Filmin sonu... - Fotolar
Anjey Vayda dünyadan
köçdü. Sakitcə 20-ci əsrin qapısını arxasınca örtüb getdi... O əsr ki Vayda,
Fellini, Antonioni, Viskonti, Berqman, Tarkovski, Krosava kimi rejissorlara
minnətdardır. Yaşadığımız yüzillik o cür güclü, parlaq, son dərəcə istedadlı, əsl
elitar kinoya hələ çox həsəd aparacaq.Anjey Vaydanı
«Polşanın kinometri», «Polşa kinosunun atası» adlandırırlar. "Yaxşı, pis,
istedadlı, böyük rejissorlar olur. Ancaq çox nadir halda kinonun dilini dəyişən
rejissorlar yaranır. Bütün dünya üçün öz ölkəsinin mədəniyyətini, xalqının
ruhunu yaradan rejissorlar doğulur. Anjey Vayda həmin rejissorların parlaq
nümunəsi idi”, - deyə bu gün dünya mətbuatı rejissorun ölümündən yazır.
Anjey Vayda 91
yaşında həyatla vidalaşdı. Kinematoqraf kimi «Oskar», «Sezar» mükafatlarını
qazandı, dəfələrlə Kann, Venesiya, Berlin kinofestivallarının mükafatlarına yiyələndi.
Dünya kinosuna 50 dən çox film bağışladı. «Kanal», «Kül və almaz», "Pilat və
digərləri” «Günahsız sehrbazlar», "Xatın” və s. filmlərlə yarım əsr ərzində
dünya kinosunun metrinə çevrildi. "90 yaşlı Anjey bir epoxa üçün yaşamayıb. O,
həmişə müasir qəhrəmanlarını axtarıb. Vətən obrazı onun üçün həmişə müqəddəs
olub. Kinematoqraf onun üçün təkcə psixoloji tədqiqatlar aləti deyildi, həmçinin
siyasi fikirlərini söyləmək üsulu idi”, - deyə onun haqqında yazırlar.
Kinematoqrafiyanın avtoriteti
O, 1926-cı ildə
zabit ailəsində doğulub. Atası Polşa zabitləri ilə birgə sovet çekistləri tərəfindən
Xatında güllələnib. Anası Aneliya məktəb müəlliməsi idi. Anjey uşaq olanda
anası ona yaşadıqları kazarmanı xatırladırdı. Müharibə mövzusunu uşaqlıqdan
eşitdiyindən sonralar bu mövzu Vaydanın rejissor kimi əsas hədəfinə çevrildi.
Vayda əvvəlcə bədii məktəbdə oxuyurdu. 13 yaşında gimnaziyanı ataraq ordu
sıralarına yazıldı. Ancaq o döyüşlərdə iştirak etmədi. Müharibə vaxtı Anjey
suvaqçı, tikintidə fəhlə kimi çalışırdı. Beləcə, onun incəsənət haqqında
arzuları yarandı. 1946-cı ildə o, Krakov Təsviri İncəsənət Akademiyasına daxil
olsa da, bu məktəbdə sona qədər oxumadı. Kinematoqrafiya onu cəlb etdiyindən o,
Lodz məktəbində təhsil almağa başladı. Onun fikrincə, kino müharibədən sonrakı
epoxaya cavab verən yeganə sənət növü idi. İndi Polşa kinoşünasları həmin məktəbin
kommunist ideyalarının təbliğatı məqsədi ilə yarandığını yazırlar. Vayda isə
kommunist ideyalarından uzaq adam idi. Onun kino haqqında fikri fərqli idi. O,
Polşa kinosunun dünya mədəniyyətinin xəzinəsinə düşməsi üçün çalışırdı. Hamı
inanırdı ki, Vayda əyləncədən daha çox insan şüurunu dəyişməyə qadir olan ciddi
bir sənət yaradacaq.
Müharibədən sonrakı kinematoqrafiyada Vaydanın daxil
olduğu istedadlı və yeni ideyalı gənclər «Polşa məktəbi»nin əsasını qoydular.
«Müharibəyə qədər də Polşada filmlər çəkilirdi. Biz Polşa Kinematoqrafiyasını
yaratdıq. «Polşa məktəbi» rejissorları olan bizlər 50-ci illərin sonunda
kinomuzu dünyaya tanıtdıq». Vayda həmin məktəbin şəksiz lideri idi. Onun stili
dünya kinematoqrafiyasına yeni xətt gətirdi. Polşa kinematoqrafiyası Vayda ilə
başlayan bu prinsipdən bəhrələndilər. Vaydanın yaradıcılığında əsas xətt Polşa
tarixinin faciəli səhifələri idi.50-ci illərdə
Anjey Vayda sürətlə kinematoqrafiyanın avtoritetinə çevrildi. «Nəsil» filmini çəkəndə
Vaydanın 26 yaşı var idi. Bu kino haqqında Roman Polyanski müsahibəsində «Nəsil»lə
əsl Polşa kinosu başlayır» demişdi.
