Futbolun siyasiləşdirilməsi fonunda Azərbaycana zərbə vurmaq niyyəti - Fotolar
Azərbaycanın iqtisadi intibah əldə edərək
beynəlxalq aləmin nüfuzlu üzvünə, Cənubi Qafqazın lider dövlətinə çevrilməsi
işğalçı Ermənistanı, dünyadakı erməni diaspor təşkilatlarını, həmçinin onlarla
əlaqəli olan bəzi dairələri ciddi narahat edir. Bu səbəbdən də zaman-zaman
Azərbaycan əleyhinə kampaniyalar təşkil edilir, real və ya qeyri-real hər hansı
hadisə ictimailəşdirilərək ölkəmiz əleyhinə təbliğat aparılır. Xüsusən də
paytaxt Bakı hansısa beynəlxalq əhəmiyyətli tədbirə, o cümlədən forumlara,
idman və ya musiqi yarışmalarına ev sahibliyi etdiyi ərəfələrdə bu qaraguruh
daha da fəallaşır, hər vasitə ilə Azərbaycanın nüfuzuna xələl gətirməyə
çalışırlar. I Avropa Oyunları, "Avroviziya-2012”, Bakı-2017: İslam
Həmrəylik Oyunları, Formula-1 yarışları ərəfəsində bu cür gözdənsalma
kampaniyaları dəfələrlə müşahidə olunub.
Hazırda da anti-Azərbaycan qüvvələr fəallaşıblar.
Onlar mayın 29-da Bakıda UEFA Avropa Liqasının finalının keçiriləcəyini nəzərə
alaraq ənənəvi təbliğatlarına başlayıblar. Bir sıra instansiyalar, təşkilatlar
idmana heç bir aidiyyəti olmayan, qərəzli və reallıqdan uzaq subyektiv
mülahizələr irəli sürür və beynəlxalq ictimaiyyətdə bu mühüm idman tədbirinin
Azərbaycanda keçirilməsinin məqsədəuyğun olmadığı barədə rəy formalaşdırmağa
çalışırlar.
Bu günlərdə yeni bir "fakt”ı gündəmə gətirməklə hücuma
keçiblər. Belə ki, internet resurslarında yayılan məlumata görə, Bakıda
keçiriləcək Avropa Liqasının final oyununun iştirakçıları "Arsenal”la "Çelsi”
onlara ayrılmış biletlərin bir qismindən imtina etmək istəyirlər. Bu qərarın
əsaslandırılması üçün də yazının əvvəlində qeyd etdiyimiz bəhanələr əsas
gətirilir. Öncə onu vurğulayaq ki, finalın məhz Bakıda keçirilməsi UEFA-nın
qərarı olub. Amma UEFA Azərbaycanın bu məqsədlə müraciətini, sərfəli təkliflər
irəli sürməsini, digər namizədlərdən fərqli olaraq, final oyunu üçün daha
əlverişli şərait yaratdığını nəzərə alıb, üstünlüyü ölkəmizə verib.
Finalçılara, azarkeşlərin uzaq məsafə qət edərək futbol oyununu izləmək üçün
ölkəmizə təşrif buyurmalarına gəlincə, 2017-ci ildə heç kim ehtimal edə bilməzdi
ki, finala məhz 2 ingilis komandası – "Çelsi” və "Arsenal” çıxacaq.
Göstərdikləri oyun müqabilində finala Azərbaycana daha yaxın ölkələrin klubları
da çıxa bilərdi və məsafə daha yaxın ola bilərdi. Digər tərəfdən, azarkeşlərin
belə oyunların keçirildiyi ölkələrə getməsində həmişə çətinliklər olub. Hər bir
ölkənin nümunəsində bunu göstərmək olar.
