• cümə axşamı, 25 aprel, 09:26
  • Baku Bakı 14°C

Fərqli texnologiyalar ilə hazırlanan peyvəndlərin özünəməxsus cəhətləri var

01.07.21 17:30 259
Fərqli texnologiyalar ilə hazırlanan peyvəndlərin özünəməxsus cəhətləri var
Hazırda yeni növ koronavirus infeksiyasına (COVID-19) qarşı istifadə edilən peyvəndlər fərqli texnologiyalar ilə hazırlanır. Üç texnologiya ilə hazırlanan və Azərbaycanda istifadə edilən bütün vaksinlərin özünəməxsus cəhətləri var. Peyvənd istehsalı zamanı birinci şərt məhsulun təhlükəsiz olması, ikinci isə onun effektivliyidir. Xüsusilə pandemiya dövrü ilə əlaqədar olan üçüncü şərtə əsasən, peyvəndlərin əlçatanlığı vacibdir. Yəni, COVID-19 əleyhinə peyvəndlər qiymətləndirilərkən bu kriteriyalara mütləq diqqət yetirilir.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin MustafayevaAZƏRTAC-a peyvəndlərin hazırlanma texnologiyaları barədə danışıb.
Canlı və inaktiv vaksinlər arasındakı fərqlər haqda məlumat verən həkim-infeksionist bildirib: "Azərbaycanda hazırda 4 vaksin çeşidindən istifadə edilir: "SinoVac”, "AstraZeneca”, "Sputnik V”, "Pfizer”. Çində istehsal edilən "SinoVac” vaksini ənənəvi üsulla hazırlanıb, Belə ki, vaksinasiya zamanı virusun inaktiv olunmuş, zəiflədilmiş forması orqanizmə daxil edilir və xəstəliyə qarşı immunitet əldə edilir. Əvvəllər də bu üsulla hazırlanan peyvəndlərdən müxtəlif virus infeksiyalarının profilaktikası üçün istifadə etmişik. 2-8 dərəcədə saxlanıla bilən "SinoVac” peyvəndinin saxlanılma şəraiti daha rahatdır. Bir çox yerdə belə saxlanılma şəraitini yaratmaq mümkün olduğu üçün Çin istehsalı olan peyvənd münasibdir. Həmçinin "SinoVac”ın yan təsirləri daha azdır. Kifayət qədər effektiv və təhlükəsiz hesab edilən peyvənd Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən də qəbul olunmuş vaksindir”.
N.Mustafayeva digər texnologiya ilə hazırlanan viral vektor peyvəndləri barədə danışıb: "Bu texnologiyanın əsas xüsusiyyəti odur ki, koronavirusun spayk proteinlərini kodlaşdıran genetik materialı insan orqanizmi üçün zərərsiz olan adenovirusların tərkibinə, o da öz növbəsində insan bədəninə daxil edilir. Nəticədə, orqanizmdə koronavirusa qarşı immun cavab reaksiyası alınır. Həmin peyvəndlərə "AstraZeneca” və "Sputnik V” peyvəndlərini misal göstərmək olar. Beləliklə, viral vektor platformasında hazırlanan peyvəndlər bu yolla öz təsirini göstərir. Həmçinin "AstraZeneca” və "Sputnik V” vaksinlərinin də saxlanma şəraiti və effektivliyi kifayət qədər əlverişlidir.
Həkim-infeksionist bildirib ki, yeni mRNT texnologiyası ilə hazırlanan peyvəndlərə isə ölkəmizdə də istifadə edilən "Pfizer”ı göstərmək olar: "Bu, tibb aləmində peyvənd hazırlanma istiqamətindəki yeni texnologiyadır. "Pfizer” peyvəndinin də effektivliyi və təhlükəsizliyi bildirilib. Qeyd edim ki, koronavirusun əsas antigen xüsusiyyəti daşıyan və orqanizmə daxil olanda hüceyrələrə birləşən hissəciyi məhz spayk proteinidir. Spayk proteini tac formalı koronavirusun çıxıntılar olan hissəsidir. Beləliklə, hazırlanma texnologiyası vasitəsilə virusun spayk proteini kodlaşdıran mRNT-si bir kapsula daxil edilərək orqanizmə yeridilir. Beləliklə, yeni texnologiya ilə xəstəliyə qarşı immun cavabın əldə olunmasına bu şəkildə nail olmaq mümkündür. Lakin bu üsulla hazırlanan peyvəndlərin saxlanma şəraiti -70 dərəcə olduğu üçün digərlərinə nisbətən çətindir. Buna baxmayaraq, vaksinin effektivliyi, qoruyuculuğu yüksəkdir. Həmçinin mRNT texnologiyası ilə hazırlanan vaksinləri vurdurduqdan sonra bir sıra yan təsirlər də müşahidə edilir. Bədən temperaturu yüksəlir, qolda ağırlıq və ağrı hissi baş qaldırır. Bilmək lazımdır ki, mRNT tərkibli peyvəndlərin hətta birinci dozasından sonra da yüksək immun cavab ala bilirik və immuniteti daha tez formalaşdırmaq imkanına görə digər peyvəndlərdən seçilirlər”.
banner

Oxşar Xəbərlər