1958-ci ildə
Varşava üsyanının məğlubiyyəti haqda çəkdiyi «Kanal» və müharibə trilogiyası
olan «Kül və almaz», «Letna», «Samson» filmlərində Vaydanın stili formalaşdı.
Bu filmləri birləşdirən əsas xətt dərin, faciəvi, pessimist ruh idi. Eyni
zamanda, poetik, ekspressiv, müxtəlif mənbələrə əsaslanan, italyan neorealizm,
Amerikanın «qara film»lərindən bəhrələnən, ancaq özünəməxsusluğu ilə fərqlənən
Vaydanı həmişə tamaşaçılar sevirdi. Sevməsəydilər belə, onun filmlərinə
baxırdılar.
«Kanal» filmi
Kann festivalında «Gümüş Palma» budağına layiq görüldü. Film birmənalı
qarşılanmasa da, artıq istedadlı gənc rejissor haqda Avropada danışırdılar. Bir
çoxları onun kinematoqrafiyaya gətirdiyi yeniliyə heyranlığını bildirirdisə, bəziləri
inamsızlıq və pessimizmə görə qınayırdılar. Film həmçinin, Venesiya
festivalının prizini qazandı. Bu ekran əsəri rejissorun yaradıcılığının ən
yaxşı filmi olmaqla bərabər dünya kinematoqrafiyasının Qızıl Fonduna daxil
edildi. «Biz gənc idik, kinomuz da gənc idi. Müharibə keçməyimiz haqqında
ssenarinin dili ilə insanlara danışmaq lazım idi. İstəyirdik ki, faciələrimizi
bütün dünya bilsin, bizi hamı tanısın. Bunun üçünsə kinomuzun Avropa kinosu ilə
dil tapması, dünya kinosu sıralarına düşməsi lazım idi. Məhz onda Avropada
italyan neorelizmində müharibədən sonrakı kino yarandı. Bu, tamaşaçıya
ünvanlanmış ən yaxşı yol idi. Biz Polşa kinematoqrafının təmsilçiləri kinomuzu
bütün dünyaya təqdim etdik. Xarici ölkələri gəzəndə, tamaşaçılarla görüşəndə
bizim filmlərdən insanların necə təsirləndiyinin şahidi olurduq. Bizim azadlıq
yanğımız çox güclü idi. Biz bu hissləri tamaşaçıya çatdıra bilmişdik. Buna görə
xoşbəxt idik”.
60-cı illərdə
Anjey öz qüvvəsini başqa stillərdə sınamağa başladı. O, komediya və məşhur
yazıçıların əsərləri əsasında filmlər çəkirdi. Onun yaradıcılığında tarixi
filmlər, psixoloji dramlar, sərt sosial pritçalar, alleqoriyalar yarandı. Vayda
hansı janrda çəkirdisə, həmişə maraqlı kino alınırdı. Filmlərində kütləvi kino
janrlarının ştamplarından istifadə etmirdi. Vayda həmişə tamaşaçı ilə mürəkkəb,
vacib, ağrılı problemlərdən danışırdı. Tamaşaçılar onun filmlərinə baxmağa gəlirdilər.
Hər rejissora bu, nəsib olmurdu. Vayda bilirdi ki, insanların cəfəngiyatları
dinləmək və izləmək vaxtları yoxdur: "İnsanlar öz həqiqətlərini və talelərini
ekranda görəndə sevinirlər. Bu, onlara çox lazımdır”.
