Fəlsəfə, yoxsa tanrı?
Haqq və gözəllik özü də bir basqıdır
Vəhdətin
daxilindəki kəsrət onu parçalayır, yoxsa daha da möhkəmləndirir? Kəsrət zərurətdir,
yoxsa xaos? Bəlkə xaosun özü bir zərurətdir? Vəhdət təklikdir, yoxsa çoxluğun birliyi?
Ən nəhayət - əvvəl vəhdət yaranıb, yoxsa kəsrət?
Bunları cavablandırmağa çalışaq. Kəsrət həm zaman, həm də məkan bölgüsüdür. Vəhdət
isə bunun əksinə, zamanın da, məkanın da birliyidir. Kəsrətin olmaması, eyni
zamanda yoxluq anlamına gəlir. Əgər vəhdət varsa, deməli, nə zaman mövcuddur, nə
də məkan. Yuxarıdakı son sualı bir az başqa cür təkrarlasaq, varlıq tək parça
halında yaranıb, yoxsa parçalar halında yaranıb, bütövləşməyə doğru gedir?
Bunların ikisi də həm başlanğıc, həm davamiyyət ola bilməz. Monolaşmış dini
düşüncə belə ilqa etməyə çalışır ki, hər şey bütöv yaranıb və bütövlüyə doğru
gedir. Yəni din bir növ kəsrəti inkar edir. Hətta müxtəlif dinlərin içərisindəki
fəlsəfi dərinliklərə baş vurmuş ayrı-ayrı məktəblər daha da irəli gedərək,
varlığın parçalanmasını Tanrının parçalanması anlamına gəldiyini deyir. Yəni
belə çıxır ki, Tanrı birdirsə, deməli, varlıq da birdir. Bu cür düşüncələr fəlsəfi
hürriyyətlə bərabər, inancın gizli basqısı altında meydana gəlir. Çünki inkar
edilən heç bir şey azad düşüncənin məhsulu deyil. Burada isə çox böyük bir şey
- kəsrət inkar edilir. Necə deyərlər, vəhdət diktatura halına keçir. Belə zənn
edirik ki, bu da basqıdır. Azadlıq - mövcud olan heç bir şeyi inkar etməməkdir.
Əslində azad olması gərəkən düşüncənin özüdür. Yəni basqı sahibi özü-özündən
azad olmalıdır. Bəlkə cəmiyyət anlayışında, dövlət və ailə institutlarında
baxış sahibinin azad düşüncəni rədd etməsi müəyyən mənada realdır. Ancaq ən təhlükəli
basqı fəlsəfi basqıdır. Bunun da ən bariz örnəyi dindir. Din hər zaman vəhdəti
hakimiyyətlə qarışdırıb. Yəni Tanrının hakimiyyəti elə Tanrının vəhdəti deməkdir
- deyib və bu israrında da davam edir. Lakin əbədi dialektika belə bir məntiqlə
çıxış edir ki, basqı altında olan hər şey ayaqlanan, əzilən, şumlanan torpaq
kimi, daha da verimli, daha da zəngin olur. Kəsrəti inkar etdikcə, hər şey daha
çox parçalanır. İnkar, ümumiyyətlə, uydurmadır və təbiətdən gəlmir. İnkarı fəlsəfəyə
çevirən isə dindir. Din hətta zaman-zaman elmi də buna alət edir. Ən kiçik bir
nəsnənin belə inkarı, mükəmməl yazılmış bir simfoniyadakı hər hansı bir musiqi
alətini və ya melodik parçanı partituradan çıxarmağa bənzəyir. Bu isə həmin
simfoniya ilə bərabər, onun müəllifini də inkar etmək deməkdir. Əlbəttə, varlıq
simfoniya deyil və onun bəstəkarı da o qədər ahəngdar, sülhsevər və sadəlövh
deyil. Ancaq nə etmək olar?! Varlıq varlıqdır. Onu düşünmək istəməmək
mümkündür, ancaq düşünməmək mümkün deyil. "Hər şeydə hər şey var" demək
çox doğru olardı. "String teori"yə - yəni "Tel nəzəriyyəsi"nə
etimad etsək, hər şey bir-birinə bağlıdır və deməli, hər şey bir şeydir. Bağlı
olmaq, həm əlaqəli olmaq deməkdir, həm də birlikdə hərəkət etmək. Ən müasir
fizikadan imdad istəməyimiz isə qayət təbiidir və bu, bütün filosofların
haqqıdır. Çünki fizikanı Tanrı yaradıb, fəlsəfəni insan. Dolayısı ilə fəlsəfə
fizikanın əsasında yaranıb - necə ki,
insan Tanrının əsasında yaranıb. Fizika kimi, Tanrı da bazadır. Sıralamanı ona
görə belə etdim ki, fizikanı anlamaq üçün, Tanrıya inanmaq deyil, Tanrıya
inanmaq üçün fizikanı anlamaq lazımdır. Bu mənada elm Tanrıya fəlsəfədən bir
addım daha yaxındır. Tanrıya yaxınlıq Ondan uzaqlaşdıqca mümkün olur! Düşüncə
dolaşdıqca, Tanrı öz varlığını daha açıq büruzə verir. Tanrını inkar edənlər, əslində
Onu dərk etmək üçün bunu ediblər. Tovhidçilərin dərdi isə Hindistandakı otuz
milyon tanrını bir tanrı etmək deyil. Onların dərdi otuz milyon tanrını bir
tanrı etməklə, həmin otuz milyona tapınanları bir çatı altında birləşdirməkdir.
