AZE | RUS | ENG |

Füzuli və Cəbrayılın işğalından 26 il ötür

Füzuli və Cəbrayılın işğalından 26 il ötür
1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarını işğal ediblər. Hər iki rayonun işğalı Azərbaycan iqtisadiyyatına 9 milyard dollara yaxın ziyan vurub. Füzulinin 51 kəndi və rayon mərkəzi ermənilər tərəfindən işğal olunub, 55 min nəfərə yaxın sakin doğma torpaqlarını tərk edib. Füzuli rayonu Qarabağ dağ silsiləsinin cənub-şərq ətəklərindən Araz çayınadək sahəni əhatə edir, Cəbrayıl, Xocavənd, Ağcabədi və Beyləqan rayonları Araz çayı boyunca İranla həmsərhəddir.
İşğal nəticəsində, öz ata-baba yurdlarından didərgin düşən insanların şəxsi mülkləri talan olunub, Azərbaycanın tarixi memarlıq abidələri məhv edilib. Füzuli rayonu ərazisində yerləşən, qədim dövrün mədəni abidələri kimi, UNESCO-nun dünya irsi siyahısına düşən Azıx və Tağlar mağaraları ermənilər tərəfindən dağıdılıb. Azıxda aşkar olunan maddi-mədəniyyət nümunələri 1981-ci ildə Parisin İnsan Muzeyində «Avropanın ilk sakinləri» adlı sərgidə nümayiş etdirilib.
Yağı düşmən tərəfindən Füzuli rayonundakı uzunömürlü təbiət abidələri - Şərq çinarları da tamamilə məhv edilib, Ərgünəş meşəsində 500 hektar ərazi yandırılıb. Füzuli aqrar rayonu olduğundan, işğal nəticəsində dəyən ziyan milyardlarla manat ölçülür. Rayonun ərazisi 1386 kv.km, əhalisi təxminən 105 min nəfərdir. Rayonun işğaldan azad olunmuş ərazisində 13 qəsəbə və 20 kənd var. Qəsəbələrdən 12-si işğaldan azad olunmuş ərazidə yeni salınıb və məcburi köçkün ailələri, müvəqqəti olaraq, burada yerləşdirilib. Hazırda ərazidə 51 min nəfər məcburi köçkün məskunlaşıb. Füzuli rayonu 1988-ci ildən başlayaraq, mütəmadi olaraq, ermənilərin hücumuna məruz qalıb. İşğal nəticəsində, 1100-dən çox Füzuli sakini şəhid olub, 113 nəfər girov götürülüb, 1450 nəfər müxtəlif dərəcəli əlil olub. Geniş meşə massivləri ilə örtülü olan Dövlətyarlı kəndində ağaclar, bütünlüklə, qırılıb, Qoçəhmədli kənd yolu boyunca ağaclar kütləvi surətdə məhv edilib, Yağlıvənd kəndində kəndarası yolun sağ və sol tərəfindəki böyük yaşıllıqlar tamamilə qırılıb, 2006-2009-cu illər ərzində, rayonun 35000 hektardan artıq ərazisi ermənilər tərəfindən yandırılıb.
Cəbrayılda da üzümçülük, taxılçılıq, baramaçılıq, heyvandarlıq inkişaf etmiş sahələr olduğuna görə, dəyən ziyanın həcmi böyükdür. Bu rayonda 14 mindən çox daşınmaz əmlak, 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 5 məscid, 2 muzey, 129 tarixi abidə və 149 mədəniyyət ocağı işğal altındadır.
Ermənilər Cəbrayıl rayonunun da mühüm əhəmiyyətə malik tarixi memarlıq abidələrini, yeraltı sərvətlərini, zəngin su mənbələrini dağıdaraq məhv edib, meşələri yandırıb, bu yurdun rəmzinə çevrilən Xan çinarları kəsiblər. Hər iki rayon ağır döyüşlərdə minlərlə şəhid verib. Füzuli rayonundan 8, Cəbrayıl rayonundan isə 6 nəfər erməni işğalçılarına qarşı döyüşlərdə göstərdikləri igidliyə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
BMT Təhlükəsizlik Şurası işğal edilən Füzuli, Cəbrayıl, Qubadlı və digər rayonlardan erməni silahlı qüvvələrinin qeyd-şərtsiz çıxarılmasını tələb edən 874 saylı qətnamə qəbul etsə də, bu qətnamə də digərləri kimi icra edilməyib və kağız üzərində qalıb.
2016-cı ilin aprel döyüşlərində ordumuz düşmən qüvvələri Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyindən və ətraf ərazilərdən geri çəkilməyə məcbur etdilər. Nəticədə, dinc əhalinin Cocuq Mərcanlı kəndinə qayıdıb öz yurd yerlərində yaşamalarına şərait yaranıb və çox qısa bir vaxtda həmin kənd bərpa edilib və müxtəlif bölgələrdə məcburi köçkün kimi müvəqqəti məskunlaşmış sakinlərin buraya köçürülməsinə başlanılıb. Bu gün Lələ təpənin ələ keçirilməsi ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində tam təhlükəsiz həyat şəraiti təmin edilib. Cocuq Mərcanlıda geniş tikinti-quruculuq işləri davam edir. Birinci mərhələdə yaşayış məntəqəsində 50 fərdi ev, məktəb binası və müvafiq infrastrukturun tikintisindən sonra ikinci mərhələdə 100 fərdi yaşayış evinin, 50 yerlik uşaq bağçasının, tibb məntəqəsi və klub-icma mərkəzi üçün binaların, poçt binasının və digər zəruri infrastruktur obyektlərinin inşası aparılır. Qeyd edək ki, bu gün də bu işlər davam etdirilməkdədir. Bu gün bütün ölkə
ictimaiyyəti, qaçqın və məcburi köçkünlər, hesab edirlər ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən atılan qətiyyətli addımlar növbəti uğurlarımızın və doğma ellərə "Böyük Qayıdış"ın başlanğıcıdır.
Hazırda Füzuli və Cəbrayıldan olan məcburi köçkün soydaşlarımız Azərbaycanın 50-dən çox şəhər və rayonunda məskunlaşıblar. Onlar dövlətin tam qayğısı ilə əhatə olunublar.
 
SİA.AZ


Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8722
GEL 1 1 Gürcüstan larisi 0.5762
GBP 1 1 İngiltərə funt sterlinqi 2.111
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1761
CHF 1 1 İsveçrə frankı 1.714
KWD 1 1 Küveyt dinarı 5.5927
TRY 1 1 Türkiyə lirəsi 0.2967