Filarmoniyada xeyriyyə konserti keçiriləcək
Ənənəvi
xeyriyyə konserti Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsinə geri
dönür.
Hər
il Yeni il bayramı ərəfəsində Macarıstanın Azərbaycandakı səfirliyi və "Nargis”
fondu və jurnalının birgə təşkilatçılığı ilə konsert və yarmarkadan ibarət
xeyriyyə axşamı keçirilir. Macarıstanın Azərbaycandakı Səfirliyindən Kaspi.az-a
verilən məlumata görə, pandemiya səbəbilə verilmiş fasilədən sonra növbəti
xeyriyyə konserti 15 dekabr 2021-ci il tarixində Müslüm Maqomayev adına
Azərbaycan Dövlət Akademik Filarmoniyasında təşkil olunacaq.
Artıq
ənənəyə çevrilmiş xeyriyyə layihəsi iki dost ölkənin zəngin mədəniyyətini bir
səhnədə birləşdirir. Xeyriyyə konsertində Macarıstan Dövlət Xalq Ansamblı və
Pál István Band səhnəni Azərbaycan Respublikasının xalq artisti, Beynəlxalq
Muğam Mərkəzinin direktoru, pianoçu Murad Hüseynovla bölüşəcəklər.
Müxtəlif
beynəlxalq və yerli mükafatların laureatı István Pál Macarıstan Dövlət Xalq
Ansamblının bədii rəhbəridir. Dünyaca məşhur István Pál Band Karpat bölgəsinin
qədim tarixə malik mədəniyyətini orijinal folklor repertuarında yaşadır.
Macarıstan Dövlət Xalq Ansamblı və Pál István Band Avropanın bütün mühüm
festivallarında xüsusi yer alır, eyni zamanda dünyanın hər nöqtəsində bənzərsiz
əsərlərdən ibarət konsert proqramları ilə çıxış edirlər.
Ənənəyə
sadiq qalaraq, bilet satışından, həmçinin Dövlət Filarmoniyasının foyesində
təşkil olunacaq xeyriyyə yarmarkasından əldə olunan bütün gəlir Elmi–Тədqiqat
Pediatriya İnstitutunun Uşaq Bərpa Müalicə Mərkəzinə yönləndiriləcəkdir.
Tədbirdə
sizi klassik və folklor musiqi, rəqslər və bol əyləncə gözləyir, ən önəmlisi
isə tədbirə qoşulmaqla siz xeyir məqsədə nail olmağa töhfə vermiş olursunuz.
Qeyd edilir
ki, xeyriyyə konserti və yarmarkası "MOL Group” şirkətinin dəstəyi ilə
keçirilir. "MOL Group" mərkəzi ofisi Macarıstanın paytaxtı Budapeştdə
yerləşən, Mərkəzi və Şərqi Avropanın aparıcı inteqrasiya olunmuş neft və qaz
korporasiyasıdır. Korporasiya 30-dan çox ölkədə fəaliyyət göstərir, dünya üzrə
işçi sayı isə 25.000 nəfər təşkil edir. 2019-cu ildə "MOL Group"
"Azəri-Çıraq-Günəşli” neft yatağında səhmlərin 9,57% və xam nefti Aralıq dənizinin
Ceyhan limanına nəql edən Bakı-Tbilisi-Ceyhan boru kəmərində 8,9% pay almaqla
Azərbaycan bazarına daxil olub.
Biletləri
şəhərin kassalarından və iTicket.az saytından əldə etmək olar.