• cümə axşamı, 25 aprel, 11:53
  • Baku Bakı 14°C

Fransa mediası da faşist əlaltısı Njdedən yazdı

12.05.20 17:33 741
Fransa mediası da faşist əlaltısı Njdedən yazdı
"AqoraVox”: "Njdeyə abidə qoyulması nasizm qurbanlarının xatirəsinin təhqir olunması deməkdir”

Ermənistan hökumətinin faşistlərlə əməkdaşlıq edən soydaşlarını təmizə çıxarmağa cəhdləri uğursuzluqla nəticələnir. Artıq bu məsələ MDB hüdudlarını aşaraq Qərb mediasına da ayaq açır. Məsələn, erməni lobbisinin at oynatdığı Fransa mediasında faşistlərlə əməkdaşlıq edən ermənilər barədə materiallar dərc olunub. Bu ölkənin "AqoraVox” nəşri yazır ki, İkinci dünya müharibəsinin qeyd olunması, müttəfiqlərin hitlerizm, nasizm və faşizm üzərində qələbəsi hər il dünya tarixçiləri tərəfindən müzakirə olunur. Qanlı münaqişənin başa çatmasından 75 il keçsə də, tarixi gərginlik hələ də qalır. Buna misal kimi də, 2020-ci ildə Qaregin Njdenin şəxsiyyəti barədə gedən müzakirələri göstərmək olar. Qeyd edilir ki, BMT Baş Assambleyası 2016-cı ildə nasizmin, irqi ayrı-seçkiliyin, ksenofobiya və dözümsüzlük hallarının dirçəldilməsinə qarşı əhəmiyyətli bir qətnamə qəbul etdi. "126 dövlət tərəfindən bu qətnamə dəstək qazandı. Buna baxmayaraq, Ermənistanda Qaregin Njdeni milli qəhrəman elan ediblər. 2004-cü ildə isə hakimiyyət partiyası "Qaregin Njdenin dərsləri”ni dərc edib. 2016-cı ildə Yerevanda hökumət binasının yaxınlığında dövlət başçısı Njdenin nəticəsinin də iştirakı ilə 16 metrlik heykəlin açılış mərasimini keçirib. Bu tədbir müxalifət tərəfindən kəskin tənqid edildi və bildirildi ki, bu, nasizm qurbanlarının və mübarizələrinin xatirəsinin təhqir olunması deməkdir”. Məqalədə daha sonra qeyd edilir: "Kimdir Qaregin Njde? İlk növbədə 20-ci əsrin əvvəllərində türklər və bolşeviklərə qarşı mübarizə aparan biridir. Onun millətçi ideologiyası çexakronizm adını alıb. İdeya erməni millətinin Böyük Ermənistan ərazisində bioloji və mənəvi mahiyyətini əks etdirir. Njde bildirirdi ki, bizlər bu məqsədlərə çatmaq üçün Hitlerlə birgə fəaliyyət göstərməliyik. İkinci dünya müharibəsi illərində silahlı qruplaşmalar yaradıb, həmin dəstələr sonradan Vermaxtın nəzdində erməni legionu kimi fəaliyyət göstərib. Njde əsir ermənilərin arasından əsgər yığaraq onlardan Şimali Qafqazda və Krımda təxribatçı əməliyyatların aparılmasında istifadə edib. Onun legionu Fransanın cənubunda yəhudilərə, Müqavimət Hərəkatı və müttəfiqlərə qarşı döyüşlərdə əməliyyatlarda iştirak edib. Njde sovet qüvvələri tərəfindən saxlanıldıqdan sonra bütün bu faktları təsdiq edib. Onu hərbi cinayətlərinə görə 25 illik həbs cəzasına məhkum etdilər və 1955-ci ildə Vladimir həbsxanasında 69 yaşında vəfat edib. Alman kəşfiyyatının zabitləri onun Almaniya ordusu ilə əməkdaşlıq etdiyini təsdiq ediblər. Sovet dövrünün arxivləri Njdenin faşist Almaniyası ilə əməkdaşlığını sübut edən çoxsaylı faktlarla doludur”.
