• cümə axşamı, 28 mart, 23:18
  • Baku Bakı 13°C

Fermerlər də Paşinyana qarşı etiraza qalxdılar

24.01.20 15:12 1884
Fermerlər də Paşinyana qarşı etiraza qalxdılar
"Mənim fermamda cəmi bir eşşək var, o da mənəm, çünki Nikolun hakimiyyətə gəlməsini dəstəkləmişəm”

Baş nazir Nikol Paşinyanın idarəçiliyi və populist qərarları getdikcə daha insan tərəfindən ciddi tənqid və təpkilərlə üzləşməkdədir. Ermənistanın nüfuzlu iqtisadçılarından hesab edilən keçmiş baş nazir Qrant Baqratyan "facebook”da yazdığı statusda bildirib ki, hökumətin qərar və yanaşmaları totalitar dövlətin iş üslubunu xatırladır. "Mal-heyvan təsərrüfatı ilə bağlı problem bir məsələni üzə çıxardı: sıravi kənd adamı başa düşdü ki, hakimiyyətin siyasəti yalnız və yalnız fermerlərə ziyan vurmağa yönəlib”. Qrant Baqratyan hesab edir ki, fermerlərin aksiyası əsaslandırılmışdır. Onun sözlərinə görə, fermerlər öz gəlirlərinin əsas hissəsini sallaqxanalara verməli deyillər. Əlavə edib ki, həmin ət kəsənlər qısa zaman kəsiyində oliqarxlara çevrilə bilərlər. Qeyd edək ki, ötən gün Ermənistanda maldar fermerlər etiraz aksiyaları keçiriblər. Ararat və Armavir vilayətlərində paytaxt Yerevana gedən yolu bağlayıblar. Və beləliklə, hökumət və baş nazir Paşinyanın diqqətini cəlb etmək istəyirlər. Maldarların narazılığına yanvarın 15-dən qüvvəyə minən qanun səbəb olub. Qanuna əsasən, ət tədarükü ilə məşğul olan fermerlər mal-qaranı yalnız sallaqxanalarda kəsdirməlidirlər. Vilayət rəhbərləri ilə görüşdən sonra aksiya dayandırılıb. Qubernatorlar məsələni yuxarı instansiyalarda yenidən müzakirəyə qoymağı vəd ediblər. Sabiq baş nazir bildirib ki, hakimiyyət səriştəsiz qərarları ilə kənd təsərrüfatını iflic vəziyyətə salmağa çalışır.
"Qolos Armenii” yazır ki, etiraz edən fermerlər bildiriblər ki, baş nazir pəncərədən küçəyə baxıb kimin nə qədər siqaret kötüyünü yerə atdığını saymaqdansa, onların yanına düşüb problemləri ilə maraqlansa yaxşı olardı. Lakin baş nazir bu dəvəti qulaqardına vurmağa üstünlük verir. Hakimiyyət, fermerləri ölü heyvan ətlərini insanlara satmaqda ittiham edir. Bildirilir ki, Yerevan bazarlarında acınacaqlı hal hökm sürür. Müəyyən insanlar, işbazlar eşşək ətini mal əti kimi satırlar. "Mənim fermamda cəmi bir eşşək var, o da mənəm. Çünki Nikol Paşinyanın hakimiyyətə gəlməsini dəstəkləmişəm”, - deyə fermerlərdən biri kamera qarşısında ittihamlara etirazını bu formada çatdırıb. Onlar bildirilər ki, mal-heyvanın mütləq qaydada yalnız sallaqxanalarda kəsilməsi ilə bağlı qərar təsərrüfatların gəlirini kəskin şəkildə azaldacaq. Parlamentin kredit, büdcə və iqtisadi məsələlər komitəsinin keçmiş rəhbəri Qaqik Minasyan hesab edir ki, əhalini sivilizasiyalı oyun qaydalarına hazırlamaq gərəkdir, İcevanda olduğu kimi, zorakı metodlar tətbiq etmək gərək deyil.
"Qolos Armenii” əlavə edir ki, cəmiyyət təhlükəsizlik və sanitariya normalarının təmin edilməsində maraqlıdır. Heç kim uşaqlarının mal, qoyun və donuz əti əvəzinə at, eşşək əti yeməsini istəmir. Və burada başqa fikir ola bilməz. Problem ondadır ki, hakimiyyət növbəti dəfə səriştəsizliyini, düşünülmüş və ağıllı qərarlar qəbul edə bilmədiyini nümayiş etdirmiş oldu. Sivilizasiya qərarlarını hücumlar və fiziki təzyiq yolu ilə həll etmək olmaz. Axı küçələrə çıxan tək iri fermer təsərrüfatlarının sahibləri deyil, onların arasında