Fəxrəddin Altun: “Mübarizəmiz daha təsirli olacaq”
Türkiyə
Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun
"Həqiqət Sonrası Bir Dövrdə Milli Təhlükəsizlik Təhdidi Olaraq
Dezinformasiya və Manipulyasiya Siyasəti" adlı məqaləsində
"Dezinformasiyaya qarşı ümumi mübarizədə qısa, orta və uzunmüddətli strateji
proses aparılmalıdır. Qısa müddətdə xüsusi məsələlərə fokuslanaraq hazırlıq
görülməli və mümkün ssenarilər hazırlanmalıdır. Orta müddətdə böhran ünsiyyəti
və idarə etməsi çoxşaxəli bir şəkildə həyata keçirilərək məlumat, xəbər və
məzmunların düzgünlüyünə tez bir zamanda nəzarət edə biləcək mexanizmlər
hazırlanmalıdır. Uzun müddətdə isə media savadlılığı və rəqəmsal media
savadlılığına keçmək vacibdir.” - deyə bildirib.
Kaspi.az-ın məlumatına görə, Altun
qələmə aldığı məqalədə həmçinin aşağıdakıları qeyd edib:
"Həqiqət
sonrası dövrdə dezinformasiya zərərli siyasətin kommunikativ davamıdır. Bu
baxımdan dezinformasiya yalnız cəmiyyəti çaşdırmaq və məlumatları təhrif etmək
üçün bir kampaniya deyil. Xüsusilə yeni rəqəmsal dövrdə dezinformasiyanın
məqsədi və nəticələri bu sərhədlərin xaricinə çıxmış, bir ölkəyə və cəmiyyətə
zərər verə biləcək miqyasa çatmışdır. Bu səbəbdən alınacaq tədbirlər baxımından
da mübarizənin tələb etdiyi qətiyyət və tutarlılıq göstərilməlidir.
Dezinformasiya
- tətbiq edilməsi asan, tətbiq edildiyi zaman da müqavimət göstərilməsi çətin
olan dağıdıcı bir silahdır. Yalanın mütəşəkkil və alətli forması ilə
mübarizədə, yalanı üzə çıxaranlara və bu yalanı şüurlu şəkildə yayanlara qarşı
qətiyyətli bir duruşla uğur qazanıla bilər. Yalan və dezinformasiyanı məsum bir
səhv kimi göstərməyə çalışanlar da özlərini bu səhvdən xilas etmək
məcburiyətindədir. Yalanla mübarizə aktiv sosial şəbəkə istifadəçilərinin də
fərdi məsuliyyət sahəsidir. Alış-verişdə keyfiyyətsiz bir məhsulu almaq
istəməyən hər vətəndaş, informasiya alışında da eyni həssaslığı göstərmək,
yanlış və yalan məlumatlara qarşı aktiv bir mübarizənin bir hissəsi olmaq
məcburiyətindədir.
Oxford
Universiteti Reuters İnstitutunun 2018 -ci ildə nəşr olunan rəqəmsal xəbər
hesabatında yer alan və 37 ölkədə aparılan araşdırmaya görə, Türkiyə 49 faizlə
dezinformasiyaya ən çox məruz qalan ölkədir. ABŞ-da bu nisbət 31 faiz
səviyyəsindədir.
Eyni
zamanda yaradılacaq sosial normalar vasitəsi ilə dezinformasiyalar və saxta
xəbər mövzusunda maariflənmə işləri görülməlidir. Bütün bu proses hökumət, özəl
sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlıq edilərək icra edildikdə öz anlamını
tapacaq.
Bu
çərçivədə Kommunikasiya İdarəsi olaraq Türkiyənin milli və beynəlxalq sahədəki
həqiqət mübarizəsində əhəmiyyətli rol oynayacaq, sosial mediadakı dezinformasiya
və manipulyasiyalara qarşı müqavimət yaradacaq yeni nəsil dəqiqləşdirmə
platforması olan "Doğrudurmu?" layihəsi üzərində işlərimizi davam
etdiririk. "Doğrudurmu?" platforması ilə siyasətsizliyi siyasətə
çevirən aktyor və fiqurlar tərəfindən sosial mediada yayılan xəbər və
məlumatların həqiqət olub olmadığının öyrənilməsi təmin ediləcək.
Biz
hüquqi addımlar atmaqla yanaşı bütün üsul və mexanizmlərdən istifadə edərək
dezinformasiya və dezinformasiya yolu ilə demokratiyamızı pozmağa çalışanlara
qarşı mübarizə aparmalıyıq. Ölkəmizə qarşı təsir əməliyyatlarına qarşı
atacağımız addımlar demokratiyamızı qorumaq və gücləndirmək üçündür.
Demokratiyamızı çevrilişlərə qarşı qorumaq üçün gördüyümüz tədbirlərdə olduğu
kimi, ünsiyyət sahəsindəki manipulyasiya cəhdlərinə qarşı da lazımi addımları
atırıq və atacağıq.
Prezidentimiz,
"Heç bir rəqəmsal məcra hüquqdan azad deyil.” açıqlaması ilə mediada
manipulyasiya etmək istəyənlərə, millətimizi aldatmağa çalışan daxildəki və
xaricdəkilərlə əməkdaşlıq edənlərə əsla güzəşt edilməyəcəyini vurğulamışdır.
Açıq
və birmənalı şəkildə vurğulamaq istəyirəm ki, yalan siyasətini məğlub etmək
üçün ən böyük silahımız həqiqət olaraq qalacaq. Dezinformasiya və yalanlar çox
səs-küy salsa da və olduqca sürətlə yayılsa da biz həqiqətin gücünə, həqiqətin
doğruluğuna inanırıq. İnanırıq ki, bizlər həqiqəti kifayət qədər səsli və güclü
bir şəkildə ifadə edərsək, o zaman yalan və dezinformasiyaya qarşı mübarizəmiz
daha təsirli olacaqdır."