Yoxsa sənə nə, Dünyanın o biri ucunda kim nəyə inanır?! "Bütün Dünya əvvəl-axır
bir din altında birləşəcək" deyənlər, əslində "Bütün Dünya əvvəl-axır
bir bayraq altında birləşəcək" demək istəyir. Bir Bektaşi dərvişinin təkbaşına
Avropada gördüyü işi, yüz minlərlə silahlı ordular Hindistanda görə bilməyib.
On dörd əsrdir hələ də Kəşmirdə qan axır. Niyə? Çünki bu genişlənmənin təməli
qanla qoyulub. Bektaşi dərvişlər isə Avropadakı xristianlığı inkar etmirdilər.
Çünki oralara İslamı yaymaq üçün getməmişdilər! Özünlə bir ad aparsan, getdiyin
yerdəki başqa bir adı mütləq şəkildə inkar etməli olacaqsan. Kəsrət adların, şəkillərin
cəmi olsa da, onların birliyi deyil. Birliyin adı üstündədir - "bir".
Yəni tək. Burada isə söhbət cəmdən gedir. Cəmin bir araya gəlməsinə ehtiyac
yoxdur. O, zatən bir aradadır. Həqiqi cəm, bu mənada eyni fikirlərin deyil,
müxtəlif fikirlərin bir arada olmasıdır. Zira, İslamdakı "cəmaət"
sözü ilə, "cəm" sözü qrammatik cəhətdən eyni köklü olsa da, məna və
mahiyyət baxımından tamamilə ayrı, hətta bir-birinə zidd anlayışlardır. Son
dövrlərdəki sufi cəmiyyətləri yavaş-yavaş cəm halından cəmaət halına dönüşdüyü
üçün Şərqin bir az mütərəqqi düşüncəyə sahib olan insanları oralardan da qaçaq
düşdülər. Rəhbərin yeri dövlətdir, ailədir, şirkətdir, düşüncə deyil. Düşüncəyə
rəhbər təyin edilənlərin məqsədi mövcud kəsrəti inkar etməkdir. Mövcud kəsrət
isə elə mövcudiyyət deməkdir. Klassik təsəvvüfdəki "vəhdəti-mövcud"
anlayışı kəsrətin təsdiqinə nisbətən yaxınlaşan bir zehniyyətdir. Lakin bütün
zehniyyətlərdə olduğu kimi, orada da sistemləşmə getdi. Əvvəl şərti olaraq
sıralanan şeylər sonradan şərt olaraq ortaya qoyuldu və məhəbbət qanuna
çevrildi. Hər şeyi inkar edən Şəms Təbrizi İmam Qəzzalini də inkar edirdi. Həqiqətdə
isə Şəms inkarçı yox, inkarın inkarçısı idi. Kəsrəti inkar etmək vəhdətə
aparmır. Ancaq vəhdəti inkar etmək kəsrətin vəhdətinə, yəni əsl vəhdətə götürür
insanı. Həllac Mənsur da, Şəms Təbrizi də bu inkarçılardan idilər. Elə buna görə
də, Əlaəddin Keyqubada Mövlana lazım idi, Şəms yox!
Əvvəldəki sözümüzü bir az da irəliyə apararaq, demək istərdik ki, kəsrət müxtəlif
zamanları və müxtəlif məkanları qovuşduran bir anlayışdır. Sokratı Şəmslə,
Aristoteli Farabiylə qovuşduran bir zehniyyətdir kəsrət. Əslində isə kəsrət
deyil, sadəcə mövcudiyyətdir. Zehniyyət mövcudiyyət haqqındakı düşüncə deməkdir.
Kəsrət isə dediyimiz kimi, zatən mövcuddur. Kəsrətdən qorxanlar Tanrını itirməkdən
qorxurlar. Həqiqətən də, o tanrı ki, bu gün təsəvvürlərdə var, onu kəsrətlə bir
araya sığdırmaq mümkün deyil. Kəsrət olmasaydı, fəlsəfə yaranmazdı. Elm
haqqında isə ümumiyyətlə, təsəvvürlər var ola bilməzdi.
Kəsrət, hər şeyin var olduğunu, ancaq hər şeyin gözəl olduğunu qəbul etmək
deyil. Haqq və gözəllik özü də bir basqıdır. Hər şeyin gözəl olduğunu və Haqq
olduğunu iddia etməyin özü də kəsrəti inkar etmənin başqa bir yoludur. Yenə də
hər şey bir çatı altına gedir, hər şey bir əldən idarə edilir və həmin əl də bu
Dünyada birilərinin çiynindədir! Nəticədə, Tanrı yenə də insan nəfsinə xidmət
edir! Əslində isə kəsrət tam anlamı ilə bölünməkdir, ziddiyyətdir, ancaq qətiyyən
müqayisə və mübarizə deyil. Tarix elmində müharibənin tərifi tərəflərin
arasındakı ziddiyyətlərin kəskinləşməsi olaraq verilir. Ancaq varlıqdakı
ziddiyyətlər arasındakı münasibətlər heç
zaman kəskinləşmir və bu ziddiyyət müharibəyə deyil, harmoniyaya hesablanıb. Bu
dəfə Tanrı bəstəkarla insan bəstəkar bir-birinə çox bənzəyir. Onların ortaq
nöqtəsi ayrı-ayrı dissonansları bir araya gətirərək, ümumi konsonanslıq
yaratmaq bacarığıdır.
Gerçək vəhdət görünməz bir əlin görünən basqısı altında bütün yaranmışların
üzünü bir qibləyə çevirmək deyil. Bu, qeyri-mümkün olduğu qədər də, ədalətsizdir!
Bəli, mümkünü namümkünə çevirmək nə qədər böyük ədalətsizlikdirsə, namümkünü
mümkünə çevirmək ondan da böyük ədalətsizlikdir. Mümkünlük bir mərtəbədir. O mərtəbə
bitdiyində, Tanrı bitir. Tanrı zordan qaçır. Hətta ona meydan verir! Çünki, zor
da kəsrətin bir inkarı olmaqla, qeyri-mümkün olan vahid bir Tanrı yaratmaq istəyir.
Minlərlə adı olan tanrı ilə, minlərlə heykəli olan tanrının heç bir fərqi
yoxdur. Adlar da, heykəllər də insanların ehtiyacından yaranmışdır. Necə ki, qədim
Yunanıstanda tanrının biri qəzəb, digəri mərhəmət saçırdısa, İslamdakı Tanrının
da bir adı "Rəhman", bir adı "Qəhhar"dır! Müqayisə əlbəttə
ki, bir qədər qüsurlu görünə bilər. Ancaq həqiqət burasındadır ki, o mərhəmət də,
o qəhrü-qəzəb də insanların ehtiyacı, onların sifətləridir. İstəyəndə qəzəb,
istəyəndə mərhəmət eləyən bir tanrını çox-çox uzaqlara, əlçatmazlara, dərkolunmazlara
çəkib aparan zehniyyət, əslində Tanrının deyil, insanın gerçəkliyidir! Gizli
tanrı yoxdur, gizlədilən tanrı var! Görünməyən tanrı yoxdur, göstərilməyən
tanrı var!