Məqalədə o da qeyd edilir ki, "iki il bundan əvvəl Ermənistanda hakimiyyətə gələn Nikol Paşinyan bu "milli qəhəman”ın məsələsi ilə məşğul olmalıdır. O, həmçinin qonşu Azərbaycanla kəskinləşən münasibətləri də nizamlamalıdır”. Nəşr yazır ki, Ermənistan BMT-nin və beynəlxalq təşkilatların (ATƏT, Avropa Parlamenti və s) qətnamələrinə baxmayaraq, onun ərazilərini hələ də işğalda saxlamaqda davam edir. Ermənistanın müdafiə və dəstək verdiyi qondarma Dağlıq Qarabağ Respublikasının isə dünyanın heç bir dövləti tanımır. Nəşr onu da yazır ki, faşizm və nasizmlə mübarizədə 600 min azərbaycanlı döyüşüb və onlardan 300 mini həyatlarını qurban verib. Beynəlxalq yəhudi təşkilatları artıq Njdenin Ermənistanda və digər ölkələrdə qəhrəmanlaşdırılması ilə bağlı narazılıqlarını bildiriblər. Onlar antisemitizm yeni formada dirçəlməsindən ehtiyat edirlər. Bu il Osvensim ölüm düşərgəsindən insanların azad olunması ilə bağlı keçirilən tədbirdə Qaregin Njdenin qəhrəmanlaşdırılması, xatirəsinin anılması və törətdiklərinin unutdurulması cəhdləri pislənilib. Bununla yanaşı, onlar macar hökumətinin gələn il Budapeştdə muzey açılması təşəbbüsünü alqışlayıblar. 2014-cü ildə Macarıstanda alman müdaxiləsinin qurbanlarının xatirəsinə həsr olunan memorial açılıb. Bu memorialda alman qartalı macar mələyi Qavrili ilə döyüşür”.
Beləliklə, Ermənistan hakimiyyətinə qarşı növbəti zərbə Fransadan gəlib. Baş nazir Nikol Paşinyanın hər vəchlə Njdeni qəhrəman obrazında qələmə vermək cəhdləri iflasla nəticələnir. Böyük Vətən Müharibəsinin 75-ci ildönümü ərəfəsində isə dünya daha bir qalmaqalın şahidi olduq. Belə ki, Paşinyanın Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi ilə bağlı paylaşımı dəhşətli faktın üstünü açdı. Onun babasının da adı Nikol Paşinyan olub. Baş nazirin babasının fotosunu paylaşmasından sonra dərhal yazılan şərhlərdə bildirilib ki, məhz Nikol Vardani Paşinyan 1943-cü ildə faşist Almaniyası sıralarında, Qaregin Njdenin legionunda döyüşüb. Bunun ardınca Ermənistan Müdafiə Nazirliyi təkzib axtarışına çıxıb və gülünc bir açıqlama yayıb. Bildirilib ki, Yenokovan kəndindən müharibədə iki Nikol Paşinyan iştirak edib. Onlardan biri SS sıralarında döyüşüb, digəri sovet ordusunda. "Baş nazirin babası Nikol Paşinyan sovet ordusunda döyüşüb”, – nazirlikdən verilən açıqlamada bildirilib. Sosial şəbəkə istifadəçiləri isə Müdafiə Nazirliyini faktları təhrif etməkdə, müharibə arxivini saxtalaşdırmaqda və "İkinci Nikol Paşinyan” uydurub, baş nazirin babasını təmizə çıxarmaq cəhdində ittiham ediblər. Rusiyalı tarixçi Oleq Kuznetsov hesab edir ki, Paşinyanın babasının Böyük Vətən Müharibəsi zamanı Vermaxt bölmələrindən birində vəzifə yerinə yetirdiyi ehtimalı yüksəkdir. Kuznetsovun sözlərinə görə, baş nazirinin babası Nasist Almaniyasının elit erməni milli hissələrində xidmət etməyib, necə deyərlər, "siyahılarda görünməyib”, ehtimal ki, digər Vermaxt komandalarında olub. Tarixçinin sözlərinə görə, yayılan sənədlər mütləq arxiv materialları ilə tutuşdurulmalıdır.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər