“Filan ölkə yanır, bizə nə?” məntiqsizliyi
Mütəxəssislər
deyirlər ki, yanğınlar baş verdiyi ərazi ilə yanaşı, qonşu ölkələrin, ümumilikdə
dünyanın ekoloji durumuna da mənfi təsir edir
Bir həftədən
çoxdur ki, Türkiyədə baş verən yanğınlar dünyanın diqqət mərkəzindədir. Buna
paralel olaraq dünyanın müxtəlif yerlərindən də yanğın xəbərləri almaqdayıq.
Ümumiyyətlə, son illər dünyada böyük əraziləri əhatə edən yanğınlar daha çox müşahidə
olunur. Bu yanğınlar baş verdiyi əraziyə hərtərəfli zərər vurur. Bəs bu cür yanğınlar
ümumilikdə dünyanın ekoloji durumuna, atmosferə necə təsir edir? Yanmış ərazilərin
ekosistemlərinin bərpası nə qədər müddət tələb edir?
Ekoloq Vaqif
Əliyev deyir ki,yanğınlar ilk olaraq hadisə baş verən ərazinin ekologiyasına mənfi təsir göstərir:
"Böyük yanğınlar olan ərazilərdə havanın temperaturunda böyük fərq yaranır. Bu temperatur
dəyişikliyi həm quruda, həm də sudakı mühitə (dəniz, göl, çay) öz təsirini göstərir.
İstənilən ərazidə yaşayan heyvanat aləminin yaşam üçün öyrəşdiyi bir həyat
temperaturu çərçivəsi olur. Elə heyvanlar var ki, temperaturlarının hətta bir dərəcə
dəyişməsi belə, onların kütləvi qırılmağına səbəb olur. İndi görün böyük yanğınlar
ərazidəki canlı aləmin həyatına necə təsir edir. Biomüxtəliflik tamamilə pozulur.
Ərazidə digər yerlərdə bitməyən hansısa bitki növləri ola bilər ki, yanğın onları
da məhv edər. Onun bərpa edilməsi də mümkünsüz olar. Yanğın olan ərazidə uzun
müddət fotosintez prosesi getmir. Yəni karbonu alıb, oksigen verən yaşıllıqlar olmur”.
"O dalğa
ora çata bilməz”
V.Əliyev
deyir ki, yanğınların digər ölkələrə təsiri dalğavari gedir. Yanğınlar baş
verdiyi ərazidən sonra yaxınlıqda yerləşən bölgələrin ekoloji durumuna da təsir
göstərir: "Meşə yanğınları baş verdiyi əraziyə zərər vurmaqla kifayətlənmir.
Hava axını dalğavari prosesdir. Qonşumuz yanırsa, biz də yanırıq. Yanğın olan ərazidəki
hava külək vasitəsilə regiondakı digər ölkələrə daşınır. Yanğın bölgəsindəki
hava getdiyi ərazidəki canlıların həyat temperaturunu da dəyişir. İnsan da
daxil olmaqla bütün canlı məxluqların hamısının öyrəşdikləri həyat tərzi pisliyə
doğru dəyişir. Ən birinci yaxındakı bölgələrə təsir edir. Burda küləyin istiqamətinin
də rolu önəmlidir. Tutaq ki, Türkiyədə yanğın baş verən ərazidə küləyin istiqaməti
hansı tərəfədirsə, temperaturu, havadakı zərərli maddələri də o istiqamətə yönəldəcək.
Təbii ki Türkiyədəki yanğın Amerika kimi uzaq ölkələrə çatmır, oranın
ekologiyasına təsir etmir. Çünki ilk təsir yaxın ölkələrə olacaq. Qalanı
dalğavari prosesin hara qədər davam etməsinə bağlıdır. Məsələn, Qrenlandiyada
buzlaqların ərimə tempi ötən illə müqayisədə 2 dəfə artıb. Yakutiyadakı
yanğınların Qrenlandiyadakı buzlaqların əriməsinə təsiri olduğu güman edilir”.
XXI əsrin
kimyəvi SPİD-i
V.Əliyevin
sözlərinə görə, bir yanğın dünyanın ekologiyasını məhv edə bilməz,
ancaq təsirsiz də ötüşmür: "Yanğınlar lokal proseslərdir. Baş verən hansısa
hadisənin bütöv ekologiyanı əhatə etməsi mümkün deyil. Ancaq yanan ərazinin
miqyasına əsasən, onları qlobal məsələ kimi təqdim etmək olar. Yəni yanan ərazinin
böyük olması artıq problemi qlobal edir. Çünki böyük yanğınlar təkcə baş
verdiyi əraziyə deyil, hava vasitəsilə digər yaxın ölkələrə, ərazilərə də öz zərərli
təsirlərini vurmuş olur. Ümumiyyətlə isə, ekologiya yanma prosesini qəbul
etmir. Yanma prosesi getməsin deyə, yaşıl energetikanı yaratmaq istəyirlər.
Burda nəyin yanması da önəmlidir. Biri var biokütlə yansın, biri də var ki,
yanğınlarda ərazidəki hər bir şey yanır. Bunlar isə hava üçün zərərli
tullantıdır. Yanğınlar zamanı havaya dioksin buraxılır. Dioksin problemi – XXI əsrin
kimyəvi SPİD-idir. Bu yanğınların dünyanın ekoloji tarazlığına mənfi təsiri
var”.
Bir götürsən,
iki-üçünü verməlisən
V.Əliyev
qeyd etdi ki, ekologiyanın qanunlarına görə, təbiətdən nəyi götürsən, gərək
yerinə 2-3 qatını qoyasan: "Tutaq ki, 20 illik bir ağac var və onun fotosintezdə
iştirak payı böyükdür. Yeni əkilmiş ağac onun qədər bu prosesdə iştirak etməyəcək.
Ona görə 20 illik ağacın fotosintezdə iştirakını əvəz etmək üçün gərək 30 yeni
ağac əkəsən. Üstəlik, 5-6 il lazımdır ki, ağac böyüyüb əvvəlkinin effektini
versin”.
"Planetimizin
ağciyərləri yanır”
Ekoloq Kənan
Kərimli bildirdi ki, hər
bir ağacın, hər bir kolun atmosferə təsiri böyükdür. Onlar yanırsa, deməli,
təbiət, ekologiya zərər görür: "Yanğınlar zamanı dünyamızın, planetimizin ağciyərləri
yanır. Ekoloji cəhətdən yanaşanda yanğınlar lokal xarakter daşımır. "Filan ölkə
yanır, bizə nə?” deyib keçmək olmaz. Çünki küləklər vasitəsilə hava bir ölkədən
digərinə daşınır və miqyası böyük olan yanğınların ekologiyaya təsiri də böyük
olur. Bu, o demək deyil ki, kiçik yanğınlar zərər vurmur. Hər bir ağacın, hər
bir kolun atmosferə təsiri olduqca böyükdür”.
Bərpanın tez
getməsi üçün
K.Kərimli
deyir ki, təbiətin özünübərpası uzun müddət tələb edən məsələdir. Ona görə,
insanlar yanan ərazilərin bərpasını təbiətin ixtiyarına buraxmamalıdırlar: "Təbiətin
özünübərpası mümkündür. Ancaq nə qədər müddətə özünü bərpa edə biləcəyini dəqiq
demək mümkün deyil. Çünki hər bir ağac növü, onların yetişmə mühiti, müddəti və
s. kimi xüsusiyyətləri var. Ona görə demək olmaz ki, filan meşənin bərpası üçün
filan qədər müddət lazımdır. Hər meşədə yanan ağac fərqli ola bilər.
Yanğınlardan sonra təbiətin özünübərpasını gözləmək olmaz. Çünki orda olan
kiçik fidanlar belə yanıb. Belə hallarda özünübərpa uzun müddət çəkə bilər. Ona
görə də bərpa üçün insanlar də dəstək verməlidirlər. Yenidən həmin ərazidə
yaşıllıqlar salınmalı, onlara düzgün qulluq olmalıdır ki, bərpa tez reallaşsın”.
Dəniz
suyunun bərpaya təsiri
K.Kərimli
qeyd etdi ki, bir çox ərazilərdə yanğınlar dəniz suyu ilə söndürülür və bunun
özü də həmin ərazinin təbiətinin bərpasında problem yaradan amillərdəndir: "Məsələn,
Türkiyə ərazisində olan yanğınlar dəniz suyu ilə söndürülür. Təbii ki, yanğının
miqyası genişdir, indi bunu düşünəcək durum da deyil. Ancaq dəniz suyu duzlu
olur və gələcəkdə torpağın keyfiyyətinə, kimyəvi dəyişikliyinə səbəb olacaq. Bu
da sonradan bərpa işlərində çətinliklər yaradacaq”.
Aygün
Asimqızı