Fransa ilə aqrar sahədə əməkdaşlıq edəriksə...
Son illər ərzində kənd
təsərrüfatı sahəsinin inkişafı dövlət siyasətinin əsas prioritetinə çevrilib.
Qeyri-neft sektorunun ən gəlirli sahələrindən olan aqrar sahəyə diqqət və qayğı
ildən-ilə artmaqdadır. Artıq görülən işlər öz bəhrəsini verməkdədir. Amma
hələlik qarşıda duran bir sıra vəzifələr və görüləsi işlər var. Bu mənada
sözügedən sahədə dünya təcrübəsi, xarici ölkələrlə əməkdaşlıq bizim üçün çox
vacibdir. Artıq bu istiqamətdə müəyyən addımlar atılmaqdadır. Belə ki, kənd
təsərrüfatı sahəsində Azərbaycanla əməkdaşlıqda maraqlı olan ölkələrdən biri də
Fransadır. Bu barədə Fransa Sahibkarlar Təşkilatı-MEDEF Biznes Şurasının
prezidenti Jofrua Ru de Beziö məlumat verib. O bildirib ki, ölkələrimiz
arasında turizm sahəsi də inkişaf etdirilə bilər, eləcə də, yeni
texnologiyaların tətbiqi sahəsində əməkdaşlıq qura bilərik. Bunun üçün böyük
potensial var”.
Fransa ilə aqrara
sahədə əməkdaşlıq Azərbaycanın kənd təsərrüfatının inkişafına hansı töhfəni
verə bilər? Ümumiyyətlə, Fransanın bu sahədəki təcrübəsindən nəyi
mənimsəməliyik?
Kənd təsərrüfatı üzrə mütəxəssis Nicat Nəsirli deyir
ki, kənd təsərrüfatı naziri Fransada olarkən bu əməkdaşlığın istiqaməti müəyyən
olunub: "Bildiyiniz kimi, Fransa bitkiçilik və heyvandarlıq sahəsində kifayət
qədər elmi nailiyyətlərə imza atan bir ölkədir. İkitərəfli əməkdaşlıq zamanı
biz daha çox elmi nailiyyətlərin inteqrasiyası, təcrübə mübadiləsində maraqlı
olan tərəfik. Xüsusilə bitkiçilik sahəsində Fransada çox böyük elmi tədqiqat
institutları var. Bu institutlarda tədqiqat işləri həm də kommersiyalaşdırılıb.
Son illər ölkəmizdə salınan meyvə bağlarının böyük əksəriyyətinin tingləri
Fransadan gətirilir. Çünki orada calağaltı texnologiyası xeyli inkişaf edib. Bu
texnologiya ilə əkilən ağaclar özünü daha çox doğruldur. Düşünürəm ki,
gələcəkdə bu əməkdaşlıq daha da genişləndirilməlidir. Heyvandarlıq sahəsinə
gəldikdə isə Fransada damazlıq heyvandarlıq sahəsində özlərinin yaratdığı
cinslər var. Bura da iribuynuzlu heyvanlar daxildir. Hər iki istiqamət üzrə
əməkdaşlığın çox mühüm olduğunu düşünürəm. Bu gün bizim kənd təsərrüfatı
sahəsində qarşımızda duran əsas məsələlərdən bir bu sahədə müasir
innovasiyaların və yeni texnologiyaların tətbiqi, ən son elmi-texniki nailiyyətlərin
ölkəmizə gətirilməsidir. Bu baxımdan bizim üçün maraqlı ölkələrin sayı çoxdur.
Misal olaraq onlardan biri də qonşu ölkə Türkiyədir. Türkiyənin aqrar potensialı
çox böyükdür. Xüsusən texnologiyaların tətbiqi və kadrların yetişdirilməsi
baxımından qardaş ölkə bizə çox yaxındır. Əməkdaşlıq edəcəyimiz digər Avropa
ölkələrinin də adını çəkmək olar. Məsələn, Hollandiya əməkdaşlıq üçün bizə çox
vacibdir. Texnologiyanın köməyi ilə orada çox ciddi nailiyyətlər əldə edilib.
