• cümə axşamı, 28 mart, 20:46
  • Baku Bakı 13°C

Fransızın “sülhməramlı göz”dən yayınması - ŞƏRH

25.12.21 10:00 1045
Fransızın “sülhməramlı göz”dən yayınması - ŞƏRH
Millət vəkillərinin fikrincə, rusiyalı sülhməramlılar Fransa vətəndaşını Azərbaycan ərazisinə buraxırsa, demək, onların başqa niyyəti var. Əgər hər hansı yoxlama, nəzarət yoxdursa, deməli, sabah başqalarını, həmçinin terrorçuları da Xankəndinə buraxa bilərlər.
Fransa prezidentliyinə namizəd, hazırda İl-de-Frans şəhər şurasının sədri, Respublikaçılar Partiyasının nümayəndəsi Valeri Pekres bu günlərdə Ermənistana, oradan da gizli şəkildə Qarabağa qanunsuz səfər edib. Rusiyalı sülhməramlıların müvəqqəti nəzarət zonasına daxil olan Laçın dəhlizindən keçməklə Xankəndi şəhərinə gələn V.Pekres, qondarma qurumun nümayəndələri ilə görüşüb.


Ərazi bütövlüyünə hörmətsizlik

Fransızların ermənipərəst olmaları, məhz buna görə də Azərbaycana münasibətdə ədalətsiz addımlar atmaları məlumdur. İndiki situasiyada təəccüb və qəzəb doğuran məsələ xarici ölkə vətəndaşının rəsmi Bakıdan hər hansı razılıq almadan Azərbaycanın ərazisinə qanunsuz daxil olması, həmçinin Laçın dəhlizində bu kimi məsələlərə nəzarət etməli olan Rusiya hərbçilərinin fakta göz yumması, Fransa prezidentliyinə namizədi Xankəndiyə buraxmasıdır. Bu hadisə rusiyalı sülhməramlıların öz missiyasının öhdəsindən gələ bilmədiyini, terrorçuları zərərsizləşdirmək, təxribatçı hərəkətlərin qarşısını almaq əvəzinə, qanunsuz səfərlərə, Qarabağda erməni terrorçularının səngər qazmasına, yeni cəbhə xətti yaratmasına sadəcə seyrçi qaldıqlarını nümayiş etdirir. Belə olan halda Azərbaycan Silahlı Qüvvələrinin Laçın dəhlizini nəzarətə götürməkdən, ölkəmizin ərazi bütövlüyünə hər kəsi hörmətlə yanaşmağa məcbur etməkdən başqa çıxış yolu qalmır.


Hüquqi məsuliyyət

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu "Kaspi” qəzetinə açıqlamasında bildirib ki,V.Pekresin Xankəndinə səfəri ciddi qanun pozuntusudur. Deputatın sözlərinə görə, onun müstəqil Azərbaycan Respublikasının beynəlxalq hüquqla tanınan sərhədlərini qeyri-qanuni yollarla keçərək suveren ərazilərimizə daxil olması hüquqi məsuliyyət yaradır: "Hadisə təkcə hüquq məsələsi deyil. Son dövrlərdə Fransada prezidentliyə namizədlərin bunu bir ənənə halına gətirmə cəhdləri sistemli siyasi davranışdan xəbər verir. Bu da regionumuzda yaranmaqda olan kövrək sülh prosesinə ciddi ziyan vurur. Pekresdən əvvəl prezidentliyə digər namizəd Erik Zimmurun da bənzər hərəkətlər etməsi bu sistemli və məqsədli davranışın tərkib hissəsidir. İlk baxışda bu hadisələr Fransada keçiriləcək prezident seçkilərində erməni əsilli seçicilərin səslərini qazanmaq cəhdi kimi görünə bilər. Bu, seçkiöncəsi kampaniyanın tərkib hissəsi olan keçici səbəblərlə izah edilsə də, əslində başqa səbəblər var. Hələ 44 günlük müharibə dövründə biz Fransa rəsmilərinin həmsədrlik missiyası ilə uzlaşmayan radikal mövqe nümayiş etdirdiklərinin şahidi olmuşduq”.


