• cümə, 29 Mart, 10:46
  • Baku Bakı 5°C

Fuad Hüseynzadə: “İnformasiya müharibəsinin xüsusi təyinatlıları” hazırlanmalıdır

09.08.22 20:27 1085
Fuad Hüseynzadə: “İnformasiya müharibəsinin xüsusi təyinatlıları” hazırlanmalıdır

Diaspor Gənclərinin Yay düşərgələrinin keçirilməsi xaricdəki gənclərin ictimai fəallığının artırılması və birliyinin gücləndirilməsi baxımından önəmlidir. Sevindirici haldır ki, bu tədbirlərdə artıq ikinci nəsil diaspor üzvləri də iştirak edirlər. Bu gənclərin valideynləri fəal diaspor üzvləridir. Yəni, onlar diaspor ailəsində böyüyüblər. Belə gənclərin diaspor təcrübəsi var və onların intellektual potensialından daha çox yararlanmaq mümkündür.

Kaspi.az xəbər verir ki, bu fikirləri Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə söyləyib.

Yay düşərgələrində iştirak edən diaspor gənclərini düzgün qruplaşdıraraq onların fəaliyyətindən səmərəli istifadə etməyin əhəmiyyətini bildirən F.Hüseynzadə deyib ki, beləliklə, onların fəaliyyət dairəsini də genişləndirmək mümkündür. Çünki xaricdəki gənclər yenilikçi ideyalarını hələ ki, lazımi səviyyədə tətbiq edə bilmirlər. Bu gənclər bütün sahələri əhatə edən çoxşaxəli təşəbbüslərlə çıxış etməlidirlər. Onların Azərbaycanın milli maraqlarını xaricdə müdafiə etməsi üçün virtual platformalarda səmərəli fəaliyyətinin şahidi ola bilərik. Bu baxımdan informasiya müharibəsi üçün belə gənclərdən ibarət mobil qruplar hazırlamaq olar. Dünyada müxtəlif belə təcrübələr var. Bir çox ölkələr informasiya blokadasından çıxmaqda və ya seçki kampaniyalarında belə mobil qrupların gücündən faydalanıblar. Hətta bəzi dünya liderləri özlərinin və ölkələrinin lobbiçiliyi üçün belə qruplardan yararlanıblar.

“Biz vətəndaş təşəbbüskarlığı olaraq Diaspor Gənclərinin I Yay Düşərgəsinin bir neçə gənci və yerli QHT üzvləri ilə birgə 20 nəfərdən ibarət operativ qrupla iş aparmışıq. Xüsusən Vətən müharibəsi zamanı bu qrupun üzvləri sayəsində düşmənin informasiya bloklarına daxil olub uğurlu manevrlər edildi. Vətəndaş cəmiyyəti olaraq bu istiqamətdə fəaliyyətimizi davam etdiririk”, - deyən İctimai Birliyin sədri deyib ki, informasiya müharibəsi sonsuzdur. İldən-ilə bu müharibədə yeni-yeni trendlər meydana çıxır. Biz bu trendlərin önündə olmalıyıq. Erməni və ermənipərəst qüvvələr davamlı olaraq beynəlxalq sosial şəbəkə və media platformalarında Azərbaycan haqqında mənfi yazılarla çıxış edir, ölkəmizə qarşı çirkin kampaniya aparırlar. Xüsusən Vətən müharibəsindən sonra onlar ağlagəlməz şəkildə kəskin anti-Azərbaycan və anti-Türkiyə prioritetləri ilə çıxış edirlər. Erməni lobbi maşını təkcə Azərbaycan və Türkiyəyə deyil, türk dünyasına qarşı mübarizəyə qalxıb. Onların hədəfi bir millət və iki dövlətin diasporunun xaricdə nüfuzunu gözdən salmaq, ümumiyyətlə, türk xalqlarının birliyini zədələməkdir.

“Artıq ənənəvi diaspor fəaliyyətləri, xüsusən tədbirçilik bütün bunlara qarşı istənilən nəticə vermir. Azərbaycan həqiqətlərinin təbliğində yeni forma və metodların tətbiqi diaspor quruculuğu işini də keyfiyyətcə təkmilləşdirir. Fikrimizcə, xalqımızın tarixi, xüsusən Qarabağ həqiqətləri ilə bağlı məlumatların dünya ictimaiyyətinə çatdırılması üçün yeni mexanizmlərdən, dünyanın qəbul edəcəyi, ictimai həyata təsir edəcək taktikalardan istifadə etməliyik. Xaricdəki gənclərimizdən ibarət “informasiya müharibəsinin xüsusi təyinatlıları” hazırlanmalıdır. Bunun üçün dünya azərbaycanlıları, eləcə də xaricdəki gənclər arasında iki və çoxtərəfli əməkdaşlıq qurulmalı, təcrübə mübadiləsi aparılmalı, azərbaycanlıların intellektual potensialı ümummilli mənafelər naminə səfərbər edilməlidir”, - deyə Fuad Hüseynzadə bildirib.

banner

Oxşar Xəbərlər