• cümə axşamı, 25 aprel, 17:11
  • Baku Bakı 23°C

Fransa Avropa dəyərlərini gözdən salır

16.11.18 17:51 636
Fransa Avropa dəyərlərini gözdən salır
Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində qurulmuş qondarma rejimin "rəhbərliyi” Fransaya səfər edib. Hər zaman Azərbaycanla münasibətlərə önəm verdiyini deyən, eləcə də ATƏT Minsk qrupunda vasitəçilik həyata keçirən Fransanın qondarma rejimin rəhbərliyinə qucaq açması birmənalı qarşılanmır. Çünki Fransa digər separatçı rejimlərin "rəhbərlərinə” göstərmədiyi qayğını Dağlıq Qarabağda yaradılan qondarma rejimə münasibətdə nümayiş etdirir.
Artıq məsələ ilə bağlı Azərbaycanın Xarici İşlər Nazirliyi münasibət bildirib. XİN-in bəyanatında qeyd edilir ki, Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin rəhbəri kimi özünü təqdim edən Bako Saakyanın Fransaya səfəri oyuncaq qurumun beynəlxalq səviyyədə təşviq edilməsinə yönələn növbəti bir uğursuz cəhddir: "Bu səfərin həyata keçirilməsi üçün imkan yaradan və qanunsuz rejimin nümayəndələrini qəbul edən Fransa bu addımı ilə nəinki Azərbaycan və Fransa arasında mövcud olan ikitərəfli əməkdaşlıq münasibətlərinin ruhuna və imzalanmış Sazişlərin dilinə uyğun davranmır, eyni zamanda beynəlxalq hüququn norma və prinsiplərinin aliliyinə və öz üzərinə götürdüyü beynəlxalq öhdəliklərə hörmətsizlik nümayiş etdirir”.
XİN bəyan edir ki, Azərbaycan qeyd olunan məsələ ilə bağlı Fransa tərəfinə diplomatik kanallarla qəti etirazını bildirəcək: "Fransa tərəfindən davamlı əsasda yürüdülən və ikili standartlara əsaslanan bu yanaşma Azərbaycanı Fransa ilə əlaqələri nəzərdən keçirməyə vadar edir”.
Yaranmış bu vəziyyət Azərbaycan-Fransa münasibətlərinə hansı şəkildə təsir göstərə bilər?

