• cümə, 19 Aprel, 23:50
  • Baku Bakı 24°C

Firdovsi Umudov Qarabağda qəhrəman sərhədçilərə bayraq təqdim etdi

16.11.20 12:45 631
Firdovsi Umudov Qarabağda qəhrəman sərhədçilərə bayraq təqdim etdi
Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, Dövlət Sərhəd Xidmətinin əməkdaşı, polkovnik-leytenant Firdovsi Umudov da hazırda ön cəbhədədir. Tanınmış mütəxəssis azad olunmuş torpaqlarımızda rəşadətli Azərbaycan sərhədçilərinə bayraq təqdim etdiyi fotoları sosial şəbəkə hesablarında paylaşıb.
Trend-in məlumatına görə, Umudov sosial şəbəkədə bununla bağlı fikirlərini də açıqlayıb. Mütəxəssis tarixi qələbəmizdən söz açıb:
"Ali Baş Komandanın rəhbərliyi altında biz tarixi qələbə qazandıq. Məhz prezidentimizin rəhbərliyi ilə biz sərhədlərimizi bərpa edirik. Bizim uzun illərdir beynəlxalq yarışlarda qaldırdığımız bayrağı Vətən müharibəsində qalib gəlmiş qardaşlarıma təqdim edirəm. Biz hamımız Azərbaycana xidmət edirik. Biz həmişə bütün şəhidlərimizi xatırlayacağıq. Yaralılarımıza isə tez bir zamanda sağalmalarını arzulayıram. Qarabağ bizimdir! Qarabağ - Azərbaycandır!".
Xatırladaq ki, Firdovsi Umudov RealTv-dəki müsahibəsində üzərində daşıdığı bayrağı nümayiş etdirərək "Bu bayraq Qarabağ torpaqlarında dalğalandırılacaq" deyə vurğulamışdı.
"Qələbə çox şirin sözdü. Biz idmançılar beynəlxalq arenalarda qələbə qazanmağa öyrəşmişik. Amma döyüş meydanında, zəbt olunmuz əraziləri azad etmək tamam başqadır. Burada ölüm-qalım mübarizəsi gedir. Biz bütün cəbhələrdə qazanmağa hazırıq və bizim idmançılarda döyüşməyə hazırdılar.
Bu gün ölkəmizdə bütün insanların fikri Qarabağın azad olunması ilə bağlıdır. Bütün hər kəs bir ideya ətrafında birləşib. Haqq bizim tərəfdədir. İstəyirik ki, Qarabağda bizim bayrağımız dalğalansın.
Bu gün Azərbaycan 90-ların əvvəlində olan dövlət deyil. Bu gün bizim müdrik liderimiz var, İlham Əliyev kimi Ali Baş Komandanımız var. Xalq ona inanır.
Mən özüm Qazaxdanam. Bu, Ermənistanla sərhəd zonasıdır. 13-14 yaşım olanda müharibənin bütün faciələrini öz gözlərimlə gördüm. Amma biz nə onda qorxurduq, nə də indi.
Azərbaycanlılar qəhrəman xalqdır. Ermənilər anlamırdılar ki, tez ya gec Qarabağda törətdiklərinə görə cavab verəcəklər?! Biz bütün komponentlərdə onlardan güclüyük. Və bu gün biz bunu sübut edirik. Biz öz torpaqlarımızı azad edəcəyik!" - deyə Firdovsi Umudov əminliklə həmin vaxt demişdi. Və 44 günlük müharibədən sonra Ermənistan kapitulyasiyaya qol çəkdi.
Firdovsi Umudovun hərbçilərə təqdim etdiyi həmin bayraq
banner

Oxşar Xəbərlər