənsə, gündüzün şəri yaxşıdır” misalını eşitsəydi, buna etiraz edər, şərin də, şeytanın da qaranlıqda mövcud olduğuna inandırmağa çalışardı. Bütün bu yazıçılar, göründüyü kimi, müəyyən qədər mövhumatçı olublar. Amma bu inancları, zənnimcə, onlara özünəməxsusluq verib. Özlərinin uydurduqları bu "şərtlərə” əməl edərək yazıblar.
 
Xanım Aydın