Yerli istehsal hesabına əhalinin ərzağa olan tələbatı təmin edilir. Bu, həm də
ixrac strukturunun genişlənməsinə gətirib çıxarır. Nəticədə isə kənd
təsərrüfatı sahəsində əlavə dəyər yaranır. Dünya təcrübəsində kənd təsərrüfatı
sahəsində bir sıra modellər mövcuddur. Bizdə fermerlər əkdiyi məhsulu emal
etmədən satır. Amma dünya təcrübəsində emal texnologiyasından istifadə edərək,
bir məhsuldan çoxsaylı məhsul hazırlaya bilirlər. Bu da sahibkara bir neçə
istiqamətdə gəlir qazanmasına şərait yaradır. Dünya təcrübəsindən yararlanaraq,
bu texnologiyaları ölkəmizə cəlb etməliyik. Həmçinin kadr hazırlığı məsələsinə
də diqqət yetirməliyik. Əsas məsələlərdən biri də bitki mühafizə tədbirlərinin
təşkil olunmasıdır. İqlim şəraitindən asılı olaraq müxtəlif xəstəliklər
məhsullara ciddi təsir göstərə bilir. Mühafizə tədbirlərinin müasir texnologiya
vasitəsilə təmin olunması sahəsində bu ölkələrlə əməkdaşlıq edə bilərik”.
Aqrar sahə üzrə ekspert Qadir Bayramlı bildirdi
ki, kənd təsərrüfatı sahəsində dünya təcrübəsindən istifadəyə ehtiyac var:
"Təsərrüfatlarımızın əksəriyyəti kiçik
təsərrüfatlardır. Bu təsərrüfatlarda yeni texnologiyalar tətbiq olunmur.
Fermerlərin təşkilatlanması və kredit əldə etməsi bir qədər çətin məsələdir.
Fransada olduğu kimi, Azərbaycanda da kənd təsərrüfatı sahəsində fermerlər
təşkilatlansa, ciddi uğurlar əldə etmək olar. Həmçinin bitkiçilikdə
zərərvericilərə, heyvandarlıqda müxtəlif xəstəliklərlə mübarizə tədbirləri
orada effektiv şəkildə həyata keçirilir. Sözügedən ölkədə aqrar sahədə peşəkar
kadrlar çoxluq təşkil edir. Lazım olan gübrə və dərman preparatlarını onlar
özləri istehsal edirlər. Düşünürəm ki, gələcəkdə iki ölkə arasında ortaq
təşəbbüslərin həyata keçirilməsi bizim xeyrimizə olar. Bazar araşdırmaları
məsələsində də fransız fermerləri ilə əməkdaşlıq həyata keçirilə bilər. Orada
fermerlərə ixracla bağlı geniş imkanlar yaradılır. Onlar xüsusi imtiyaz və
güzəştlərdən yararlana bilirlər. Aqro-sığortanın təşkili ilə bağlı Fransa
təcrübəsinə müraciət edə bilərik. Bənzər təcrübə ölkəmizdə də həyata keçirilə
bilər. Düşünürəm ki, Fransa təcrübəsinin tətbiqi aqrar sahədə görülən işlərin
daha səmərəli təşkilinə şərait yarada bilər. Fransa kənd təsərrüfatı sahəsinin
inkişaf etdiyi ölkələrdən biridir. Kənd təsərrüfatı məhsullarının ixracına dair
fermerlərin təcrübəsini öyrənə bilərik. Onlar əsasən ekoloji təmiz məhsullara
üstünlük verir. İstehsaldan qablaşdırmaya qədər bütün məsələlər ən yüksək
səviyyədə həyata keçirilir. Ekoloji təmiz məhsulun yetişdirilməsi asan məsələ
deyil. İki ölkə arasındakı əməkdaşlıq bu təcrübələri bizə qazandıra bilər. Bu
mənada mütəxəssislərimiz Fransaya gedərək bəzi sirləri öyrənə bilərlər. Onların
təcrübəsi yerli şərait nəzərə alınaraq, burada tətbiq oluna bilər. Fransada
kənd təsərrüfatı sərgiləri də ciddi uğurlar əldə edir. Bu ölkə şərab
istehsalına görə məşhurdur. Yeni üzüm sortlarını öyrənərək burada da yetişdirə
bilərik. Heyvandarlıq sahəsində də bu ölkə ciddi nailiyyətlərə imza atıb. Bütün
bu məsələlər ətraflı şəkildə araşdırılmalı və öyrənilməlidir. Kadrlarımızın Fransa
təcrübəsini öyrənməsi üçün şərait yaradılmalıdır”.
Şəbnəm Mehdizadə