Bu kimi reallıqları nəzərə alsaq bir daha görərik
ki, ayrı-ayrı dairələrin irəli sürdüyü iddialar tamamilə əsassızdır və
qərəzlidir. Bu kimi addımlar Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirməyə,
ölkəmizə təzyiq göstərməyə hesablanıb. Azərbaycan ictimaiyyəti artıq belə
bəhanələrlə ölkədə keçirilən mühüm tədbirləri gözdən salmaq cəhdlərinə alışıb
və belə absurd iddiaları qəbul etmir. Odur ki, bütün iddialara, kimlərinsə
narazılıq və narahatlıq yaratmaq, müxtəlif bəhanələrlə bu oyunun keçirilməsinə
əngəl olmaq cəhdlərinə baxmayaraq, dünyanın diqqət mərkəzində olan futbol
bayramı Azərbaycanın paytaxtı Bakıda ən yüksək səviyyədə baş tutacaq və
milyonlarla futbol azarkeşi, o cümlədən Olimpiya Stadionunda oyunu canlı
izləyən on minlərlə tamaşaçı bundan zövq alacaq.
Siyasi şərhçi
Azər Həsrət mövzu
ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında deyib ki, dünyanın hər bir ölkəsində
olduğu kimi Azərbaycan da növbəti idman tədbirinə ev sahibliyi edir. Onun
sözlərinə görə, bu ev sahibliyi edilən zaman Azərbaycan üzərinə götürdüyü
öhdəlikləri yerinə yetirir, idman tədbirinin ən yüksək səviyyədə baş tutması
üçün nəzərdə tutulan addımları atır: "Azərbaycan tərəfdən UEFA finalının Bakıda
keçirilməsi ilə bağlı hər hansı narahatlıq, narazılıq yoxdur. Oyunun sahibi
olan UEFA-nın da ölkəmizlə əlaqədar hər hansı iradı, narazılığı müşahidə
edilmir. UEFA-nın qaldırdığı bütün məsələlər istər Azərbaycanın dövlət, istərsə
də futbol rəsmiləri tərəfindən ən yüksək səviyyədə həllini tapıb. Sadəcə olaraq,
bəzi mərkəzlər və qüvvələr bir erməninin bir ingilis komandasının oyunçusu
olaraq bu oyunda iştirakdan imtina etməsini siyasiləşdirməklə məşğuldurlar.
Onlar məqsədli şəkildə dinc, sülhpərvər oyundan siyasi məqsədlər üçün istifadə
edirlər. Bu çərçivədə Azərbaycana qarşı çirkin bir kampaniya aparırlar. İndi də
ortaya atıblar ki, guya hansısa azarkeşlər yolun uzaqlığını bəhanə edərək
Azərbaycana gəlməkdən, oyununu izləməkdən və bu məqsədlə aldıqları biletlərdən
imtina ediblər. Bəlkə də 2-3 nəfər kampaniyaçı bunu edə bilər. Amma ümumilikdə
götürsək, azarkeşlərin mütləq əksəriyyəti böyük həvəslə bu oyuna gələcəklər və
artıq gəlməkdədirlər”.
Ekspert bildirib ki, Bakı şəhərinin mərkəzindəki
otellər, həmçinin Olimpiya Stadionundakı yerlər əvvəlcədən azarkeşlər,
turistlər tərəfindən bron edilib: "Azarkeşlər əvvəldən öz yerlərini müəyyən
ediblər. Görünən budur ki, heç kim bu oyundan imtina etmək fikrində deyil. Çünki,
bütün dünyanın diqqətində olacaq bu oyun böyük maraq və həvəslə gözlənilir.
Əlində imkanı, şansı olan hər hansı bir şəxs bu oyunu izləməkdən özünü məhrum
etməz. Azərbaycanın əleyhdarları ölkəmizin günü-gündən inkişaf etməsini, beynəlxalq
aləmdə nüfuzunu artırmasını həzm edə bilmir. Bütün cəhdlərə baxmayaraq, əvvəlki
tədbirlər kimi UEFA Avropa Liqasının final oyununun da ən yüksək səviyyədə baş
tutacağına, təşkilatçılıq nöqteyi-nəzərindən Azərbaycanın dünyaya yeni
standartlar təqdim edəcəyinə əminəm”.
Siyasi şərhçi
Aydın Quliyev də
hesab edir ki, indiyə qədər ortaya atılan bəhanələrin guya azarkeşlərin Bakıya
gəlməkdən imtina etməsi xəbəri ilə yekunlaşacağını əvvəldən ehtimal etmək
mümkün idi. O, qəzetimizə açıqlamasında bildirib ki, antimilli dairələr Azərbaycanın
beynəlxalq nüfuzunu gözdən salmaq üçün paytaxt Bakının təhlükəli şəhər
olmasını, təyyarə biletlərinin bahalığını, "Arsenal”ın erməni əsilli
oyunçusunun həyatına qarşı təhlükə gözlənilməsini və sair bu kimi yalanları
dövriyyəyə buraxıblar: "Bununla sübut etməyə çalışdılar ki, guya bu cür
beynəlxalq əhəmiyyətli tədbirlərin Azərbaycanda keçirilməsi olduqca risklidir.
Bununla əlaqədar geniş miqyasda kampaniya aparıldı. Təəssüf ki, Böyük
Britaniyanın Xarici İşlər Nazirliyi də yaydığı bəyanat ilə bu kampaniyada
hansısa formada yer aldı. Lakin bütün bunların heç biri gözlənilən nəticəni
vermədi. Nə "Arsenal” və "Çelsi”nin futbolçuları, nə də azarkeşlər Bakıya
gəlməkdən imtina etmədilər. Əksinə, dünyanın, o cümlədən Avropanın, Asiyanın
futbol azarkeşləri Bakıda möhtəşəm idman yarışını izləməkdən böyük zövq
alacaqlarını ifadə etdilər. Beləliklə də bir tərəfdən erməni barmağı, digər
tərəfdən Azərbaycana qarşı düşmən münasibəti sərgiləyən bəzi dairələrin, güc
mərkəzlərinin futbol oyunu üzərindən Azərbaycana qarşı qurduqları plan iflasa
uğradı”.
Ekspertin qənaətincə, bununla kifayətlənməyən
anti-Azərbaycan şəbəkə bəzi Avropa strukturlarında ölkəmiz əleyhinə qərarların
qəbul edilməsinə də cəhdlər ediblər: "Hətta bu məqsədlə xaricdəki bəzi radikal
qüvvələri, o cümlədən onların sırasında yer alan "sapı özümüzdən olan
baltaları” futbol mövzusunda aktivləşdirməyə çalışdılar. Onların bu cəhdi də
uğursuz oldu. İndi də azarkeşlərin guya aldıqları biletdən imtina etməsi,
biletlərin satılmaması barədə dezinformasiyaları dövriyyəyə buraxıblar. Belə
"xəbərlər” futbolun – idman yarışının siyasiləşdirilməsi fonunda Azərbaycana
zərbə vurmaq niyyəti güdür. Bu, qeyd edilən addımı atan beynəlxalq dairələrin
tamamilə iflasının göstəricisidir. Azərbaycan xalqı və dövləti heç bir halda
belə kampaniyalarla ruhdan düşmür. Bu kimi beynəlxalq tədbirlərin ən yüksək
səviyyədə keçirilməsi üçün Azərbaycan uzun illər ərzində zəngin təcrübəyə
yiyələnib. Azərbaycan ictimaiyyətinin də final oyununa böyük marağı var. Bu
idman yarışının təhlükəsiz şəraitdə keçməsi üçün ölkənin hüquq-mühafizə
orqanları, təhlükəsizlik qüvvələri də tam gücü ilə səfərbər olunublar. Əminəm
ki, azarkeşlər tam təhlükəsiz şəraitdə həm möhtəşəm bir oyundan, həm də
şəhərimizin gözəlliklərindən böyük zövq alacaqlar”.
Rufik
İSMAYILOV