az sayda mal-heyvanı olanlar da var. İnsanları özündən çıxaran hal odur ki, onların maraqlarını heçə alıblar, hökumət azacıq da olsa problemi həll etmək üçün onların mövqeyini öyrənməyə və yeni prosesə keçmək üçün qaydalar hazırlamağa çalışmayıb. Nəqliyyat vasitələrinin olmaması, sallaqxanaların və xidmətlərin baha olması üzündən maldarlıq sahəsi ən itkili sahəyə çevrilmək təhlükəsi ilə üzləşə bilər. Nəticədə də, ölkə miqrantların yeni dalğası ilə üzləşə, kəndlər tamamilə boşala bilər. Fermerlər bildirirlər ki, lazımi şərait olacağı təqdirdə, heyvanlarını sallaqxanalara verməyə hazırdırlar. Lakin indiki şəraitdə bu çox çətindir. Sivilizasiyalı ölkələrdə hərəkət edən sallaqxanalar mövcuddur. Bir sözlə, hakimiyyətin bütün qərarları yalnız küçə aksiyaları, yolların bağlanması ilə başa çatır. Fermerlərin aksiyası göstərdi ki, xalq yeni hakimiyyətdən narazıdır. İki illik hakimiyyət dövründə Paşinyan hökuməti bir problemi də həll edə bilməyib.
Yeri gəlmişkən, hökumət başçısı əhalinin narazılığından və etiraz aksiyasından ehtiyat edərək qərarın icrasını iyulun 1-nə kimi təxirə salmaq tapşırığı verib. Əlavə edib ki, fevralın 6-na kimi hökumət problemi dinləyib təklifləri hazırlayacaq. Martın 1-nə kimi isə proqramların maliyyələşməsi həllini tapacaq, kompromis iyulun 1-nə kimi davam edəcək. İstisna yalnız supermarketlərə və ictimai iaşə müəssisələrinə aiddir. Paşinyan iyulun 1-dən sonra problemə bir daha qayıtmamağa çağırıb.
Nikol Paşinyana qarşı tənqidlərin ardı-arası kəsilmir. Ona qarşı sərt ittihamlar səsləndirən Vatikandakı keçmiş səfir, sabiq prezident Serj Sarkisyanın kürəkəni Mikael Minasyan "facebook” səhifəsində geniş məqalə ilə çıxış edərək Paşinyan hakimiyyətini növbəti dəfə sərt tənqid edib: "İnsanların inqilabla bağlı gözləntiləri çin olmadı, əksinə, hər şey daha da pisləşdi: müşahidə kameraları artdı, nəqliyyatın hərəkəti pisləşdi, amansız bal cəriməsi sistemi tətbiq olunur və investisiyaların azalması, qazın qiymətinin artması gözlənilir”. O, Paşinyan və komandasının insani hisslərdən məhrum olduğunu düşünür: "Paşinyan və komandası adam deyillər. Çünki yalnız insan olmayanlar başsağlığı verməz, nə öz, nə də müxalifətçilərin ailəsinə aman verməz, hakimiyyəti əldə saxlamaq üçün hər yola baş vura bilər”. Hadisələrin bu səpkidə cərəyan etdiyi bir vaxtda isə Paşinyanın vaxtilə Psixiatriya Xəstəxanasında müalicə olunması ilə bağlı sənəd yayılıb. Yayılan sənədin 1 noyabr 2001-ci ildə Krasnodar Şəhər Psixiatriya Xəstəxanasından Krasnodar Prokurorluğuna göndərildiyi qeyd olunub. Nikol repressiv tədbirlərdən də qalmır. Onun qərarlarına qarşı çıxan Konstitusiya Məhkəməsinin sədri Hrayr Tovmasyanın evində axtarış aparmaq göstərişi verib. Axtarış, məhkəmə sədrinə qarşı açılmış cinayət işi çərçivəsində baş tutub. Tovmasyana qarşı iki cinayət işi başladılıb. O, 2019-cu ilin oktyabrında keçmiş parlament sədri Ara Babloyanla birlikdə hakimiyyəti ələ keçirməyə cəhddə, 2019-cu ilin dekabrında isə vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunur. İstintaqın versiyasına görə, hələ ədliyyə naziri olarkən, Yerevanın mərkəzində yerləşən notariusların ofislərini "sıxışdırıb”, sonra isə onları bu binaları icarəyə götürməyə məcbur edib. Tovmasyana qarşı ölkəni tərk etməməklə bağlı qətimkan tədbiri seçilib.

Azər NURİYEV

banner

Oxşar Xəbərlər