Başqa bir həqiqət isə
budur ki, insanlar Tanrını deyil, hakimlər özlərini gizlədirlər! Əgər hakimlər
aşkara çıxsalar, o zaman onların kitablarına qeybdəki imamın vurduğu möhürü
hamı görəcək. Hər kəsin gözü önündə Roma Papası Həzrəti İsa ilə görüşəcək. Bəli,
məhz onlar bunu gizlədirlər, Tanrını yox. Onlar bunu da yaxşı bilirlər ki,
Tanrını insanlardan gizlətsələr də, insanları Tanrıdan gizlətmək olmaz.
Kəsrət ilk növbədə məhz bu gizliliyi ortadan qaldırır. Məhz kəsrətin sayəsində
"qız uşaqlarına oxumaq haramdır" deyən mollanın arvadı xəstələnəndə
ona qadın həkim axtarır. Məhz kəsrətin sayəsindədir ki, hicabın pozulması
üstündə qadınları edam edən Səudiyyədən "Hacı" titulunu alan Zeynalabdin
Tağıyev Məkkədən qayıdandan sonra Bakıda qızlar üçün məktəb açdı. Halbuki, vəhdətə
əsasən, belə bir şey mümkün deyildi. Kəsrət insan zehnində açılan geniş meydan
deməkdir. Kəsrətə talib olmayan bir zehniyyət sahibi, əgər məzlumdursa, daha da
məzlum, zalımdırsa, daha da zalım olacaq.
Bəs onda vəhdətə ehtiyac haradan yaranmışdır? Hər halda mən inanıram ki, vəhdət
düşüncəsi ilk başda hakimiyyət aqressiyasının məhsulu olmayıb. Hər halda bu
fikir yenə də məfkurə sahiblərinin ağlına gəlib - yəni kəsrəti görə-görə vəhdət
haqqında düşünmək. Belə bir nəticəyə gəlmək olar ki, alim və arifləri özünə cəlb
edən şey, ziddiyyətlər arasındakı bağlantı və əlaqədir! Yəni bir növ
"String teori". Onlar varlığın ziddiyyətlərlə dolu olmasını, hətta
ziddiyyətlərdən təşəkkül tapmasını, ancaq bu ziddiyyətlərdən doğan feliyyətin qətiyyən
bir təsadüf əsəri olmadığını fərq etmişlər. Lakin bütün zamanlarda belə bir acı
mənzərə meydana gəlmişdir - məfkurənin qələbəsi çox qısa bir müddətdən sonra
hakimlərin əlinə keçmişdir. Tanrı bir olandan sonra padşah da bir olmağa
başladı (mərhum Hüseyn Caviddən iqtibas). Əslində peyğəmbərlərin çıxdıqları
dağ, sığındıqları mağaralar, necə deyərlər, laboratoriya rolunu oynayırdı.
İsveçrə SERN laboratoriyasındakı "Tanrı parçacığı" enerji şirkətlərinin
əlinə düşdüyü kimi, peyğəmbərlərin əqli-mənəvi ilhamının bəhrəsi olan, adına
"vəhy" dedikləri İlahi məstlik də xəlifələrin əlinə düşərək, kitaba,
hədisə, şəriətə çevrildi!
Halbuki, bir-birinə zidd olan, hətta bir-birinin ziddinə dayanan fiqurlar ən
pis halda həndəsədir. İnsan şüuru inkişafa davam etdikcə, həndəsi fiqurlar da
mürəkkəbləşir. Bugünkü akkordları, harmoniyaları iyi yüz il bundan öncə Kilsə
"şeytani intervallar" adlandırırdı. Mən əminəm ki, təxminən iki yüz
il də keçəcək və musiqidə, ümumiyyətlə, dissonanslıq anlayışı qalmayacaq. Bilmədiyimiz
rənglər Tanrının rəngləridir və biz hər zaman bir şeyləri
bilmirik. Və onları bildikcə, bilmədiklərimizin sayı artır. Bu mənada kəsrət həm
də eninə, uzununa və dərininə doğru durmadan irəliləyən bir mexanizmdir!
Sonda isə əvvəlki suala cavab verək: fəlsəfə, yoxsa Tanrı! Əlbəttə, hər ikisi.
Ancaq bir şərtlə; nə filosof bir Tanrı, nə də tanrıçı bir fəlsəfə! Sadəcə,
varlıq, hərəkət və bilinməzlik!
Fəxrəddin Salim