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, politoloq Hikmət Məmmədov bildirdi ki, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin rəhbəri kimi özünü təqdim edən Bako Saakyanın səfəri Fransa qanunlarına və beynəlxalq hüquqa ziddir: "Beynəlxalq hüquqda da, hər bir ölkənin milli qanunvericiliyində də bir terrorçunun sərbəst hərəkət etməsi, hələ üstəlik rəsmi şəxs kimi görüşlər keçirməsi cinayət və terrorizmin təbliği kimi qiymətləndirilir. Ona görə də Fransa Bako Saakyanın bu hərəkətlərinə göz yummaqla ikili standartlara yol verir, terrorçuya cəzasızlıq mühiti yaratmaqla Avropa dəyərlərini gözdən salır. Bununla da gələcəkdə elə Fransanın özünün də əziyyət çəkə biləcəyi etnik separatizmi təşviq etmiş olur. Fransa hökuməti Korsikada separatizmə qarşı sərt və kəskin siyasət apardığı halda, Azərbaycanın ərazi bütövlüyünün pozulmasına xidmət edən hallara göz yumur. O zaman əgər gələcəkdə Korsikadakı separatizm kimlərsə tərəfindən dəstəklənəcəksə, Fransa günahı elə özünün yanlış siyasətində görməlidir. Ümumiyyətlə təəssüf edilməli haldır ki, ATƏT-in Minsk qrupunun həmsədri olan bu ölkə artıq xeyli zamandır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həllində tərəfsizliyini itirməyə başlayıb. Fransanın prezidenti Emmanuel Makron Frankafoniya sammitində iştirak üçün oktyabr ayında Ermənistana üç günlük səfər etsə də, tarazlığı qorumaq üçün Azərbaycana səfər etmədi. Məsələn, Rusiya rəhbərliyi həssaslığı nəzərə alaraq, tarazlı münasibəti təmin edir. Bu günlərdə regiona səfər edən ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton da tarazlı münasibət nümayiş etdirdi və münaqişənin həlli ilə əlaqədar obyektiv və ədalətli açıqlamalarla çıxış etdi”.
H.Məmmədov vurğuladı ki, ancaq Fransa nəinki obyektiv və balanslı siyasət həyata keçirir, tam əksinə, çox açıq şəkildə postsovet məkanındakı münaqişələrə münasibətdə ikili standartlara yol verir: "Məsələn, Cənubi Osetiya, Abxaziya, Transdnestria və Krımdan olan şəxslərin Fransanın ərazisinə daxil olmasına icazə verilmir. Ancaq Bako Saakyanlar bu Avropa ölkəsində sərbəstcə dolaşır, görüşlər keçirir, ianələr toplayır. Bu yolverilməzdir. Bütün bunlar azmış kimi, Fransanın xeyli sayda şəhəri Azərbaycanın Ermənistan tərəfindən işğal altında saxlanılan torpaqlarındakı bəzi subyektlərlə qardaşlaşma haqqında saziş imzalayır. Azərbaycan tərəfinin beynəlxalq hüquqa söykənən etirazlarına isə, sadəcə, "biz Dağlıq Qarabağ adlı bir qurumu rəsmən tanımırıq” kimi quru diplomatik ifadələrlə cavab verir. Əslində isə bütün bu hərəkətlər Fransanın Ermənistanın işğalçılıq siyasətini və etnik separatizmi pərdəarxası dəstəkləməsi kimi qiymətləndirilməlidir. Tərəfsizliyini itirdiyinə görə Fransanın ATƏT-in Minsk qrupunun həmsədrliyindən uzaqlaşdırılması ilə bağlı hüquqi prosedur işə salınmalıdır. Lazım gələrsə, ölkəmizdə fəaliyyət göstərən çoxsaylı fransız şirkətlərinin fəaliyyətinin məhdudlaşdırılması məsələləri nəzərdən keçirilməlidir. Əks təqdirdə, bu tipli gizli dəstəklər gələcəkdə açıq müstəviyə keçməklə olduqca mənfi presedent yarada bilər ki, bu da nəinki Azərbaycan, bütövlükdə Avropada, İspaniyada, Belçikada, İsveçrədə, Almaniyada və s. etnik separatçılığın yenidən güclənməsinə gətirib çıxara bilər. Ona görə də Avropa İttifaqına üzv olan dövlətlər də daxil olmaqla beynəlxalq təşkilatlar Fransanın belə sürüşkən mövqeyinə qiymət verməlidirlər”.

Politoloq Tofiq Abbasovun sözlərinə görə, Fransa aparıcı dünya dövlətlərindən biridir: "Ümumiyyətlə, Fransa siyasi mədəniyyət baxımından da əsas sütunlardan biridir. Təsadüfi deyil ki, qondarma rejimin nümayəndələri təmtəraqla ABŞ-a, Fransaya, İngiltərəyə və digər ölkələrə gedirlər. Səs-küy salırlar, amma bu dəbdəbəli anonsların, qondarma səfərlərin arxasında elə bir ciddi motivasiya, iş yoxdur. Onlar gözəl anlayırlar ki, piar effekti onlar üçün daha vacib rol oynayır, nəinki təşkil olunmuş naqolay görüşlərin, danışıqların nəticələri. Axı burada hansı nəticələr ola bilər? Bir halda ki qondarma rejim dünya birliyi tərəfindən tanınmır”.
T.Abbasov qeyd etdi ki, belə məsələlərə istər XİN, istərsə də ölkənin siyasi rəhbərliyi çox təmkinli və siyasi cəhətdən praqmatik yanaşır: "Biz başa düşürük ki, burada əməli iş ola bilməz. Bir halda ki qondarma rejim tanınmır, imkanları, eləcə də onu himayə edən Ermənistanın özünün həmin dövlətlərlə münasibətlərdə böyük irəliləyişi, qazancı yoxdur, təbii, onda burada söhbətdən başqa bir şey mövcud deyil. Ancaq Azərbaycan siyasi cəhətdən belə məsələlərə vaxtında münasibət bildirməlidir. Necə ki, bizim siyasi rəhbərliyimiz, Xarici İşlər Nazirliyi və digər müvafiq qurumlar belə münasibətlər bildirir. Çalışırıq dünya birliyinə bildirək ki, Azərbaycan əvvəl-axır öz ərazi bütövlüyünü bərpa edəcək. Ona görə də həmin ölkələr anlamalıdır ki, rəsmi Bakı ilə münasibətləri yüksək səviyyədə saxlamaq onlar üçün həm vacib, həm də əlverişlidir”.

BƏXTİYAR
banner

Oxşar Xəbərlər