• cümə axşamı, 28 mart, 20:56
  • Baku Bakı 13°C

“Film insanın əsl gücünün nədə olduğunu göstərir” – Onun film seçimi

01.12.18 10:00 1252
“Film insanın əsl gücünün nədə olduğunu göstərir” – Onun film seçimi
Filmlərlə bağlı hər kəsin öz maraq dairəsi var. Kimi dram sevir, kimi fantastika, kimi komediya və s. Amma janrından asılı olmayaraq, çoxumuz başqalarının məsləhət gördüyü filmlərə nəzər salırıq.Məsləhət görülürsə, deməli, baxmağa dəyər. Bu dəfə sizə "Sat Group”un həmtəsisçisi və rəhbəri, satış təmsilçisi Azad Qəhrəmanovun bəyəndiyi və məsləhət gördüyü filmləri təqdim edəcəyik.
Müsahibimiz deyir ki, filmə çox baxan deyil, amma izləyəndə də seçim edir: "Zaman ayırıramsa, faydalı film olmasını istəyirəm. Ya motivasiya, ya həyata doğru bir istiqamət versin, ya da örnək olsun. Faktlara əsaslanan, reallıq üzərində qurulmuş filmləri sevirəm, bioqrafik kinoları da bəyənirəm. 5 film adı çəkəcəyəm, onların hamısında maraqlı nümunə var. Mən motivasiya filmlərini sevirəm. İndiki dövrdə bizə motivasiya lazımdır. Çünki motivasiyamızı aşağı salacaq o qədər məlumatlar var ki. Ona görə, həyata inamımızı gücləndirəcək filmlərə ehtiyac var”.
Və müsahibimizin ilk məsləhəti ABŞ istehsalı olan dram filmi "Şouşenkdən qaçış” oldu: "Möhtəşəm bir filmdir. Baş qəhrəman maliyyəçi olur, onu günahsız yerə həbs edirlər. Sonda o, həbsdən çıxa bilir. Kinonun gözəlliyi ondan ibarətdir ki, əslində, insanın əsl gücünün nədə olduğunu göstərir. Əsl güc inadkarlıq, davamlılıqdadır. Orda sakit inadkarlığı göstərir. Adam dava salmır, plan qurur və illərlə o plan üzrə hərəkət edir. Nəticədə arzuladığına nail olur. Film peşəkarlıq və biliyin insana hansı üstünlüklər verdiyini göstərir”.
A.Qəhrəmanovun ikinci seçimi "Xoşbəxtlik axtarışında” oldu. ABŞ istehsalı olan filmdə baş rolu Uill Smit canlandırır: "Baş qəhrəman satış meneceri olur, işinin əvvəli çox çətin gedir. Hətta o qədər çətinliyi yaranır ki, həyat yoldaşı onu atıb gedir. Buna baxmayaraq, o, qarşısına qoyduğu hədəfin arxasınca gedir, sonda böyük uğurlar qazanır. O, filmdə həm də oğluna maraqlı nəsihətlər verir ki, bu da çox təsirlidir. Əsl xoşbəxtliyin nədə olduğunu, inadkarlığın, öz ideyanın arxasınca getməyin nə nəticə verdiyini göstərir”.
Üçüncü məsləhəti"Uoll Strit canavarı” filmi oldu: "Bu, son illərin məşhur kinolarındandır. Baş rolu Leonardo Di Kaprio canlandırır. Bu da satışla bağlıdır. Film, inandırmaq bacarığının bu gün nə qədər vacib olduğunu göstərir. Sən özünü inandırmaq bacarığını inkişaf etdirməlisən ki, indiki dövrdə yaxşı qazana, inkişaf edə biləsən və s. Həm satış işinə adamı həvəsləndirir, həm də satışda uğurun açarlarını göstərir”.
"Növbəti adama ödə” filmini də çox maraqlı hesab edir: "Bu film, kiçik bir uşağın başlatdığı maraqlı sosial hərəkat haqqındadır. Bu uşağın ağlına yaxşı bir fikir gəlir ki, əgər mən kiməsə yaxşılıq etsəm, o, təbii ki bunun qarşılığını mənə vermək istəyəcək. Amma xahiş edəcəyəm ki, bu qarşılığı mənə yox, başqa kiməsə etsin. Belə olsa, hamı bunu təkrarlasa, bütün insanlar bir-birinə yaxşılıq etmiş olacaqlar. Bu hərəkat başlayır, insanları müsbət istiqamətə dəyişən maraqlı bir tendensiya yaranır”.
Sonuncu seçimi isə Tom Henksin ilk kinolarından olan "Forrest Qamp”dır: "Forrest Qampın uşaqlıqda ayağında qüsurlar olur, ona görə, ona ayağını düzəltmək üçün bir aparat qoşurlar. Digər uşaqlardan geri qalmamaq üçün çox inadkar olmalı olur. Bu inadkarlıq həyatı boyu onda davam edir. Bu film onu göstərir ki, müsbət vərdişlər qazanmaq istəyi, insanı haralara gətirib çıxara bilər".
Aygün Asimqızı
banner

Oxşar Xəbərlər