Regionda yeni müharibəni stimullaşdırmaq

Millət vəkili söyləyib ki, Ermənistana münasibətdə Fransanın ardıcıl mövqeyi var. Onun fikrincə, bu münasibət beynəlxalq hüquqa zidd olmaqla Azərbaycana qarşı yönəlmiş bir mövqedir, erməni işğalçılıq siyasətinin və faşizminin dəstəklənməsidir. H.Babaoğlu deyib ki, bu cür davranışlar regionda yeni müharibəni stimullaşdıra bilər: "Müxtəlif görüşlərdə sülhdən danışan baş nazir Nikol Paşinyan bu cür sülhə zidd avantüralara həvəslə imkan yaradır. Vaxtilə onu hakimiyyətə gətirən Corc Sorosa xəyanət edən Paşinyan indi də 44 günlük müharibədə ona ən böyük dəstək verən Makrona xəyanət edir. Onun siyasi rəqiblərini Fransada olan erməni seçicilərin gözündə qəhrəmanlaşdırır. Belə ikibaşlı oyunlar Azərbaycanı qəti qərarlar qəbul etməyə vadar edə bilər. Əgər belə davam edərsə, Azərbaycan bir gün Gorus-Qafan yolunda olduğu kimi Laçın dəhlizində də gömrük və sərhəd postları quracaq. Bundan heç kəs təəccüblənməməlidir. Çünki Azərbaycan öz suveren ərazilərində hər hansı qərar qəbul etməkdə tam sərbəstdir”.


Qeyri-qanuni silah-sursat daşınır

Milli Məclisin üzvü rusiyalı sülhməramlıların davranışlarına da diqqət çəkib. Qeyd edib ki, sülhməramlı kontingent missiyanı Üçtərəfli Bəyanatın tələblərinə uyğun həyata keçirə bilmir, yaxud da bunu istəmir: "Çoxsaylı faktlara istinadən deyə bilərik ki, Laçın dəhlizindən hələ də Azərbaycanın ərazisinə qeyri-qanuni silah-sursat daşınır. Müxtəlif vaxtlarda üçüncü ölkələrin vətəndaşları və erməni rəsmiləri bu dəhlizdən istifadə edərək Azərbaycanın ərazisinə daxil olur. Bütün bunlar 10 noyabr 2020-ci il tarixli Üçtərəfli razılaşmanın tələblərinə ziddir. İndi isə Fransa vətəndaşı Valeri Pekres Azərbaycan ərazisinə daxil olur və rusiyalı sülhməramlılar buna göz yumur. Ona görə də Valeri Pekres Azərbaycanda arzuolunmaz şəxslər siyahısına daxil edilməli, Rusiya sülhməramlılarına isə ciddi şəkildə öz missiyaları bir daha xatırladılmalıdır”.


Separatizmə, terrorçuluğa açıq dəstək

Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafahesab edir ki, Azərbaycan tərəfi sülhməramlılarla bağlı Rusiyanın xarici işlər nazirliyinə kəskin münasibət bildirməlidir. Deputatın sözlərinə görə, Azərbaycan Laçın dəhlizində yalnız erməni vətəndaşların Ermənistana və Qarabağa sərbəst, təhlükəsiz gediş-gəlişi üçün şərait yaradıb: "Laçın dəhlizi xarici ölkə vətəndaşlarının, o cümlədən fransalı bir tərbiyəsizin Xankəndinə Azərbaycanla razılaşdırılmayan, qanunsuz səfərləri üçün nəzərdə tutulmayıb. Bu, Azərbaycan sərhədlərinin pozulması deməkdir. Fransalı prezidentliyə namizədin son hərəkəti separatizmə, terrorçuluğa açıq-aşkar dəstək verməkdir. Son hadisə də daxil olmaqla bu kimi məsələlər çox ciddi şəkildə Rusiya qarşısında qaldırılmalıdır”.

"Bu, Azərbaycan tərəfini məcbur edir ki...”
Deputat vurğuladı ki, əgər oradakı kontingent həqiqətən sülhməramlı missiya yerinə yetirirsə, Xankəndinə yalnız o şəhərdə yaşayan, yaxud oradakılarla, həmçinin Ermənistanla bağlılığı olan erməniləri buraxmalıdırlar: "Yox, əgər rusiyalı sülhməramlılar Fransa vətəndaşını Azərbaycan ərazisinə buraxırsa, demək, onların başqa niyyəti var. Sülhməramlılar hər hansı yoxlama aparmadan Xankəndinə gələnləri şəhərə necə buraxa bilərlər? Əgər hər hansı yoxlama, nəzarət yoxdursa, deməli, sabah başqalarını, həmçinin terrorçuları da Xankəndinə buraxa bilərlər. Ona görə də, buna sıradan bir hadisə kimi yanaşmaq olmaz. Bu, Azərbaycan tərəfini məcbur edir ki, Laçın dəhlizinə Ordumuzun nəzarət etməsi məsələsini gündəmə gətirsin. Prosesə müdaxilə etməkdən başqa yolumuz qalmır”.

Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər