Finlandiyada adam hər gün məktəbə getmək istəyir - FOTOLAR
Bu ölkədə
ikili təhsil qazanan azərbaycanlı yeniyetmə: "Məktəbi evə götürmürük, dərsi məktəbdə
öyrənirik”
5-ci
sinfə qədər Azərbaycanda təhsil alıb. 6-cı sinfə başlayanda ailəsi Finlandiyaya
köçüb. O da təhsilini bu ölkədə davam etdirməli olub. Bu il 9-cu sinfi əla qiymətlərlə
bitirib, göstəricilərinə görə 100 şagirdin içərisindən ilk onluqda yer alıb və
yüksək balla ikili təhsil hüququ qazanıb. Yəni növbəti 3 ildə həm liseydə, həm
də kollecdə təhsil alacaq. Söhbət Finlandiyanın paytaxtı Helsinkidə yaşayan azərbaycanlı
gənc Elgün Malikovdan gedir.
Elgünün
bu nailiyyətini eşidib onunla və valideynləri ilə söhbətləşmək qərarına gəldik.
İlk
olaraq bildirək ki, Elgün 2004-cü il avqustun 31-də Şabran rayonunda anadan
olub. Yəni 17 yaşı var. Finlandiyaya köçəndə 2 sinif aşağıdan başlayıb. Fin
dilini daha da mükəmməlləşdirmək üçün bu cür seçim edilib.
Elgün
Finlandiyaya köçəndə düşünürmüş ki, fərqli ölkəyə gedir, məktəbə, dərslərə
uyğunlaşmaq çətin gələcək, ancaq elə olmur: "Əvvəlcə ilk 6 ay dil kursuna
getdik. Ordakıların hamısı fərqli ölkələrdən gələnlər idi. İstər-istəməz bu da
motivasiya verirdi. Sinifdə heç kim fin dilini bilmir, hamı eyni yerdən
başlayır. Həm də müəllimlər daim yanımızda idi, həvəsdən düşməyə imkan
vermirdilər, dəstək olurdular”.
"Hansısa şagird digərinə gülürsə...”
Elgün
Finlandiyanın təhsil sistemində bəyəndiyi nüanslardan da danışdı: "Azərbaycanda
dərs danışan zaman lövhə qarşısına çıxırdıq. Bu, həyəcanlı proses idi. Burda
heç bir müəllimin lövhəyə çıxıb dərs danışmaq kimi qaydası yoxdur. Nəyisə bilməmək
ayıb deyil. Müəllimlər səhv edən şagirdin yanında olurlar. Ümumiyyətlə, müəllimlər
diqqət edirlər ki, kimsə səhv edəndə başqa uşaqlar ona gülməsin. Hansısa şagird
digərinə gülürsə, müəllim qışqırmır, onu acılamır, sadəcə izah edir ki, gülməyin
faydası yoxdur. Deyir ki, o, sizin dostunuzdur, bilmirsə, öyrədin”.
Elgünün atası Elçin Malikov da Finlandiya təhsilində bəyəndiyi nüansları
vurğuladı: "Burda qiymət rəqabəti yoxdur. Uşağın dərs nəticəsi ilə bağlı
valideynə proqram vasitəsilə məlumat verə bilərlər, amma uşaqlara gündəlik qiymət
yazılmır. Təbii ki, müəllimlər sinifdə hansı uşaqların zəif, hansıların daha
güclü olduğunu bilirlər. Təkcə nəticəsi yüksək olanlara fokuslanmırlar, həm də
zəiflərə çox diqqət ayırırlar, onları da irəli çəkməyə çalışırlar. Uşağı küncə
qoymurlar, sinifdə sərbəstlik verirlər. Təsəvvür edin ki, məktəbə təhsil naziri
gəlir, nazirlə müəllimin söhbətinə baxarsan, elə bilərsən ki, dostdurlar. Müəllimlərdə
o stress yoxdur ki, nazirlə danışıram və s”.
Elgün bildirdi ki, Finlandiyada olduğu müddətdə məktəbə
getməklə bağlı motivasiyasının düşdüyü zamanlar olmayıb: "Heç vaxt motivasiyam
düşmürdü ki, sinifdəkilərdən dili az bilirəm, dərsə getməyim və s. O qədər
yanımızda olurlar, pozitiv enerji verirlər ki, adam hər gün məktəbə getmək istəyir”.
Məktəbdə
keçirilən vaxt müddətinə gəlincə, Elgün bunları söylədi: "Gün ərzində məktəbdə 6-8
saat vaxt keçiririk. Əvvəllər bir dərs müddəti 45 dəqiqə idi, sonra 90 dəqiqə
etdilər. Çünki bəzi fənlərdə dərs yarımçıq qalırdı. Bir gündə 3-4 dərs olur. Dərs
arası tənəffüs isə 30 dəqiqə olurdu. Pandemiya dövründə dərsdə maskada olurduq
deyə tənəffüs müddətini uzadıb 45 dəqiqə etdilər. Bəzən dərsi 10-15 dəqiqə tez
bitirirlər, çıxıb bayırda oyun oynayırıq”.
"Utancaqlıq özü gedir”
Elgün
deyir ki, dərsi məktəbdə öyrənirlər, ev tapşırığı nadir hallarda olur: "Məktəbi
evə götürmürük, dərsi məktəbdə öyrənirik. Evdə istirahət edirik. Ona görə çox
vaxt evə tapşırıq vermirlər. Bəzi müəllimlər evə tapşırıq verə bilərlər, amma
bu da davamlı olmur. Tapşırıq olanda, özüm həll edirəm, ailəmdən yardım
almıram. Əgər bilmirəmsə, "Vilma” deyə sistem var, onun vasitəsilə müəllimlə əlaqə
saxlayıram. Ya onlayn izah edir, ya zənglə, ya da deyir ki, gəl, sinifdə edərik”.
Elgünün anası Nuranə Məlikovanın sözlərinə görə, ev tapşırığının olmaması
uşaqları yormamaq cəhətdən çox yaxşıdır: "Azərbaycanda sistem elədir ki, müəllimlər
istər-istəməz evə tapşırıq verirlər. Elgün Azərbaycanda oxuduğu müddətdə ev
tapşırıqları çox olurdu. Məktəbdən yorğun gəlsə də, evdə də ev tapşırıqlarını
etməli idi. Amma burda məktəbdən evə rahat gəlir, sərbəst olur”.
"Finlandiyaya
köçəndən sonra Elgündə nə kimi dəyişiklik oldu” sualımıza valideynləri cavab
düşündükləri zaman, Elgün özü onlara "utancaqlıq getdi” cümləsi ilə köməklik
etdi. Nuranə xanım deyir ki, Finlandiyaya köçəndən sonra Elgün daha sərbəst,
açıqfikirli oldu: "Burda uşaqlara şəxsiyyət kimi baxırlar, lap kiçik vaxtından
şəxsiyyət kimi yetişdirirlər. Öz problemini həll etmək, fikrini açıq demək və
s. öyrədilir”.
Elgün
utancaqlığın getməsinin səbəblərindən özü də danışdı: "Mən bunu təhsillə yox,
sosiallaşma ilə əlaqələndirirəm. Burda hamı pozitiv insandır, neqativ adam
tapmaq çətindir. Bu da ünsiyyəti rahatlaşdırır. İstər-istəməz çevrən böyüyür,
insanlara alışırsan, sosiallaşırsan, daha çox insanla tanış olursan və belə-belə
utancaqlıq özü gedir”.
"Ağlıma girdi ki, şansım var”
Elçin bəy deyir ki, Finlandiyada bəzən müəllimlər
uşaqlara valideynlərin göstərdiklərindən daha çox diqqət və qayğı göstərirlər:
"Müəllim hansısa şagirdin bir balaca stressi olduğunu bilsə, bütün işlərini
atıb onunla maraqlanır. Valideynlə əlaqə saxlayır, səbəbini tapmaq, həll etmək
üçün çalışır. Təkcə təhsilə deyil, uşaqların həm fiziki, həm psixoloji məsələləri
ilə bağlı ən xırda nüanslara belə diqqət edirlər”.
Elçin bəy
deyir ki, müəllimlər hər uşağa istədiyi formada dərs keçirlər: "Uşaqlara ilin
sonunda sual verirlər ki, "növbəti sinfə keçirsən, builki dərsliklə, dərslə
bağlı nə deyə bilərsən? Dərslikdə nəyi görmək istəyirsən? Dərsi necə qursaq, sənə
daha rahat olar? Sənə daha çox zaman ayırmağa ehtiyac varmı?” Uşağın dediyi hər sözü kompüterə
yazırlar və ona əsasən dərsi qururlar. Sinifdə 14-15 şagird var, onların hamısının
istəyinə uyğun dərs qururlar, müəllimə, sistemə görə yox”.
"Elgünün
məktəbi yüksək nəticə ilə bitirməsi nəyin sayəsində oldu?” - deyə valideynlərinə
sual ünvanladıq. Amma Elgün bu sualı özü cavablandırmaq istədi: "Finlandiyaya
köçəndən bir müddət sonra öndə olmaq üçün çalışmadım. Dərslərimi oxuyurdum,
amma yüksək nəticə üçün mübarizə aparmırdım. Düşünürdüm ki, heç kimin heç nədən
xəbəri yoxdur və s. Amma müəllim bunu hiss etmişdi. Bir dəfə müəllimlə görüşdə məni
elə başa saldılar ki, sanki ayıldım. Sənin qəlbini qırmır, amma nə demək istədiyini
başa düşürsən. Danışdı-danışdı, ağlıma girdi ki, şansım var, özümü inkişaf
etdirə bilərəm. Nəyisə istəsəm, əldə edən biriyəm. Düşündüm ki, evin birinci
uşağıyam, məndən sonrakılar üçün nümunə olmalıyam. Müəllimlə görüş qışda idi, o
vaxtdan başladım, yaya qədər üzərimdə daha çox işlədim və məndə çox böyük dəyişiklik
baş verdi. 7-ci sinifdə oxuyurdum. Yüksək nəticə göstərəndən sonra artıq o xətti
qorudum. Sinif birincisi seçildim, motivasiya oldu, növbəti il də seçildim.
Finlandiya təhsil sistemi yaxşıdır, amma burda da hər şey insanın özündən
asılıdır. Burda doğulub məndən aşağı nəticə göstərənlər də var”.
Elçin bəy
deyir ki, Finlandiya təhsil sisteminin ən böyük üstünlüyü həm də valideynlərin maddiyyatı
düşünmək dərdinin olmamasıdır: "Maddiyyat söhbəti yoxdur. Valideyn oturub
düşünmür ki, oğlumun biliyi var, amma onun universitetə qəbul olması üçün pul
lazımdır. Hazırlığa getməli, təhsil haqqı ödəməlidir və s. O anlam burda
yoxdur. Hətta qanuna görə, kollecə, liseyə qəbul olanda, uşağın ləvazimatlarını
da dövlət verir”.
"Universitetdə mənə asan olacaq”
Kollec və
liseyə eyni vaxtda təhsili necə qazanmağa gəlincə, Elgün deyir ki, bunun üçün
bütün fənlərdən göstəricilərin yaxşı olmalıdır. Elgün bildirdi ki, hər iki təhsili
eyni anda qazanmaq imkanına hər şagird sahib ola bilmir. Bu imkana sahib
olanların böyük qismi isə hər iki təhsili eyni vaxtda almağı seçmir: "Çətin
olduğunu deyirlər. Sinifdə bircə mən bunu seçdim. Məntiqi olaraq düşünüb seçimi
belə etdim. Tək liseydə oxusam, memarlıqla əlaqəsi olmayan şeylər öyrənəcəm.
Amma kollecdə mən memarlıqla bağlı da 3 ilə çox şey öyrənə bilərəm. Universitetə
qəbul olanda lisey
bitirənlər həmin bilikləri orada öyrənəcəklər. Kollecin sonuncu ilində təcrübə
cəhətdən həm də işləyəcəm. Ona görə universitetdə mənə asan olacaq. Lisey və
kollecdə eyni vaxtda təhsilin çətin olan tərəfi imtahanlardır. Liseydə
oxuyanlar həftənin 5 günü dərsə getdikləri üçün onlara imtahanlar asan olacaq.
Mən zamanımı kollec və lisey arasında böləcəm”.
Elgün
memarlıq və dizayn üzrə təhsil alacaq. Bu seçimi necə etməsinə gəlincə, deyir
ki, hələ uşaqlıqdan özünü bu sahədə görür: "Gözümü bağlayanda xəyalımda nəsə
qururam. Keçən dəfə tənəffüsdə ağlıma gəldi ki, Helsinkidə liman kimi bir yer
var, orda gül formasında bir bina inşa etmək olar. Şüşə formasında, şəhər mənzərəsini
tam görürsən. Bu, sadəcə bir güldən ağlıma gəldi. Belə ideyalarım çox olur.
Özümü bu sahədə görürəm. Düşünürəm ki, belə bir ölkədəyəm, şansım var, onu
istifadə edim”.
Elgün
qeyd etdi ki, məktəbdə də ona ixtisas seçimi ilə bağlı daim məlumat veriblər: "Burda
bir müəllim var, həyatı öyrədir, iş seçimi ilə bağlı məlumat verir və s. 7-ci
sinifdən başlayaraq ixtisaslarla bağlı şagirdlərlə söhbət aparır, onlar haqqında
və maaşları barədə ilkin məlumat verir, özün də araşdırırsan. 9-cu sinfə
başlayanda deyirlər
ki, bu sinfi ciddi qəbul etmək lazımdır. Eyni zamanda artıq ixtisas seçimi ilə
bağlı dəqiq bir fikrə gəlməyin vaxtıdır”.
Nuranə Məlikova
deyir ki, Finlandiyada 7-ci sinifdən sonra "Kotitalous” adlı dərs keçirilir. Bu
dərsdə uşaqlar sərbəst yaşamaqla bağlı müxtəlif bacarıqlar öyrənirlər: "Yemək
bişirməyi, paltar ütüləməyi öyrədirlər. Yaxud taxtadan, dəmirdən və ya başqa nələrdənsə
əl işləri hazırlayırlar. Çünki 18 yaşdan sonra müstəqil olmaq, sərbəst yaşamaq
hüquqları var. Bunun üçün məktəb illərindən uşaqları sərbəst yaşamağa
hazırlaşdırırlar”.
Elgünün
nəticəsi yüksəkdir, özünü gördüyü, sevdiyi sahənin ardınca gedir və yaşadığı
ölkədə də şansı böyükdür. Ümid edirik ki, bütün bunlar bir yerdə onun gələcəkdə
karyerasında uğurlu şəxslərdən olmasına yardım edəcək.
Aygün
Asimqızı