1980-ci ildə Anjey
Vayda Müstəqil Həmkarlar Təşkilatı olan «Həmrəyli»yə daxil olaraq Polşanın müstəqilliyi
uğrunda aktiv mübarizə çevrildi. Aktiv vətəndaşlıq mövqeyi Vaydanı Polşanın ən
məşhur ictimai xadimləri ilə bir sırada qoyur. Məhz Vaydanın yaradıcılığı
polşalıların gözünü həqiqətlərə açdı və milli birliyin simvoluna çevrildi. 1982-ci
ildə «Dəmir adam»dan sonra ona hətta Fransaya miqrasiya etmək lazım gəldi. Onda
fəhlələr hakimiyyətdən filmə toxunmamağı və ekran əsərini Kannda göstərməyi tələb
edirdilər. Vayda deyirdi ki, belə anlar
həyatda çox az olur: "Mən xalqın filmlərimi necə sevdiyini görürdüm. Çünki bu,
onların taleləri idi. Onlar filmləri öz taleləri ilə səsləşən an kimi qəbil
edirdilər. Hakimiyyətin təpkisi isə məni qorxutmurdu”. Hakimiyyət heç vaxt
ondan nə gözləmək lazım olduğunu bilmirdi. Vayda həmişə özü üçün yaşayan adam
idi... «Dəmir adam» filmi Kann festivalında "Qızıl palma” budağını qazandı.
Filmini gizli şəkildə Venesiya festivalına apardılar. Qazandığı uğurdan sonra
isə artıq ölkəsində qadağan edə bilmədilər.
Vaydanı filmlərindəki
pessimizmə görə qınayanlar sonradan onun filmlərində sonda görünən "Ağ at”a
ümid kimi baxırdılar. Rejissorun filmləri insanlara qaranlıqdan işığa yol kimi
görünürdü.
Xatın...
Vayda 80 yaşında
onu bütün ömrü boyu düşündürən mövzuya toxundu: Xatın haqqında film çəkdi.
"Xatın haqqında əvvəllər heç ezop dilində də danışmaq olmazdı. Bu, qadağan
olunmuş mövzu idi. Ancaq bu, mənim mövzumdur” - deyən rejissor dünyaya səs
salan Xatın faciəsindən çəkdiyi film haqqında belə danışırdı: "Mənim atam
Xatında güllələnib. 1939-cu ildə o, zabit kimi "Qızıl ordu”ya əsir düşüb. Sonra
Ribbentrop-Molotovun gizli protokol razılaşmasına əsasən, Starobelski düşərgəsinə
gətirilib və orada Polşa və sərhəd xidməti ordusunun 14 min zabitin taleyi həll
olunub. Bu, 1940-cı ildə baş verib. Məzar 1943-cü ildə açılıb və Polşa və alman
gizli işğalçı mətbuatı ölənlərin siyahısını dərc etməyə başlayıb. Vayda
familiyası 0844 nömrəsi altında idi. Atamın rütbəsi düzgün göstərilmişdi, adı
isə səhv yazılmışdı. Güllələnmə siyahısında o, Karol Vayda kimi gedirdi, amma o
zamanlar atamın adını "Yakub” çağırırdılar. Ancaq 15 il axtarışlardan, tarixçilərlə
görüşlərdən, arxivlərdə tədqiqatlardan sonra bildim ki, müharibədən əvvəlki Polşa
zabitləri korpusunda təkcə Vayda soyadlı bir kapitan var imiş – mənim atam. Mən
Xatın haqqında film çəkməyi qarşıma məqsəd qoydum. Ancaq açığını deyim ki, heç
zaman material axtarışında belə çətinliklə qarşılaşmamışdım. Bilirdim ki, şəxsi
tarixçəmi, uşaqlıq həsrətimi, uzun illər atamla fikrimdə danışdıqlarımı çəkməməliyəm.
Xatın – Varşava üsyanı kimi milli faciədir. Məsələnin çətinliyi o idi ki, Polşa
ədəbiyyatı Xatın haqqında heç bir əsər yaratmamışdı, nəşriyyatların hamısı
emiqrasiyada fəaliyyət göstərirdi. Müxtəlif vaxtlarda ölkədən gedən ədəbiyyatçılar
var idi. Mən material çətinliyi ilə üzləşmişdim. Film çəkilişləri üçün
materiallar əldə etməyə 15 il vaxt sərf etdim. Polşa zabitlərinin gündəlikləri
köməyimə çatdı. Buna peşman deyiləm. Mən milli faciəmizdən bəhs edən film çəkdim.
Bu, Polşa xalqı və vətənim qarşısında xidmətim idi!”, - deyə Vayda müsahibələrində
deyirdi.
2007-ci il 17
sentyabrda filmin təqdimatı keçirildi.2008-ci ildə
film "Ən yaxşı xarici film” nominasiyasında "Oskar”a iddia edən beş filmdən
biri oldu. Sol siyasi baxışlarına görə film mediada tənqid də olundu. Amma
Vayda "Mən borcumu yerinə yetirdim” - dedi.
Vayda getdi...
Dünya kinosunun ən görkəmli şəxsiyyəti tamaşaçılarla vidalaşdı. Film sona
çatdı...
Təranə Məhərrəmova